Məhkəmə qərarları › İş №1(041)-55/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-55/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-55/2025 09.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, avtomobil ustası vəzifəsində çalışan, Kürdəmir rayonu, X11, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla 28 iyul 2010-cu il təvəllüdlü X6 və 16 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 26,00 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-1523/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 3(041)-539/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində, həmin məhkəmənin 02 aprel 2024-cü il tarixli, 3(041)- 327/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətində həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 06 may 2024-cü il, 02 avqust 2024-cü il və 09 sentyabr 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün üçün təqdimat verilən 27 sentyabr 2024-cü il tarixinə kimi 3960,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu il tarixdə rəsmi qaydada ailə həyatı qurmuş, evliliklərindən 28 iyul 2010-cu il təvəllüdlü X6 ve 16 sentyabr 2014-cü il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. 2003-cü ildən Rusiya Federasiyasın Kirov şəhərinə köçüb işləməyə başlamış və evləndikdən sonra ailəsi ilə birlikdə orada yaşamışdır. Həmin vaxtlar avtomobil ustası kimi fəaliyyət göstərmiş və qazancı kifayət gədər yaxşı olmuşdur. 2022-ci il tarixdə öz ailəsi ilə birlikdə Azərbaycana valideynlərinə baş çəkmək üçün gəlmişdir. Turanə ilə münasibətləri yaxşı olsa da, sonradan bilmədiyi səbəblərdən Turanə ayrılmaq istəmişdir. Bundan sonra Turanə nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1523/2022 saylı, 28 dekabr 2022ci il tarixli qətnaməsinə əsasən ondan 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla 28 iyul 2010-cu il təvəllüdlü X6 və 16 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cami 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Fasilələrlə aliment ödənişləri aparsa da, səhlənkarlıq etdiyindən və maddi imkanının kifayət qədər olmadığından alimenti ödəməmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə, həmin məhkəmənin 02 aprel 2024-cü il tarixli qərarı ilə 20 gün müddətinə İnzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 27 sentyabr 2024-cü il tarixinə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 3960,00 manat təşkil etmişdir. Qeyd etmişdir ki, cavan yaşlarından avtomobil ustası peşəsinə yiyələnmiş, yəni dəmirçi-rəngsaz fəaliyyəti ilə məşğul olmuşdur. Son illər uzun müddət Bakı şəhərində avtomobil servisində işləmiş və kifayət qədər gəlir əldə etmişdir. Sonradan Kürdəmir şəhərinə qayıtmış və işləməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda həmin borcu ödəmək üçün azadlığa buraxılmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, qızı Turane Xalafova hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində atasının himayədarlığı altında övladları ilə birlikdə yaşayır. Bu səbəbdən məhkəmə istintaqında qızının nümayəndəsi kimi çıxış edir. Qızı Turanə, Təqsirləndirilən şəxs ilə Kürdəmir şəhərində tanış olmuş 2009-cu il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən 28 iyul 2010-cu il təvəllüdlü X6 və 16 sentyabr 2014-cü il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar Kürdəmir şəhərində, daha sonra Rusiya Federasiyasına köçmüşlər. Həmin vaxtlar Təqsirləndirilən şəxs avtomobil ustası kimi fəaliyyət göstərmiş və yetərli qazanc əldə etmişdir. Əvvəllər qızı Turanə və Raqifin münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir və qızı ayrılmaq qərarına gəlmişdir. Övladları Turanənin himayəsində qalmışdır. Turanə övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1523/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla 28 iyul 2010-cu il təvəllüdlü X6 və 16 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəmədiyindən, 27 sentyabr 2024-cü il tarixinə qızı Turanəyə ödənməmiş aliment borcu 3960,00 manat təşkil etmişdir. Hazırda həmin məbləğ 6000 manatı keçmişdir. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmır nə maddi, nə mənəvi dayaq durmur. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq qızı Turanəyə ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1523/2022 saylı, 28 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən, 28 dekabr 2022-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs 28 iyul 2010-cu il təvəllüdlü X4 və 16 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Kürdəmir rayon icra və probasiya şöbəsində 01 fevral 2023-cü il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirilmiş, sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o alimenti ödəməmişdir. Həmçinin borclu şöbədə izahat verərkən alimenti ödəyəcəyini bildirsə də. alimenti ödəməkdən yayınmışdır. Borclu ilə əlaqə saxlamaq mümkün olmadığından 03 may 2023cü il borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmişdir. 02 iyun 2023-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsi tərəfindən iş üzrə borclu Xələfov X7 rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və həmin tarixdə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə, İnzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Borclu ilə əlaqə saxlamaq mümkün olmadığından yenidən 12 sentyabr 2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmiş, 02 aprel 2024-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsi tərəfindən Xələfov X7 rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə, inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Daha sonra 26 aprel 2024-cü il tarixdə tələbkarın etibarnamə üzrə nümayəndəsi olan anası Nümayəndə ərizə ilə Kürdəmir rayon icra və probasiya şöbəsinə müraciət edərək borclunun alimenti ödəməkdən yayındığını və buna görə də borclu barəsində qanuna müvafiq tədbirin görülməsini xahiş etmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o alimenti ödəməmiş və nəticədə aliment ödənişlərindən qəsdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə 28 dekabr 2022-ci il tarixdən təqdimat verilən tarixədək, yəni 27 sentyabr 2024-cü il tarixə, tələbkara ödəməli olduğu 5460,00 manat aliment pulundan 1500,00 manat ödəmiş və nəticədə 3960,00 manat borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, İnzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə 22 iyul 2024-cü il tarixdə ərizə ilə Kürdəmir rayon icra və probasiya şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə son xəbərdarlıq göndərilmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış. lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Əməlində qərəzlilik elementləri olduğundan Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını üçün İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 22 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X14 Məşğulluq Filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə iş axtaran və ya işsiz kimi qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs çatdırılmışdır. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(041)-29/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. -Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Kürdəmir rayon Məhkəməsinin 2(041)-1523/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin 3(041)-539/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Xələfov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-327/2024 saylı qərarı ilə Xələfov X8 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - 06 may 2024-cü il, 02 avqust 2024-cü il və 09 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-1523/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. - Kürdəmir RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyətnamədən görünür ki, Xələfov X7 şəhərində yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(041)-55/2025 tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. - 11 iyun 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə Kürdəmir şəhəri ərazisində tutularaq, məhkəmənin qərarına əsasən aidiyyəti üzrə Kürdəmir RPŞ-nin X9 təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahid ifadəsi, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, aliment borcunu ödəməkdən qəsdən yayınmasını, ödənişlə bağlı heç bir cəhd göstərməməsini nəzərə alaraq, ona CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(041)-55/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində gizlənərək qəsdən məhkəmə iclaslarına könüllü surətdə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasın təhvil verilmişdir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 3960 manat aliment məbləğindən heç bir ödəniş edilmədiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 187 (bir yüz səksən yeddi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 3960 manat aliment məbləğindən heç bir ödəniş edilmədiyi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 187 (bir yüz səksən yeddi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar