Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-61/2024 12.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Ağsu rayonu Kəndoba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sərnişin daşımaq və yük avtomobili idarə etmək hüququ verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B1, B, C1, C, D1, D, BE, CE, C1E, DE, D1E” kateqoriyalı 99 12 708201 nömrəli sürücülük vəsiqəsini 2019-cu ildə istintaqla müəyyən edilməyən tarixdə Rusiya Federasiyasında alıb əldə etmiş və Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 12 sentyabr 2023-cü il tarixdə Kürdəmir rayonunda fəaliyyət göstərən Kürdəmir “Asan Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC859653” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağsu rayonu Kəndoba kəndində qeydiyyatda olmaqla yaşayır, "xxxx" MMC-də sürücü fəaliyyəti ilə məşğul olur, 2003-cü ild işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və 2010-cu ilə qədər orada yaşamışdır. Moskva şəhərində Azərbaycan Respublikasına məxsus B kateqoriyalı sürücülük vəsiqəsi ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Yaşadığı Ağsu rayonuna gəldikdən sonra 2019-cu ildə yenidən Moskva şəhərinə gedərək orada sərnişin daşımaq üçün “Qazel” tipli avtomobil alıb sürücü kimi işləmək istəmişdir, lakin sürücülük vəsiqəsi “D” kateqoriyası deyil “B” kateqoriyalı olduğundan planı baş tatmamışdır. Bununla bağlı Rusiya Federasiyasının vətəndaşı olan tanışı Azər adlı şəxslə məsləhətləşdikdə ona “D” kateqoriyalı sürücülük vəsiqəsi alınmasında kömək edə biləcəyini, buna görə 25.000 rubl pul lazım olduğunu demişdir. Aralarında razılıq əldə olunduqdan sonra Azər dediyi kimi etmiş və üzərində onun fotoşəkli və anket məlumatları olan, 99 12 708201 nömrəli “RUS” sözü yazılmış sürücülük vəsiqəsini vermiş və ona 3 ay müddətində həmin vəsiqə ilə avtomobil idarə etməsini, həmin müddətdən sonra sürücülük vəsiqəsinin sistemə yerləşdiriləcəyini bildirmişdir. 2019-cu ilin iyul ayında Azərbaycanda "xxxx"-dən iş təklifi almağı üçün geri qayıtmış, orada sürücü kimi fəaliyyətə başlamışdır. Bir müddətdən sonra Azərbaycan Respublikası ərazisində də sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq istədiyi üçün 12 sentyabr 2023-cü il tarixdə Azərin ona verdiyi saxta sürücülük vəsiqəsini Kürdəmir rayonunda yerləşən “ASAN Xidmət Mərkəz”-nə təqdim edərək Azərbaycan Respublikasına məxsus BC859653 nömrəli sürücülük vəsiqəsi almışdır. Həmin saxta sürücülük vəsiqəsinin kim tərəfindən hazırlanmasını bilmir, onu bilir ki, saxta sürücülük vəsiqəsini tanışı Azər adlı şəxsin tanışları hazırlamışdılar və o, öz tanışları barədə ona heç bir məlumat verməmiş, həmin şəxslə heç vaxt görüşməmiş, həmçinin əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd etdiyi halları, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə bilməyərəkdən cinayət törətməsini nəzərə almasını məhkəmədən xahiş etdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 5/1449 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Fərhad oğlunun adına verilmiş 99 12 708201 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. 2) Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 12 708201 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 25 sentyabr 2023-cü il tarixli müraciətindən görünür ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs, xx.xx.1981-ci il, siyahı üzrə 5-ci şəxs) müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmişlər. Həmin şəxslərin təqdim etdikləri sürücülük vəsiqələrinin həqiqiliyi şübhə doğurduğundan vəsiqələrin dəyişdirilməsi üçün zəruri olan sənədlər və həqiqiliyi şübhə doğuran vəsiqələr DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. -DİN-in Baş X4 İdarəsinin 25 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin Kürdəmir “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona “859653” nömrəli sürücülük vəsiqəsi verilmişdir. -Cinayət işinin materiallarına əlavə edilmiş saxtalaşdırılmış sürücülük vəsiqəsindən görünür ki, 3 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs B1, B, C1, C, D1, D, BE, CE, C1E, DE, D1E kateqoriyalı 99 12 708201 nömrəli, üzərində “RUS” yazısı qeyd edilmiş sürücülük vəsiqəsi verilmişdir. -“Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini əldə etdikdən sonra “ASAN xidmət” mərkəzinə təqdim edərək Azərbaycan Respublikasının “859653” nömrəli B1, B, C1, C, D1, D, BE, CE, C1E, DE, D1E kateqoriyalı sürücülük vəsiqəsini almışdır. Araşdırma zamanı Emin Həsənov xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək etibarlı olan Azərbaycan Respublikasına məxsus həqiqi sürücülük vəsiqəsini könüllü olaraq təqdim etmiş və həmin vəsiqə götürülərək materiala əlavə edilmişdir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. - Ağsu RİHB-nın Kəndoba İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnaməsindən məlum olur ki, X1 2 nəfər ailə üzvü ilə (özü, atası, anası, arvadı, 2 qızı və 1 oğlu) Ağsu rayon Kəndoba kəndində yaşayır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəllə-sinin 320.2-ci maddəsinə görə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət məsuliyyəti yaradır. CM-nin 320.1-ci maddəsində qeyd edilir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayətdir. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi nəticəyə görə Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Hazırki iş üzrə təqsirləndirilən şəxs pul müqabilində aldığı sərnişin daşımaq və yük avtomobili idarə etmək hüququ verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə Kürdəmir rayonunda fəaliyyət göstərən Kürdəmir “ASAN Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC859653” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni bilə-bilə saxta sənədlərdən istifadə etməsi özünün etirafı, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif olunub. Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, fərdi əməklə məşğul olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 3 uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Rusiya Federasiyasının “99 12 708201” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BC859653” nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş manat) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağsu rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Rusiya Federasiyasının “99 12 708201” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BC859653” nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Ağsu rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat xidmət haqqı ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN : X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-61/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-61/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver