Məhkəmə qərarları › İş №1(041)-72/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-72/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-72/2025 04.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir şəhəri Bakı prospekti ev3-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 5.83 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Xırdapay kəndində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan cins şalvarın qabaq sağ cibindən təmiz çəkisi 5.83 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə aparmışlar, şöbədə polis əməkdaşları tərəfindən ona bir ədəd kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana verilmiş və həmin marixuananın ona məxsus olduğunu deməsini bildirmişlər, o da qorxduğu üçün həmin qutunu götürərək əynində olan cins şalavarın sağ cibinə qoymuş, həmin vaxt polis əməkdaşları ona marixuananı təxminən 1 həftə əvvəl Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində balıq tutarkən, gölün qırağında kibrit qutusu tapdığını, götürüb içərisinə baxdıqda onun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğuna görə, onu götürüb istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirməsini demişlər. Həmin vaxt polis əməkdaşlarınının dedikləri ilə razılaşmışdır. Bundan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuş, vidioşəklişlə üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir, bu təklifdən sonra əynində olan cins şalavarın cibində olan bir ədəd kirbit qutusunu təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Qutu içərisindəki kütlə elektron tərəzi vasitəsiylə çəkilmiş və təxmini çəkisinin 8.82 qram olduğu müəyyən edilmişdir. Üzərində narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamışdır. O istintaqda narkotik vasitənin ilkin olaraq ona məxsus olduğunu bildirməsinə səbəb polis əməkdaşlarından qorxması olmuşdur. O hər hansı bir şəxsdən narkotik vasitə əldə etməmiş, tapmamaış və heç bir şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda polis şöbəsində narkotik vasitə olan qrudulmuş marixuananın ona məxsus olmasını etiraf etsə də, məhkəmə istintaqında həmin marixuananın ona məxsus olmadığını və bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili polis mayoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri H,Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədiylə əməliyyat istintaq qrupu yaradılmış və xx.xx.2025-ci il tarixdə saat 15:20-da Hüseynov X5 rayonu Xırdapay kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan cins şalavarın sağ cibindən olan bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə polis əməkdaşları tərəfindən baxılmış, içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıldıqdan sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifləri izah edilmiş, müdafiəçi ilə təmin olundan sonra videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs zərfə baxıb bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır 01 ədəd kibirit qutusundadır, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasıdır. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 8.82 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutu ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamış, üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmaması barədə fikirləri əsassızdır. Belə ki, onun üzərinə baxış video görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin faktları dəsdiq etdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirir, arvadı oğlu ilə birlikdə Bakı şəhərinə köçdüyü üçün evdə tək yaşayır, hər axşam yaşadığı evə əxlaqsız qadınları yığıb spirtli içkilər qəbul etməklə yanaşı narkotik vasitələrdən də istifadə edirlər. Həmin şəxslərin bəziləri tutulmuş, evə dəvət etdiyi qadınların birini döydüyü üçün özü də cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun üzərinə baxış keçirərkən müdafiəçi ilə təmin edilmiş, ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində Kürdəmir RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı Şahid1 Kürdəmir RPŞ-nin KTQ-nin kiçik inspektoru polis kiçik serjantı X3, iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Respublikasının vətəndaşı, Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir şəhəri Bakı pospekti ev 3-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1964-ci il təvəllüdlü Hüseynov X5 rayonu Xırdapay kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə marixuanadır, həmin kütləni Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində balıq tutarkən tapmışdır, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş marixuananın qablaşdırıldığı ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Kürdəmir RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd kibirit qutusundadır, zərfin tamlığı pozulmamış, onun üzərində ki isə öz imzasıdır. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 8.82 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutu ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/127 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri və imzalar olan ümumi sayı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.83 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5.83 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5.81 qram. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs : 1) xx.xx.1983-cü ildə Kürdəmir rayon Xalq Məhkəməsi tərəfindən AZ.SSR CM-nin 83 –cü maddəsinin 2-ci hissəsi təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1985-ci ildə Salyan rayon Məhkəməsinin xx.xx.1985-ci il tarixli qərarı ilə AZ.SSR CM-nin 50-2 MAD əsasən 10 ay 05 gün şərti azad olunub. 2) xx.xx.1988-ci ildə Volqoqrad Qarnizonu Hərbi Tribunalı tərəfindən RSFSR CM-nin 246-cı maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il şərti sınaq müddətinə məhkum edilmişdir. 3) xx.xx.1994-cü il tarixlii Kürdəmir rayon Xalq Məhkəməsinin hökmü ilə CM-nin (köhnə redeksiyada) 215, 143 mad, 3 his, 38 maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1994-cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılıb, 01 il 06 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 4) xx.xx.1996-cı il tarixli Kürdəmir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 184, 39 maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 5) xx.xx.2002-ci il tarixli Kürdəmir rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2003-cü ildə Nərimanov rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən çəkilməmiş cəzanın 1 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. 6) xx.xx.2004-cü il tarixli Kürdəmir rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 76 maddəsinə əsasən 03 ay 6 gün vaxtından əvvəl şərti azad olunub.7) xx.xx.2007-ci ildə ACDİY Azərbaycan Respublikası məhəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə Bakı şəhəri Nizami rayon məhkməsinin xx.xx.2013cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub. 8) xx.xx.2016-cı il taixdə Kürdəmir rayon məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 9) xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkməsinin qərarı ilə sadələşdirilmiş icraat materialına xitam verilib və cinayət məsuliyyətindən azad edilmişdir. 10) xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11) Kürdəmir rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Kürdəmir rayon icra və probasiya şöbəsindən alınmış məktuban görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzası xx.xx.2025-ci il tarixə 08 ay 21 gün təşkil edir. - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın verdiyi xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-173/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. - xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X8 Filialının verdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə pensiya, müavinət və təqaüd almır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - iş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir.Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. - Azercell MMC-dən daxil olmuş disklərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, şahidlərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, videogörüntü, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitədən istifadə etməməsi, polis əməkdaşlarının onu döyəcəyindən qorxaraq narkotik vasitə istifadə etdiyini boynuna alması barədə ifadəsində göstərdiyi xüsusatlar iş materialları və məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin üzərinə baxış video-görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, bununla bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və ya yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 5.83 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.81 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Emin Məhərrəmov ibtidai istintaqdan fərqli olaraq məhkəmə istintaqında narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını bildirsə də, lakin ibtidai istintaqda şəxsi axtarış və dindirmə zamanı sərbəst formada müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Narkotik vasitənin ona məxsus olmaması ilə bağlı nə ibtidai istintaq, nə də məhkəməyədək icraat dövründə hüquq mühafizə orqanları qarşısında məsələ qaldırmamışdır. Odur ki, Emin Məhərrəmovun özünü Azərbaycan Respublikasıl CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə mövqeyi özünü müdafiə xarakteri və məsuliyyətdən yaxa qutarmaq məqsədi daşıdığından və iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyindən həmin xüsusat qəbul edilməməli və rədd edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 19 (on doqquz) gün müddəti yeni hökm üzrə təyin edilmiş cəzaya tam və ya qismən birləşdirilməklə, habelə Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.81 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həb qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 31.95 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün əsas cəza üzrə, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması Təqsirləndirilən şəxs cəza çəkəcəyi cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, maddi sübutun- kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hissəsində isə icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 18 saat hüquqi yardıma görə 198 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 19 (on doqquz) gün müddəti yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 5.81 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və 2 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün əsas cəza üzrə, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması Təqsirləndirilən şəxs cəza çəkəcəyi cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, maddi sübutun- kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hissəsində isə icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 198 (yüz doxsan səkkiz) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar