Məhkəmə qərarları › İş №1(042)-11/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-11/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-11/2023 26.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Çalburun kəndində yaşayan, barəsində 25 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 yanvar 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Gədəbəy rayonu, Çalburun kəndində yerləşən yaşadığı evin həyətində anası Şahid1 əmisi oğlu Zərərçəkmiş şəxs su xətti təmirindən qalma dəmir borunu tələb etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə və münaqişə zamanı sonuncunun Şahid1 qəsdən döyərək, sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsindən əsəbləşib, Zərərçəkmiş şəxs hər iki əli ilə qulaq seyvanlarından tutaraq, çəkməklə yıxaraq onun sağlamlığına sol ayağın baş barmağının yumşaq toxumalarının və sağ qulaq seyvanın əzilməsi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərərək, göstərmişdir ki, о, Gədəbəy rayonu, Çalburun kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun özünə məxsus ərzaq mağazası vardır. Şahid2 ilə evlidir və himayəsində üç azyaşlı övladı var. Zərərçəkmiş şəxs əmisi oğludur. Zərərçəkmiş şəxsla heç bir düşmənçiliyi olmamış, lakin Zərərçəkmiş şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında ədavət olmuşdur. Zərərçəkmiş şəxs qonşusudur. Alim əvvəllər mağazadan nisyə ərzaq alıb, pulunu verə bilmədiyi üçün aralarında narazılıq yaranmışdır. Hadisədən bir neçə gün əvvəl Alim və qonşusu Mətanət onların və digər qonşuların istifadə etdiyi su xəttini təmir etdirmiş, Alim isə su xəttinin yerində olan köhnə dəmir borunu öz evinə aparmışdır. Halbuki, həmin borunu onun ailə üzvləri tərəfindən alınmışdır. Anası Şahid1 Mətanətdən borunu geri qaytarmasını tələb etmiş, Mətanət isə Alimdən borunu alıb, anası Vəzifəyə vermişdir. 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında anası Vəzifə evdə tək olarkən, Alim gəlib anasından borunu geri qaytarmasını tələb etmiş və onu nalayiq söyüşlərlə söymüşdür. Vəzifə polis çağırmış, polis əməkdaşları Alimi Gədəbəy RPŞ-ə aparmışlar. Həmin gün saat 19 radələrində evinin həyətində azyaşlı oğlu Yusiflə birgə heyvanlara yem hazırlayarkən Alim sərxoş halda onun anasını nalayiq söyüşlərlə söyərək evinin həyətinə gəlmiş, anasına yaxınlaşaraq, yumruqla sağ gözündən vurmuşdur. O, dərhal qaçıb Alimi anasından aralamışdır. Həmin vaxt oğlu Yusif yanında dayanmış, Alim Yusifə qabağından qaçmasını bildirərək təpiklə ayağından vurmuş, Yusif qışqıraraq uzaqlaşmış, bu zaman Alimin arvadı Nərmin Alimi aparmaq üçün gəlmiş, Nərmin Alimi aralayıb, evinə apararkən atası Qurban da Yusifin qışqırıq səsini eşidib gəlmişdir. Qurban Alimin sərxoş halda onları təhqir etdiyini görüb, Alimə irad bildirmiş, ancaq Qurban çatana qədər Nərmin Alimi uzaqlaşdırıb aparmış, bununla da mübahisə başa çatmışdır. O, hadisədən sonra polisin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, özü və ailə üzvləri Alimin tərəfindən döyülmələri barədə polisə ərizə ilə müraciət etmişdir. O, Alimi vurmamış, onunla süpürləşmişdir. Ola bilər ki, Zərərçəkmiş şəxs xəsarətləri süpürləşmə zamanı alsın. Lakin o, hadisə zamanı Alimi vurmamışdır. Əksinə Zərərçəkmiş şəxs onu, anası Vəzifəni və oğlu Yusifi döyüb xəsarət yetirmişdir. Hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermiş, hadisə yerində kənar şəxslər toplaşmamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, günəmuzd fəhləlik edib ailəsini dolandırır. Şahid5 əmisi, Şahid1 əmisi arvadı, Təqsirləndirilən şəxs isə əmisi oğludur. Həmin şəxslər qonşuluqda yaşayırlar. Uuzun müddətdir ki, aralarında narazılıqlar vardır. Həmin narazılıqlar torpaq sahəsinə görə və digər bu kimi səbəblərə görə baş vermişdir. 26 sentyabr 2022-ci il tarixdə evinə gedən su xəttinin dəmir borusu sındığı üçün dəmir borunun yerinə rezin boru qoyub təmir etmişdir. Həmin 6 metr uzunluğunda 32 mm diametrlik dəmir borunu isə evinə aparıb evinin arxasında saxlamışdır. 29 sentyabr 2022-ci il tarixdə səhər evinin arxasındakı dəmir borunun yerində olmadığını aşkar etmiş, borunu əmisi Qurban və ailə üzvlərindən hansısa birinin götürdüyünü başa düşüb, almaq üçün onların yaşadığı evin həyətinə getmiş, əmisini səsləmiş, ancaq onu Vəzifə qarşılamış, Vəzifəyə evinin arxasından götürdüyü borunu qaytarmasını bildirmişdir. Vəzifə borunu götürdüyünü, ancaq qaytarmayacağını söyləmişdir. Bu səbəbdən Vəzifə ilə aralarında mübahisə yaranmış, Vəzifə barəsində polisə şikayət etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, Vəzifə isə polis əməkdaşlarına borunu qaytaracağını bildirərək onun barəsində şikayətindən imtina etmişdir. Bundan sonra evinə qayıtmış, həmin gün saat 19 radələrində yenidən borunu almaq üçün Vəzifənin evinin həyətinə getmişdir. Evin həyətinə çatan vaxtı Qurban, Vəzifə və Şöhrətin həyətdə olduqlarını görmüş, Qurbandan borusunu qaytarmasını xahiş etmiş, bu zaman Şöhrət yaxınlaşıb, borunu qaytarmayacağını söyləmişdir. Şöhrətlə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şöhrət əlləri ilə hər iki qulağından çəkərək onu yerə yıxıb, başını yerə çırpmış, eyni zamanda Şöhrət və Qurban əlləri ilə başına vuraraq onu döyüb xəsarətlər yetirmişlər. Dava zamanı Vəzifə ağacla onun kürəyindən vurmuş, həm də əli ilə sifətini və burnunu cıraraq xəsarət yetirmişdir. Qurbanın evinin həyətində baş vermiş dava hadisəsini görən arvadı Nərmin gəlib həmin şəxsləri ondan aralamış, o, evinə gedib daha sonra polisə məlumat vermiş, polis əməkdaşları gəlmiş, Qurban, Şöhrət və Vəzifə tərəfindən döyülməsi barədə polisə ərizə vermiş, həm də məhkəmə-tibbi ekspertin müayinəsindən keçmişdir. Hadisə Gədəbəy rayonu, Çalburun kəndində yerləşən Şahid5 yaşadığı evin həyətində təxminən 10-15 dəqiqə ərzində baş vermiş, orada kənar şəxslər toplaşmamışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs əli ilə qulağından tutub çəkərək yerə yıxması nəticəsində onun bədən səthində sağ qulaq seyvanının əzilməsi xəsarəti yaranmış, Şahid1 ağacla kürəyindən vurması nəticəsində bel nahiyyəsinin qançırı, əli ilə burnunu cırması nəticəsində isə burun nahiyyəsinin sıyrığı xəsarətləri yaranmışdır. Hadisə zamanı Şöhrətin əli ilə qulağından çəkib onu yerə yıxması nəticəsində sol ayağının barmağının əzilməsi xəsarəti yaranmışdır. O, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid6 döyməmiş, həmin şəxslərə xəsarət yetirməmişdir. Təqsirləndirlən şəxsə qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Çalburun kəndində yaşayır, Zərərçəkmiş şəxs onun əridir. Hadisədən bir neçə gün əvvəl Alim evinə gələn su xəttini təmir etdirmiş, təmirdən sonra köhnə su borusunu evə gətirmiş, lakin Vəzifə həmin borunun vaxtilə onlar tərəfindən çəkildiyini iddia edərək, borunu özbaşına aparmışdır. 29 sentyabr 2022-ci il tarixdə səhər Alim borunu istəmək üçün Qurbanın evinə getmiş, ancaq orada Vəzifə ilə Alimin arasında mübahisə baş vermiş, Alim geri qayıtmışdır. Həmin gün saat 19 radələrində Alim işdən evə gələndən sonra yenidən borunu almaq üçün Qurbanın evinə getmiş, Alim getdikdən bir qədər sonra Qurbanın evində səs-küy eşidib, dərhal evdən çıxaraq mübahisə yerinə getmişdir. Mübahisə yerinə çatanda Qurban, Şöhrət və Vəzifənin əri Alimi yerə yıxdığını, Şöhrətin təpiklə, Vəzifənin isə əlləri ilə Alimi döydüyünü, Qurbanın isə Alimin əynindəki gödəkçəsindən çəkdiyini görmüşdür. Dərhal onlara yaxınlaşıb, Alimlə Şöhrəti aralamış, bundan sonra Alim yenə də borunu tələb etmiş, lakin Qurban və digərləri borunu verməyəcəklərini bildirmişlər. Bundan sonra Alimlə birgə evə qayıtmış, Alim hadisə barədə polisə məlumat vermişdir. Hadisə Şahid5 evinin həyətində baş verdiyi üçün orada kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında Şahid4 Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Çalburun kəndində ailə üzvləri yəni, əri Şahid5, oğlu Təqsirləndirilən şəxs, gəlini Şahid2 və nəvəsi Şahid6la birgə yaşayır. Zərərçəkmiş şəxs onun evinin qonşuluğunda yaşayır. Alim və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında uzun müddətdir şəxsi münasibətlər zəminində narazılıq vardır. Belə ki, onun evinin qarşısında ailə üzvlərinə məxsus ərzaq mağazası vardır. Alim əvvəllər mağazadan nisyə ərzaq alıb pulunu verə bilməmiş, sonradan isə əri Qurban Alimə mağazadan nisyə ərzaq vermədiyi üçün ondan və ailə üzvlərindən narazı qalmışdır. Hadisədən bir neçə gün əvvəl Alim və qonşusu Mətanət onun və digər qonşuların istifadə etdiyi su xəttini təmir etdirmiş, Alim isə su xəttinin yerində olan köhnə dəmir borunu evinə aparmışdır. Həmin boru bir neçə il əvvəl onun tərəfindən alınmış, bu səbəbdən Mətanətə borunu geri qaytarmasını bildirmiş, Mətanət Alimdən borunu alıb, ona vermiş, Alim isə bundan narazı qalmışdır. 29 sentyabr 2022-ci il tarixdə səhər Alim onun evinin həyətinə gedib, onu və əri Qurbanı söyüb təhqir etmişdir. O, polis çağırmış, polislər gəlib Alimi Gədəbəy RPŞ-ə aparmışlar. Həmin gün saat 19 radələrində evinin həyətində oğlu Şöhrət heyvanlara yem hazırlamış, Yusif də atası Şöhrətin yanında olmuşdur. Özü isə Şöhrətdən bir qədər aralıda ev işləri görmüşdür. Bu zaman Alim sərxoş halda yenidən evinin həyətinə gəlmiş, onu nalayiq söyüşlərlə söymüşdür. O, Alimə sakitləşməsini bildirmiş, lakin Alim bu dəfə yumruqla sağ gözünün üstündən vurmuş, Şöhrət Alimin onu vurduğunu görüb, Alimi ondan aralamışdır. Şöhrət Alimi sakitləşdirməyə çalışsa da Alim ondan aralaşıb evinə getməmişdir. Həmin vaxt nəvəsi Yusif də atasının yanında dayandığı üçün Alim Yusifi də təpiklə sol ayağından vurmuşdur. Yusif qışqırıb ağlamağa başlamış, yaranmış səs-küyə Alimin arvadı Nərmin də gələrək, Alimi onlardan aralamışdır. Həmin vaxtı Qurban da Yusifin qışqırıq səsinə getmiş, Alimə irad bildirib evinə getməsini söyləmişdir. Bir qədər mübahisə etdikdən sonra Nərmin Alimi evinə aparmışdır. Hadisə zamanı Alimi kimsə vurmamış, Alim onun və digərlərinin barəsində qərəzli şikayət etmişdir. Alimin mübahisədən sonra evinə gedərkən nə qulağında, nə də burnunda gözlə görünən xəsarətləri olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Çalburun kəndində ailə üzvləri ilə birgə yaşayır, təqaüdçüdür. Zərərçəkmiş şəxs qardaşı oğludur. Alim və ailə üzvləri ilə onun ailə üzvləri arasında uzun müddətdir şəxsi münasibətlər zəminində narazılıq vardır. Hadisədən bir neçə gün əvvəl Alim və qonşusu Mətanət onun və digər qonşuların istifadə etdiyi su xəttini təmir etdirmiş, Alim isə su xəttinin yerində olan köhnə dəmir borunu evinə aparmışdır. Həmin boru bir neçə il əvvəl onlar tərəfindən alınmış, bu səbəbdən arvadı Vəzifə Mətanətə borunu onlara qaytarmasını bildirmiş, Mətanət Alimdən borunu alıb, arvadı Vəzifəyə vermişdir. Alim bundan narazı qalmışdır. 29 sentyabr 2022-ci il tarixdə səhər evdə olduğu zaman Alim evinin həyətinə gəlib, arvadı Vəzifəni söyüb təhqir etdiyi üçün Vəzifə polis çağırmışdır. Həmin gün saat 19 radələrində həyətdə heyvan otaran zaman nəvəsi Yusifin qışqırıq səsini eşidib, evinə getmiş, ancaq evin həyətində Alimin arvadı Nərminin qolundan çəkib apardığını görmüşdür. Ailə üzvlərindən nə baş verməsini soruşduqda, Alimin sərxoş halda evinin həyətinə gələrək arvadı Vəzifəni yumruqla gözündən, nəvəsi Yusifi isə təpiklə sol ayağından vurduğunu demişlər. Mübahisə zamanı Alimi heç kim döyməmişdir. Hadisə evinin həyətində baş verdiyi üçün orada kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid6 dindirilmə protokolundan görünür ki, o, Gədəbəy rayonu, Çalburun kəndində atası Təqsirləndirilən şəxs və anası Şahid2 himayəsində yaşayır. Gədəbəy rayonu, X12 Orta Məktəbininin 5-ci sinfində təhsil alır. Zərərçəkmiş şəxs atasının əmisi oğludur, həm də qonşusudur. 29 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində evdə olan zaman Alim evinin həyətinə gəlmiş, yumruqla nənəsi Vəzifənin gözündən vuraraq, döymüş, atası Şöhrət Alim daha vurmaması üçün Vəzifənin qabağına keçmiş, o, da atası Şöhrətin qarşısında dayanmış, Alim atası Şöhrəti yumruqla vurmaq istəyəndə yumruğu onun qoluna dəymiş, sonra isə Alim Şöhrətlə dalaşarkən Alimin qabağında dayanmış, Alim isə qarşısından çəkilməsini bildirərək onu təpiklə sol qılçasından vurmuşdur. Hadisə zamanı Alim nənəsi Vəzifəni yumruqla gözündən, atası Şöhrəti isə təpiklə qabırğasından vurmuşdur. Hadisə yerinə sonradan gələn babası Qurban qışqırıb dalaşmamalarını söyləmiş, Qurban Alimi və digərlərini aralamış, Alim də evinə getmişdir. Hadisə zamanı Şöhrət və Vəzifə Alimi vurmamışlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X5 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X7 Gəncə Şəhər MTE və PA şöbəsindən verilmiş 04 oktyabr 2022-ci il tarixli 1764 nömrəli Rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol ayağın İ barmağının yumşaq toxumalarının və sağ qulaq seyvanın əzilməsi, bel nahiyyəsinin qançırı və burun nahiyyəsinin sıyrığı kimi xəsarətlər aşkar olunmuşdur ki, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 29 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol ayağın İ barmağının yumşaq toxumalarının və sağ qulaq seyvanın əzilməsi ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Digər xəsarətlər- bel nahiyyəsinin qançırı və burun nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Çalburun Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladları X2 17 sentyabr 2009-cu il tarixdə, Şahid6 xx xxxxx 2012-ci il tarixdə, X3 29 iyun 2020-ci il tarixdə doğulmuşlar. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Çalburun Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətmədiyini, zərərçəkmişə xəsarət yetirmədiyini bildirmişdir. Eyni zamanda, həm ibtidai, həm də məhkəmə istintaq zamanı zərərçəkmişlə mübahisə etdiyini, onunla süpürləşdiyini və xəsarətlərin süpürləşmə nəticəsində yetirilə biləcəyini göstərmişdir. Məhkəmə zərərçəkmişdə olan xəsarətlərin xarakterini, yəni, sol ayağın İ barmağının yumşaq toxumalarının və sağ qulaq seyvanın əzilməsi, bel nahiyyəsinin qançırı və burun nahiyyəsinin sıyrığı kimi xəsarətləri, bu xəsarətlərdən məhz sol ayağın İ barmağının yumşaq toxumalarının və sağ qulaq seyvanın əzilməsinin ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiklərini və bu xəsarətlərin zərbə nəticəsində deyil, məhz süpürləşmə, dartışma, itələşmə nəticəsində yetirilə biləcəyini, həmçinin zərərçəkmiş və şahidlərin ifadələrini, o cümlədən, təqsirləndirlən şəxsin yaxın qohumları olan şahidlər Şahid1 və Şahid5 təqsirləndirlən şəxslə zərərçəkmiş arasında mübahisə və dava olduğunu təsdiq etmələrini, bu dava ilə əlaqədar Zərərçəkmiş şəxs və Şahid1 Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrini, eləcə də istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyini nəzərə alaraq, belə nəyticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Gədəbəy rayonu, Çalburun kəndində yerləşən yaşadığı evin həyətində anası Şahid1 əmisi oğlu Zərərçəkmiş şəxs su xətti təmirindən qalma dəmir borunu tələb etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə və münaqişə zamanı sonuncunun Şahid1 qəsdən döyərək sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsindən əsəbləşib, Zərərçəkmiş şəxs hər iki əli ilə qulaq seyvanlarından tutaraq, çəkməklə yıxaraq, onun sağlamlığına sol ayağın İ barmağının yumşaq toxumalarının və sağ qulaq seyvanın əzilməsi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxsin himayəsində azyaşlı uşaqların olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar