Məhkəmə qərarları › İş №1(042)-1/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-1/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-1/2023 02.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-ci il tarixdə Lerik rayonu, Arta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 fevral 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4.-cü maddələri ittiaham edilmişdir ki, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Çanaqçı kənd sakini Zərərçəkmiş şəxs2 ilə Abşeron rayonu, Qobu qəsbəsində görüşüb sonuncuya "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərraca çıxardığı “Howo” yük markalı avtomobilini almaq üçün hərrəcda iştirak etmək məqsədilə beh kimi 6000 (altı min) manat pul ödəməsi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 inandıraraq, sonuncudan hissə-hissə, yəni xx.xx.2021-ci il tarixdə adına olan "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat, xx.xx.2021-ci ıl tarixdə "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində görüşərək, 1000 (bir min) manat, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 4000 (dörd) manat pul göndərilməsini tələb edərək, ümumilikdə, qeyd edilən dövr ərzində 6000 (altı min) manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Salavyanka kənd sakini Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərraca çıxardığı 02 ədəd “ UAZ” markalı avtomobili almaq üçün hərrəcda iştirak etmək məqsədilə hər bir avtomobilə 500 (beş yüz) manat olmaqla cəmi, beh kimi 1000 (bir min) manat pul ödəməsi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs1 inandıraraq sonuncunun tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat və xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 (beş yüz) manat pul göndərilməsini tələb edərək, ümumilikdə, qeyd edilən dövr ərzində 1000 (bir min) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kənd sakini Zərərçəkmiş şəxs2 ilə əvvəldən münasibətləri vardır. 2014-cü il tarixdə Zərərçəkmiş şəxs2 “Shacman” markalı yük avtomobilində sürücü işləmişdir. Həmin vaxtdan da münasibətləri yaranmışdır. Gədəbəy rayonu, Slavyanka kənd sakini Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vasitəsi ilə onun dostu kimi tanımışdır. Samir ilə bir dəfə Bakı şəhərində əyani olaraq görüşmüşdür. Zərərçəkmiş şəxs2 2021-ci ilin yanvar ayında onun ilə əlaqə saxlayaraq “HOWO” markalı yük avtomobili alaraq, birlikdə işlətməyi təklif etmişdir. Ona həmin markada avtomobil satılan yerlərin olduğunu, “Gilan” şirkətinin satışa çıxardığı “HOWO” markalı yük avtomobilini alacaqlarını bildirmişdir. Həmin vaxtı “HOWO” markalı yük avtomobilini almaq üçün yol xərcləri üçün pul istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 istifadəsində olan Kapital bankın 4169 7413 1221 8484 saylı plastik kartına ödəmə sistemi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 500 manat pul göndərmişdir. Həmin pulu çıxarıb öz ehtiyyacları üçün xərcləmişdir. Bundan sora hər dəfə ehtiyacı olduqda, Məmmədə zəng edərək pul gödərməsini istəmişdir. Məmməd onun istəyinə əsasən həmin pul məbləğlərini istifadəsində olan Kapital bankın plastik kartına göndərmişdir. xx.xx.2021-cf il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrəsinə zəng vuraraq 4000 manat pula ehtiyacı olmasını bildirmişdir. Məmməd həmin gün kartına 4000 manat pul köçmüşdür. Həmin pul məbləğini hissə-hissə çıxararaq öz ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Məmməd ondan pulunu geri tələb etmişdir. Ona pulunun olmadığını hissə-hissə ödəyəcəyini bildirmişdir. Pul olmadığı üçün isə ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hərrac vasitəsi ilə avtomobil alacağı barədə heç bir vəd verməmişdir. ***-***-**-** saylı mobil nömrəni xx.xx.2020-ci il tarixdə almış və istifadəsində olmuş, həmin şəkilləri də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özü göndərmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 də həmin avtomobillərin foto şəkillərini göndərmişdir. Zərərçəkmiş şəxs2 göndərilmiş həmin səslər ona məxsusdur. 30 yanvar 2021-ci il tarixdə və 31 yanvar 2021-ci il tarixdə olan 500 manat Samirin Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi pul vəsaitləridir. 01 fevral 2021-ci il, 12 fevral 2021-ci il, 26 fevral 2021-ci il tarixdə olan pul köçürmələri isə Zərərçəkmiş şəxs2 göndərdiyi pul vəsaitləridir. O, zərərçəkmişlərdən aldığı pulları qaytarmışdır və onlarla barışıq əldə etmişdir. Zərəçəkmişlərin ondan şikayətləri yoxdur. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, heç bır yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Təqsirləndirilən şəxs onun yük avtomobilinin sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs təxminən, 2-3 ay avtomobilində sürücü işlətmişdir. Həmin avtomobilin matoru xarab olduqdan sonra Ümüdvar ilə görüşməmiş, yalnız mobil telefon vasitəsi ilə danışmışdır. 2021-ci ilin yanvar ayında dostu Samir ondan “UAZ” markalı avtomobil almağını xahiş etmiş və o, “UAZ” markalı avtomobil axtarmağa başlamışdır. Avtomobil axtaran zaman bir necə tanışına məlumat vermişdir. Yanvar ayının sonlarında Ümüdvar istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ona zəng vuraraq, axtardığı “UAZ” markalı avtomobillərdən satıldığını bildirmişdir. Ümüdvar avtomobillərin "xxxx" şirkətinə məxsus olmasını və “Gilan” Holdingdə kirayə işləməsini, Goranboy rayonunda qaraja yığılmasını, bildirmişdir. Telefon danışığı zamanı Ümüdvar ona hər maşın üçün 500 manat depozit verməli olduğunu demişdir. Ümüdvar ilə Samiri danışdırmışdır. Bir necə dəfə danışıqdan sonra Samir Ümüdvar ilə 2 ədəd “UAZ” markalı avtomobil almaq üçün razılaşmışdır. Samir onun ilə razılaşdıqdan sonra iki ədəd “UAZ” markalı avtomobil üçün 1000 manat depozit göndərəcəyini bildirmişdir. Samir həmin pulu ona göndərmişdir. 25 yanvar 2021-ci il tarixdən başlayaraq, Bakı şəhərində Ümüdvar ilə görüşüb avtomobil barəsində danışmışdır. Ümüdvar ona pul ödənildikdən 25 gün-bir ay ərzində maşının veriləcəyini bildirmişdir. Ümüdvardan pulu verdiyini təsdiq edən sənəd istəmiş, Ümüdvar da ona pulun hesabına köçürülməsini təklif etmişdir ki, qəbz olsun. 30 yanvar 2021-ci il tarixdə onun yanında Bakı şəhərində dəqiq yadında qalmayan ünvanda Ümüdvarın özünün olduğunu bildiridiyi karta Samir üçün alacağı “UAZ” markalı avtomobilə görə 500 manat pul köçürmüşdür. 31 yanvar 2021-ci il tarixdə Ümüdvar onun yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmiş qalan 500 manatı da köçürməsini istəmişdir. Yenə də Qobu qəsəbəsində yerləşən “Yurd “ marketindən onun hesabına 500 manat pul köçürmüş və qəbzi götürmüşdür. Həmin günü Ümüdvar “HOWO” markalı yük avtomobillərinin də satıldığını bildirmiş, həmin avtomobillərin qarajada çəkdiyi videoçəkilişlərini göstərmişdir. Ondan avtomobillərin saz vəziyyətdə olub-olmamasını soruşmuşdur. Ümüdvar ona bir maşının təmiri üçün on min manat xərc çəkilməsinin lazım olduğunu, maşını on altı min manata alacağını, bir maşının ona,təxminən, otuz min manata başa gələcəyini, təxminən iyirmi min manat xeyr götürəcəyini demişdir. Ümüdvar ondan ilkin olaraq 5000 manat beh istəmişdir. O, inanmış və ilkin olaraq 500 manat behi 01 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Yurd” marketdə onun yanında karta göndərmişdir. Bundan sonra olan müddət ərzində mobil telefon vasitəsilə danışmışlar. Telefon danışıqları zamanı Ümüdvar yenə pul göndərməsini demiş, o, ödəmə terminalları vasitəsilə onun kartına həmin məbləğləri göndərmişdir. 25 fevral 2021-ci il tarixdə görüşən zaman 1000 manat pulu nəğd olaraq, Ümüdvara vermişdir. 26 fevral 2021-ci il tarixdə Ümüdvar zəng edərək “HOWO” markalı avtomobilin son sənədləşməsi üçün avtomobili hərraca çıxarmış şirkətin balansına 4 000 (dörd min) manat pulu köçürmək lazım olduğunu demişdir. O, Gədəbəy rayonu, Arıxdam kənd sakini olan tanışı Hafizdən 4000 manat borc alaraq, Ümüdvarın kartına köçürmüşdür. Həmin vaxtdan sonra Ümüdvar müxtəlif vədlər verərək gözləməyini istəmişdir. Ümüdvara inanıb gözləmişdir. 01 iyun 2021-ci il tarixdə Ümüdvar ilə mobil telefon vasitəsi ilə danışan zaman o, ayın axrına kimi gözlə məsini xahiş etmişdir. Lakin Ümüdvar vədini yerinə yetirmədiyi üçün polisə şikayət etmişdir. Ümüdvara 01 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək olan müddət ərzində “HOWO” markalı avtomobil üçün ümumilikdə altı min manat, Samir üçün alacağı “UAZ” markalı avtomobil üçün isə min manat pul göndərmişdir.Hazırda təqsirləndirilən şəxs onun və Samirin pullarını qaytarmış, vurduğu ziyanı aradan qaldırmışdır. Ondan heç bir şikayəti yoxdur. Ona görə də ona cəza verilməsini istəmir. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. Təqsirləndirilən şəxs tanışı Gədəbəy rayonu, Çanaqçı kənd sakini Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. 2021 -ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 onun üçün “UAZ” markalı avtomobil tapmasını xahiş etmişdir. Təxminən, yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2 ona zəng edərək, Ümüdvar adlı bir nəfər tanışının hərrac vasitəsilə “UAZ” markalı avtomobil ala biləcəyini deyib onun ilə əlaqə saxlaması üçün onun mobil nömrəsini ona göndərmişdir. Təqsirləndirilən şəxs'n ***-***-**-** saylı mobil nömrəsi vasitəsilə onun ilə əlaqə saxlayıb danışmışdır. Telefon danışığı zamanı Ümüdvar ona avtomobil alqı-satqı ilə məşğul olduğunu, avtomobil hərraca gedən zaman adını demədiyi tanışı vasitəsi ilə avtomobilləri əldə edib satdığını, "xxxx" şirkətinin balansında “UAZ” markalı avtomobillər olduğunu, həmin avtomobillərin istifadə müddətini başa çatdığı üçün hərrac vasitəsi ilə satışa çıxarıldığını bildirib, onun adını sistemə salmaq imkanının olduğunu demişdir. Ümüdvar Whatsapp vasitəsilə ona qarajda olan bir necə “UAZ” markalı avtomobillərin şəkillərini ataraq, həmin avtomobillərdən istəyib istəmədiyini soruşmuşdur. Avtomobillərin şəkillərinə baxaraq, axtardığı avtomobillərdən olmasını görmüşdür. Ümüdvar ona avtomobilin hərracda 3500 manata satıldığını, bundan başqa ilkin olaraq depozit kimi 500 manat, avtomobilin sənədləşməsi üçün 500 manat və ona hörmət kimi isə 200 manat verməli olduğunu demişdir. Bir avtomobilin ona beş min manata başa gələcəyini hesablamışdır. Avtomobilin ucuz qiymətə gəldiyini düşünüb iki ədəd “UAZ” markalı avtomobil almaq qərarına gəlmişdir. Ümüdvarın dediklərinə inandıqdan sonra tanışı Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs2 Abşeron rayonunda olduğunu bildirmişdir. O, Ümüdvara verməsi üçün pulu ona döndərəcəyini demiş və 1020 manatı Məmmədin kartına göndərmişdir. Məmməd 30 yanvar 2021-ci il və 31 yanvar 2021-ci il tarixlərdə qəbz şəkilləri çəkib ataraq Ümüdvarın dediyi karta hər dəfə 500 manat olmaqla, cəmi, 1000 manat göndərməsini bildirmişdir. Pul Ümüdvarın dediyi karta göndərildikdən sonra, o, bir ay ərzində maşınların alınacağını bildirmişdir. O, fevral ayının sonuna kimi gözləmişdir. Ayın sonunda Ümüdvar ilə əlaqə saxlamışdır. Ümüdvar müxtəlif bəhanələr gətirərək gözləməyini istəmişdir. Lakin Ümüdvar ona söz verdiyi kimi avtomobilləri almamışdır. Hazırda təqsirləndirilən şəxs onun pulunu qaytarmış, ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də onu bağışlamışdır və ona cəza verilməsini istəmir. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs 6-7 il bundan əvvəl Bakı şəhərində Zərərçəkmiş şəxs2 yük avtomobillərinin sürücüsü kimi tanımış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu, Çanaqçı kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır, onunla dostluq münasibətləri var. 26 fevral 2021-ci il tarixdə dostu Zərərçəkmiş şəxs2 ona zəng vuraraq, Təqsirləndirilən şəxs onun üçün hərracdan “Howo” markalı yük avtomobil alacağını vəd etdiyini bildirmiş və ondan 4000 manat borc istəmişdir. O, etiraz etməmiş və Zərərçəkmiş şəxs2 xahişi ilə həmin məbləği Gədəbəy şəhərinin mərkəzində yerləşən “Fərid” supermarketdə olan “Milliön” ödəmə sistemi vasitəsi ilə Məmmədin ona göndərdiyi və Ümdüvarın kartı olduğunu bildirdiyi hesaba göndərmişdir. Pulu göndərdikdən sonra Məmmədin özünə bu barədə məlumat vermişdir. Pul göndərməsi barədə qəbzi isə özündə saxlayıb Məmməd ilə görüşən zaman ona vermişdir. Bundan, təxminən, iki ay sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun aldatdığını, “Howo” markalı avtomobili almadığını və onun 6000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olaN xx.xx.2021-ci il tarixdə Kapital bank ASC-dən daxil olmuş 17 avqust 2021 -ci il tarixli 157000/2-4127 nömrəli məktubla daxil olmuş 1 ədəd diskə baxış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 4169 74** **** 8484 nömrəli plastik kart üzrə Kapital bank ASC- nin ATM nəğdləşdirmə əməliyyatların aparılması ilə bağlı görüntülər və ödəniş kartı üzrə çıxarış mövcuddur. Əlavə edilmiş çıxarış xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənişləri əks etdirir. Çıxarışda 4169 74** **** 8484 saylı kartda ölkə ərazisində yerləşən ödəmə sistemlərin müxtəlif məbləğlərdə pul vəsaitinin daxil olması həmin pul vəsaitlərinin Kapital bank ASC-nin respublika ərazisində yerləşən ATM-lər vasitəsi ilə nəğdləşdirildiyi görünür. Ümumilikdə qeyd edilən dövr ərzində karta 8,482 manat mədaxil olduğunu qeyd edilmişdir. Əlavə edilmiş diskdə olan görüntülər foto şəkil formatında olmaq ilə xx.xx.2021 -ci il tarixdə, xx.xx.2021 -ci il tarixdə və xx.xx.2021-ci il tarixdə olan nəğdləşdirmə əməliyyatları əhatə edir. Diskdə olan görüntülərdə həmin karta olan pul məbləğlərini Təqsirləndirilən şəxs Kapital bank ASC-nin ölkə ərazisində olan müxtəlif şəhər və rayonlarında olan ATM-dən günün müxtəlif saatlarında müxtəlif miqdarlarda nəğd şəkildə əldə etməsi görünür. Diskə baxış zamanı Təqsirləndirilən şəxs 4169 74** **** 8484 nömrəli plastik kartda olan pulları nəğd şəkildə ələ keçirən zaman qeydə alınmış bir neçə fotoşəkil protokola əlavə edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 istifadəsində olan “Samsung Galaxy A 51” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində olan yazışmalara baxış haqqında protokoldan görünür ki, Əkbər Məmmədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X4 yazılan şəxsin arasında ilk dəfə xx.xx.2021-ci il tarixdə mesaj yazışması olduğu, həmin tarixdə Əkbər Məmmədovun həmin şəxsə şəxsiyyət vəsiqəsinin şəkilini atması, Təqsirləndirilən şəxs isə ona Kapital bank ASC-nin bank kartının şəkilini atması görünür. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Əkbər Məmmədova müxtəlif markalı avtomobillərin şəkilini atması, bundan başqa ona müddəti 01:08 dəqiqə davam edən video atdığı görünür. Həmin videoda Təqsirləndirilən şəxs bir necə yük avtomobili olan bir yerdə olması Əkbər Məmmədova həmin avtomobillərin 3 ədədinin “HOWO” markalı olmasını, həmin avtomobillərdən başqa markalı yük avtomobilləri olmasını deyir. xx.xx.2021-ci il tarixdə olan yazışmada Zərərçəkmiş şəxs2 özünə məxsus şəxsiyyət vəsiqəsinin şəklini və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına göndərilmiş 500 manat pulun çekinin şəkilini atması görünür. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs avtomobilin videosunu göndərməsini xahiş etdiyi, Təqsirləndirilən şəxs səsli mesajlar vasitəsi ilə cavab verdiyi görünür. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hansı tarixdə göndərdiyi **-JN-***, 90- JT-215, **- JT-***, **-JZ-*** və **-JN-*** dövlət nömrə nişanlı “UAZ” markalı avtomobillərin hərrac vasitəsi ilə alacağı barədə vədlər verdiyi, avtomobilləri ala bilmədikdə isə ondan aldığı pul məbləğini geri qaytaracağı barədə vədlər verərək vaxt istəməsi görünür. Yazışmaların foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli **********03 saylı məktubundan görünür ki, ** JN ***, ** JT ***, ** JT ***, ** JZ *** və ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillərin mərkəz tərəfindən keçirilən hərraclarda satılmadığı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hərraclardan iştirak etmək üçün müraciəti daxil olmadığı qeyd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə arasında heç bir formada bağlılığın olmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəxsiyyət Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları Alışov Əsəd 16 aprel 2012-ci, Alışov Şahlar isə 24 noyabr 2014-cü il tarixdə doğulmuşlar. İşdə olan Salyan RİHB-nın Şorsulu Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə edilir. İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı tam ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2023-cü il tarixə qədər tutulduğu üçün Gədəbəy RPŞ-nin MSY-də saxlanılmış, 15 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixə qədər həbsdə olmuşdur. Azərbaycan Respublikası CM-nin 178.1; 178.2.2. və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar olaraq, xeyli miqdarda ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Çanaqçı kənd sakini Zərərçəkmiş şəxs2 ilə Abşeron rayonu, Qobu qəsbəsində görüşüb sonuncuya "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərraca çıxardığı “Howo” yük markalı avtomobilini almaq üçün hərrəcda iştirak etmək məqsədilə beh kimi 6000 (altı min) manat pul ödəməsi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs2 inandıraraq, sonuncudan hissə-hissə, yəni xx.xx.2021-ci il tarixdə adına olan "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat, xx.xx.2021-ci ıl tarixdə "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində görüşərək 1000 (bir min) manat, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 4000 (dörd) manat pul göndərilməsini tələb edərək, ümumilikdə, qeyd edilən dövr ərzində 6000 (altı min) manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Salavyanka kənd sakini Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərraca çıxardığı 02 ədəd “UAZ” markalı avtomobili almaq üçün hərrəcda iştirak etmək məqsədilə hər bir avtomobilə 500 (beş yüz) manat olmaqla cəmi, beh kimi 1000 (bir min) manat pul ödəməsi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs1 inandıraraq, sonuncunun tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat və xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-ə məxsus bankomat kartına “Milliön” ödəmə terminalı vasitəsilə 500 (beş yüz) manat pul göndərilməsini tələb edərək, ümumilikdə, qeyd edilən dövr ərzində 1000 (bir min) manat pulunu ələ keçirməklə dələduzluq etmiş və bununla Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmişlərlə barışıq əldə etməsini və cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq, tamamilə ödəməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın qəti müddətini müəyyən edərkən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci ildən 15 noyabr 2021-ci il tarixədək tutulmasınən və 15 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək həbsdə olmasının nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd videogörüntü olan diskin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1; 197.1.4; 198.1. və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən alınaraq,dövlət büdcəsinə köçürülməklidir. Hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək tutulması və 15 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək həbsdə olması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Əsdəxan oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə 03 ədəd disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar