Məhkəmə qərarları › İş №1(042)-1/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-1/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-1/2021 11.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X10 üzrə idarənin Birinci instansiya məhkəmələrində X10 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 26 avqust 1976-cı il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olmamış, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə YY Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 iyul 2013-cü il tarixdə saat 17.30 radələrində etibarnamə ilə qardaşı X13 verilmiş “VAZ-21043” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Gədəbəy-Şəmkir yolunun 13-cü kilometrliyində Gədəbəy istiqamətində alkoqollu içkilərdən istifadə etməklə sərxoş vəziyyətdə və nəqliyyat vasitəsini idarə etmək hüququ, habelə etibarnaməsi olmadan idarə edib yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda bunu etmədiyindən avtomobil əvvəlcə yolun sağ çiyninə, sonra isə sol hərəkət hissəsinə çıxaraq əks tərəfdən gələn X8 idarə etdiyi “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə olan sərnişin X5 başın əzilmiş sarası, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sol bud-çanaq oynağının travmatik çıxığı xəsarətləri alaraq sağlamlığa az ağır zərər vurulmasına, digər avtomobilin sürücüsü Ramiz Qəmbərovun döş qəfəsinin sol tərəfli əzniyi, sol 6-7-ci qabırğaların qapalı sınığı, sol diz qapağının qapalı yerdəyişən sınığı, başın əzilmiş-çapılmış yarası, sağ əlin əzilmiş yarası və sağ əlin 4-cü barmağını qaldıran vətərin qopması xəsarətləri alaraq sağlamlığa az ağır zərər vurulmasına və həmin avtomobildə olmuş sərnişin X2 başın, burunun, sol və sağ dizin əzilmiş-sıyrılmış yaraları, döş qəfəsinin, sol budun qançırları xəsarətləri alaraq sağlamlığa yüngül zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Şəmkir rayonunda kirayədə yaşayır. 16 iyul 2013-cü il tarixdə arvadı Aynur İsmayılova və 2 azyaşlı uşaqları ilə birlikdə qardaşı Seymura etibarnamə ilə verilmiş “VAZ 21043” markalı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndinə qaynı Beyrəyin yanına gəlmişdir. Sonra oradan arvadı Aynur və uşaqları ilə birlikdə “VAZ 21043” markalı avtomobilə əyləşib Gədəbəy-Şəmkir avtomobil yolu ilə Gədəbəy istiqamətində 50-60 km/saat sürətilə hərəkətdə olarkən, tanımadığı və nömrəsini görmədiyi ağ rəngli “VAZ 2107” markalı avtomobil mane olduğundan avtomobili yolun soluna çıxartmış və onun idarə etdiyi avtomobillə Şəmkir istiqamətində hərəkət edən X8 idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşmuşdur. Həmin hadisə zamanı arvadı Aynur və “VAZ 2106” markalı avtomobilin sürücüsü Ramiz bədən xəsarəti aldıqlarından onları xəstəxanaya yola salmışlar. O, həmçinin bildirmişdir ki, 2013-cü ildə barəsində olan cinayət işi məhkəməyə göndərilmiş, məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Ona mərhum vəkil Nizami məhkəmənin qurtardığını bildirmiş, o da Azərbaycan Respublikasından Rusiyaya işləmək üçün getmişdir. Rusiyada 13 iyun 2014-cü ildə tutulmuş və hədə-qorxu ilə tələb etməyə görə 5 il 6 ay azadlıqdan məhrum edilmişdir . 2019-cu ilin ortalarınadək həbsdə qalmış, sonra azadlığa buraxılmışdır. Onun cinayət işi barədə məlumati olmadığından və işin yekunlaşdığını bildiyindən Rusiyada yaşayıb işləmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslərlə barışmış və ziyanlarını ödəmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs X16 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 16 iyul 2013-cü il tarixdə saat 16.30 radələrində Gədəbəy şəhərinin mərkəzində özünə məxsus olan “VAZ 2106” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanımadığı üç nəfər sərnişin əyləşdirib Slavyanka kəndinə getmək üçün Gədəbəy-Şəmkir yolu ilə hərəkət etmişdir. Slavyanka kəndinin mərkəzində sərnişinlər maşından düşmüşdür. Sonra Paşa müəllimin xahişi ilə onu maşına mindirib Şəmkir istiqamətində yola düşmüşdür. Slavyanka kəndi ərazisində yerləşən “Aşağı Narzan” istirahət mərkəzinə ayrılan yolun bərabərliyindən 150 metr keçdikdən sonra yolun sağ hərəkət hissəsi ilə gedərkən qarşı tərəfdən Qazel markalı avtomobil də öz hərəkət yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkət etmişdir. Qazel markalı avtomobil onun avtomobilinin bərabərliyinə çatanda qəflətən həmin avtomobilin arxası ilə gələn Gədəbəy rayonu Şəkərbəy kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21043” markalı avtomobil onun yoluna çıxmış, bunu görüb toqquşmadan qaçmaq üçün öz maşınının sükanını sağa tərəf döndərmiş, ancaq bu mümkün olmamış və onun idarə etdiyi avtomobilin sol qabaq qanadı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21043” markalı avtomobilin qabaq tərəfinin orta hissəsi toqquşmuşdur. Zərbənin təsirindən onun avtomobili yolun sağ kənarındakı çökəkliyə düşmüşdür. Zərər çəkmiş şəxs X14 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 16 iyul 2013-cü il tarixdə günorta saatlarında əri Təqsirləndirilən şəxs və azyaşlı uşaqları ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndinin girişində yerləşən “Şirxan” istirahət mərkəzinin yuxarı tərəfində asfaltın yuxarı hissəsində ot biçən qardaşı Beyrəyin yanına gəlmişlər. Günorta olduğu üçün oturub bir yerdə yemək yemişlər. X34 bir yerdə ot biçmişlər. Kərənti bir ədəd olduğuna görə Aqil Beyrəyə demişdir ki, gedib səhər hərəsi bir kərənti gətirib yoldaşlı işləsinlər. Beyrək Aqillə razılaşaraq öz atına minib getmiş, onlar isə maşına minmişlər. Onlar Gədəbəy şəhəri istiqamətində yola düşmüşlər. Təxminən 100-150 metr getdikdən sonra qəflətən yolun sağ tərəfindən ağ rəngli “VAZ 2107” markalı avtomobil onların maşınının sağ tərəfinə keçib maşının sağ tərəfindən vurmuşdur. Bu zaman onun başı maşının sağ tərəfinə dəyib qanamış və o, qışqırmışdır. O, qışqıranda Aqil ona tərəf çevrilmiş və onun başından qan axdığını görüb əlləri ilə onu tutmuşdur. Həmin vaxt o, əlini sifətinə çəkib qan axdığını gördükdən sonra özünü tamamilə itirmiş, ayılanda görmüşdür ki, artıq xəstəxanadadır. Xəstəxanada bilmişdir ki, Aqilin maşını qarşıdan gələn “VAZ 2106” markalı avtomaşınla toqquşmuşdur. Zərər çəkmiş şəxslərin notarial qaydada ərizələri təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş, həmin ərizələrdə zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmaması qeyd edilmişdir. X1 ifadəsində göstərdi ki, 16 iyul 2013-cü il tarixdə saat 16 radələrində işdən çıxıb Gədəbəy şəhərinin mərkəzində yerləşən Mədəniyyət evinin qarşısına gəlmiş, bir qədər orada gözlədikdən sonra Ramiz Qəmbərovun “VAZ 2106” markalı avtomobilinə əyləşib yaşadığı Slavyanka kəndinə yola düşmüşdür. Slavyanka kəndinin mərkəzində Ramiz Qəmbərovun maşınında olan tanımadığı üç nəfər maşından düşmüş, o isə bazardan ərzaq alaraq yenidən Ramizin maşınına minmiş və evlərinə tərəf yola düşmüşlər. Onlar Slavyanka kəndində Köhnə yanacaq doldurma məntəqəsinin yanına çatmağa az qalmış cibindən 60 qəpik çıxarıb Ramizə gediş haqqını vermiş, Slavyanka kəndində təzə məktəbin yanını keçəndən sonra onu yuxu tutmuşdur. Bir də ayılanda görmüşdür ki, başından xəsarət almışdır. Həmin vaxt bilmişdir ki, onun olduğu avtomobillə əks tərəfdən gələn Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21043” markalı avtomobil toqquşmuşdur. X4 ifadəsində göstərdi ki, hadisə vaxtı Gədəbəy RPŞ-nin sahə polis nəfəri işləmişdir. 16 iyul 2013-cü il tarixdə saat 17:30 radələrində mərhum Rizvana məxsus “VAZ 21099” markalı avtomobillə Gədəbəy rayonu, Zəhmət kəndindən Slavyanka kəndinə gələrkən “Şirxan” istirahət mərkəzinin yaxınlığındakı körpüyə çatmağa az qalmış təxminən 80-90 metr qabaqda qırmızı rəngli “VAZ 21043” markalı avtomobil yolun sağ tərəfindəki torpaq yolla hərəkət edib asfalt yola daxil olduğunu görmüşdür. Rizvan avtomobili ilə həmin avtomobilin arxası ilə hərəkət etmişdir. “VAZ 21043” markalı avtomobil təxminən 100 metr getdikdən sonra qəflətən həmin avtomobilin sağ təkərləri yolun asfalt hissəsindən torpaq yola çıxmış, bu zaman “VAZ 21043” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi, Gədəbəy rayonu, Şəkərbəy kənd sakini Təqsirləndirilən şəxs sükanı sola tərəf döndərmiş və idarəetməni itirib yolun sol hərəkət hissəsinə, yəni əks tərəfdən gələn “VAZ 2106” markalı avtomobilin hərəkət yoluna çıxdığından həmin avtomobillə toqquşmuşdur. Rizvan idarə etdiyi avtomobili yolun kənarında saxlamış, birlikdə hadisə yerinə gəlmişlər və avtomobillərdə xəsarət almış şəxslərin olmasını görüb təcili tibbi yardım xidmətinə zəng etmişlər. Az sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə xəsarət alanları xəstəxanaya yola salmışlar. X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun Qaçaq Kərəm kəndində yaşayır. 16 iyul 2013-cü il tarixdə iş yoldaşı X20 ilə birlikdə Gədəbəy rayonu ərazisində yerləşən mağazalardan sifariş qəbul edib ona etibarnamə ilə verilmiş, X9 məxsus “VAZ 2107” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonuna qayıdarkən Gədəbəy rayonu, Slavyanka kəndi ilə Zəhmət kəndi arasında qarşıda onlarla eyni istiqamətdə ağ rəngli “VAZ 2106” markalı avtomobil hərəkət etmişdir. Onlar “Aşağı Narzan” istirahət mərkəzinə dönən yolun bərabərliyindən keçib təxminən 200-250 metr getdikdən sonra əks tərəfdən gələn adı sonradan ona məlum olan Aqil adlı şəxsin idarə etdiyi “VAZ 21043” markalı avtomobilin sağ təkərlərinin asfalt yoldan sağa, yəni torpaq yola çıxmasını görmüş, həmin vaxt “VAZ 21043” markalı avtomobil sola, yəni asfalt yolun sol tərəfinə istiqamətlənmiş və həmin avtomobillə onun qarşı tərəfi ilə Şəmkir istiqamətində hərəkət edən adı sonradan ona məlum olan Ramiz adlı şəxsin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşmuşlar. Toqquşmadan sonra Ramizin avtomobili yolun alt tərəfindəki ağaclığa düşmüş, Aqilin avtomobili isə toqquşma yerində qarşı tərəfi ağaclıq istiqamətində dayanmışdır. Toqquşma zamanı onun idarə etdiyi avtomobillə həmin avtomobillər arasında təxminən 15-20 metr olmuş və toqquşma baş verən kimi o, sükanı bir qədər də sağa döndərmiş, tormoz vermiş, ancaq göstərilən avtomobillər toqquşandan sonra “VAZ 21043” markalı avtomobil yerində fırlanmış və hansı tərəfi isə onun avtomobilinin sol arxa qanadının yan tərəfinə dəymişdir. Bundan sonra o və yanındakı Xəyyam maşından düşmüşlər. Hər ikisi “VAZ 2106” markalı avtomobilin sürücüsü və onun yanında olan, adı sonradan ona məlum olan Paşanı avtomobildən düşürmüşlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yeriə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yolun hərəkət hissəsinin eni 6,8 metr, Şəmkir istiqamətində sağ ehtiyat hissənin eni 2,2 metr, sol ehtiyat hissənin eni isə 2,4 metrdir. Yol asfalt örtüklü olmaqla hamar və qurudur. Hadisə yerində avtomobillərin tormoz izləri yoxdur. Toqquşma “VAZ 2106” markalı avtomobilin qabaq sol qanadı ilə “VAZ 21043” markalı avtomobilin qabaq tərəfinin orta hissəsi arasında baş vermişdir. Toqquşma yerindən yolun Şəmkir istiqamətində sağ kənarına olan məsafə 2.8 metrdir. Toqquşma zamanı “VAZ 2106” markalı avtomobildə 2 nəfər sərnişin və “VAZ 21043” markalı avtomobildə isə 4 nəfər sərnişin olmuşdur. - Məhkəmə-tibb ekspertizasının 05 avqust 2013-cü il tarixli, 284 saylı rəyindən görünür ki. X8 bədəni üzərində döş qəfəsinin sol tərəfli əzniyi, sol 6-7-ci qabırğaların qapalı sınığı, sol diz qapağının qapalı yer dəyişən sınığı, başın əzilmiş-çapılmış yarası, sağ əlin əzilmiş yarası və sağ əlin 4-cü barmağını qaldıran vətərin qopması xəsarətləri olmuş, həmin xəsarətlərdən başın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sol tərəfinin əzniyi, sol 6-7-ci qabırğaların qapalı sınığı, sol diz qapağının qapalı yer dəyişən sınığı, sağ əlin əzilmiş yarası və sağ əlin 4-cü barmağının qaldıran vətərin qopması xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Göstərilən xəsarətlər 16 iyul 2013-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində törənmişlər. - Məhkəmə-tibb ekspertizasının 06 avqust 2013-cü il tarixli, 289 saylı rəyindən görünür ki, X7 bədəni üzərində başın əzilmiş yarası, sağ və sol dizin sıyrılmış yaraları, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sol bud çanaq oynağının travmatik çıxığı xəsarətləri olmuş, həmin xəsarətlərdən başın əzilmiş yarası , sağ və sol dizin sıyrılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sol bud çanaq oynağının travmatik çıxığı xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Göstərilən xəsarətlər 16 iyul 2013-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində törənmişlər. - 16 iyul 2013-cü il tarixli alkoqolun qəbul faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 05 sentyabr 2013-cü il tarixli 14959 saylı rəyindən görünür ki, "VAZ 21043" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmçinin sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. - Gədəbəy rayon X26 Müfəttişliyi tərəfindən verilmiş texniki müayinə aktından görünür ki, X11 idarə etdiyi “VAZ 2107” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil saz və komplekt vəziyyətdə olmuş, avtomobildə heç bir ziyan müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında müqayisəli təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şəmsi oğlunun alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulması cinayət əməlini törətməsi özünün etirafı və bu etirafı təsdiq edən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş digər sübutlarla tam sübuta yetir. Odur ki, məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsifi ilə razılaşır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəmsi oğlu cinayət əməlini 13 iyul 2013-cü ildə törətmiş, cinayət işi baxılması üçün ittiham aktı ilə 23 oktyabr 2013-cü ildə Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 21 noyabr 2013-cü ildə keçirilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Təqsirləndirilən şəxs Şəmsi oğlu məhkəmədən gizləndiyinə və yeri müəyyən edilmədiyinə görə 05 dekabr 2013-cü ildə Gədəbəy rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Şəmsi oğlu barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, axtarış elan olunaraq işin icraatı dayandırılmışdır. 13 iyun 2014-cü ildə Cəfərov X23 Federasiyası Tatarıstan Respublikası ərazisində Rusiya Federasiyasının Cinayət Qanunun 132-ci maddəsinin 2-ci hissəsinin b bəndində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həbs edilmiş, Rusiya Federasiyasının Tatarıstan Respublikası Novo-sovinski rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli orqanına məhkəmə sorğusu verilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs Şəmsi oğlu 27 iyul 2019-cu ildə Rusiya Federasiyasında qanunvericiliyin dəyişilməsi əsası ilə cəzadan azad olunmuşdur. Gədəbəy rayon Polis şöbəsinə axtarış işinin nəticəsi barədə sorğu verilmiş, alınmış 15.07.2021-ci il tarixli məktubda Təqsirləndirilən şəxs barəsində axtarış işinin olmadığı qeyd edildiyindən cinayət işi üzrə icraat təzələnmiş, Gədəbəy rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq icraat yenidən dayandırılmışdır. Gədəbəy rayon Polis şöbəsinin 21.09.2021-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs Şəmsi oğlunun tutulması barədə məlumat göstərildiyindən cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzalandırılıb-cəzalandırılmaması məsələsinin aydınlaşdırarkən qeyd edilməsini zəruru sayır ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları müəyyən edilmişdir. Həmin normanın tələblərinə görə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.1 böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2 az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3 ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.3 xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Eyni zamanda maddədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandırılması və bərpa olunmasının da əsaslar göstərilmiş, 75.3-cü maddədə qeyd edilmişdir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulması cinayət əməlinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası CM-nin 15-ci maddəsində müəyyən edilmiş cinayətlərin təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası CM-nin 15, 75 və 263-1.1-ci maddələrinin birgə təhlilindən görünür ki, CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aid olmaqla bu əmələ görə həmin Məcəllənin 75.1.2 -ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti yeddi il müəyyən edilmişdir. Məhkəmə, eləcə də, hazırkı cinayət işinin icraatının dayandırılması və bunun cinayət məsuliyyətinə cəlb etmə müddətin axımına təsirinə münasibət bildirərək qeyd edir ki, cinayət təqibi üzrə icraatın dayandırılmasının əsasları və qaydaları maddi hüquq normaları ilə deyil, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsində müəyyən edilmişdir. CPM-nin 53.1 -ci maddəsinə görə cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırılır. 53.1.1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda; 53.1.2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda; 53.1.3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə və digər hallar. Cinayət və cinayət-prosessual hüququn sadalanan normalarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı məsələlər maddi hüquqda, yəni cinayət qanununda nəzərdə tutulmuş, bu zaman cəlb etmə müddətinin axımı, dayanması, bərpası hər hansı prosessual qərardan və ya hərəkətdən asılı edilməmişdir. Odur ki, CM-nin 75.3cü maddəsi müddətin axımının dayandırılması və bərpasını cinayət prosessual mənada icraatın dayandırılması və ya təzələnməsi deyil, maddi hüquqi mənada təqsirləndirilən şəxsin tutulması və ya könüllü gəlib təqsirini boynuna alması ilə şərtləndirir. Odur ki, təqsirləndirilən şəxsin tutulması və onun yerinin müəyyənliyi, eləcə də şəxsin verilməsi üçün əlçatanlıq 14 iyun 2014-cü ildən baş verdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müddətin axımı o vaxtdan başlanmalı, cəlb etmə müddətinin hesablanarkən cinayət işinin icraatının dayandırılması nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində yəni onun cinayət törətdiyi 16 iyul 2013-cü-ci il tarixdən məhkəmədə cinayət işi üzrə məhkəmə aktı çıxarılana qədər, yəni 11 noyabr 2021-ci il tarixədək, (05.12.2013-cü il tarixdən 14 iyun 2014-cü il tarixədək və 22.07.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək axtarışda olduğu müddətlər çıxılmaqla) 7 (yeddi) il 7 (ay) ay 16 (on altı) gün vaxt keçmişdir və həmin müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin normalarında nəzərdə tutulmuş hər hansı cinayəti törətməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, yazılı ərizə verərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir. Qeyd olunanlara əsasən, məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi müəyyən edildiyindən və müdafiə tərəfi razılıq verdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri zərurət aradan qalxdığından ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərər çəkmiş şəxs X18 məhkəməyədək icraat zamanı 05.10.2013-cü ildə mülki iddiaçı kimi tanınma haqqında ərizə vermiş, qərarla mülki iddiaçı kimi ibtidai istintaq orqanı tərəfindən tanınmış, lakin qanunla müəyyən olunmuş müddətdə iddia ərizəsi verməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, onun mülki iddiaçı kimi prossesual statusuna xitam verilmişdir. Eləcə də, məhkəmə baxışında cinayət nəticəsində ona vurulmuş ziyanın ödənilməsi barədə R.B.Qənbərovun notarial qaydada təsdiq olunmuş ərizəsi nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, iş üzrə 70 manat məbləğində ekspertiza xərci vardır. Cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildiyindən məhkəmə hesab edir ki, həmin məhkəmə ekspertiza xərci- 70 manat da Təqsirləndirilən şəxs Şəmsi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CMP-nin 197-198, 39.1.3-cü, 43-cü, 344-cü, 346-347-ci maddələrinə rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Şəmsi oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Şəmsi oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci- 70 manat Təqsirləndirilən şəxs Şəmsi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar