Məhkəmə qərarları › İş №1(041)-9/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-9/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-9/2025 09.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şahbazova Göyçək qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci il təvəllüdlü, Kürdəmir rayonu, Cəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, M.Qəribov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs tanışı X5 verdiyi 5 manat pul müqabilində sonuncunun xx.xx.2024-cü il tarixdə heç bir gəlir və mənfəət əldə etmədən istintaqa məlum olmayan mənbədən aldığı xeyli miqdarda, təmiz çəkisi - 0.300 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd folqa bükümdə xeyli miqdarda, təmiz çəkisi - 0.300 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Cəyli kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, psixotrop maddə metamfetamindən 2018-ci ildə bir dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhərində olan zaman dayısı oğlu Ayaz Qəribovla rastlaşmışdır. Ayaz onun idarə etdiyi “FAV” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə əyləşmişdir. Ayaz ona psixotrop maddə metamfetamin qəbul edəcəyini bildirmiş, o da Ayaza avtomobilində narkotik maddə qəbul etməsinə icazə vermiş, lakin özü qəbul etmək istəməmişdir. Kürdəmir şəhəri, Bakı prospektində yolun kənarında avtomobildə olan zaman Ayaz polisləri gördüyü üçün əlindəki bükümü ataraq avtomobildən düşüb qaçmışdır. Ayazı qorumaq məqsədi ilə həmin bükümü götürüb üzərində saxlamışdır. Həmin gün Kürdəmir RPŞ-nin əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib Kürdəmir Rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sorğu-sual zamanı dayısı oğlu Ayazı qorumaq üçün polis əməkdaşlarına psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmçinin metamfetamini 5 manat pul müqabilində Ayazdan aldığını bildirmişdir. Əslində üzərindəki psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. O, istintaqda psixotrop vasitənin ilkin olaraq ona məxsus olduğunu bildirməsinə səbəb Ayazı qorumaq olmuşdur. O, hər hansı bir şəxsdən narkotik vasitə əldə etməmiş, tapmamış və heç bir şəxsə narkotik vasitə satmamışdır. Verilmiş suallara cavabında təqsirləndirilən Təqsirləndirilən şəxs dayısı oğlu Ayaz Qəribovu qorumaq məqsədi ilə istintaq zamanı etirafedici ifadələr verdiyini, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki güc və zor tətbiq edilmədiyini bildirərək, uşaqlarının azyaşlı olması, evdə xəstə anasının olması və evə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, şahidlərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, videogörüntü, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi yaxşı tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzəriləridə narkotik vasitə saxlaması, barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat axtarış tədbirində iştirak etmiş, xx.xx.2024-ci il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri, Bakı prospektində Təqsirləndirilən şəxs saxlayaraq Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Adəm əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd folqa bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd folqa bükümün ona məxsus olduğunu, Kürdəmir şəhərində olan zaman dayısı oğlu X8 ilə raslaşarkən ondan psixotrop maddə metamfetamin istədiyini, Ayaz Qəribov da ona 5 manata təşkil edə biləcəyini dediyini, bundan sonra Ayaza 5 manat verdiyini, bir müddət sonra Ayaz Qəribov ona psixotrop maddə metamfetamini 01 ədəd folqada gətirdiyini, avtomobilində həmin metamfetamini istifadə etmək istəyərkən polis əməkdaşlarının onlara yaxınlaşdığını gördüyünü, bu zaman Ayaz Qəribovun qaçaraq oradan uzaqlaşdığını, polis əməkdaşları ona yaxınlaşan zaman həmin psixotrop maddə metamfetamini bükərək cibinə qoyduğunu bildirmişdir. Şahid1 qarşı heç bir təsir və təzyiq göstərilməmiş, əməliyyat və istintaq hərəkətləri müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, Şahid1 və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət olmamışdır. Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi olmamış, ona qarşı heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, psixotrop vasitə heroindən və psixotrop maddə metamfetamindən bir neçə ildir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Bakı prospektində olan zaman bibisi oğlu Təqsirləndirilən şəxs zəng etmişdir ki, onunla bir yer var ora getsinlər. Adəm də etiraz etməmiş, onunla getmişdir. Adəmin gedəcəyi yerdən xəbəri olmamışdır. O, əvvəlcədən “patı” yəni, psixotrop maddə metafetamin çəkmək istədiyi üçün bir psixotrop maddə satan İranlı ilə danışmışdır. Adəm onu gözləmiş, o da gedib götürmüşdür. Adəm maşını Kürdəmir şəhəri, Bakı prospektində yolun kənarında saxlamışdır. Bu zaman, polis əməkdaşları gəlmiş, tutulduğu üçün onu saxlamışlar. O, maşından düşmüş, polis əməkdaşlarına yaxınlaşmış, polis əməkdaşları maşının kimə məxsus olduğunu soruşmuşlar. O da bibisi oğluna məxsus olduğunu bildirmişdir. Üzərində psixotrop maddə olduğu üçün o polis əməkdaşlarından qaçmışdır. Həmin vaxt psixotrop maddə maşına düşmüş, folqa büküm psixotrop maddənin maşının içinə düşdüyündən xəbərim olmamışdır. Xəbərim olsaydı maşının pəncərəsini qırıb götürərdi. Çünki bibisi oğlunun maşınıdı, ona bir pəncərəyə görə heç nə deməzdi. Polis əməkdaşları onu tuta bilməmişlər. Sonradan eşitmişdir ki, polis əməkdaşları Adəmi tutublar. Adəmin heç bir günahı yoxdur, onun heç nədən xəbəri olmamışdır. O, psixotrop vasitələrin satışı ilə məşğul olmamışdır. Adəm Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Verilmiş suallara cavabında şahid X8 həmçinin göstərmişdir ki, psixotrop maddəni özü istifadə etmək üçün almışdır, Təqsirləndirilən şəxs istifadə etməyəcəkdi. Təqsirləndirilən şəxs hara gedəcəyindən xəbəri yox idi, özü aparmışdır. Adəmlə hardasa 20 dəqiqə bir yerdə olmuşdur. Onun istintaq zamanı təqsirləndirilən şəxslə heç bir üzləşməsi aparılmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Rüstəmov X6 şəhəri, Bakı prospekti ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ön sağ kiçik cibindən 01 ədəd folqa bükümdə xeyli miqdarda təmiz çəkisi 0.300 qram kustar üsulla hazırlanmış narkotik vasitə psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi faktı, əsas isə qeyd olunan faktlarla bağlı Kürdəmir RPŞ-nin İB-də toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq başlanmışdır; xx.xx.2024-cü il tarixli tutuma protokolundan görünür ki, həmin tarixdə saat 23:00-da Rüstəmov X6 RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 22:30-dan hesablanmışdır; xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur; xx.xx.2025-ci il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, saat 17:35-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X1, Kürdəmir RPŞ-nin CAB-ın AÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd folqa bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, 01 ədəd alışqan, 01 ədəd “LD” markalı siqaret qutusu, 1 manat pul və “Samsung A24s” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd “LD” markalı siqaret qutusu, 1 manat pula baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. “Samsung A24s” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götrülmüşdür. Bundan sonra 01 ədəd folqa bükümə baxış keçirilərkən içərisində kiristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd içərisi boş zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd folqa bükümün ona məxsus olduğunu, Kürdəmir şəhərində olan zaman dayısı oğlu X8 ilə raslaşdığını, ondan üzərində psixotrop maddə metamfetamin olub-olmadığını soruşduğunu, Ayaz Qəribov da ona “5 manat ver təşkil edim” dediyini, bundan sonra Ayaz Qəribova zəng etdiyini, Bakı şəhərinə gedəcəyini və psixotrop maddə metamfetaminin hazır olub-olmadığını soruşduğunu, Ayaz Qəribov da hazır olduğunu və görüşməyini istədiyini, Ayaz Qəribov ona psixotrop maddə metamfetamini 01 ədəd folqada gətirdiyini, birlikdə istifadə etmək istəyərkən polis əməkdaşlarının onlara yaxınlaşdığını gördüyünü, bu zaman Ayaz Qəribovun qaçaraq uzaqlaşdığını, polis əməkdaşları ona yaxınlaşan zaman həmin psixotrop maddə metamfetamini bükərək cibinə qoyduğunu, hazırda təqdim etdiyi bükümün həmin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamindən 2018-ci ildə istifadə etdiyini, istifadəçisi olmadığını, təsadüfən istifadə etdiyini, Ayaz Qəribovu gördüyü üçün yadına düşdüyünü, Ayaz Qəribovun narkotik vasitədən istifadə etdiyini, psixotrop maddə metamfetamini folqada yandıraraq istifadə etdiyini, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir; Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.300 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi- 0,300 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,250 qram; “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-371/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X9 Filialının verdiyi xx.xx.2024-cü il tarixli 3-17-1/2-96394/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 1000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 21-1-3-8662-19 nömrəli məktubdan görünür ki, cərimə xx.xx.2024cü il tarixdə tam şəkildə ödənilmişdir; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən 01 ədəd büküm içərisində təmiz çəkisi – 0.300 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra – 0.250 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir; İş üzrə verilmiş əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs verdiyi 5 manat pul müqabilində tanışı X8 vasitəsilə psixotrop maddə metamfetamini əldə etmişdir. Təqsirləndirilən şəxs kiməsə psixotrop maddə və narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır; Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir; xx.xx.2024-cü il tarixli, 4/1605 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki: 1.1 Ekspertizaya təqdim edilmiş, işin 78-80-cı vərəqlərində olan 12 aprel 2024-cü il tarixli şahidin dindirilməsi haqqında protokolda “imza” və “şahid” qrafalarında imzalar; 81- 83-cü vərəqlərində olan eyni tarixli üzləşdirmə protokolunun 1-ci səhifəsində “2) A.Qəribov” qrafasındakı imza və sonuncu səhifəsində “imza; Ayaz Qəribov” qrafasındakı imza – X8 tərəfindən icra olunmuşdur. 1.2 Ekspertizaya təqdim edilmiş, 81-83-cü vərəqlərində olan 12 aprel 2024-cü il tarixli üzləşdirmə protokolunun sonuncu səhifəsində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. 2.1 Ekspertizaya təqdim edilmiş 81-83-cü vərəqlərində olan 12 aprel 2024-cü il tarixli üzləşdirmə protokolunun 2-ci səhifəsinin yuxarı hissəsində “2) Ayaz Qəribov” qrafasında və aşağı hissəsində sağ küncdəki imza – X8 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqdim edilmiş 81-83-cü vərəqlərində olan 12 aprel 2024-cü il tarixli üzləşdirmə protokolunun 1-ci səhifəsinin aşağı hissəsində “1) Təqsirləndirilən şəxs” qrafasında imza və 2-ci səhifəsinin yuxarı hissəsində “1)Təqsirləndirilən şəxs” qrafasında və aşağı hissəsində sol küncdəki imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 (yüz iyirmi altı) manat təşkil edir. Bakı şəhəri Sabunçu rayon İHB-nın Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, M.Qəribov küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır, ailə tərkibi arvadı- G.İ.Qədirova, qızı 2021-ci il təvəllüdlü G.A.Rüstəmzadə və oğlu 2022-ci il təvəllüdlü T.A.Rüstəmzadədən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarının 81-83-cü vərəqlərində olan 12 aprel 2024-cü il tarixli üzləşdirmə protokolunun 1-ci səhifəsinin aşağı hissəsində “1) Təqsirləndirilən şəxs” qrafasında imza və 2-ci səhifəsinin yuxarı hissəsində “1)Təqsirləndirilən şəxs” qrafasında və aşağı hissəsində sol küncdəki imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması barədə ekspertiza rəyinə əsasən, məhkəmə hesab edir ki, üzləşdirmə protokolu sübutlar siyahısından xaric edilməlidir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metafetamin olan 01 ədəd folqa bükümün ona məxsus olmadığı, dayısı oğlu Ayaz Qəribovu qorumaq məqsədi ilə danışdığı barədə ifadəsində göstərdiyi xüsusatlar iş materialları və məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən üzərinə baxış video-görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, bununla bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və ya yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Digər tərəfdən X4 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(041)-86/2021 nömrəli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Ayaz Qəribov istintaqa məlum otmayan mənbədən və tarixdə satış xeyli miqdarda təmiz çəkisi 0,300 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin 0.300 qram psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs ilə qabaqcaqdan razılaşdıqları kimi heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ ön kiçik cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0.300 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kürdəmir Rayon Məhkəməsinin qeyd olunun hökmü qanuni qüvvəsini almış, yuxarı məhkəmə instansiyasında mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə X11 Rüstəmov arasında olan üzləşmə istintaq hərəkətini qəbul etməsə də, onun barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli müvafiq hökmü ilə də, onun Adəm Məmmədova psixotrop maddə olan metamfetamini verməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqdan fərqli olaraq məhkəmə istintaqında psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını bildirsə də, lakin ibtidai istintaqda şəxsi axtarış və dindirmə zamanı sərbəst formada müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində metamfetminin ona məxsus olduğunu etiraf etmişdir. Psixotrop vasitənin ona məxsus olmaması ilə bağlı nə ibtidai istintaq, nə də məhkəməyədək icraat dövründə hüquq mühafizə orqanları qarşısında məsələ qaldırmamışdır. Odur ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasıl CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə mövqeyi özünü müdafiə xarakteri və məsuliyyətdən yaxa qutarmaq məqsədi daşıdığından və iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyindən həmin xüsusat qəbul edilməməli və rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə eyni zamanda şahid qismində dindirilən X4 məhkəmə iclasında ifadəsində göstərdiyi Adəm Məmmədovun heç bir təqsirinin olmaması, psixotrop maddəni öz istifadəsi üçün alması barədə xüsusatlara tənqidi yanaşır, qohumunun, yəni dayısı oğlunun cinayət məsuliyyətdən yayındırılması məqsədi daşıdığından və iş materiallarında olan çoxsaylı sübutlarla təkzib edildiyindən məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş (Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(041)-86/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir) X8 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli şahid qismində dindirmə protokolunda bildirmişdir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir neçə ildir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Bakı prospektində olan zaman bibisi oğlu Təqsirləndirilən şəxsla rastlaşmışdır. Adəm ona “patı” yəni, psixotrop maddə metafetamin çəkmək istədiyini bildirmişdir. O, da ona minimum 10 manata psixotrop maddə satan İranlı olduğunu, 5 manat olsa o, da üstün düzəldib ala biləcəyini və aldıqdan sonra birlikdə istifadə edə biləcəyini demişdir. Adəm onunla razılaşmış və cibindən 5 manat pul çıxarıb ona vermişdir. Bundan sonra o, hal-hazırda xatırlamadığı İran nömrəsilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayıb Kürdəmir şəhəri, Bakı prospektində kart hesabına MilliÖn vasitəsilə 10 manat pul göndərmişdir. İran vətəndaşı psixotrop maddəni qoyduğu yerin konumunu göndərmiş və o, da gedib götürmüşdür. Bundan təxminən 1 saat sonra Adəmlə görüşmüş və onunla birlikdə psixotrop maddə metamfetamin istifadə etmək üçün Adəmin idarə etdiyi “FAV” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə əyləşmişdir. Adəm avtomobilini Kürdəmir şəhəri, Bakı prospektində yolun kənarında saxlamışdır. Bu zaman o, polisləri gördüyü üçün 01 ədəd folqa bükümdə olan metamfetamini atıb avtomobildən düşüb qaçmışdır. Sonradan eşitmişdir ki, polis əməkdaşları Adəmi tutmuşlar. Adəm yalan demişdir. O, Adəmə 5 manata psixotrop maddə metamfetamin satmamışdır. 5 manat Adəm 5 manat da o, qoyaraq metamfetamin almış, birlikdə istifadə etmək istəyərkən polis əməkdaşları gəlmiş, metamfetamin Adəmdə qalmış və o, qaçıb uzaqlaşmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, həmin ifadədə “imza” və “şahid” qrafalarındakı imzalar X8 tərəfindən icra edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.300 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra – 0.250 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effektliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminallığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilməsi nəzərə alınmaqla cəza çəkməsinin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30-dən xx.xx.2024-cü il tarixdə saat 17:35-dək müddətdə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-də saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 0.250 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 157.95 (yüz əlli yeddi manat 95 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəsi və məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulması cəza çəkdiyi müvafiq cəzaçəkmə müəssisəsinə, hökmün narkoloji kabinetdə qeydiyyata alınması və maddi sübutun-psixpotrop maddə olan metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzrəində qəti olaraq 01 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 mart 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut- ekspertiza tədqiqatından sonra qalıq qalan 0,250 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 157.95 (yüz əlli yeddi manat 95 qəpik) manat ekspertiza xərci tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0.250 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə edilməsi və məhkəmə məsrəfinin ondan (ekspertiza xərci) tutulması hissəsində cəza çəkdiyi müvafiq cəzaçəkmə müəssisəsinə, hökmün narkoloji kabinetdə qeydiyyata alınması və maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar