Məhkəmə qərarları › İş №1(041)-6/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-6/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-6/2023 01.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ondan, 07 noyabr 2019-cu il tarixdən hesablanmaqla 07 avqust 2008-ci il təvəllüdlü X8, 26 avqust 2009-cu il təvəllüdlü X6 və 07 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(041)-1437/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 3(041)-175/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 29 mart 2021-ci il, 30 iyun 2021-ci il və 11 aprel 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 aprel 2022-ci il tarixədək 9000,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cu il tarixdə el adəti ilə evlənib ailə qurmuşlar, 07 avqust 2008-ci il təvəllüdlü X12, 26 avqust 2009-cu il təvəllüdlü X11 və 07 fevral 2012-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra ilk vaxtlar kəndlərində daha sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Müşgünaz ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Müşgünaz himayəsində olan uşaqlar üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İlk vaxtlar ödənişlər etsə də, sonradan Müşgünaz ilə aralarında yaranan münaqişədən sonra ödəniş etmək istəməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarına əsasən 10 gün inzibati həbs edilməyinə baxmayaraq, məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur və gündəlik 15-20 manat qazanc əldə edir. Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 9000,00 manat təşkil edir, hazırda həmin borcları ödəməyə imkanı olmadığını, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı il tarixdə el adəti ilə evlənərək ailə həyatı qurmuş, birgə nikahlarından Nahid, Lətifə və Əliəkbər adında 3 uşaqları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində kirayədə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs ev təmiri ustası kimi çalışmış və yetərli qazanc əldə etmişdir. Əvvələr Afiq ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, tez-tez spirtli içkilər qəbul etdiyindən, uşaqları ilə maraqlanmadığından ayrılmışıar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Kürdəmir Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşaqların yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 22 aprel 2022-ci il tarixə kimi 9000 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda ev təmiri ustası kimi fəaliyyət göstərir və yetərli qazanc əldə edir, yəni istəsə hər ay alimenti ödəyə bilərdi, lakin ödəmək niyyəti olmamışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-1437/2019 saylı, 05 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən, Təqsirləndirilən şəxs birgə nikahdan anadan olmuş 07 avqust 2008-ci il təvəllüdlü X12, 26 avqust 2009-cu il təvəllüdlü X11 və 07 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 07 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 100,00 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Kürdəmir rayon icra və probasiya şöbəsində 08 yanvar 2020-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Daha sonra borclu aliment ödəməkdən boyun qaçırdığı üçün 18 may 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs şöbəyə məcburi gətirilməsi barədə təqdimatla Kürdəmir Rayon Məhkəməsinə müraciət olunmuşdur və Kürdəmir Rayon Məhkəməsinin 8(041)-87/2020 saylı qərardadı ilə borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. Bundan sonra borclunun yaşadığı ünvanına baxış keçirilmiş, lakin borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı tərəfimizdən müəyyən edilmiş və bu barədə 04 fevral 2021-ci il tarixdə akt tərtib edilmişdir. Borclunun yerinin müəyyən edilməsi məqsədi ilə 05 fevral 2021-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmişdir. Kürdəmir rayon Polis şöbəsində borclu Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə 600199 nömrəli axtarış işi açılmışdır. 15 fevral 2021-ci il tarixdə Kürdəmir rayon polis şöbəsi tərəfindən iş üzrə borclu Ağayev X10 rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə, inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qətnamə üzrə borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə yenidən son xəbərdarlıq təqdim edilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə tələbkara ödəməli olduğu 9000,00 manat aliment pulundan hər hansı bir ödəniş etməmiş və nəticədə 9000 manat borcu qalmışdır. X1 şöbəyə 31 may 2021-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatın verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri olmuşdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İş materiallarına əlavə olunmuş, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməsi özünün etirafı, zərərçəkmişin izahatı, şahid ifadəsi, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, aliment borcunu ödəməkdən qəsdən yayınmasını, ödənişlə bağlı heç bir cəhd göstərməməsini nəzərə alaraq, ona CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-06/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində gizlənərək qəsdən məhkəmə iclaslarına könüllü surətdə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. A.F.Ağayev Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasın təhvil verilmişdir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, A.F.Ağayevin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 28 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə A.F.Ağayevə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 9000 manat aliment məbləğindən heç bir ödəniş edilmədiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 9000 manat aliment məbləğindən heç bir ödəniş edilmədiyi nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar