Məhkəmə qərarları › İş №1(041)-85/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-85/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-85/2023 12.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində nömrəsiz evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 19 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 aldadaraq taxıl almaq istədiyini deyib 1 kiloqramı 0,55 manatdan olmaqla 60 ton taxıla görə 33000 manat pul ödəməyi öhdəsinə götürməklə sonuncunu inandırmaq məqsədi ilə 20 dekabr 2022-ci il tarixdə taxılın pulundan 13000 manatını ödəmiş və qalan 20000 manat pulu isə 24 dekabr 2022-ci il tarixə kimi ödəyəcəyini bildirərək təminat kimi tanışı Şahid5 məxsus, “nəqliyyat vasitəsini idarə etmək hüququ”na dair etibarnamə əsasında idarə etdiyi gümüşü metallik rəngli, “Ford transit yük” markalı, vaqon tipli, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid5 xəbəri və razılığı olmadan girov kimi Zərərçəkmiş şəxs1 verərək sonuncunun etibarından sui-istifadə edib İsmayıllı rayonunun Diyallı kəndində yerləşən anbarından cəmi 60 ton çəkidə taxılı daşıyıb apararaq Bakı şəhərində başqa şəxslərə satmaqla əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 20000 (iyirmi min) manat məbləğində əmlakını alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə xx.xx.1974-cü ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri Sabunçu qəsəbəsi 26 ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində saxladığı ümumi 11113 manat məbləğində, 24296 kiloqram çəkidə, 1 kiloqramı 0,45 manat olmaqla 10933 manat 20 qəpik dəyərində taxıl məhsulu və 179 manat 80 qəpik dəyərində kisə torbanı iki gündən sonra pulunu ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə, həmin taxılı başqa şəxslərə sataraq əldə etdiyi pulları öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə Zərərçəkmiş şəxs5 11113 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə xx.xx.1984-ci ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, evli, orta təhsilli, Kürdəmir rayonu Pirili kənd orta məktəbində müəllim işləyən, məhkum olunmayan, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yaşadığı Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində saxladığı 38000 kiloqram çəkidə, 1 kiloqramı 0,45 manat olmaqla 17100 manat qiymətində olan taxılını iki gündən sonra pulunu ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə başqa şəxslərə sataraq, 2023-cü ilin fevral ayında həmin puldan 2000 manatını Səyyad Dadaşovun vasitəsi ilə Zərərçəkmiş şəxs4 göndərsə də, qalan 15100 manat pulu öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə Zərərçəkmiş şəxs4 15100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə xx.xx.1960-ci ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində saxladığı 7240 kiloqram çəkidə, 1 kiloqramı 0,45 manat olmaqla 3258 manat qiymətində taxılını iki gündən sonra pulunu ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə başqa şəxslərə sataraq əldə etdiyi pulları öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə Zərərçəkmiş şəxs3 3258 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə xx.xx.1962-ci ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində yaşadığı Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində saxladığı 9580 kiloqram çəkidə, 1 kiloqramı 0,45 manat olmaqla 4311 manat qiymətində taxılını iki gündən sonra pulunu ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə başqa şəxslərə sataraq əldə etdiyi pulları öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə Zərərçəkmiş şəxs2 4311 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə xx.xx.1986-ci ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, evli, ali təhsilli, Kürdəmir rayonu Pirili kənd tam orta məktəbində müəllim işləyən, məhkum olunmayan, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində yaşadığı Kürdəmir rayonu Pirili kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində saxladığı 12040 kiloqram çəkidə, 1 kiloqram 0,45 manat olmaqla 5418 manat qiymətində olan taxılına görə 2000 manatı verib, pulun qalan 3418 manatını isə iki gündən sonra ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə başqa şəxslərə sataraq əldə etdiyi pulları öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə Zərərçəkmiş şəxs6 3418 manat məbləğində maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam şəkildə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində nömrəsiz evdə yaşayır, 2016-ci ildən bu günə qədər Kürdəmir, İsmayıllı, Xaçmaz, Göyçay, Oğuz, Şəki və s. rayonlardan taxıl alqı-satqısı ilə məşğul olur. Ağsu rayon sakini Şahid5la “turbo.az” saytında qoyulmuş avtomaşın elanı ilə bağlı əlaqə saxlamış və bundan sonra onunla daha yaxın münasibəti yaranmışdır. Seymur özü nəğd şəkildə avtomaşın alaraq daha sonra kreditə verir və bu yolla pul qazanır. 2022-ci ilin oktyabr ayında Seymurdan ayda 2000 manat ödəməklə 51000 manat dəyəri olan Ford markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşını almış, Seymura avtomobilə görə ümumilikdə 12000 manat pul ödəmişdir. 2022-ci ilin noyabr ayında isə ayda 2000 manat ödəməklə 30500 manat dəyərində olan “BMV X5” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Seymur ona hər iki avtomaşına görə etibarnamə vermiş, krediti ödəyib qurtardıqdan sonra isə həmin avtomaşınlar onun adına keçiriləcəkdir. Onların arasında olan razılaşma da şifahi formada baş vermiş, hər hansı müqavilə, rəsmi sənəd və s. olmamışdır. Seymurla onun arasında taxılla bağlı şərikliyi olmamışdır. 2022-ci ilin dekabr ayının ortalarında internetdə quşçuluq ferması axtararkən İsmayıllı şəhər sakini Sevan adlı şəxsin mobil nömrəsini görüb onu yığmış və ona icarəyə cücə sexi lazım olduğunu demiş, Sevanda ona təxminən 10000 cücəsi qaldığını, cücələri satıb sexi ona icarəyə verə biləcəyini qeyd etmişdir. Bundan sonra o, İsmayıllı şəhərinə gedərək sexə baxmış və qiymət barədə danışmış, lakin hazırlıq görsə də real olaraq heç nə etməmişdir. Sevanla yemək yeyərkən taxıl işi ilə də məşğul olduğunu, ondan taxıl tapmasını xahiş etmiş, Sevan da tanıdığı Zərərçəkmiş şəxs1 mobil nömrəsini ona vermiş, Akifə zəng vurub nə qədər taxılı varsa hamısını almaq istədiyini bildirmişdir. Akifdə ona 60 ton taxıl sata biləcəyini bildirdikdən sonra aralarında razılıq əldə etmişlər və Akifin İsmayıllı rayonu Diyallı kəndində yerləşən taxıl anbarına Sevanla birlikdə gedib baxmışlar. Qiymət barədə danışarkən 1 kiloqramı 55 qəpikdən olmaqla razılaşmışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs1 60 ton taxıla (buğda) görə 33000 manat pul ödəməli olmuş, 13000 manat pulu olduğuna görə Akifə 13000 manat pul verəcəyini, qalan 20000 manat pulu isə 24 dekabr 2022-ci il tarixdə gəlib verəcəyini demişdir. Aralarında olan danışığa əsasən 20 dekabr 2022-ci il tarixdə o, yenidən Zərərçəkmiş şəxs1 anbarına gələrək oradan 60 ton taxılı götürmüş və 4 ədəd Kamazla Bakı şəhərinə satmağa aparmış, həmin vaxt da istifadəsində olan BMV X5 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşınını etibarnaməsi ilə birlikdə öz razılığı ilə girov qoyaraq iltizam yazmışdır. 22 dekabr 2022-ci il tarixdə isə yenidən gəlib iltizam yazaraq BMV X5 markalı avtomaşını götürüb onun yerinə Ford markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşını girov qoyub getmişdir. 24 dekabr 2022-ci il tarixdə Akifə zəng edərək ondan vaxt istəmiş, lakin yenə həmin pulu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs1 aldığı 60 ton taxılı isə o, Bakı şəhərində müxtəlif yem məhsulları mağazalarına satmışdır. Zərərçəkmiş şəxs1 şikayətindən sonra onun borcunu qaytarmış, hazırda onun Akifə heç bir borcu qalmamışdır. Zərərçəkmiş şəxs1la barışmış, biri-birilərinə qarşı şikayətləri və tələbləri yoxdur. Bundan başqa 2022-ci ilin noyabr ayının əvvəllərində o, Kürdəmir rayonu, Qarasaqqal kəndinə gələrək Ağaisa adlı şəxsdən 49870 manat dəyərində taxıl almış və 15 gün müddətində onun pulunu vermişdir. 2022-ci ilin dekabr ayında həmin kənddə yaşayan Zərərçəkmiş şəxs5 24 ton 296 kq, Zərərçəkmiş şəxs4 38 ton, Zərərçəkmiş şəxs6 12 ton 40 kq, Zərərçəkmiş şəxs3 7 ton 240 kq, Zərərçəkmiş şəxs2 9 ton 580 kq və Şahid1 800 kq çəkidə taxıl almışdır. Söhbət zamanı onlara 2023-cü ilin yanvar ayının əvvəlinə qədər taxılın pulunu ödəyəcəyinə söz versə də sonradan taxılın pulunu ödəmək üçün yanvar ayının sonuna kimi vaxt almışdır. Bu müddət ərzində o, ziyana düşmüş və onların pulunu verə bilməmişdir. Qarasaqqal kənd sakinlərindən taxılın kiloqramını 45 qəpiyə almış, aldığı taxılı Bakı şəhəri ərazisində yerləşən dükanlara, heyvandarlıq fermalarına nağd pula satmış, ədə etdiyi pulu öz ehtiyaclarına, yəni 2022-ci ilin noyabr ayının sonunda icarəyə götürdüyü toyuq fermasına xərcləmişdir. Kənd sakinlərinin şikayətlərindən sonra onlara vurduğu ziyani tam şəkildə ödəmiş, onlarla barışmış, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə cinayət əməlinə yol verdiyini, törətdiyi əməlindən peşman olmasını, dəymiş ziyanı tam olaraq ödədiyini, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi sahibkarlıqla məşğul olmaqla ailəsini dolandırır. 2022-ci ilin dekabr ayında rayon sakini kimi tanıdığı Sevan Arazla onun yanına gəlib Araza taxil lazım olduğunu bildirmiş və onlar taxıla baxmaq üçün İsmayıllı rayonunun Diyallı kəndinə getmiş və taxıl anbarına baxandan sonra ondan 1 kiloqramı 55 qəpikdən olmaqla ümumilikdə 60 ton, yəni, 33000 manat dəyərində taxıl alacağını, 33000 manat puldan da 13000 manat nəğd pul verəcəyini, qalan 20000 manat pulun yerinə istifadəsində olan “BMV X5” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşınını orada saxlayıb avtomaşına aid etibarnaməsini də ona verəcəyini bildirmişdir. Araz 20 dekabr 2022-ci il tarixdə təkrar gəlib həqiqətən də ona 13000 manat pul vermiş və “BMV X5” markalı **- MU-*** dövlət qeydiyyat nişanlı avtomaşınını isə anbarında saxlamışdır. Araz taxılı yükləyib aparmışdır. Bundan 2 gün sonra yəni, 22 dekabr 2022- ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs “Ford” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gələrək anbarında saxladığı “BMW X5” markalı avtomaşının ona lazım olduğu üçün aparmaq istədiyini və onun yerinə isə həmin “Ford” markalı avtomaşını saxlayacağını bildirmişdir. O, da Arazla razılaşmışdır. Ancaq Arazdan buna görə iltizam yazmasmı istəmişdir. Araz da yenidən iltizam yazaraq 20000 manat pulun əvəzinə Ford markalı 99-VS 672 dövlət qeydiyyat nişanlı avtomaşını anbarında saxladığını və 24 dekabr 2022-ci il tarixdə 20000 manat pulu gətirib avtomaşını götürəcəyini bildirmişdir. Araz “Ford” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşına aid etibarnaməsini də ona vermişdir. 24 dekabr 2022-ci il tarixdə Araz gələcəyinə söz versə də bir neçə gün keçmiş və Araz ona söz verdiyi 20000 manat pulu gətirməmiş, nə də onun zənglərinə cavab verməmişdir. Arazla əlaqə saxlaya bilmədiyi üçün etibarnamədə adı yazılan Şahid5 mobil nömrəsini tapıb ona zəng vurmuş, baş verənlərlə bağlı ona məlumat vermişdir. Bundan 1 ay müddət keçməsinə baxmayaraq Arazla əlaqə saxlaya bilmədiyi üçün 21 yanvar 2023-cü il tarixdə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini, eləcə də ona dəymiş ziyanın ödənilməsini xahiş etmiş, anbarda saxlanılan “Ford” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşını da İsmayıllı RPŞ-nə təhvil vermişdir. Polis əməkdaşları işə qarışandan sonra Araz onun pulunu tam şəkildə ödəmişdir. Hazırda onunla barışmış, vurduğu ziyanı tam şəkildə ödədiyi üçün Araza qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır və heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evdə olan zaman həmkəndlisi Şahid4 ona zəng vurub küçəyə çağırmış, küçəyə çıxanda Şahid4 onu Araz və Sahil adlı şəxslərlə tanış etmiş və söhbət zamanı Araz taxıl almaq istədiklərini bildirmiş və onun həyətinə keçib taxıla baxdıqdan sonra aralarında gedən söhbət zamanı taxılın 1 kq-nı 45 qəpiyə razılaşmış, 38000 kq taxıla görə 17100 manat pulu taxılı aparandan 2 gün sonra verəcəkləri barədə razılıq əldə etmişlər. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində taxılı yığıb aparmış, lakin deyilən vaxtda pulunu vermədikləri üçün bir neçə dəfə Araza zəng vurub pulunu tələb etmiş, lakin hər dəfə ayrı-ayrı bəhanələrlə onu aldatmışdır. 2023-cü ilin fevral ayında həmin puldan 2000 manatını Səyyad Dadaşovun vasitəsilə ona göndərmiş, qalan 15100 manat pulu ödəmədiyi üçün polisə şikayət etmişdir. İstintaq müddətində Araz ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün onunla barışmış, hazırda Araza qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayında Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisində ailə üzvlərinə məxsus pay torpaq sahələrində taxıl əkmiş, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şahid4 taxılı olduğunu, onu satmaq istədiyini demiş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndində yaşadığı evdə olan zaman Şahid4 evinə gələrək adları sonradan ona məlum olan Araz və Sahil adlı şəxslərlə tanış etmiş, söhbət zamanı Arazla Sahilin taxılı almaq istədiklərini bildirmişdir. Söhbət zamanı taxılın 1 kq-na 45 qəpik pul verəcəkləri barədə razılaşmışlar. Araz ona 10933 manat 20 qəpik taxıla görə, 179 manat 80 qəpik isə kisə torbalar üçün ödəyəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sahil fəhlələrlə birlikdə evinə gələrək taxılı yığıb aparmış, lakin deyilən vaxtda taxılın pulunu ona qaytarmamışlar. Bundan sonra Araz və Sahilə zəng vurub pulunu tələb etməsinə baxmayaraq onlar müxtəlif yalan bəhanələr gətirərək pulunu verməmişlər. Sahil və Araza ümumilikdə 11113 manat dəyərində 24296 kq taxıl və kisə torba satmışdır. Digər zərərçəkmiş şəxslər kimi o da polisə şikayət etmiş və polis şöbəsində iş araşdırılarkən Araz ona olan borcunu tam olaraq ödəmişdir. Hazırd ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır və heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yeznəsi Zərərçəkmiş şəxs4 evində olan zaman Araz və Sahil adlı şəxslə tanış olmuş, onların taxıl alveri ilə məşğul olduqlarını biləndən sonra onda olan 38 ton taxılın 1 kq-na 45 qəpik olmaqla razılığa gəlmiş, 7240 kq taxıla görə danışdıqları 3258 manat pulu taxılı aparandan 2 gün sonra ödəyəcəklərini bildirmişlər. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində evdə olan zaman adları ona məlum olmayan 5-6 nəfər fəhlə onun evinə gəlib, taxılı “Kamaz” markalı avtomobilə yığıb aparmış, 2 gündən sonra zəng vurub pulunu tələb etmiş, lakin hər dəfə ayrı-ayrı bəhanələrlə onu aldatdıqları üçün polisə şikayət etmişdir. İstintaq müddətində Araz ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün onunla barışmış, hazırda Təqsirləndirilən şəxsa qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailəsi ilə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır və heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yeznəsi Zərərçəkmiş şəxs4 evində olan zaman Araz və Sahil adlı şəxslərlə tanış olmuş, taxıl alveri ilə məşğul olduqlarını öyrənəndən sonra eyni qiymətə, yəni 1 kq-ı 45 qəpikdən olmaqla özünə məxsus 9580 kq taxılı onlara satmış, 4311 manat pulun 2 gündən sonra ona ödənilməsi ilə bağlı ümumi razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında 5-6 nəfər fəhlə onun evinə gəlib, taxılı “Kamaz” markalı avtomobilə yığıb aparmış, 2 gündən sonra zəng vurub pulunu tələb etmiş, lakin hər dəfə ayrı-ayrı bəhanələrlə onu aldatdıqları üçün polisə şikayət etmişdir. İstintaq müddətində Araz ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün onunla barışmış, hazırda Təqsirləndirilən şəxsa qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Pirili kənd tam orta məktəbində müəllim işləyir. 2022-ci ilin noyabr ayında Kürdəmir rayonu, Pirili kəndi ərazisində pay torpaq sahəsində taxıl əkmişdir. xx.xx.2022-ci il tarixdə yeznəsi Qeyrət ona zəng vurub Sahil və Araz adlı şəxslərin taxıl almaq istədiklərini, həmçinin söhbət zamanı onların Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayan sakinlərdən də taxıl aldıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 09.30 radələrində evdə olan zaman Sahil adları ona məlum olmayan 4 nəfər fəhlə ilə birlikdə onun evinə gəlmiş, aralarında gedən söhbət zamanı taxılın 1 kq-na 45 qəpik pul verilməsi barədə razılıq əldə etmişlər. Bundan əlavə Sahil ona pulun bir hissəsini nağd verəcəyini, qalan hissəsini isə 2 gündən sonra gətirib verəcəyini, həmçinin onun Araz adlı şəriki olduğunu və Bakı şəhərində yaşadığını bildirmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə 12040 kq taxılı ”Kamaz” markalı yük avtomobilinə yükləmişlər və xx.xx.2022-ci il tarixdə Sahil və şəriki Arazla birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Sahil və Araz ona 2000 manat pul vermiş və qalan 3418 manat pulu isə xx.xx.2022-ci il tarixdə veriləcəyini demişlər. Lakin onlar dedikləri tarixdə pulu verməmişlər. Bundan sonra o və Qeyrət dəfələrlə Sahilə və Araza zəng vurub pullarını tələb etsə də onlar müxtəlif bəhanələr gətirərək pulunu verməmişlər. Hər dəfə Arazdan pulunu tələb edərkən ondan pulu hara xərclədiyini soruşanda demişdir ki, onlardan aldığı taxılı satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Onun fikri onları aldadıb taxılını ələ keçirib satıb pulu əldə etmək olmuşdur. Onun əvvəllər Sahil və Arazla heç bir tanışlığı, əlaqəsi olmamış, əvvəllər də onlara taxıl satmamışdır. Sahil və Araza 5418 manat dəyərində 12 ton 40 kq taxıl satmışdır. İşə məhkəmədə baxılan müddətdə Araz ona olan borcunu tam ödəmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yaşayır, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəllərindən tanıyır. Belə ki, o, Bakı şəhəri, Meyvəli bazarında icarəyə götürdüyü “Mersedes Ateko” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dayanan zaman Təqsirləndirilən şəxs ona zəng vuraraq Kürdəmir rayonunda 70 ton taxıl olduğunu və onu gəlib Bakı şəhərinə aparmaq lazım olduğunu bildirmiş, o, da razılaşıb həmin günü Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan Ağaisa adlı şəxsin evinə gəlmişdir. Həmin evin qarşısında Arazla görüşmüş və Araz ona Ağaisadan aldığı 70 ton taxılın 10 tonunu Bakı şəhərinə aparmalı olduğunu demişdir. Sonra idarə etdiyi avtomobilə 10 ton taxıl yüklənmiş və Araz ona yol haqqı 200 manat pul verdikdən sonra 10 ton taxılı Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Çingiz adlı şəxsin evinə aparmışdır. Bundan 3-4 gün keçəndən sonra Araz yenə də ona zəng vurub Kürdəmir rayonundan taxıl aparmaq lazım olduğunu demiş, Kürdəmir şəhərində Arazla görüşüb Qarasaqqal kəndinə getmişdir. Söhbət zamanı Araz ona Qarasaqqal kəndindən xeyli miqdarda taxıl aldiğini və onun idarə etdiyi avtomobilə yükləmək mümkün olmayacağını, ondan tanıdığı “Kamaz” markalı avtomobilləri tapıb gətirməsini xahiş etmişdir. O, 3-4 nəfər tanış “Kamaz” sürücülərinə zəng vurub Kürdəmir rayonu, Qarasaqqal kəndinə çağırmışdır. Sonra Araz ona İsmayıllı rayonuna gedəcəyini və ondan fəhlələrə nəzarət etməsini xahiş etmiş və o, da Arazla razılaşmışdır. Kamazlar kəndə gəlmiş və adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs5 24 ton 296 kq taxılını yığıb aparmışlar. Bunun səhərisi günü o, yenə də fəhlələrə nəzarət edib Qarasaqqal kəndində yaşayan Zərərçəkmiş şəxs4 38 ton taxılını yığdırmışdır. Sonra Araz kəndə gəlmiş və həmin yükü Bakı şəhərinə yola salmışdır. Ona aparmağa yük çatmadığından kənddən çıxıb öz idarə etdiyi maşınla evinə Bakı şəhərinə getmişdir. Həmin ərəfədə də Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1 və sonra Zərərçəkmiş şəxs6 taxıllarını Araz Kamazlara yükləyib Bakı şəhərinə göndərmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ərizə və izahatında göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun Arazla heç bir şərikliyi olmamışdır. Həmin adamlarla Araz özü danışmış, özü onlarla razılaşmış və yalnız ona yükü daşımağa köməklik etmişdir. O, həmin şəxsləri aldatmamış, onlardan heç bir taxıl almamışdır. Əlavə olaraq onu da qeyd edir ki, bir müddət bundan qabaq Zərərçəkmiş şəxs5, Kamil, Anar, Səyyad və Qeyrət adlı şəxslər Bakı şəhərinə gəlmişlər və onları qarşılayıb Arazla görüşdürmüşdür. Onlar öz aralarında söhbət etmişlər və Araz onlardan pulu ödəmək üçün vaxt almışdır. Bundan yenə də bir müddət keçəndən sonra Araz Kürdəmir rayonuna gələrək adları göstərilən şəxslərlə Qasaqqal kəndində görüşüb öz aralarında söhbət etmişlər. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 heç bir taxıl almamış, onları aldatmamışdır. Onlardan taxılı alan Araz olmuşdur və onlara pulu Araz verməli idi. Təqsirləndirilən şəxs Qarasaqqal kənd sakinlərindən aldığı taxılı satdıqdan sonra o, onunla söhbət edən zaman kənd sakinlərinin pulunu verməməsinin səbəblərini soruşmuş, Araz cavab olaraq onun başqa-başqa şəxslərə xeyli miqdarda borcu olduğunu və kənd sakinlərindən aldığı taxılı satıb əldə etdiyi pullla öz borclarına bağladığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, onların Araza qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır, heç bir yerdə işləmir. 2022-ci ilin noyabr ayında Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisində özünə məxsus pay torpaq sahəsində taxıl əkmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində kənd ərazisində olarkən adı sonradan ona məlum olan Sahilin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 evinin həyətində taxıl yığdığını görmüş və Sahilə yaxınlaşıb ona məxsus taxılını satmaq istədiyini bildirmişdir. Söhbət zamanı onlar razılaşmışlar ki, Sahil taxılın 1 kq-nı 45 qəpiyə alacaqdır. Sonra özünə məxsus taxılı gətirib Sahilə təhvil vermişdir. Həmin vaxt Sahil ona pulun 2 günə veriləcəyini bildirmişdi, lakin Sahil dediyi tarixdə pulu verməmiş və bundan sonra Sahilə zəng vurub pulunu tələb etməyə başlamasına baxmayaraq Sahil müxtəlif yalan bəhanələr gətirərək taxılın pulunu Arazın verəcəyini bildirmişdir. Hər dəfə Arazdan pulunu tələb edəndə, ondan pulu hara xərclədiyini soruşanda onlardan aldığı taxılı satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləndiyini demişdir. Onun fikri onları aldadıb taxıllarını ələ keçirib satıb pul əldə etmək olmuşdur. Onun əvvəllər Sahil və Arazla heç bir tanışlığı, əlaqəsi olmamış, əvvəllər onlara heç bir taxıl satmamışdır. O, Sahilə 360 manat dəyərində 800 kq taxıl satmışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayır. 2022-ci ilin dekabr ayının 21-də kənddə bir nəfər ona yaxınlaşaraq adının Araz olduğunu və taxıl satıb-satmadığını soruşdu. Özündə taxıl olmadığı üçün həmkəndliləri Anar və Ağamalıya zəng edərək taxıl almaq istəyən olduğunu və küçəyə çıxmalarını bildirdim. Anar və atası Ağamalı gələndən sonra onları Arazla tanış etmiş və özü çıxıb evinə getmişdir. Sonradan kənd sakinlərindən eşitmişdir ki, Araz taxılı alıb aparıb lakin pulunu verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxslə yanış olmuş, 800 manat müqabilində ona Ford markalı avtomaşınını icarəyə vermişdir. İlk 3 ayın icarə haqqını vaxtında ödəmiş, sonrakı aylara görə icarə haqqını qaytara bilmədiyi üçün avtomobili ondan geri tələb etmişdir. 2023-cü ilin yanvar ayında ona məlum olmuşdur ki, Araz İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs1 taxıl almış, taxılın pulunu tam verə bilmədiyi üçün avtomobili onda girov kimi saxlamışdır. Bundan sonra Araza verdiyi etibarnaməni ləğv etdirmiş və avtomobili geri qaytarmışdır. BMV X 5 markalı avtomobili də eyni qaydada ona icarəyə vermiş, pulunu ödəyə bilmədiyi üçün geri almışdır. Hər iki avtomobilə görə yaranmış icarə borcunu Araz hal-hazıra kimi ona qaytarmamışdır. Lakin buna baxmayaraq ona qarşı heç bir tələbim və şikayətim yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (cild 1, i/v 161-162) -İsmayıllı RPŞ-nin DYPB-nə sorğu verilmiş və yoxlama zamanı “Ford Transit” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin Ağsu rayonu Cəfərli kənd sakini Şahid5 məxsus olması və Bakı şəhər sakini Təqsirləndirilən şəxs adına 25 oktyabr 2022-ci il tarixdən 23 yanvar 2023-cü il tarixədək etibarnamə olması müəyyən edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs adına 09 fevral 2031-ci ilədək sürücülük vəsiqəsinin mövcud olması müəyyən edilmişdir. “Ford transit” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil aktla Zərərçəkmiş şəxs1 təhvil alınmaqla Şahid5 təhvil verilmişdir. (cild 1, i/v 226-227) -xx.xx.2023-cü il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 18:00-dan hesablanmışdır. (cild 1 - i/v 53, 64-65) - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuş və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1 i/v 93-100) -xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 iyul 2023-cü il tarixədək müəyyən edilmiş, əvvəli 12 may 2023-cü il tarixdən hesablanmışdır. (cild 1- i/v 169-173) - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - Abşeron rayonu İHB Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 11 may 2023-cü il tarixli 462 nömrəli arayışında və xasiyyətnamədə Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2016 və 2018-ci il təvəllüdlü 2 qızı, 2020-ci il təvəllüdlü oğlu) Aşağı Güzdək qəsəbəsi. H.Cavadov küçəsi, 75 nömrəli evdə yaşadığı və onun barəsində Nümayəndəliyə şikayət daxil olmadığı qeyd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Əvvələn qeyd edilməlidir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki cinayət işində təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən əməlin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildiyini təsbit edən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə görə dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu zaman nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi ilə CM-in 16.3-cü maddəsində göstərilən hallar bu bənddə göstərilən cinayətlərin, o cümlədən dələduzluğun təkrar törədilməsini yaradan cinayətlər sırasından istisna edildiyinə görə, əvvəllər törətdiyi (Cinayət Məcəlləsinin 177-183-cü, habelə 213-3, 217, 227, 232, 235-ci maddələrində nəzərdə tutulmuş) hər hansı bir və ya bir neçə cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş, məhkumluğu ödənilmiş və yaxud götürülmüş şəxslərlə yanaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməyən və götürülməyən şəxs tərəfindən də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilmir. Hazırki işdən məlum olur ki, təqsirləndirilən şəxs cinayət məsuliyyəti yaradan 6 zərərçəkmiş şəxsə münasibətdə dələduzluq etmiş və bu hissədə onun əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CMnin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin ikinci cümləsində təsbit olunmuş cinayət məsuliyyətinin yaranmasını şərtləndirən zərərin minimal məbləğinə (ziyanın 100 manatdan artıq məbləğdə olmasına) dair tələb müstəsna olaraq oğurluq cinayətinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş hallarına aiddir və dələduzlq cinayətinə münasibətdə tətbiq edilmir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyəti yaradan 6 zərərçəkmiş şəxsə ümumilikdə vurduğu maddi ziyan 57200 manat təşkil etsə də, hər bir zərərçəkmiş şəxsə münasibətdə vahid qəsdlə deyil, hər dəfə müstəqil yaranmış niyyətlə dələduzluq cinayətini törətdiyi üçün onun əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. İbtidai istintaqda və məhkəmədə verilən ifadələrdə taxıl alqı-satqısı zamanı iş üzrə şahid qismində keçən Şahid3 bir neçə epizodda iştirakı qeyd edilsə də, məhkəmə istintaqında onun Təqsirləndirilən şəxs ilə əlbir olması, dələduzluq etməkdə ona köməklik göstərməsi və bundan hər hansı formada mənfəət əldə etməsi öz təsdiqini tapmamışdır. Ona görə də, ibtidai istintaq orqanının onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə qərarını əsaslı və qanuni hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Törədilmiş cinayət əməlinə görə adekvat cəza məsələsinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tam şəkildə ödənildiyi göstərilməklə Təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və ya tələblərinin olmadığını bildirmişlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. 40. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Hazırki iş üzrə də, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara vurulmuş ziyanı tam olaraq ödəsə də, müvafiq olaraq ziyanın 25%-nin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12. və 59.1.13-cü maddələrinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 13 aprel 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə və 12 may 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmalıdır. Hökmün icrası yaşayış yeri üzrə Abşeron rayon icra şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində dəymiş 57200 (əlli yeddi min iki yüz) manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə və 12 may 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası yaşayış yeri üzrə Abşeron rayon icra şöbəsinə həvalə edilsin. Cinayət nəticəsində dəymiş 57200 (əlli yeddi min iki yüz) manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ödənilməsi, iş üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar