Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-1/2022 28.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxxx 2002-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 iyun 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2019-cu il tarixdə təxminən saat 22 radələrində Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşadığı evin yaxınlığında ona məxsus itlərlə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus itlərin boğuşması zamanı sonuncu ilə itlərin daşlaması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsi və onu əli ilə qarın nahiyəsinə vuraraq, fiziki ağrı yetirməsindən əsəbləşərək, əli ilə sonuncunu qəsdən vuraraq, onun sağlamlığına sol göz ətrafı yumşaq toxumaların qançırı, sol göz altının, sol almacıq nahiyəsinin sıyrıqları, burunun şişkinliyi, qançırı ilə müşayət olunan burun sümüyünün sınığı, burunun deformasiyası, burun tənəffüsünün orta dərəcəli pozulması qismində Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayır. Həyətdə iki baş it saxlaylr. Zərərçəkmiş həmkəndlisidir. 31 iyul 2019-cu il tarixdə saat 22 radələrində evdə olarkən çöldə itlərin səsini eşitmişdir. Çölə çıxarkən itlərinin zərərçəkmişə məxsus olan itlərlə dalaşdığını görmüşdür. Zərərçəkmiş daşla ona məxsus itləri vurmağa başlamışdır. O, buna görə zərərçəkmişə iradənı bildirmişdir. Zərərçəkmiş isə onu nalayiq söyüşlərlə söymüşdür. Onlar mübahisə etməyə başlamışlar. Bu zaman, zərərçəkmiş əli ilə onun qarnından vurmuşdur. O, da ağrının təsirindən əsəbləşərək zərərçəkmişin üzünə iki dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən zərərçəkmiş yıxılmişdır. Bundan sonra onlar ayrılmışlar. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmışdır. Amnistiya qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayır. Təqsirləndirilən şəxslə əvvəllər münasibətləri yaxşı olmuşdur. 31 iyul 2019-cu il tarixdə saat 22 radələrində təqsirləndirlən şəxsin evinin yanından keçəndə, ona məxsus itlər üstünə hücum etmiş, itlərdən biri onun ayağından dişləmişdir. O, əsəbləşib it sahibini söymüşdür. Bununla əlaqədar təqsirləndirlən şəxslə arasında mübahisə yaranmış, o, təqsirləndirlən şəxsi vurmuşdur. Bundan sonra təqsirləndirlən şəxs də onu yumruqla iki dəfə üzündən vurmuş və ona xəsarət yetirmişdir. O, burnundan qan axdığını görüb, qohumlarını çağırmış və qohumları gəlib onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs hazırda ondan üzr istəmişdir və onlar barışmışlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gədəbəy Rayon Şöbəsinin 02 avqust 2019-cu il tarixli 502 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol göz ətrafı yumşaq toxumaların qançırı, sol göz altının, sol almacıq nahiyəsinin sıyrıqları, burunun şişkinliyi, qançırı ilə müşayət olunan burun sümüyünün sınığı, burunun deformasiyası, burun tənəffüsünün orta dərəcəli pozulması küt əşyaların, sol budun dişlənmiş-sıyrılmış səthi yaraları isə it dişləməsi nəticəsində törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 31 iyul 2019-cu ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burunun şişkinliyi, qançırı ilə müşayət olunan burun sümüyünün sınığı, burunun deformasiyası, burun tənəffüsünün orta dərəcəli pozulması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Digər xəsarətlər isə istər birlikdə,istərsə də ayrı-ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini, yerləşmə nahiyəsini nəzərə alaraq demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Ərtəpə Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 127.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin və zərərçəkmişin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-1/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-1/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver