Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-61/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 425 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, o, Kürdəmir şəhəri İ.Məmmədov küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman gödəkcəsinin içərisində olan 01 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi – 425 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanda ailəsilə birlikdə yaşayır. O, narkotik vasitə marixuanadan təxminən 1-2 ildir ki, istifadə edir. Bir müddət əvvəl Kürdəmir rayonu Muradxan kəndi ərazisində yerləşən çöl sahəsində 01 ədəd narkotik tərkibli çətənə kolu aşkar etmiş, həmin kolun sahibi olmamış, kolun üzərini toplayıb 01 ədəd sellofan torbaya yığmış və şəxsi istifadə etmək məqsədilə yaşadığı evə gətirərək gizlədib saxlamışdır. Ailə üzvləri xəbər tutmasınlar deyə həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində özü ilə götürüb küçəyə çıxmışdır ki, aparıb hardasa gizlətsin. Küçədə piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan tünd göy rəngli idman gödəkcəsinin içərisində gizlətdiyi 01 ədəd ağ rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin torba müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçirilmiş və qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan torba içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış və üzəri möhürlənmişdir. Zərflər o, müdafiəçi, şahidlər tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Əynində olan tünd göy rəngli idman gödəkcəsinin altından aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananı bir müddət əvvəl Kürdəmir rayonu Muradxan kəndi ərazisində yerləşən çöl sahəsində tapdığı 01 ədəd narkotik tərkibli çətənə kolunun üzərindən toplamış və şəxsi istifadə etmək məqsədilə yaşadığı evə gətirib gizlədib saxlamışdır. Ailə üzvləri bilməsin deyə başqa yerə aparmaq istəyərkən polis əməkdaşları onu saxlamışlar. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞnin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 12:30 radələrində Kürdəmir şəhəri, İ.Məmmədov küçəsində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında və əşyalarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə marixuana olduğunu bildirərək əynində olan tünd göy rəngli idman gödəkcəsinin ön hissəsini açıb, içərisindən ağ rəngli polietilen torbanı çıxarıb təqdim etmişdir. Torba müstəntiq tərəfindən açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol cibindən 04 ədəd 01 manatlıq pul əskinazı, şalvarının sağ cibindən 01 ədəd siqaret və 01 ədəd alışqan çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya və predmet aşkar edilməmişdir. 04 ədəd 01 manatlıq pul əskinazı, 01 ədəd siqaret və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmin torba içərisindəki kütlə ilə birgə qablaşdırılıb üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənərək imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə olan narkotik vasitənin ona məxsus olduğunu, bir müddət əvvəl Kürdəmir rayonu ərazisində çöl sahəsindən 01 ədəd çətənə kolu tapdığını, kolun üzərini toplayıb 01 ədəd sellofan torbaya yığaraq şəxsi istifadə etməsi üçün yaşadığı evin həyətində saxladığını, ailə üzvləri bilməsin deyə sellofan torbada olan narkotik vasitəni üzərinə götürüb gizlətmək üçün xx.xx.2023-cü il tarixdə küçəyə çıxdığını və həmin vaxt polis əməkdaşlarının onu saxladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin baş əməiyyat müvəkkili Şahid2 oğlu da Şahid1 Ağaba oğlu ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/302 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış polietilen torba bağlamadakı 01 ədəd polietilen torbada təmiz çəkisi – 425,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 425,0 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, 424,95 qram qalıq qalmışdır. (bax iş vər. 39-40) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 675 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 93) İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X7 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-162/2023 nömrəli məktubdan görünür ki, Əsgərov X5 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər.70) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 71) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli 8457 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixədək müdət ərzində istifadəsi zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (bax iş vər. 91) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Mənzil İstismar Sahəsinin xx.xx.2023cü il tarixli, 5-5637/242 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü 2 uşağı vardır. (bax iş vər. 89) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Mənzil İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 90) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özünün etirafı və şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 az yaşlı uşağının olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12.45də şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.12-13) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin X6 azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12.10-da MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 55-56) Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cüil tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs profilaktika məqsədilə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 424,95 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 04 iyul 2023-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs profilaktika məqsədilə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 424,95 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-61/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-61/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver