Məhkəmə qərarları › İş №1(041)-60/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-60/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-60/2023 13.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1998-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, Kürdəmir rayonu Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə, eləcədə tamah niyyəti ilə xx.xx.2023-ci il tarixdə saat 23 radələrində xx.xx.1959-cu il təvəllüdlü Kürdəmir rayonu Şüşün kənd sakini Zərərçəkmiş şəxs məxsus 01 baş inəyi Kürdəmir rayonu Ərəbxana kəndi ərazisində gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Kürdəmir rayonu Ərəbxana kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır, subaydır, fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə bayramla əlaqədar Ərəbxana kəndinə gəlib küçədə gəzən zaman bir baş inəyin sahibsiz gəzdiyini görmüş, həmin heyvanla bağlı kənd sakinlərindən maraqlanmış, inəyin 5 gündür ki, kənddə sahibsiz gəzdiyini öyrəndikdən sonra xx.xx.2023-cü il tarixdə atasının müalicəsinə pul lazım olduğu fikirləşmiş və inəyi oğurlayıb satmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dayısı oğlu Cahangirlə telefon əlaqəsi saxlayıb İmişli bazarına heyvan satmağa getdikdə onu da aparmasını xahiş etmiş və həmin günü saat 23 radələrində həmin 01 baş inəyi tutub başına iplə bağlayıb dayısı oğlu Cahangirin yaşadığı evə apararaq Cahangirə həmin inəyin qardaşının qaynanasına məxsus olduğunu və satmaq üçün ona verdiklərini demişdir. Bundan sonra inəkləri aparmaq üçün qazel sürücüsü Rauf adlı şəxslə danışmışlar, Raud “Qazel” markalı avtomaşınına ilə onların yanına gəlmiş və Cahangirlə birgə inəkləri yük avtomaşınına mindirmişlər. İnəyi avtomaşına mindirərkən Cahangir əlində olan ağac parçası ilə inəyi vuran zaman ağac inəyin buynuzunu sındırmışdır. xx.xx.2023-cü il saat təxminən 01 radələri bazara çatdıqdan sonra Cahangirlə birgə həmin inəyi tanımadığı şəxsə 420 manata satmışlar. Həmin gün saat təxminən 04 radələrində Cahangir ona zəng vuraraq satdığı inəyin oğurluq olduğunu və sahibinin inəyi tanıdığını dediyindən dərhal bazara qayıtmış, inəyin sahibinin Rasim adlı şəxs olduğunu bilmiş və aralarında gedən söhbət əsnasında Rasim ona sözü gedən inəyin bir müddət əvvəl kənd ərazisindən yoxa çıxdığını demişdir. Bundan sonra 420 manat pulu inəyi satğı şəxsə vermiş və həmin şəxsdən inəyi təhvil alaraq Şahid1 qaytarmışdır. İnəyin oğurluq olmasından Cahangirin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, oğurluq cinayət hadisəsini tək etdiyini, Cahangidin xəbəri olmadığını, əməlindən səmimi peşman olmasını, dəymiş zərəri tam ödəyərək zərərçəkmişlə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasınını vaxtı və yeri barədə zərərçəkmiş şəxs X1 lazımi qaydada məluma verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək məhkəmə iclasılarnın onun iştirakı olmadan keçirilməsini, dəymiş ziyanın ona tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Məhkəmə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs X2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə fermasında olan iri buynuzlu heyvanlarını otlaması üçün çöl sahəsinə buraxdığını, həmin axşam mallar fermaya qayıdanda 01 baş inəyinin olmadığını gördüyünü, bundan sonra həmin 01 baş inəyi axtarsa da tapa bilmədiyini, qonşu kəndlərə bu barədə məlumat verdiyini, xx.xx.2023-ci il tarixdə qardaşı Rasimində İmişli mal bazarında olarkən ona zəng edərək inəyi tapdığını, inəyin qarnında olan cızıq izindən tanıdığını, həmin inəyi Kürdəmir rayonu Ərəbxana kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını dediyini, bundan sonra Rasimin həmin inəyi fermaya gətirdiyini, inəyin 600 manat qiyməti və çəkisinin təxminən 150 kq olduğunu, 01 baş inəyin oğurlandığını düşünmədiyini, sonradan həmin inəyin Ərəbxana kəndi ərazisinə getdiyini, orada bir müddət qaldıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq İmişli mal bazarına aparıldığını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaşadıqları kənddən bir xeyli kənarda Şilyan tərəfdə mal ferması vardır, həmin fermada çoban olmadığı üçün inəklərə özləri baxıb hər gün çöl sahəyə buraxırlar. xx.xx.2023-cü il tarixdə axşam inəklərin fermaya gəldikdə 01 baş qardaşı Zərərçəkmiş şəxs məxsus olan inəyin olmadığını görmüşdür. İnəyin itməsini düşünüb bu barədə polisə məlumat verməyib, lakin bu barədə qonşu kəntlərdə və kəndlərində soraqlaşıb bir baş inəyin itməsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə quzularını satmaq üçün İmişli mal bazarında olarkən inəyi Kamaz markalı yük avtomobilində gördüyündən həmin avtomobilin sürücüsünü çağırıb inəyin qardaşı Ağammədə məxsus olduğunu demiş, həmin şəxs də inəyi 420 manata aldığını dedikdən sonra inəyi ona satan şəxsi göstərmiş, həmin şəxsin Kürdəmir rayonu Ərəbxana kənd sakini Təqsirləndirilən şəxs olduğunu, sonradan həmin inəyi Kürdəmir rayonu Ərəbxana kənd sakinləri X6 və Təqsirləndirilən şəxs Mansur oğlunun birgə İmişli mal bazarına gətirdiklərini müəyyən etmişdir. Həmin inəyin oğurluq olması barədə X5 məlumatının olmadığını sonradan bilmişdir. Onlara dəymiş ziyan tam şəkildə ödənilib. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qonşu kənddə yaşayan Cahangir Məmmədovun ona zəng edərək İmişli mal bazarına gedib getməyəcəyini soruşduqda Cahangirə mal bazarına gedəcəyini dediyini, Cahangirin ona bazara getdikdə onun da inəklərini aparmasını istədiyini, Cahangirlə razılaşaraq həmin gün saat 22 radələrində Cahangir Məmmədovun yaşadığı evin həyətinə getdiyini, həyətdə Cahangirin Səmidlə birlikdə 02 baş inəyi və 01 baş inəyin balasını (buzovu) avtomobilinin yük yerinə yerləşdirdiklərini, bundan sonra Cahangir və Səmidlə İmişli rayonunda yerləşən mal bazarına getdiklərini, bazara çatdıqda saat 01 radələri olduğunu, bundan sonra Cahangir və Səmidin gətirdikləri heyvanları bazarda düşürüb satmaq üçün bazara girdiklərini, sonradan isə Səmidin satdığı malın oğurluq olmasını eşitdiyini, Cahangir və Səmidin həmin malları özlərinə məxsus olmasını bildirdiklərini, 01 baş inəyin oğurluq olmasından xəbəri olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( bax iş vər. 93) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 6-49/2-250/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 95) İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Mollakənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, özünü kənd-məhlə arasında nizam intizamlı aparmış, kənd sakinləri ilə səmimi ünsiyyətdə olmuşdur. Onun barəsində hər hansı neqtiv hərəkətlər müşahidə olunmamışdır. (bax iş vər.109) İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “İN-WEST” şirkətindən alınmış məktubdan görünür ki, 150 kiloqramlıq 01 baş inəyin 2023-ci ilin iyun ayına olan bazar qiyməti 600 manatdır. (bax iş vər.110). İş materiallarından müəyyən edilir ki, xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər. 15-18) Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək rayon PŞ-nin MSY-dən azad edilmişdir. (bax.iş vər 76-77) İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, X6 Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsindən məlumatı olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X7 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzası təyin etməyi məqsədə müvafiq sayır. Təqsirləndirilən şəxs cəza çəkmənin əvvəli hökmün icrasına, ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasi Cəzaların İcrası Məcəlləsinin 34-cü maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən ona təyin olunmuş ictimai işlər cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğurladığı 01 baş inəyin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət (bir gün müddətə səkkiz saat ictimai işlər hesablanmaqla) ona təyin edilmiş 480 saat ictimai işlər cəzasından çıxarılsın və üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat ictimai işlər cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökmün icrasına, ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablansın. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 (bir) baş inəyin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar