Məhkəmə qərarları › İş №1(041)-53/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-53/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-53/2025 14.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, xx.xx.2022-ci ildə Küdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, xx.xx.1978-ci ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, xx.xx.2022-ci ildə Küdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs tanışı X4 narkotik vasitə heroin almaq üçün ona verdiyi 10 manat pulun üzərinə 10 manat pul əlavə etdikdən sonra, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində X5 xeyli miqdarda, ümumi təmiz çəkisi 0,51 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pul müqabilində alaraq qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, P.Bağırovdan əldə etdiyi narkotik vasitə heroinin xeyli miqdarda 0,250 qram olan hissəsini xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində tanışı X6 heç bir mənfəət və gəlir əldə etmədən vermiş, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, o Kürdəmir şəhəri Vaqif küçəsində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin günü saat 22:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ziyad Şıxaliyevin yeri müəyyən edilərək RPŞnə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,250 qram kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 ildir ki, narkotik vasitə heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saat 10-11 radələrində yaşadığı evin yaxınlığında yerləşən marketə getmiş, marketin qarşısında qonşusu olan Bağırov Pərvinlə rastlaşmışdır. Pərvinin də narkotik asılılığı olduğundan xəbəri olduğu üçün Pərvinə narkotik vasitə almağı təklif etmiş və 10 manat pulunun olduğunu bildirmişdir. Pərvin də həmçinin onda 10 manat olduğunu demiş və narkotik vasitə almağa razı olduğunu bildirmişdir. Hər ikisi üzərlərində olan 10 manat pulu üst üstə qoyub Pərvinin iranlı tanışı Ramin adlı şəxsə göndərmişlər. Daha sonra axşam saatlarında həmin narkotik vasitəni götürüb qayıdan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasında əsaslı şübhələrin olduğunu bildirərək onun barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş,şübhəli şəxs qismində tutulduqdan sonra hüquqları və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi yadımından istifadə etmək hüququ izah edilmiş, bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində“ narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri vəzifəsində işləyir, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla yaxınlığı və şəxsi münasibəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisində saxlayaraq Kürdəmir RPŞ-yə gətirmişlər. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ondan üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik vasitə olub olmaması soruşulmuş və əgər varsa təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd çəhrayı bükümdə narkotik vasitəni onlara təqdim etmiş və şəxsi istifadə üçün daşıdığını demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Tutma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində“kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. 01 ədəd çəhrayı rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli papaq, əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd alışqan, 4 manat pul əsginazı aşkar olundu. 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfdə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirildi. 01 ədəd qara rəngli papaq, 01 ədəd alışqan və 4 manat pul əsginazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirildi. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürüldü. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. -İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/63 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-0.260 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2) Tədqiqata təqdim olunmuş üzərində “X4 üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0.250 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3) Tədqiqata təqdim olunmuş üzərində “X7 üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda 02 ədəd bükümdə ayrı-ayrılıqa təmiz çəkiləri 0.208, 0.170 qram, ümumi çəkiləri 0.378 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi -0.512 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 04 ədəd bükümdə narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir,(İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir,(İ siyahı). -Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 617 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -“Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-70/2024 nömrəli məktubdan görünür ki, Əliyev X9 RMXnin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, narkoloqun qeydiyyatında durur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X11 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-20568-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə 01 il islah işləri cəzasına məhkum edilmişdir, xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3-cü maddələri ilə 01 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Salyan rayon məhkəməsinin qərarı ilə 06 ay 20 gün xx.xx.2015-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-cü tarixdə cəzasını çəkib qurtarmışdır, xx.xx.2020-ci ildə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci ildə Küdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-05/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, xx.xx.2024-cü il tarixli, 4(041)- 30/2024 saylı qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmış, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, valideynləri ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır; - Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur; - Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, valideynləri ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır; Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə iş materiallarında olan və məhkəmədə təqdiq olunan digər sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.260 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.210 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş əsaslara görə cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanseridə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbsdə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi-0.26 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0.21 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 141.95 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs aid hissəsi yəni 11 manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün əsas cəza üzrə, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması Təqsirləndirilən şəxs cəza çəkəcəyi cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, maddi sübutun- kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs 29 aprel 2025-ci ilə kimi göstərilən 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat, 29 aprel 2025-ci ildən hazıra kimi göstərilən 10 saat hüquqi yardıma görə 110 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 ümumilikdə 200 manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.21 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 141.95 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs aid hissəsi yəni 11 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs 29 aprel 2025-ci ilə kimi göstərilən 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat, 29 aprel 2025-ci ildən hazıra kimi göstərilən 10 saat hüquqi yardıma görə 110 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 ümumilikdə 200 manat məbləğində ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar