Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-56/2023 21.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Kürdəmir şəhəri Aran qəsəbəsi ev 3 mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 485,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Babək küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin içərisində saxladığı polietilen torbada təmiz çəkisi – 485,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3, mənzil 9 yaşayır, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, bundan əvvəl də narkotik maddələrdən istifadə etdiyinə görə məhkum edilmiş, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin sentyabr-oktyabr aylarında Kür çayından balıq tutmaq niyəti ilə Kürdəmir rayonu Mollakənd kəndinə getmiş, həmin vaxt çayın kənarında yabanı halda bitən çətənə kolu diqqətini cəlb etmiş, kolu dərib qurutduqdan sonra torbaya yığıb Kürdəmir rayonuna gətirib “Rus qəbirtstanlığı” adlanan yerdə torpağa basdırmış, aradabir gedib həmin qurutduğu çətənədən özü üçün istifadə etmişdir. Sonuncu qalan hissəsini xx.xx.2023-cü il tarixdə gedib basdırdığı yerdən çıxartmış və torbaya yiğib evinə doğru gələrkən Kürdəmir şəhəri, Babək küçəsində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib polis şöbəsinə aparmışlar. Şöbədə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə, əynində olan qara rəngli gödəkçəsinin ön hissəsini açıb, polietilen torbaya qablaşdırdığı marixuananı çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra zərfə qoyulmuş üzəri möhürlənmiş və imzalanmışdır. Bu günə qədər heç kimə narkotik vasitə satmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, Babək küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə aparmış, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin ön hissəsini açıb, içərisində göy rəngli polietilen torbaya qablaşdırdığı narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir, sonra həmin qutu açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, büküm 01 ədəd zərfə qoyulmuş üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, onun kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi – 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf olundu 0.05 qram, qalıq qaldı 484.95 qram. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 844 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - tibbi ərazi bölmələrini idarəetmə birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-175/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində narkoloqun qeydiyyatında durur. - dövlət Sosial Müdafiə Fondu X6 1 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-60959/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Fondun 1 saylı Mərkəzi Aran regional filialından heç bir növ pensiya, müavinət və ya təqaüd almır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin qərarı ilə cəzası 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 485 qram qurudulmuş marixuana ekspertiza tədqiqatından sonra ümumilikdə 484.95 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-33/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmaqıa “ev dustaqliği” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmalı, Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, onun narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 484.95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 484.95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.74 (qirx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-56/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-56/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver