Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-72/2024 12.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, hakim köməkçisi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 15 avqust 1986-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu götürülmüş, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə gecə saatlarında spirtli içki qəbul etdikdən sonra 06 mart 2024-cü il tarixdə gecə saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus, Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evində heç kəsin olmadığını bildiyindən, mənzildə yaşayanların iradəsi ziddinə tamah məqsədi olmadan onların yaşadığı mənzilə daxil olmaq qərarına gəlmiş, bu məqsədlə də evin hasarına çıxıb, daha sonra evin ikinci mərtəbəsinin pəncərəsini qıraraq qəsdən mənzilə daxil olmuş, evdəki əşyaları dağınıq vəziyyətə gətirmiş, bununla da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə Zərərçəkmiş şəxs məxsus, Kürdəmir rayonu Atakişili kəndində yerləşən mənzilə daxil olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 157.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə gecə saatlarında evinin qarşısındakı küçədə spirtli içki qəbul etmiş və həmin vaxt içkinin təsirindən könlünə samovar çayı içmək düşmüşdür. Belə ki o, 1 il əvvəl qonşusu Talehdən borc almış, lakin borcu qaytara bilmədiyi üçün özünə məxsus samovarı borc qarşılığında ona vermişdir. Həmin samovarı Bakı şəhərində yerləşən Sədərək Ticarət mərkəzindən 55 manata almışdır. Onun Talehin evinə girməsinə səbəb həmin samovarı götürmək olmuşdur. O, həmin samovarda çay qaynadıb içdikdən sonra yenidən Talehə qaytaracaqdı. O, Zərərçəkmiş şəxs məxsus evin yanına gəldikdən sonra onun Bakı şəhərində olduğunu bu səbəbdən də evdə heç kəsin olmadığını bildiyi üçün evə girib samovarı götürmək istəmişdir. Daha sonra o, evin hasarına yaxın olan işiq dirəyinə dırmaşaraq hasara çıxmış, daha sonra isə evin ikinci mərtəbəsinin yataq otağının pəncərəsini qıraraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra samovarı axtarmağa çalışsa da onu tapa bilməyib əsəbləşərək evdəki əşyaları dağıtmağa bəzilərini isə evin həyətinə və küçəyə atmağa başlamışdır. Daha sonra həmin pəncərədən çıxıb evə getmək istəmişdir. Həmin pəncərə Zərərçəkmiş şəxs qonşusu həmçinin qohumu Rəna Zərbaliyevanın həyətinə tərəf açılırdı. O, Rəna Zərbaliyevanın evinin həyətində 2 ədəd hindquşunun olduğunu görüb onları oğurlamaq qərarı vermiş və həmin quşları götürdükdən sonra Rənagilin evinin küçə qapısını açaraq küçəyə çıxmış, lakin həmin vaxt sərxoş olduğu üçün quşlar əlindən qaçmış və o, evə getmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evə daxil olan zaman tək olmuşdur. Rəna Zərhaliyevaya məxsus evə daxil olmaqda məqsədi həyətdə olan 2 ədəd hinquşunu oğurlamaq olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışmışdır. Həmçinin, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Sayadxanım Zərbaliyeva Bakı şəhərində xəstəliyi ilə əlaqədar müalicə aldığı üçün həmin vaxt o, Bakı şəhərində olmuşdur. xx.xx.2024-cü il tarixdə qohumu Rəna Zərbaliyeva həyətlərində saxladığı hindquşların küçədə axtaran zaman ona məxsus evin giriş qapısının yanında məişət əşyalarının küçəyə tökülmüş vəziyyətdə olduğunu görüb dərhal bacısı Vüsalə Zərbaliyevaya zəng edərək bu barədə məlumat vermişdir. Bacısı Vüsalə də öz növbəsində ona zəng edərək hadisəni danışıb dərhal evə getməsini istəmişdir. O, Bakı şəhərində olduğu üçün bacısı oğlu İlyas Abdulrahmanovdan onun evinə getməsini istəmişdir. Həmin vaxt saat 08:26-də qonşuluqda yaşayan qohumu Şahid3 “102” mərkəzi zəng xidmətinə zəng edərək əmisi Ağalı Zərbaliyevin həyətində saxladığı 2 ədəd hindquşunun oğurlanması barədə məlumat verdiyindən polis əməkdaşları həmin əraziyə gəlmişdir. Bacısı oğlu İlyas Abdulrahmanov evinə gələn zaman evin pəncərəsinin şüşələrinin sınmış, evdəki məişət əşyalarının isə həyətə atılmış vəziyyətdə olduğunu görüb dərhal həmin polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra polis əməkdaşları İlyasın ərizəsini alaraq onların evinə gələrək evə baxış keçirmişdir. Daha sonra onlara evə daxil olan şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Onlar barışmışlar. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” dan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2- 3493/2024- cü il tarixli məktubun göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə hadisə yerinin müayinəsi zamanı Zərərçəkmiş şəxs məxsus evdən götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yaralı olan əl izlərinin 01 ədədi (ADİS-in məlumat bankında Kürdəmir RPŞ və BƏSİİ-dən daxil olan) xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən etmişdir). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanmışdır. Məhkumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarından görününür ki, məhkum Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 3 il 6 ay müddətdə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və o, həmin maddə ilə məhkumluğu olmayan şəxs hesab edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, ona bu barədə məlumat verilmiş və qərar elan edilərək zərərçəkmiş şəxsin CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 157.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli təqsirəndirilan şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus evə hansı formada daxil olduğunu göstərmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd zərfin içərisində olan əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə toplanmış ifadələr, istintaq hərəkəti protokolları, habelə cinayət işinə əlavə olunmuş arayışlar və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs X1 ilə barışmışdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. CPM-in 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd içərisində əl izləri olan zərf iş materillarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 01 ədəd içərisində əl izləri olan zərf iş materillarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-72/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-72/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver