Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-73/2023 05.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızının, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 01 avqust 2019-cu il tarixdən hesablanmaqla 23 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızına verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)- 1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli, 3(041)- 319/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 26 aprel 2021-ci il tarixli, 3(041)-453/2021 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 may 2020-ci il, 31 may 2021-ci il və 19 dekabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 yanvar 2023-cü il tarixinə kimi 4340,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2014-cü il tarixdə rəsmi qaydada ailə həyatı qurmuş, evliliklərindən 23 iyul 2015-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu olmuşdur. Ailə vəziyyəti ilə bağlı olaraq işdən ayrılmışdır. Aysel ilə normal ər-arvad münasibətlərində olsalar da, sonradan Ayselin anası Kəmalə ailə həyatlarına müdaxilə etdiyindən ailələri pozulmuş, hazırda ayrı yaşayırlar. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 01 avqust 2019-cu il tarixdən hesablanmaqla 23 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızına verilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Fasilələrlə ödənişlər etsə də, kifayət qədər imkanı olmadığından, alimenti tam olaraq ödəmədiyindən Kürdəmir Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli inzibati qərarına əsasən 15 gün müddətinə, həmin məhkəmənin 26 aprel 2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati həbs edilməyinə baxmayaraq aliment borcunu tam olaraq ödəyə bilməmişdir. Hazırda Sumqayıt şəhərində "xxxx" MMC-də fəhlə kimi fəaliyyət göstərir. Gündəlik gəliri 18-20 manat təşkil edir. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, təklif olunan işlərin əmək haqqları onu qane etmədiyindən və daim işlədiyindən mərkəzə müraciət etməmişdir. Təqdimat verilən günə, yəni 06 yanvar 2023-cü il tarixə kimi Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızına ödənməmiş aliment borcu 4340,00 manat təşkil edir. Hazırda da borcu tam olaraq ödəməyə maddi imkanı yoxdur və gələcəkdə işləyərsə aliment borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs Məhərrəmova (Mustafayeva ) Aysel Kamran qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şıxımlı kənd sakini kimi tanımış və münasibətləri yaranmış, 2014-cü ildə evlənərək ailə qurmuşlar. Həmin evlilikdən 23 iyul 2015-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs hərbi hissədə müddətdən artıq xidmət edən hərbçi olmuş, işində yol verdiyi nöqsanlara görə xidmətdən azad edilmiş və Kürdəmir rayonuna geri qayıtmışlar. Əvvəllər Azər ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, uşağı ilə maraqlanmadığından, tez-tez spirtli içkilər içdiyindən ayrılmışlar və övladı onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2019-cu il tarixdən hesablanmaqla 23 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs alimenti ödəməkdən yayınmış, icra məmuruna etdiyi şikayətlərə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Azər telefonla ona bildirmişdir ki, istənilən cəza almasına razıdır, amma aliment ödəməyəcəkdir. Təqsirləndirilən şəxs hazırda müxtəlif yerlərdə fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğuldur və yetərli qazanc əldə edir, istəsə hər ay alimenti ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur. Bu ilin yanvar ayına kimi 4340,00 manat ödənməmiş aliment borcu var. Təqsirləndirilən şəxs borcunu qərəzli surətldə odəmir və bunu aşkar şəkildə bildirir. Ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən, 23 iyul 2015-ci il tarixində anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 avqust 2019-cu il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 120,00 manat miqdarında aliment tutularaq Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızına ödənilməlidir. Kürdəmir rayon icra və probasiya şöbəsində 15 yanvar 2020-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. 27 yanvar 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs şöbəyə məcburi gətirilməsi barədə təqdimatla Kürdəmir Rayon Məhkəməsinə müraciət olunmuşdur və Kürdəmir Rayon Məhkəməsinin 8(041)-39/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı ilə borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə, inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra borclunun yaşadığı ünvanına baxış keçirilmiş, lakin borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı tərəfimizdən müəyyən edilmiş və bu barədə 05 aprel 2021-ci il tarixdə akt tərtib edilmişdir. Borclunun yerinin müəyyən edilməsi məqsədi ilə 12 aprel 2021-ci il tarixdə «borclunun axtarılması haqqında» qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmişdir. Kürdəmir rayon Polis şöbəsinin Kürdəmir rayon icra və probasiya şöbəsinə ünvanladığı məktubunda iş üzrə borclu Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə 600129 nömrəli axtarış işinin açıldığı göstərilmişdir. 26 aprel 2021-ci il tarixdə Kürdəmir rayon Polis şöbəsi tərəfindən iş üzrə borclu Təqsirləndirilən şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə, inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin buna baxmayaraq borclu qətnamədəki tələbi təmin etməmiş və nəticədə qətnamə üzrə borcu ödənilməmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli icra sənədi üzrə təqdimat verilən tarixə tələbkara ödəməli olduğu 5040,00 manat aliment pulundan 700,00 manat ödəniş etmiş və nəticədə 4340,00 manat aliment borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızı şöbəyə 10 fevral 2021-ci il tarixli və ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-1049/2019 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq Məhərrəmova (Mustafayeva ) Aysel Kamran qızına verilməsi qət edilmişdir. (bax iş vər. 12-13) - xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs tələbin könülllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(041)-39/2020 saylı qərardaddan görünür ki, Təqsirləndirilən şəxs məcburi gətirilməsi qərara alınmışdır.(bax iş vər.24) - xx.xx.2020-ci il tarixli borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədini qərəzli olaraq icra etmədiyi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.(bax iş vər.39) - Kürdəmir rayon məhkəməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli 3(041)-319/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. (bax iş vər. 31-32) - Kürdəmir rayon məhkəməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli 3(041)-453/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. (bax iş vər. 68-69) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (bax iş vər. 114) - Kürdəmir RİHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixlio,722 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşayır.(bax iş vər 84) - Kürdəmir RİHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 85) - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanından qaçıb gizləndiyi üçün iş üzrə icraat dayandırılmışdır.(bax iş vər 142-143) - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmularaq Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. (bax iş vər 146) - qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (iş vər. 170,172) - Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi və qaçıb gizləndiyi üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə görə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: - məhkəmə aktlarını qərəzli icra etməmə; - məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: - şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; - icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması; - məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; - məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi; - məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi. Qeyd edilən hərəkətlər nəinki məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxs tərəfindən, həmçinin məhkəmə qərarının icra olunmamasında maraqlı olan digər subyektlər tərəfindən də edilə bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 01 avqust 2019-cu il tarixdən hesablanmaqla 23 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq Məhərrəmova (Mustafayeva) Aysel Kamran qızına verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli, 3(041)-319/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 26 aprel 2021-ci il tarixli, 3(041)-453/2021 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 may 2020-ci il, 31 may 2021ci il və 19 dekabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 yanvar 2023-cü il tarixinə kimi 4340,00 manat məbləğində aliment borcunu ödəməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri) “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi). Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin müddəaları davam etdirən “İcra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Göstərilən hüquqi tənzimləmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarında da əks olunmuşdur. Qərarda göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-1049/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin borclu Təqsirləndirilən şəxs tərəfindən icrasını təmin edilməsi üçün zəruri hesab edilən bütün icra hərəkətləri həyata keçirilmiş, təqsirləndirilən şəxs qeyd edilən qətnamənin icrası ilə bağlı verilmiş icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli, 3(041)-319/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 26 aprel 2021-ci il tarixli, 3(041)-453/2021 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 may 2020-ci il, 31 may 2021-ci il və 19 dekabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 yanvar 2023-cü il tarixinə kimi 4340,00 manat məbləğində aliment borcunu ödəməmişdir. Bundan əlavə, cinayət işinə baxılan müddətdə təqsirləndirilən şəxsə icra sənədi üzrə yaranmış borcunu ödəmək təklif edilmiş və bu məqsədlə məhkəmə baxışı iclası bir neçə dəfə təxirə salınmışdır. Lakin buna baxmayaraq, təqsirləndirilən şəxs nəinki aliment borcunu ödəmiş, əksinə üzrsüz səbəblərdən məhkəməyə gəlməkdən yayınaraq gizlənməyə cəhd etmiş, barəsində həbsli axtarış elan ediləndən sonra 28 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq məhkəməyə məcburi qaydada gətirilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli, ona təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan adekvat cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin başlanğıcı həbs olunduğu gündən, yəni 28 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Kürdəmir rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Füzuli RPŞ əməkdaşları tərəfindən saxlanlılaraq Kürdəmir RPŞ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsə qəti cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün (10-12 iyun 2023-cü il) müddət nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddianın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə yekun məhkəmə aktı xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 6 manat ödənilməlidir. Qeyd olunanlara əsasən müdafiəçi X1 dövlət hesabına hər iş saatı üçün 06 manat olmaqla, 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı 28 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X. İMANOV
Məhkəmə qərarları › İş №1(041)-73/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-73/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver