Məhkəmə qərarları › İş №1(042)-10/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-10/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-10/2024 01.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada vəkillik fəaliyyəti göstərən Müdafiəçi işrakları ilə, xx xxxxx 1996-cı il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, Daşkəsən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkən, işləməyən, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan, barəsində 08 sentyabr 2023-cü il tarixdən ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, 25 iyun 2023-cü il tarixdə təxminən, saat 03 radələrində Gəncə şəhəri, Hərbi şəhərcik DOS 38 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ-21074 minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı binanın həyətindən sahibinin iradəsinə zidd olaraq, avtomobilin mühərrikini işə salmaq yolu ilə idarə edib Gədəbəy rayonu, Söyüdlü kəndinə gətirməklə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən, 10 iyul 2023-cü il tarixdə təxminən saat 23 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan bacısı oğlu Şahid1gilə qonaq gəlmiş Zərərçəkmiş şəxs2 mülkiyətində olan VAZ-21214 minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq, avtomobilin mühərrikini işə salıb həmin ərazidən idarə edərək, uzaqlaşdırıb Şəmkir rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X32 İdarəsinin Yol Patrul Xidməti Alayının 724 saylı postuna aparmaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən, 21 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndindən Zərərçəkmiş şəxs3 mülkiyyətində olan VAZ-2101 minik markalı, **-DR-*** qeydiyyat nömrə nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq, avtomobilin mühərrikini işə salıb həmin ərazidən idarə edərək, uzaqlaşdırıb Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən “Nazik su” adlanan yerə gətirməklə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, 25 iyun 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayonunda dostu Elman adlı şəxslə birlikdə araq içmiş, daha sonra kafeyə pivə içməyə getmişdir. Pivə içdikdən sonra taksi ilə Şəmkir rayonuna getmişdir. Orada əvvəllər işlədiyi “Abi” otelinə keçmiş iş yoldaşları ilə görüşməyə getmişdir. Lakin ora bağlı olduğu üçün Gəncə şəhərinə Hərbi Şəhərcikdə yaşayan qaynatası Bağırov Niyazinin evinə gəlmişdir. Qapını döymüş, qapını açan olmadığı üçün geri qayıtmaq istəmiş, qaynatasının evindən təxminən 50-100 metr uzaqlıqda yerləşən binanın qarşısında dayanmış, qırmızı rəngli VAZ-2107 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşını görmüş, avtomaşına yaxınlaşmış, maşının arxa sol tərəf qapısının açıq olduğunu görmüşdür. Maşının arxa qapısını açdıqdan sonra sürücü tərəf qapısını da açmışdır. Maşına əyləşib qoltuqaltı hissəsini yoxladıqda orada açar olduğunu görmüşdür. Həmin açarı götürüb maşını işə salmışdır. Daha sonra həmin avtomobilin dövlət nömrə nişanlarını çıxararaq, yaşadığı Gədəbəy rayonunun Söyüdlü kəndinə getmiş, evə gedib yatmışdır. Günorta saat 2-3 arası polis əməkdaşları yaşadığı evə gəlib onu Gədəbəy Rayon Polis Şöbəsinə aparmışlar. Avtomobili qaçırmaqda məqsədi qalmağa yeri olmadığı üçün evinə getmək olmuşdur. Həmin avtomobilin kimə məxsus olmasını bilməmiş, həmin vaxt tək olmuşdur. Bundan başqa, 10 iyul 2023-cü il tarixdə yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndində spirtli içki içib sərxoş olmuşdur. Sərxoş halda Gədəbəy şəhəri “dairəvi yol” adlanan yerə gəlib orada olan kafelərdən birində əlavə olaraq 5 bakal pivə içmiş və Söyüdlü kəndinə geri qayıtmışdır. Yaşadığı evdə nənəsi X5 və babası X1 içki içdiyinə görə onunla münaqişə yaratmışlar. Əsəbləşib Söyüdlü kəndində yaşayan xalası İradənin evinə gedərkən saat 23 radələrində yolda həmkəndlisi Ruslanın evinin qarşısında ağ rəngli **- BE-*** dövlət nömrə nişanlı Niva markalı avtomobilin olduğunu gördükdə həmin avtomobili qaçırmaq fikrinə düşmüşdür. Avtomobilin qapıları açıq, açarı avtomobilin içərisində olmuşdur. Avtomobilə əyləşib Gəncə şəhərinə yola düşmüşdür. Övladları ilə birlikdə həyat yoldaşı X3 şəhərində atasının evində olduğu üçün Gəncə şəhərinə gedib həyat yoldaşı və övladları ilə görüşmək qərarına gəlmişdir. Ona görə də ağ rəngli **-BE-*** dövlət nömrə nişanlı Niva markalı avtomobili qaçırıb Gəncə şəhərinə getmişdir. Yolun Gədəbəy rayonu Xarxar kəndi ərazisindən keçən hissəsində avtomobilin sürətini azaltmaq istəsə də, bu mümkün olmamış və avtomobili yolun sağ kənarında olan taxta hasara vurmuşdur. Həmin vaxt sərxoş olduğu üçün avtomobili konkret olaraq hansı surətlə idarə etdiyini xatırlamır. Sonra yoluna davam edib Bakı-Qazax avtomagistralının üzərində yerləşən YPX-nin Şəmkir Postuna qədər getmişdir. Postda onu polis əməkdaşları saxlatdırdıqa sərxoş olduğunu onlara bildirmişdir. Avtomobilin isə bir tanışının olduğunu bildirmişdir. Ona görə də polis əməkdaşları avtomobili duracağa yerləşdirmişlər. Oradan yol maşını ilə Gəncə şəhərinə qaytanası Niyazi Bağırovun evinə gedib həmin gecəni orada qalmışdır. Növbəti gün isə Bakı şəhərinə anası X2 evinə gedib bir gün orada qalmış və polislərin onu axtardığını bilib Gədəbəy rayonuna geri qayıtmışdır. **-BE-*** dövlət nömrə nişanlı Niva markalı avtomobili qaçırmaqda məqsədi Gəncə şəhərinə ailəsinin yanına getmək olmuşdur. Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Şahid2 və onun arvadı Zərərçəkmiş şəxs3 tanıyır, həmkəndliləridir, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 21 iyul 2023-cü il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan dayısı X7 evində ikisi bir litr araq içmişlər. Oradan piyada kəndin Mollalı adlanan hissəsində yerləşən evlərinə piyada gələn zaman kənd ərazisində yerləşən “Qarabulaq” adlanan yerdə həmkəndliləri Sərxan Hüseynovun, Asəf Kərimovun, Elsevər Alıyevin və adları yadında qalmayan şəxslərin dayanmasını görmüşdür. Həmin şəxslərin içərisində tanıdığı X15 “ maşın götürüb sürəkmi” demişdir. Elsəvər ilkin olaraq onun ilə razılaşsa da, sonrada orada olan Sərxan, Asəf və adlarını dəqiq bilmədiyi şəxslər ilə birlikdə ona məlum olmayan istiqamətdə getmişdirlər. Həmkəndliləri Şahid2 yaşadığı evin qarşısından kənd mərkəzi istiqamətində getmişdir. Saat 23 radələrində Şahid2 evinin həyətində işıq yandığı üçün onun evinin həyətində olan qırmızı rəngli VAZ markalı avtomobili görmüşdür. Sərxoş olduğu üçün həmin avtomobili idarə etmək istəmişdir. Evin həyətinin girişində olan darvazanı açaraq, evin həyətinə daxil olmuşdur. Avtomobilin sürət ötürücüsünü neytral hala gətirib avtomobili itələyib həyətdən küçəyə çıxarmışdır. Avtomobili çıxardıqdan sonra evin darvazasını bağlamışdır. Avtomobilin sükanı arxasına əyləşib avtomobilin işə salınması üçün olan naqillərinin üzərini açaraq avtomobilin mühərrikini işə salıb avtomobili bir neçə kilometr təxminən 10 dəqiqə kənd içərisində sürmüşdür. Avtomobili idarə edən zaman mühərrik sönmüşdür. Avtomobili geri Şahid2 yaşadığı evə aparmaq istəsə də, mühərrik işə düşməmişdir. Avtomobili işə salan zaman avtomobilin işıqları yanmadığı üçün avtomobilin akulmuyatorunda enerjinin qutarmasını başa düşmüşdür. Akulmuyator götürmək üçün əvvəllər qonşuluqda işlədiyi X8 yaşadığı evin həyətinə daxil olmuşdur. Nizami Həsənovun avtomobili harada saxladığını bildiyi üçün evin həyətində olan qaraja daxil olaraq yaşıl rəngli VAZ-2121 markalı avtomobilin mühərrik yerini açaraq orada olan bir ədəd markasını xatırlamadığı akulmuyatoru oradan çıxarmışdır. Akulmuyatoru əlində təxminən 500 metr piyada Şahid2 avtomobilini saxladığı “Nazik su” adlanan yerə aparmışdır. Akulmuyatoru avtomobilin üzərinə qoyaraq avtomobili işə salmaq istəsə də mühərrik işə düşmədiyi üçün yenidən Şahid2 avtomobilinin akulmuyatorunu yerinə bağlamışdır. Nizami Həsənovun akulmuyatorunu isə avtomobilin içərisinə ön sağ tərəfə ayaq altına qoymuşdur. Avtomobilin mühərrikinin işə düşmədiyini görüb avtomobili kəndin Nazik su adlanan yerində qoyaraq piyada yaşadığı evə getmişdir. Şahid2 evinin həyətindən avtomobili Nizami Həsənovun yaşadığı evin qarajından avtomobilin üzərindən akulmuyatoru çıxaran zaman ona heç bir kənar şəxs və ya şəxslər kömək etməmişdir. Şahid2 avtomobili götürməkdə niyyəti avtomobili kənd ərazisində bir qədər idarə etmək olmuşdur. Avtomobili kənd ərazisində idarə etmək üçün götürmüş və idarə etdikdən sonra avtomobili kənd ərazisində yerləşən Nazik Su adlanan yerdə qoyaraq getmişdir. Şahid2 yaşadığı evin həyətindən avtomobili götürməkdə niyyəti avtomobili talamaq olmamışdır. Törətdiyi əməllərdən peşmandır. Ona görə də himayəsində iki azyaşlı uşağının olmasını və bu əməli törətməsindən peşman olmasının nəzərə alınmasını, zərərçəkmişlərə vurduğu zərəri ödəməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. **-BE-*** dövlət nömrə nişanlı VAZ 21214 minik markalı avtomobil ona məxsusdur. Həmin avtomobili 01 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kənd sakini X6 etibarnamə ilə almışdır. 10 iyul 2023-cü il tarixdə saat 22 radələrində həmin avtomobili Gədəbəy rayonu, Söyüdlü kəndində bacısı oğlu Şahid1 yaşadığı evin qarşısında küçədə saxlayıb yaşadığı Maarif kəndində getmişdir. 11 iyul 2023-cü il tarixdə saat 07 radələrində Ruslan İbrahimli ona zəng edib avtomobilin saxladığı yerdə olmadığını, oğurlandığını bildirmişdir. Sonradan avtomobilin Gədəbəy rayonu, Söyüdlü kənd sakini Təqsirləndirilən şəxs qaçırdığını bilmişdir. Onunla əvvəllər heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən onu zədələmişdir. Təqsirləndirlən şəxs ona dəymiş zərəri aradan qaldırmışdır. Ondan şikayəti və ya başqa tələbi yoxdur. Məhkəmə iclasında elan edimiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, FHN-nin Gəncə regional mülki müdafiə qoşunlarında işləyir. **-GE-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobil özünə məxsusdur. Bu maşını işə gedib gəlmək üçün istifadə edir. xx.xx.2023-cü il tarixdə işdən çıxaraq həmin avtomaşını ilə Hərbi şəhərcikdə yaşadığı evə gəlmişdir. Maşını əvvəlcə evin yaxınlığında yerləşən çayçının qarşısında saxlamışdır. Gecə saat 12:00-dək həmin çayçıda domino oynamışdır. Daha sonra saat 23:40 radələrində maşını çayçının qabağından işə salaraq, yaşadığı fərdi yaşayış binasının qarşısına sürmüşdür. Maşını binanın qarşısında saxlayıb, qapılarını kilidləyib, evə getmişdir. Gecə saat 2-ə qədər televizora baxıb daha sonra yatmışdır. Sabah tezdən saat 11-ə qalmış oğlu onu yuxudan oyadaraq, avtomobilin olmamasını bildirmişdir. Evin qarşısına çıxan zaman avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Təxminən 15-20 dəqiqə maşını hərbi şəhərciyin ərazisində axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Heç kimdən şübhələnmir, heç kimlə ədavəti olmamışdır. Məhkəmə iclasında elan edimiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23 mənzil 129-da qeydiyyatda olsa da, yay aylarında mövsüm ilə əlaqədərar olaraq əri Şahid2 ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində yaşayır. VAZ-2101 minik markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Avtomobili xx.xx.2023-cü il tarixli ƏN Vİ № 495601 seriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə əsasında əri Şahid2 BC kateroqriyalı BB 232758 seriya nömrəli sürücülük vəsiqəsi ilə idarə etmişdir. Həmin avtomobili gündəlik olaraq idarə edilən avtomobildir. İşləri ilə əlaqədar olaraq Bakı şəhərinə gedib-gəlmiş, bəzən isə orada qalmışdır. 22 iyul 2023-cü il tarixdə işləri ilə əlaqədar olaraq Bakı şəhərində olan zaman əri Şahid2 ona zəng edərək, evilərinin birinci mərtəbəsində yerləşən qaraj kimi istifadə etdikləri yerdən VAZ-2101 minik markalı, **-DR- *** dövlət nömrə nişanlı avtomobilin oğurlanmasını və buna görə də DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Əri Şahid2 ona həmin avtomobilinin kimin tərəfindən aparılmasını bilmədiyini bildirmişdir. Həmin günü axşam saatlarında əri Şahid2 ona zəng edərək avtomobili həmkəndliləri Təqsirləndirilən şəxs qaçırmasını və avtomobili polis əməkdaşları tərəfindən tapılaraq ona təhvil verildiyini, avtomobilə 30 manat maddi ziyan dəydiyini bildirmişdir. Orxanın onların evin həyətinə necə daxil olması və avtomobili evin həyətindən avtomobili necə çıxarması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri,Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23 mənzil 129-da qeydiyyatda olsa da, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmir təqaüdçüdür. VAZ-2101 minik markalı ** DR *** dövlət nömrə nişanlı avtomobil arvadı Zərərçəkmiş şəxs3 Qafaq qızına məxsusdur. Həmin avtomobili sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə əsasında idarə edir. 21 iyul 2023-cü il tarixdə avtomobil ilə rayon ərazisində müxtəlif yerlərə gedib gəlmişdir. Axşam saatlarında avtomobili evin həyətində evin birinci mərtəbəsində aynabəndin altında qaraj kimi istifadə etdiyi yerdə saxlayıb akulmuyatorundan gedən müsbət gərkinlik xəttini aralamış, avtomobilin qapılarını və pəncərəsini bağlamışdır. 22 iyul 2023-cü il tarixdə saat 06 radələrində yuxudan oyanıb həyətə düşmüşdür. Həyətdə olan zaman avtomobilin yerində olmadığını, həyətin darvazasının bağlı olmasını görmüşdür. Avtomobili saxladığı yerə yaxınlaşan zaman avtomobilin sağ arxa tərəfinin işığının üzlüklərinin qırıqlarının yerdə olmasını görmüşdür. Bundan sonra avtomobilimin qaçırılması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, ərizəni qəbul etmiş, hadisə yerinə baxış keçirmişdirlər. Həmin günü polis əməkdaşları avtomobilimin yaşadığı kəndin ərazisində “Nazik Su” adlanan yerdə aşkar edildiyini bildirmişlər. Onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol arxa tərəfinin əzilməsini, avtomobilin salonunda ola elektrik naqillərinin üzlüyünün sındırılaraq çıxarılmasını və avtomobilin salonunda bir ədəd “ESAN” markalı akulmuyatorun olmasını aşkar etmişlər. Avtomobilə baxış zamanı avtomobilə təxminən 30 manat maddi ziyan dəyməsini müəyyən etmişdir. Həyat yoldaşının bu iş üzrə təqsirləndirlən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir təqaüdçüdür. VAZ-2121 minik markalı ** BB *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili BC kateroqriyalı BC 306725 seriya nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. 21 iyul 2023-cü il tarixdə avtomobil ilə rayon ərazisində müxtəlif yerlərə gedib gəlmiş, saat 22 radələrində avtomobili evə bitişik yerləşən qaraj kimi istifadə etdiyi yerdə saxlayıb qarajın qapısını örtüb rəzəsini örtmüşdür. 22 iyul 2023-cü il tarixdə saat 10 radələrində arvadı X18 RMX-na aparmaq istəmişdir. Qaraja avtomobili çıxarmaq üçün gedən zaman qarajın dəmirdən olan qapısının arasının açıq olmasını görmüş, qaraja nəvələrinin girib çıxamasını güman edərək əhəmiyyət verməmişdir. Avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salmaq istəyən zaman avtomobildə elektrik olmadığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün avtomobilin mühərriki olan yeri açan zaman avtomobilin üzərində olan 3 il bundan əvvəll 150 manata aldığı, Türkiyə Respublikasında “Esan” firmasında istehsal olunmuş akulmuyatorun yerində olmadığını müəyyən etmişdir. Bu barədə oğlu Natiqə bu barədə məlumat vermiş, oğlu Natiq DİN-nin 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Avtomobili saxladığı qarajın qapısı mütəmadi olaraq bağlı olur. 21 iyul 2023-cü il tarixdə də avtomobili qaraja saldıqdan sonra qapını bağlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X9 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Şahid2 və X10 həmkəndliləridir, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 21 iyul 2023-cü il tarixdə saat 22 radələrində Gədəbəy rayon Söyüdlü kəndində kənd Poçtunun yaxınlığında yerləşən “Qara Bulaq” adlanan yerdə Elsevər, Fəxrəddin, Təhmin və Ziya birlikdə söhbət etmişdir. Bir qədər sonra oraya Orxan və Asəf gəlmişlər. Orxan və Asəf yanlarına gələn zaman Orxanın içkili olduğunu və ayaq üstə dura bilmədiyini görmüşdür. Asəfə Orxanı içki halda nə üçün onların yanına gətirdiklərini soruşmuşdur. Asəf onlara Orxanı onun gətirmədiyini, kənd mərkəzindən gələn zaman Orxanın onun arxasınca gəlməsini bildirmişdir. Bundan sonra Orxan onun qolundan tutaraq onu biraz kənara çəkmişdir. Orxan Asəfin yanında içkili halda maşın var gedək qaçıraq demişdir. Sərxan Orxana bizlik deyil, biz maşın qaçıran deyilik deyib ondan kənarlaşdırmışdır. Orxan Asəf və onun ondan aralandığını görüb yenidən onların yanına gəlmişdir. Hamısına müraciət edərək “mənim ilə kim gələ bilər” demişdir. Orxana burada o işlə məşğul olacaq adam yoxdu demişdir. Orxan onlara “kişi deyilsinizmi siz “ demişdir. Ziya Orxana içkilisən kişilik oğurluqla ölçülmür deyib ondan getməsini istəmişdir. Həmin vaxt anası Xəyalə onların yanına gəlib onu evə dəvət edib qalan uşaqlarada evə getməsini bildirmişdir. Orxan içkili olduğu üçün nə danışdığını bilməmişdir. Ziya isə Orxanı kənara çəkib sakitləşdirməyə çalışmışdır. Anası Xəyaləni yaşadığı evə qoyub geri qayıdan zaman Ziya onun qabağına gəlmişdir. Ziya ilə birlikdə uşaqların yanına gələn zaman Orxan yenidən onların yanına gəlib onlar ilə birlikdə dayanmış Elsevəri kənara çəkib ona “maşın var gedib onu gətirək” demişdir. Elsevər Orxana “ bu gün çox icmisən get evinizə yat sabah nə istəsən edərsən” demişdir. Orxan onlara dediklərini başqa şəxslə deyəcəkləri halda ünvanlarına nalayiq ifadələr işlətmişdir. Orxanın içkili halda artıq danışığını bilmədiyini görüb ona evinə getməsini bildirdib onu orada qoyub kənd mərkəzi istiqamətində qalxıb Asəf adlı şəxsin mağazasına gedib oradan su və günəbaxan tumu alıb arxa yol ilə yaşadıqları ev istiqamətdin də getmişdirlər. Orada hər biri öz evlərində getmişdir. “Qara Bulaq” adlanan yerdə Fəxrəddini yaşadığı evə yola salmışdırlar. Fəxrəddini yola saldıqdan sonra qonşuluqda qalan Elsevər ilə yaşadığı ev istiqamətində getmişdir. Korlar məhləsinin ayaq hissəssində Nazik su adlanan yerdə dərəlikdə bir ədəd markasını bilmədiyi avtomobil olmasını görmüşlər. Həmin avtomobilin kimin olmasını soruşan zaman Elsevər avtomobilin kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. Səhər saatlarında işləmək üçün gedən zaman Nazik su adlanan yerdə bir ədəd qırmızı rəngli VAZ markalı avtomobilin olmasını görmüşdür. Nizami Həsənov qonşusudur, onun avtomobilinin akulmuyatorunun oğurlanmasından heç bir məlumatı yoxdur. Şahid2 həmkəndlisi olsa da, heç bir münasibəti olmamışdır. Onun avtomobilinin hansı şəraitdə oğurlanmasını bilmir. Nazirk su adlanan dərə gördüyü avtomobil qırmızı rəngli olsa da,avtomobilin dövlət nömrə nişanına dəqiq olaraq fikir verməmişdir. Avtomobilin Şahid2 avtomobili olmasını dəqiq bilmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekpstertiza Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli 9/6621 nömrəli Rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə “ Gədəbəy rayonu DTNX” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli texniki müayinə aktına əsasən 2012-ci il buraxılışlı, “VAZ-21214” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1360,0 manat müəyyən edilir.

2. Respublikası şəhərlərində yerləşən avtobazarlarda, internte saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərardə və fotoşəkillərdə göstərilən 2012-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin normal vəziyyətdə 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 9000, 0 manat müəyyən olunur. 3. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Gədəbəy rayon DTNX” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü ul il tarixli texniki müayinə aktına əsasən 1975-ci il buraxılışlı, “ VAZ-2101” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 118,0 manat müəyyən edilir.4. Respublika şəhərlərində yerləşən avtomobil bazarlarında, internte saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərardə və fotoşəkillərdə göstərilən 1975-ci il buraxılışlı, “VAZ-2101” markalı, 10 DR-357 dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2000, 0 manat müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekpstertiza Mərkəzinin 28 iyun 2023-cü il tarixli 9/5998 nömrəli Rəyindən görünür ki, 01 ədəd “ ESAN” markalı 12 V 60 Ah 510 A nömrəli akkulmuyatorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40 manat müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyin “ Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi" Publik hüquqi şəxsin 19 sentyabr 2023-cü il tarixli 600 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərkətlərini idarə etmək iqdtiqadırında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir.Təqsirləndirilən şəxs əmləli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023cü il tarixdə Daşkəsən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 1(030)- 01/2023 saylı Hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 11 yanvar 2024-cü il tarixli nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 ili 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, təyin edilmiş cəzanın 04 ay 14 gününü çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 08 ay təşkil edir. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs övladları X12 25 oktyabr 2017-ci il tarixdə, X20 12 fevral 2022-ci il tarixdə doğulmuşlar. İşdə olan Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X21 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 185.2. və 185.2.2-ci maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə təxminən, saat 03 radələrində Gəncə şəhəri, Hərbi şəhərcik DOS 38 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ-21074 minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı binanın həyətindən sahibinin iradəsinə zidd olaraq, avtomobilin mühərrikini işə salmaq yolu ilə idarə edib Gədəbəy rayonu, Söyüdlü kəndinə gətirməklə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən, 10 iyul 2023-cü il tarixdə təxminən saat 23 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan bacısı oğlu Şahid1gilə qonaq gəlmiş Zərərçəkmiş şəxs2 mülkiyətində olan VAZ-21214 minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq, avtomobilin mühərrikini işə salıb həmin ərazidən idarə edərək, uzaqlaşdırıb Şəmkir rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X32 İdarəsinin Yol Patrul Xidməti Alayının 724 saylı postuna aparmaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən, 21 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndindən Zərərçəkmiş şəxs3 mülkiyyətində olan VAZ-2101 minik markalı, **-DR-*** qeydiyyat nömrə nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq, avtomobilin mühərrikini işə salıb həmin ərazidən idarə edərək, uzaqlaşdırıb Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən “Nazik su” adlanan yerə gətirməklə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4.; 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmişlərə dəymiz ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini, təqsirini etiraf etməsini və səmimi peşman olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cəzanı yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, himayəsində iki azyaşlı övladının olması, zərərçəkmişlərə dəymiz ziyanı ödəməsi və onlarla barışıq əldə etməsi, təqsirini etiraf etməsi və səmimi peşman olması, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yəni, Təqsirləndirilən şəxs Ramin oğluna təyin edilmiş cəza Daşkəsən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1il 8 ay müddəti ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli və onun 23 iyul 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixə qədər həbsdə və həmin tarixdən isə ev dustaqlığında olması nəzərə alınmaqla üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış nəqliyyat vasitələrinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 100 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 6 ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Daşkəsən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1il 8 ay hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona 03 il müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 ay 09 günün bir günü aazadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 01 il 18 gün təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasından çıxılaraq və üzərində qəti olaraq, 01 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasının müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış avtomobillərin zərərçəkmişlərə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar