Məhkəmə qərarları › İş №1(041)-98/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-98/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-98/2023 17.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2003-cü ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Kürdəmir şəhəri Aran qəsəbəsi ev 29 mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 6.64 qram 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6.64 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan təxminən bir ildir ki, istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən məscidin yanından, küçədə, yerdə bir ədəd kibrit qutusu diqqətini çəkmişdir. Alışqan olduğunu zənn edib əyilib yerdən götürmüşdür. Açıb içərisinə baxanda narkotik vasitə marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Şəxsi istifadə etmək üçün cibinə qoyaraq özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞnin əməkdaşları saxlayıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Əynində olan qara rəngli cins şalvarın sol ön cibindən içərisində gizlətdiyi qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Müstəntiq həmin qutunun içərisinə baxdıqda qurudulmuş marixuanaya bənzər kütlə olmasını müəyyən etmişdir. bundan başqa üzərində şəxsi axtarış keçrilən zaman üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusu bir ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərflər onun, müdafiəçinin və şahidlər tərəfindən imzalanmışdır. Əynində olan qara rəngli cins şalvarın sol ön cibindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan 6,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən məscidin yanında, yerdən tapmışdır, şəxsi istifadə etmək üçün cibində saxlamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri Aran qəsəbəsi ev 29 mənzil 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin baş müstəntiqi Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, qara rəngli cins şalvarının sol ön cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Üzərinə şəxsi axtarış keçrilmiş, üzərindən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçrilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd kibrit qutusun içərisində olan kütlə ilə birlikdə 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisində olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını, satmaq niyyətinin olmadığını, polis şöbəsinə gətrilərkən ona qarşı hər hansı bir zor və ya güç tədbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 Ağabaı oğlu ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/765 nömrəli rəyində qeyd olunmuşdur ki,”Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi-6,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,64 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 6,62 qram qalıq qalmışdır. (bax iş vər. 39-41) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 103) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-497/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər.88) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X6 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər.87) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 75) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-5637-568 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir şəhəri, Dəmiryol binası 18/2-də yaşayır. (bax iş vər. 84) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH Kürdəmir rayon Mənzil İstismar Sahəsinin tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 100) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özünün etirafı və şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22.30da şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.12-13) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin X5 azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.30-da MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 64-65) Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cüil tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 6,62 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,62 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disklər cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar