Məhkəmə qərarları › İş №1(041)-77/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-77/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-77/2025 12.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrədin qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada vəkillik fəaliyəti göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2003-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 7.42 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Sabir küçəsi ərazisində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi –7.42 qram tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan təxminən 1-2 ildir ki, istifadə edir, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 02 gün əvvəl Kürdəmir rayonu ərazisindən keçən Bakı-Qazax dəmiryol xəttinin kənarından küçədən yerdə 01ədəd kibrit qutusu diqqətini çəkdiyi üçün götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir şəhəri, Sabir küçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlayıb videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirilmiş, üzərində olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb onlara təqdim etmiş, həmin kütlə ekspertizaya təqdim olunacağı bildirilərək polis əməkdaşı tərəfindən qablaşdırılmış, üzəri onun və iştirakçılar tərəfindən imzalanmış, daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, o, narkotik vasitə alqı-satqısı ilə məşğul olmur. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Əməlindən peşmandır. O, ankoloji xəstəlikdən əziyyət çəkir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Kürdəmir RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00-də Kürdəmir şəhəri Sabir küçəsi ərazisində saxlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kibrit qutusunun içərsinə baxış keçirilmiş, içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuş, həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, Kürdəmir şəhəri ərazisində dəmiryol xəttinin kənarından yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nə gətirilmişdir. Şahid1 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Fuad Babayevin xidməti otağında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana zərfdən açılaraq baxış keçirilmiş, sonra müstəntiq tərəfindən yenidən qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2 və Kürdəmir RPŞ-nın kadrlar qrupunun kiçik inspektoru vəzifəsində çalışan, polis serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun bildirdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); “Üst yoxlamasının keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir şəhəri, Sabir küçəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilmişdir. Üst yoxlaması keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, qutu əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən açılmış içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (i.v. 9-10); Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 08 fevral 2025-ci il tarixdə, saat 23.20-də şübhəli şəxs qismində tutulmuşdur ( i.v. 15-16); “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli, protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi1 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır (i.v.34-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/108 nömrəli rəyindən göünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi -7.42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Marixuananın təmiz çəkisi- 7,42 qram, tədqiqatda istifadə olundu- 0,02 qram, qalıq- 7,40 qram(İ siyahı) (i.v.42-45); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 47-48); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Kürdəmir RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında”qətimkan tədbiri seçilmişdir (i.v. 61-63); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 7.40 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində üst yoxlaması zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02(iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (i.v.69); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-179/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur (i.v.78); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.79); İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 7.42 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən, hansı tarixdə və hansı şəraitdə əldə etməsi barədə məlumat əldə edilməmişdir (i.v.108); Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 656 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v.109); İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən gösünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.112); İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 261 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla valideynləri ilə birlikdə Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 2, bina 8/15-də yaşayır (i.v.113); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərində üst üst yoxlaması və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (i.v. 117-123); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələrinin izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda 7.42 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Kürdəmir rayon Məkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs adına verilmiş sənədlərdə onda periferik limfa düyünlərinin ultrasəs müayinəsi zamanı sağ qulaq arxası nahiyyəsində 8.3x5.9 mm limfa düyününün izlənməsi, sol qulaq arxası nahiyyədə 10.8x6.5 mm limfa düyününün izlənilməsi göstərilmişdir; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 05 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, xəstəlikdən əziyyət çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 08 (səkkiz) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonun hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan narkotik vasitə qrudilmuş marixuanannın ekspertiza tədqiqatdan sonra qalan 7.40 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 8 (səkkiz) saat saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 88 (səksən səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar