Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-64/2025 30.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Məhərrəmli kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Məhərrəmli kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində, qonşusu Zərərçəkmiş şəxs "sən kimsən səndən icazə almalı deyiləm" deməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan bel ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona başın sol təpə nahiyəsinin yarası (çapıq toxuması) ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu Məhərrəmli kəndində Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yeganənin yaşadığı evin həyətyanı sahəsinin kənarında suvaq üçün nəzərdə tutulan torpaqdan bir vedrə yığıb evə apararkən Yeganə ona yaxınlaşaraq öz iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Əvvəlcə Yeganə əlindəki bellə onun bel nahiyəsinə, cavab olaraq o da əlindəki bellə Yeganənin baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurmuş və bundan sonra evlərinə getmişlər. Hazırda onlar biri-birilərindən üzr istəyərək barışmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Kürdəmir rayonu Məhərrəmli kəndində yaşayır, Təqsirləndirilən şəxs qonşusudur. Uşaqlarla bağlı əvvəllər mübahisələri olduğu üçün münasibətləri pozulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evin həyətyani sahəsində iş gördüyünü, iribuynuzlu heyvanların keçməməsi üçün qazdırdıqları arxın torpağını qazaraq Səyyarənin aparmasını görüb ona yaxınlaşmış və aralarında sözlə mübahisə olduğu zaman Səyyarə əlində olan bel ilə bir dəfə onun baş nahiyəsinə vurmuş, zərbənin təsirindən özündən gedərək yerə yıxılmış, başının qanamasını görüb qonşusu Şahid2 köməyə çağırmış, Tamella onu yaşadığı evə aparmış, bu barədə polisə məlumat verməmişdir. Bundan bir neçə gün sonra istifadə etdikləri suyu Səyyarənin qazları bulandırdığı üçün qazları həyətdən çölə çıxartdığını, bu zaman Səyyarə ilə Səyyarənin əri Şahid1 onun yaşadığı evə gələrək həyətdə səs-küy saldıqlarını, həyətində olan itlərini açıq saxladıqları üçün hərəkət edə bilmədiyi üçün Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda onlar barışmış, Səyyarəyə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 109 nömrəli rəyində göstərilmişdir ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət-başın sol təpə nahiyəsinin yarası (çapıq toxuması). Göstərilən xəsarət küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi qızına 110 (yüz on) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (yüz on) manat xidmət haqqı ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-64/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-64/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver