Məhkəmə qərarları › İş №1(041)-96/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-96/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-96/2024 02.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Hacıbaba oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2022-ci ildə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, evli, Kürdəmir şəhəri X15 küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində tanışı Şahid1 vasitəsilə Kürdəmir şəhəri Nəsimi küçəsində X1 təmiz çəkisi 7.84 qram-xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 70 manat pul müqabilində almaqla, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış, həmin tarixdə saat 16 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı, o Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq ön sağ cibindən bir ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 7.84 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bu günə kimi narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır, lakin narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir, xx.xx.2022-ci ildə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonrada narkotik vasitə qurudulmuş marixuanadan arada-bir istifadə etmişdir. xx.xx.2024cü il tarixdə saat təxminən 10 radələrində tanışı Şahid1 zəng edib narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş etmiş, görüşüb söhbət etdikdən sonra Samirlə ona 70 manat pul müqabilində narkotik vasitə götürəcəyini bildirmişdir. Aralarında razılıq əldə olunduqdan sonra Samir ondan 70 manat pul alıb təxminən 2 saat sonra telefonla zəng vurub hazır olduğunu və götürə biləcəyini demişdir. Bundan sonra Samirlə görüşmüş və Samirdən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı götürərək üzərində saxlamışdır. Həmin gün təxminən saat 16 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində olan zaman polis əməkdaşları onu saxlayıb Kürdəmir rayon polis şöbəsinə aparmışlar. Şöbədə müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının cibindən 01 ədəd kibrit qutusu təqdim edərək içərisində qrudulmuş marixuana olduğunu bildirmişdir. 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birgə içərisi boş ağ zərfdə qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Tutulandan sonra bilmişdir ki, Samir narkotik vasitə qurudulmuş marixuananı Saleh adlı şəxsdən almış, bir hissəsini özü üçün götürmüş və qalan hissəsini isə ona vermişdir. Hesab edir ki, ona CM-nın 234.1-ci maddəsi ilə deyil İXM-nın 206-cı maddəsi ilə iş başlanmalı idi, çünki üzərindən çıxan narkotik maddənin çəkisi 7.84 qram olmayıb, belə ki, Samir izahatında narkotik vasitədən bir hissəsini özü üçün götürdüyünü bildirmişdir, həmçinin kirbit qutusuna 5 qramdan artıq qurudulmuş marixuana doldurmaq mümkün deyil, çəki polis əməkdaşları tərəfindən artırılmışdır. Polis şöbəsinə gətirilərkən və şöbədə olarkən ona heç bir formada təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda üzərindən çıxan narkotik maddənin çəkisinin 7.84 qram olmadığını, çəkinin polis əməkdaşları tərəfindən artırıldığını bildirərək, barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyir, Təqsirləndirilən şəxs tanıyır, aralarında hər hansı bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Kürdəmir şəhəri Füzuli küçəsi ev 6-da yaşayan və qeydiyyatda olan Şahid1 üzərilərində narkotik vasitə saxlamaları, həmçinin Kürdəmir şəhəri Nəsimi küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan X2 üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, həmin məlumatın yoxlanılması üçün əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə aparılmış, müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd kibrit qutusu təqdim etmiş, içində qurudulmuş marixuana olduğunu bildirmiş, sonra həmin qutu açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş 01 kibrit qutusu içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütləni tanışı Samir adlı şəxsdən 70 manat pul müqabilində aldığını, narkotik vasitə istifadə etdiyi üçün məhkumluq həyatı yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi olmamış, ona qarşı heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisinin az olmaması barədə fikirləri əsassızdır. Belə ki, onun üzərinə baxış video görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, həmçinin ekspertiza mərkəzindən ekspert rəyi gəldikdən sonrada çəki ilə bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamış, ekspertin rəyi ilə razı olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Şahid2 da Şahid3 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs və ailəsini rayon sakini kimi yaxşı tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitə qrudulmuş marixuana istifadəçisi olduğunu bilir, dəfələrlə onunla şəxsi söhbətləri olmuş, narkotikdən uzaq olmasını tövsiyyə etmişdir. Lakin buna baxmayaraq, Elşad nəinki narkotikdən uzaqlaşa bilməmiş, törətdiyi eyni əmələ görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və azadlığa çıxdıqdan sonra məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən cinayət əməllərini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Kürdəmir şəhəri Füzuli küçəsi ev 6-da yaşayan və qeydiyyatda olan Şahid1 üzərilərində narkotik vasitə saxlamaları, həmçinin Kürdəmir şəhəri Nəsimi küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan X2 üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat axtarış tədbirində iştirak etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq göstərilməmiş, əməliyyat və istintaq hərəkətləri müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, bununla bağlı və ekspertiza tədqiqatından sonra narkotik maddənin çəkisinin çox və yaxud az olması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət olmamışdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan ara-bir istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində tanışı Təqsirləndirilən şəxs zəng edib narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Elşada maraqlanıb xəbər edəcəyini demişdir. Təxminən 1 saat sonra onunla Kürdəmir şəhəri “Dəmir yolunun kənarı” adlandırılan yerdə görüşmüşdür. Onunla söhbət zamanı narkotik vasitə qurudulmuş marixuana tapmasını istəmişdir. Ona tanışı olduğunu və o narkotik vasitə qurudulmuş marixuananın bir kibrit qurusunu 70 manata satdığını demişdir. Elşad da 70 manat pul verib bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana almasını istəmişdir. Bundan sonra Saleh Salahova zəng etmişdir. Ondan narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Saleh “xəbər edəndə gələrsən” demişdir. Təxminən 1 saat sonra Salehlə telefonda yenidən danışmış və o yaşadığı küçəyə gəlməsini demişdir. Onun yaşadığı Kürdəmir şəhəri Nəsimi küçəsinə getmişdir. Həmin küçədə Salehlə görüşüb ona 70 manat pul vermiş, Saleh də ona bir kibrit qurusu içərisində qurudulmuş marixuana vermişdir. Bundan sonra yaşadığı evə gəlmişdir. Elşada zəng edib narkotik vasitə aldığını və götürməsini istəmişdir. Elşad gəlməzdən əvvəl həmin kibrit qutusunda olan narkotik vasitənin bir qismini götürüb kağıza büküb istifadə etmək üçün cibinə qoymuşdur. Elşad gəldikdə isə yaşadığı evin küçəsində Elşadla görüşüb ona 01 ədəd kibrit qurusu vermişdir. Saat təxminən 18 radələrində Soltan Şıxalıyev küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Salman Fərəcovu seçmişdir. Bundan sonra vəkil Salman Fərəcov dəvət edilmiş və təqdim edilmişdir. Daha sonra üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarın ön sağ cibindən 01 ədəd kağız bükümü, 01 ədəd alışqanı, 01 ədəd “Manchester” markalı siqaret qutusunu və 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçrilmiş üzərində qanunsuz əşya və predment aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd “Manchester” marklı siqaret qutusuna baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm açılmış içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmş, möhürlənmiş, üzəri yazıldıqdan sonra götürülmüşdür. Təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuananı Elşad üçün 70 manata Saleh adlı tanışından adığı 01 ədəd kibrit qutusu narkotik vasitə qurudulmuş marixuanın üzərindən istifadə etmək üçün götürmüşdür. Həmin kütləni də üzərində istifadə etmək üçün saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Polis şöbəsinə gətirilərkən hər hansı formada təzyiq göstərilməmişdir. Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə yoxdur. Təqsirləndirilən şəxs onun üçün narkotik vasitəni kimdən harada neçəyə əldə etdiyini bilməmişdir. Saleh Salahovdan birinci dəfə narkotik vasitə almış, lakin onun narkotik vasitələrin satış ilə məşğul olduğunu bilmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X5, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Aqil Kərimovun, İTB-nin sahə polis nəfəri X3, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzdən qabaq müstəntiq A.X14 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o 01 ədəd cib dəsmalını, 01 ədəd “Vıceroy” markalı siqaret qutusunu 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçrilmiş, qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd cib dəsmalına, 01 ədəd “Vıceroy” markalı siqaret qutusuna baxış keçrildi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçrilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu, həmin kütləni tanışı Samir adlı şəxsdən 70 manat pul müqabilində aldığını, Samir adlı tanışına 70 manat pulu verdikdən sonra onun getdiyini və sonra ona zəng edib onu çağırıb verdiyini, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum oldunduğunu, “Nokia” markalı mobil telefonunun üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrə olduğunu, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/416 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-7.84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7.84 qram, tədqiqata sərf olundu 0.02 qram, qalıq 7.82 qram. -“TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-389/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay həddinədək azaldılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs məxsus mobil telefona keçirilən baxış zamanı Şahid1la xx.xx.2024-cü il tarixdə bir neçə dəfə zənglə danışması müəyyən edilmişdir. - Azerfon MMC-dən, daxil olmuş diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərindən çıxan narkotik maddənin çəkisinin 7.84 qram olmaması, Samirin kibrit qutusunu ona təqdim etməmişdən əvvəl narkotik vasitədən bir hissəsini özü üçün götürməsi, həmçinin kirbit qutusuna 5 qramdan artıq qrudulmuş marixuana doldurmaq mümkün olmaması, çəkinin polis əməkdaşları tərəfindən artırılmasını bildirsə də, ibtidai istintaq zamanı üzərinə baxış videogörüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, həmçinin ekspertizanın rəyi gəldikdən sonra da çəki ilə bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 5 azyaşlı uşağın (X10-xx.xx.2008-ci il, X7xx.xx.2010-cu il, X13-xx.xx.2012-ci il, X8-xx.xx.2016-cı il və X6-xx.xx.2016-cı il) olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs, üzəriindən aşkar edilmiş, ümumi təmiz çəkisi 7.84 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7.82 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin 4(041)-32/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, hal hazırda abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməməlidir. Belə olan halda onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğun deyil. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və 7.84 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7.82 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- ekspertiza tədqiqatından sonra qalıq qalan 7.82 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar