Məhkəmə qərarları › İş №1(042)-11/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-11/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-11/2021 18.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Gədəbəy rayonu, Gər-gər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşaq olan, işsiz, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 2 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasının çəkilməsi himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü azyaşlı uşağı on dörd yaşına çatanadək təxirə salınmış, Gədəbəy rayonu,Gərgər kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, Hacılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Əyridərə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə gecə Gədəbəy rayonu, Hacılar kəndində yaşadığı evinə qonaq gəlmiş qohumu Zərərçəkmiş şəxs məxsus gödəkcənin cibindən 950 manat pulu və qiyməti 220 manat olan bir ədəd qaşlı qızıl üzüyü gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, əri X15, 2 yaşlı uşaqları, qaynatası X12, qaynanası X2 və qaynatasının bacısı X8 ilə birlikdə Gədəbəy rayonu, Hacılar kəndində yaşayır. Gədəbəy rayonu, Hacılar kəndində yaşayan Zərərçəkmiş şəxs onun əri Aminin əmisi Qaranın arvadıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində qohumları Zərərçəkmiş şəxs onlara qonaq gəlmiş, əynində olan gödəkçəni soyunub otaqda çarpayının üstünə qoymuş, özü isə başqa otağa keçərək orada olan ailə üzvləri ilə söhbət etmişdir. Saat 20 radələrində Elmiranın gödəkçəsinin sağ yan cibinə baxıb əskiyə bükülü bir cüt qulaq tənəsi, bır ədəd qızıl üzük, 2 ədəd pul kartı və 2500 manat pulun olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ondan şübhələnməməsi üçün qızıl-zinət əşyalarının içərisindən seçib bir ədəd üzərində ağ rəngli qaşları olan qızıl qadın üzüyünü və pulun üstündən isə doqquz ədəd yüz manatlıq və bır ədəd əlli manatlıq olmaqla cəmi 950 manat pul götürmüş, həmin əşya və pulu evində gizlətmişdir. Elmiragil onlarda yatıb qalmış, xx xxxxxx 2020-ci il tarixdə saat 5 radələrində Elmira durub gödəkçəsini geyinib oğlu Alim ilə birlikdə öz evinə getmişdir. Həmin pulun 400 manatını və bir ədəd qızıl üzüyü anası Rənaya saxlamaq üçün vermişdir. Anası soruşduqda pulun satdıqları inəyin pulu olduğunu, üzüyün isə ona hədiyə edildiyini demişdir. Gədəbəy rayon Polis şöbəsinin X16 bölməsində onu dindirərkən isə əməlini səmimi etiraf etmişdir. Oğurladığı 950 manat Elmiraya qaytarılmış, üzüyü isə istintaqa təqdim edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, oğlu Şahid1 və qızı X13 ilə birlikdə Gədəbəy rayonu, Hacılar kənd İƏD üzrə nümayəndəliyin Sonalar kəndində yaşayır. Yaşadığı evinin damı yarasız vəziyyətdə olduğuna görə yığdığı 2500 manat pulu, ailə başçısını itirdiyinə görə verilən təqaüd kartını, müavinət üçün verilən təqaüd kartını, iki cüt qızıl sırğaları, bir ədəd qızıl üzüyü, özünün və övladlarının şəxsiyyət vəsiqələrini güllü cib dəsmalına bağlayaraq ağ rəngli selofana büküb hər zaman geyindiyi gödəkcəsinin cibində saxlamışdır. Gədəbəy rayonu, Hacılar kəndində yaşayan Təqsirləndirilən şəxs qaynı X5 gəlinidir. Lalə ilə əvvəllər aralarında ədavətləri və düşmənçilikləri olmamış, qohum kimi yaxşı münasibətləri olmuşdur. X14 yataq xəstəsi olduğuna görə səhhəti ağırlaşdığı üçün üç gün axşamlar oğlu Şahid1 ilə qaynı Musanın evinə gedib Telinin yanında qalmışlar. Qaynı gildə qaldığı vaxtlarda pulunu gödəkcəsinin cibində özü ilə aparmış, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində oğlu Alim evində olan vaxt pulları sayarkən 2500 manat pulun, 2 cüt qızıl sırğanın, 1 ədəd qızıl üzüyün yerində olduğunu yoxladıqdan sonra yenə qızılları, pulları dəsmala büküb gödəkcəsinin cibinə qoyaraq oğlu Alim ilə birlikdə qaynı Musa Əliyevin evinə getmişlər. Orada gödəkcəsini çıxarıb yataq otağında olan çarpayının üzərinə qoyub digər otağa baldızı Tellinin yanına gedib təxminən 4-5 saatdan sonra yatmaq üçün gödəkcəsini qoyduğu otağa keçmiş, həmin otaqda o, qızı Jalə, qaynı Musanın oğlu Amin Əliyev və gəlini Təqsirləndirilən şəxs yatmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində oyanıb oğlu Alim ilə evinə getmişlər. Oğlu Alim özünə kontur almaq üçün ondan pul istəmiş, dəsmala büküb gödəkcəsinin cibinə qoyduğu pulu çıxarıb oğluna vermişdir. Oğlu Alim qızılları və pulları bükdüyü parçanın içərisində üzüyün olmadığını görüb 2500 manat pulu saymış, həmin pulun 950 manatının olmadığını müəyyən etmişdir. Alimə həmişə pulu üzərində gəzdirdiyini, yalnız qaynı Musanın evinə getdiyini, orada gödəkcəsini çıxardıb qoyduğunu və pulunu Musanın evində tapa biləcəyini bildirmişdir. Alim ot biçmək üçün getdiyindən pulunu axtarmaq üçün o özü qaynı Musanın evinə gəlmişdir. Amin Əliyev və Təqsirləndirilən şəxs evdə olmamış, Laləyə zəng edib bəlkə onunla zarafat etmək məqsədi ilə pulunu götürməsini demiş, həmin vaxt Lalə and içib pulu götürmədiyini bildirmişdir. O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka bölməsinin əməkdaşları gəlib onların hamısını bölməyə aparmışlar. Lalə pulu oğurladığını əvvəl etiraf etməsə də, sonradan polis əməkdaşlarının təkidi əsasında 950 manat pulu, 1 ədəd qızıl üzüyü oğurladığını və oğurladığı 950 manat puldan 400 manatını və 1 ədəd qızıl üzüyü saxlamaq üçün anası Rənaya verdiyini, qalmış 550 manat pulu isə körpə uşağının pamperslərinin arasında gizlədiyini etiraf etmişdir. Polis əməkdaşları Rənadan 400 manat pulu və üzüyü tələb etdikdə sonuncu 1 ədəd qızıl üzüyü və 400 manat pulu polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları Lalənin yataq otağına baxış keçirib sonuncunun pamperslərin arasında gizlədiyi 350 manat pulu aşkar edərək sənədləşdirib götürmüşlər. 200 manat pulu isə Təqsirləndirilən şəxs xərclədiyi üçün tapa bilməmişlər. Zərər çəkmiş şəxs məhkəməyə ərizə verərək, onun üzüyü qaytarılarsa təqsirləndirilən şəxsdən şikayət və tələbi olmayacağını bildirmişdir. Şahid2 məhkəmə iclasında ifadəsində göstərdi ki, qardaşı X9 və nəvəsi X3 ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşamaqla fərdi əməklə məşğul olur. Gədəbəy rayonu, Hacılar kəndində yaşayan Təqsirləndirilən şəxs onun qızıdır. 2 il olar qızı Təqsirləndirilən şəxs Hacılar kənd sakini X15 ilə evlənmişdir. Lalə evləndikdən sonra onun ilk evliliyindən olan oğlu Hüseyn onunla qalır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında heç bir yerdə işləmədiyi üçün Təqsirləndirilən şəxs zəng edib “sən mənim yanımda uşaq qoymusan, heç maraqlanmırsan uşağın nə yeyib-içir” demişdir. Lalə əri Amin ilə Gədəbəy rayonu, Novo-saratovka kəndində olduqlarını, oğlu Tuncayı həkimə gətirdiklərini demişdir. O, taksi ilə Novosaratovka kəndinə gəlmiş, Aminin maşını ilə birlikdə Laləgillə getmişlər. O, Laləni bir kənara çəkib təklikdə “nə məni işləməyə qoymursan, nədə uşağının nə yeyib-içdiyi ilə maraqlanmırsan” deyərək danlamış, həmin vaxt Lalə ona hər biri yüzlük əskinaslar olan 400 manat pul və 1 ədəd ağ qaşlı qızıl qadın üzüyünü vermişdir. Lalədən pulu və üzüyü hardan əldə etməsini soruşduqda Lalə üzüyü qaynanası Səyyarənin ona verdiyini, pulu isə əri Aminin iribuynuzlu heyvan satıb əldə etdiyi pul olduğunu bildirmişdir. Sonra Zərərçəkmiş şəxs, onun ardınca isə polis əməkdaşları onları X16 bölməsinə aparmışlar. Lalə orada Zərərçəkmiş şəxs gödəkcəsinin cibindən 950 manat pulu və 1 ədəd qızıl üzüyü oğurladığını etiraf etmiş, həmin oğurladığı 1 ədəd üzüyü və pulun 400 manatını ona saxlamağa verdiyini, qalmış 550 manat pulu isə yataq otağında uşağının pamperslərinin arasında gizlətdiyim bildirmişdir. Polis əməkdaşları 1 ədəd üzüyü və 400 manat pulu tələb etdikdə pulu və üzüyü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Puldan 200 manat əskik olduğundan, həmin pulu da sonradan o istintaqa gətirib təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspert rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx xxxxxxx 2020-cı il tarixli, 6/1913-9/3620 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3,63 qram kütləli 1 ədəd üzük təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə almaqla, ekspertiza təhqiqatına təqdim olunmuş üzüyün 2020-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 220,0 manat müəyyən edilir. xx xxxxxx 2020-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs Hacılar kəndində yerləşən evinə baxış keçirilərkən sonuncunun oğurlamış olduğu və anası Şahid2 saxlamağa verdiyi 400 manat pul, 1 ədəd ağ qaşları olan qızıl üzük və Təqsirləndirilən şəxs uşaq bezlərinin arasında saxladığı 350 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün protokol əsasında götürülmüş və Təqsirləndirilən şəxs istintaq zamanı oğurladığı 950 manat puldan 750 manatını və 1 ədəd qızıl üzüyü qaytararaq sonradan qalmış 200 manat pulu könüllü istintaqa təqdim etdiyi üçün həmin 200 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyindən protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.3 və 177.2.2-ci maddələri ilə cəlb edilərək, xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lakin himayəsində olan azyaşlı uşağının 14 yaşa çatanadək cəzası təxirə salınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli, 323 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklərin qeydiyyatında durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli, 367 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliklər qeydiyyatında durmur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Təqsirləndirilən şəxs arasında nikah xx.xx.2020-ci ildə bağlanmış və 60 nömrə ilə qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 707 saylı məktubundan görünür ki, X15 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci ildə hərbi hissəyə təhvil verilmişdir. Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Diaqnostika şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 19-20 həftəlik hamilədir. Gədəbəy rayon İHB-nın Hacılar kənd İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020ci il təvəllüdlü X10 adlı uşaq vardır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Hacılar kəndində yerləşən yaşadığı evdə qonaq gəlmiş Zərərçəkmiş şəxs gödəkcəsinin cibindən 950 manat puldan və qiyməti 220 manat olan bir ədəd qaşlı qızıl üzükdən ibarət özgə əmlakını talayıb oğurluq cinayəti törətmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə caza təyin edilməsi məzələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzası himayəsində olan azyaşlı uşaq 14 yaşa çatanadək təxirə salınmışdır. Cəzaçəkmənin təxirə salındığı müddətdə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.1-ci maddəslərinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olub-olmamasına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası CPM-nin 18.4 və 18.4.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı əməli residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, cinayəti hamilə vəziyyətində törətməsi və himayəsində iki nəfər azyaşlı uşaq olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını agırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, qeyd etməyi zəruri sayır ki, onun cinayəti nəticəsində dəymiş ziyan tamamilə ödənilmişdir. O, qadındır, hamilədir və himayəsində iki azyaşlı uşaq vardır. Əməlindən peşmançılıq çəkir və maddi vəziyyəti ağır olduğu üçün belə hərəkətlərə yol verdiyini bildirir. Odur ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 79.4-cü maddəsinə əsasən, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 79.4-cü maddəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən, həmin hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə hesab edir ki, şəxsiyyəti səciyələndirən və digər diqqətəlayiq halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə, hamilə vəziyyətində, eləcə də himayəsində iki nəfər azyaşlı uşaq olduğundan Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin xx xxx 2020-ci ildə anadan olmuş X10 14 yaşına çatanadək təxirə salınması ədalətli və məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış 950 manat pul qanuni sahibində saxlanmalı, maddi sübut olaraq Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd qızıl üzük qanuni sahibinnə qaytarılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci- 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına CM-nin 68.1-1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 4 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə ona qəti olaraq 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi himayəsində olan xx xxx 2020-ci il təvəllüdlü X10 14 yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış 950 manat pul qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Maddi sübut olaraq Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd qızıl üzük qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci- 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar