Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-98/2024 21.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Hacıbaba oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Kürdəmir rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, xeyli miqdarda təmiz çəkisi 0.364 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-ci il tarixdə saat 20:30 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Babək küçəsində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.364 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bu günə kimi narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır, uzun illər əvvəl narkotik vasitədən istifadə etmişdir, son vaxtlardır narkotik vasitələrin istifadəçisi deyil. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri, Babək küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə aparmış, şöbədə polis əməkdaşları tərəfindən ona 01 ədəd göy rəngli kağız bükümdə narkotik vasitə olan heroin verilmiş və həmin heroinin ona məxsus olduğunu deməsini bildirmişlər, o da qorxduğu üçün həmin bükümü götürərək cibində saxlamış, həmin vaxt polis əməkdaşları ona heroini xx.xx.2024-cü il tarixdə Kürdəmir Koroğlu küçəsində gəzərkən yolun kənarından tapdığını bildirməsini demişlər. Həmin vaxt polis əməkdaşlarınının dedikləri ilə razılaşmışdır. Bundan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuş, vidioşəklişlə üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir, bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Büküm içərisindəki kütlə elektron tərəzi vasitəsiylə çəkilmiş və təxmini çəkisinin 0.58 qram olduğu müəyyən edilmişdir. Üzərində narkotik vasitə olan heroin ona məxsus olmamışdır. O, istintaqda narkotik vasitənin ilkin olaraq ona məxsus olduğunu bildirməsinə səbəb polis əməkdaşlarından qorxması olmuşdur. O, hər hansı bir şəxsdən narkotik vasitə əldə etməmiş, tapmamaış və heç bir şəxsə narkotik vasitə satmamışdır. A.S.Rəcəb ifadəsinin sonunda polis şöbəsində narkotik vasitə olan heroinin ona məxsus olmasını etiraf etsə də, məhkəmə istintaqında həmin heroinin ona məxsus olmadığını və bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, ona yüngül, yəni yaşının çox olmasını nəzərə alaraq həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və ailəsini rayon sakini kimi yaxşı tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzəriləridə narkotik vasitə saxlaması, barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat axtarış tədbirində iştirak etmiş, xx.xx.2024-ci il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri Babək küçəsi ilə hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlayaraq Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq göstərilməmiş, əməliyyat və istintaq hərəkətləri müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət olmamışdır. Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi olmamış, ona qarşı heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o təqsirləndirilən Təqsirləndirilən şəxs 15 ildir ki hörmətli, yaxşı adam kimi tanıyır. Onlar tutulanda bir yerdə olmuşlar. Həmin gün çay içib, nərd oynamaq üçün taksiyə minib gedəndə bir avtomobilin yolu kəsdiyini görmüşlər. Qayıdıb başqa yolla Təqsirləndirilən şəxs evinə getmişlər. Elə qapıya çatan vaxt polis əməkdaşları olan Anar və Zamiq gəlib onların əl-qollarını bağlayıb şöbəyə aparmış və gətirən kimi üzərlərini axtarmışlar. Heç bir şey tapmamışlar. Polis əməkdaşı Anar gəlib demişdir ki, onları qeydiyyata almalıdılar. 1 büküm narkotik vasitəni 2 yerə bölüb yarısını ona, yarısını isə Asifə vermişlər. Ona narkotik vasitəni qəbul etməsə Təqsirləndirilən şəxs silahla, onu isə külli miqdarda narkotiklə həbs edəcəkləri barədə hədə-qorxu gəlmişlər. Üzərlərindən axtarış aparılan zaman aparılan çəkilişdən əvvəl onu məcbur etmişlər ki, guya ki hardansa tapmışdır. Onları 2 saat RPŞ-də saxlamış, daha sonra onları prokurorun qəbuluna aparmış və olduğu kimi hər şeyi danışmışdır. Nəticədə onların barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, 01 ədəd “Keno” markalı siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmişdir. Üzərindən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd büküm kağızla birlikdə Çin istesalı olan tərəzidə çəkilmiş, 0.58 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd qara rəngli büküm içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazılmış sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Üzərindən aşkar olunan 01 ədəd “Keno” markalı siqaret qutusu və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə siqaret almaq üçün mağazaya gedərkən narkotik vasitəni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, Kürdəmir Rayon Polis Şöbəsinə gətirlərkən ona qarşı hər hansı zor güc tədbiq edilmədiyini bildirmişdir. -məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli 3-16-16/2-18/424 nömrəli rəyindən görünür ki,...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,364 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. -Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-ci il tarixli 18-1-49/2-399/2024 nömrəli məktubdan görünür ki, Musayev X4 RMX-nin poliklinika şöbəsində həkim pisixiatırın qeydiyyatında yoxdur. Lakin həkim narkoloqun qeydiyyatında durur. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1974-cü il tarixli Kürdəmir rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan SSR CM-nin 144-cü maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1975-ci il tarixdə Kirovabad Rayon Xalq məhkəməsinin qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən 05 ay 07 gün vaxtından əvvəl şərti azad edilib. Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixli Kürdəmir rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan SSR CMnin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilərək 03 il 11 ay 07 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1978-ci il tarixdə SSRİ-nin X5 Heyyətinin fərmanına əsasən Ağdam rayon xalq məhkəməsinin qərarı ilə 01 il 25 gün müddətinə azad edilib. Təqsirləndirilən şəxs xx.xx.1980-ci il tarixli Kürdəmir rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan SSR CM-nin 207-ci maddənin 3-ci hissəsi ilə təqsirləndirilərək 07 il 05 ay 05 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1986-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarixli Kürdəmir rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan SSR CMnin 102-ci maddəsinin 1-ci hissəsi, 207-ci maddəsnin 3-ci hissəsiilə və 196-2-ci maddənin 2-ci hissəsi ilə təqsirləndirilərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.19925-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1996-ci il tarixli Kürdəmir rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-2-ci maddəsinin, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1999ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli AMNİSTİYA qərarının 1.5-ci bəndinə əasən cəzasının sonu ilə azad edilmişdir. Musayev X4 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Təqsirləndirilən şəxs üzərinə keçrilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanmışdır. -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o narkotik vasitə olan heroini istifadə etmək üçün üzərində saxlamışdır. - Kürdəmir RİHB-nin mənzil istismar sahəsinin verdiyi xasiyyətnamədə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. - Kürdəmir RİHB-nin mənzil istismar sahəsinin verdiyi 476/2024 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailə üzvləri- arvadı X1, uşağı X2r. - Kürdəmir Rayon Mərkəzi xəstəxanası publik şəxsinin verdiyi 2668 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Kürdəmir RMX-nın poliklinka şöbəsində Gərginlik stenokardiyası, xroniki virus hepatiti C sirroza keçid mərhələsi, splenomeqaliya diaqnozları ilə dispanser qeydiyyatında durur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində Kürdəmir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona 01 ədəd göy rəngli kağız bükümdə narkotik vasitə olan heroin verildiyini, həmin heroinin ona məxsus olduğunu deməsini bildirdiklərini, qorxduğu üçün həmin bükümü götürərək cibində saxladığını, həmin vaxt polis əməkdaşlarının ona heroini xx.xx.2024-cü il tarixdə Kürdəmir Koroğlu küçəsində gəzərkən yolun kənarından tapdığını deməsini dediklərini, həmin vaxt polis əməkdaşlarınının dedikləri ilə razılaşdığını bildirsə də, həmçinin şahid qismində dindirilən X3 ifadəsində polis əməkdaşlarının narkotik maddələrin onlara məxsus olmasını qəbul etməsi barədə hədə-qorxu gəlmələri, onlara narkotik vasitələri qəbul etməsə Təqsirləndirilən şəxs silahla, onu isə külli miqdarda narkotiklə həbs edəcəkləri barədə hədə-qorxu gəlmələri, buna görə də məcbur qalıb narkotik vasitələri qəbul etmələri barədə ifadələrində göstərdiyi xüsusatlar iş materialları və məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən üzərinə baxış video-görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, bununla bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.364 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0.314 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effektliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminallığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, xəstəliklərdən əziyyət çəkməsini (gərginlik stenokardiyası, xroniki virus hepatiti, C sirroza keçid mərhələsi, splenomeqaliya diaqnozları), ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan ünvan 2 yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən saat 20:30-da şübhəli şəxs qismində tutulub xx.xx.2024-ci il tarixdə saat 20:20-də azad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 0.364 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0.314 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 0.364 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış 0.314 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49 (qırx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №1(041)-98/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-98/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver