Məhkəmə qərarları › İş №1(042)-11/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-11/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-11/2024 14.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bərdə rayonu, Şatırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Əyrəvəng kənd sakini Zərərçəkmiş şəxs3 oğlu Şahid2 01 iyun 2022-ci il tarixdə dayandırılmış ikinci darəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs3 inandıraraq, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin əvvəllərində dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən parkın qarşısında 4000 (dörd min) manat və 2022-ci ilin iyun ayının sonlarında dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy rayon Mərkəzi dairəsində 2000 (iki min) manat, ümumilikdə qeyd edilən dövr ərzində 6000 (altı min) manat nağd pulunu alaraq ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 28 fevral 2021-ci il tarixdə dayandırılmış ikinci dərəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs1 inandıraraq, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 22 iyun 2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində 3000 (üç min) manat və 2022-ci ilin iyul ayında dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində 2000 (iki min) manat, ümumilikdə qeyd edilən dövr ərzində 5000 (beş min) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs4 qardaşı oğlu X11 pensiya təyin etdirəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs4 özünə inandırdıqdan sonra öz dələduzluq əməlini pərdələmək məqsədi ilə 23 avqust 2023-cü il tarixdə Tovuz rayonu ərazisində yerləşən Asan Xidmət Mərkəzində kredit müqaviləsi bağlamaqla zərərçəkmiş şəxsin 5500 (beş min beş yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Həmçinin o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Miskinli kənd sakini Zərərçəkmiş şəxs2 30 aprel 2021-ci il tarixdə dayandırılmış ikinci dərəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs2 inandırdıqdan sonra 13 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Kapital Bank”ın Gədəbəy rayon filialının qarşısındakı ödəmə terminalından özünə məxsus kart hesabına 3000 (üç min) manat pul göndərtdirməklə zərərçəkmiş şəxsin 3000 (üç min) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Hazırda heç bir yerdə işləmir. Ali təhsili olmasa da fərdi qaydada nümayəndə kimi hüquq xidməti göstərmişdir. Sveta adlı bir qadının aliment məsələsi ilə bağlı 2022-ci ilin təxminən may ayında Gədəbəy Rayon Məhkəməsinə gəlmişdir. Həmin gün Sveta xəstəxanadan uşaqları üçün arayış almaq istəmiş və Sveta onu xəstəxanaya aparmağını xahiş etmişdir. Onlar həmin gün ikisi birlikdə Gədəbəy rayon Mərkəzi Xətəxanasına getmişlər. O, xəstəxanada ikinci mərtəbədə olan zaman bir qadının həkimlərdən biri ilə uca səslə danışdığını görüb onlara yaxınlaşmış, həmin qadının adının Ragül olmasını və mübahisə etdiyi həkimin isə Bayram həkim olmasını bilmişdir. Bundan sonra o, həmin qadını sakitləşdirib onunla birlikdə Bayram həkimin otağına keçmişdir. Orada yalandan özünü Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasından gəlmiş hüquqşünas kimi təqdim edib kasıblara kömək etmək üçün gəldiyini bildirmişdir. O, Bayram həkimlə də münasibət qurub yanına gələn kasıb adamlara kömək edəcəyini demişdir. Bundan sonra o, Bayram həkimdən nömrəsini götürüb öz mobil nömrəsini də ona vermişdir. Ragül adlı qadınla oradan birlikdə çıxıb Gədəbəy rayon Mərkəzi parkının qarşısına gəlmişdir. Orada da Ragüllə ona kömək edəcəyi barədə razılığa gəlib sənədlərini düzəltməsi üçün dəqiq xatılamadığı məbləğdə pul almışdır. Pulu alarkən Ragülə şəxsiyyət vəsiqəsinin kserosurətinin arxasına pul almağı bardə qeyd yazıb ona vermişdir. Bundan sonra Ragülü bir neçə dəfə Bakı şəhərinə həkimlərə aparıb onu müayinə etdirib xəstəlik sənədləri toplamışlar. Ragül sənədlərini elektron sistemə işlətdikdə ona əlillik dərəcəsi təyin edilməmişdir. O da Ragülün pulunu özünə qaytarmışdır. O, Ragülün sənədlərini düzəldən zaman 2022-ci ilin may ayında Ragülü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından göndəriş alması üçün gətirmişdir. Həmin gün orada Zərərçəkmiş şəxs3 görmüşdür. Onunla söhbətləri zamanı oğlu Arzu Slamanovun pensiyasının kəsildiyini və onu bərpa etdirmək istədiyini demişdir. Həmin şəxsə pensiyanı bərpa etdirə biləcəyini bildirib ona kömək edəcəyini demişdir. Həmin vaxt o, pensiyanı 6000 manata bərpa etdirəcəyini bildirmişdir. Həmin vaxt Arif Salmanov onu gözləməsini, pul və sənədləri gətirməyə getdiyini bildirmişdir. O, Gədəbəy rayon Mərkəzi dairəsinə Bayramla birlikdə çıxıb Arifi gözləmişdir. Bundan təxminən iki saat müddətinə Arif gedib 4000 (dörd min) manat pul və sənədlərini götürüb gəlmişdir. Sonra Gədəbəy Rayon X1 üçün göndəriş almasını və Bakı şəhərinə getməli olduqlarını demişdir. 2022-ci ilin may ayının ortalarında o, Arzunu Bakı şəhərinə xəstəxanalara aparmışdır. Orada gedib həkimlərdən müayinədən keçib geriyə qayıtmışlar. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından anket məlumatlarını hökümət portalına işləmişlər. Təxminən 2022-ci ilin may ayının sonlarında Arif 2000 (iki min) manat pulu ona Gədəbəy rayon Mərkəzi dairəsində vermişdir. Arifdən pulu alan zaman altı ay müddətində pensiyanı düzəldəcəyini desədə pensiya işini düzəltməmişdir. O, Şahid2 sənədlərini düzəldən zaman 2022-ci ilin iyun ayında Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından göndəriş almağa gələn zaman orada Zərərçəkmiş şəxs1 tanımış, orada Bənövşə ilə pensiyasının dayanması haqqında söhbət düşdükdə pensiyanı düzəldə biləcəyini ona demişdir. Həmin vaxt Bayram həkim də ona Bənövşənin kasıb adam olduğunu və həmkəndlisi olmasını bildirib ona hörmət etməsini xahiş etmişdir. Orada onun mobil nömrəsini Bənövə Abdullayeva götürmüşdür. Həmin gün axşam saatlarında Gədəbəy şəhər, H.Əliyev parkının qarşısında Bayram həkim və Bənövşə ilə görüşmüşlər. Orada Bənövşənin işini 5000 manata düzəldə biləcəyini demişdir. Bənövşə onunla razılaşıb əvvəlcə 3000 manat daha sonra isə 2000 manat verəcəyini dedikdə onunla razılaşmışdır. Səhəri gün Gədəbəy rayonu Arıxdam kəndində yol kənarında mərkəzi bazarın yaxınlığında Bənövşə ilə görüşmüşlər. Orada Bənövşə 3000 manat pul və özünə aid olan xəstəlik sənədlərini ona vermişdir. Sonra Şəmkir rayonuna pulu alması barədə kredit müqaviləsi bağlamaq üçün getmişlər. Onlar Şəmkir rayonuna getdikdə notarius müqavilə üçün 120 manat pul istədiyinə görə müqavilə bağlamamışlar. O, şəxsiyyət vəsiqəsinin surətinin arxasına Bənövşə Abullayevadan 3000 manat pulu borc almasın dair imza edib həmin sənədi Bənövşəyə vermişdir. X15 rayonundan yola salıb yaşadığı Bərdə rayonu Şatırlı kəndinə getmişdir. O, həmin pulu şəxsi məqsədləri üçün xərcləmişdir. O, təxminən bir ay sonra yenidən Gədəbəy rayonuna qayıtmış və Bənövşəyə zəng edib qalan 2000 manat pulu istəmişdir. Bənövşə də Gədəbəy rayonu, Arıxdam kəndində gətirib yol kənarında taksi ilə ona həmin məbləğdə pulu vermişdir. O da həmin pulu götürüb yaşadığı Bərdə rayonu, Şatırlı kəndinə qayıtmışdır. Bundan sonra iki dəfə Bənövşə ilə Bakı şəhəri, Mirqasımova adına Respublika xəstəxanasına getmişlər. Həmin xəstəxanada Bənövşə əlavə xəstəlik sənədi almaq üçün içəridə həkimlərdən keçmiş, o, isə həmin vaxt çöldə gözləmişdir. Bənövşəyə pulu alan zaman altı ay müddətində pensiyanı düzəldəcəyini desədə pensiya işini düzəltməmişdir. O, Zərərçəkmiş şəxs1 sənədlərini düzəldən zaman 2022-ci ilin avqust ayının əvvəllərində Gədəbəy rayon Mərkəzi xəstəxanasından göndəriş almağa gələn zaman orada Zərərçəkmiş şəxs4lə eyni qaydada tanış olmuşdur. Zərərçəkmiş şəxs4 də ona qardaşı oğlu X9 uşaqlıqda pensiya aldığını və onu yenidən pensiyaya düzəltmək istədiyini demişdir. Həmçinin Bayram həkim də Zərərçəkmiş şəxs4 kasıb adam olmasını deyib Zərərçəkmiş şəxs4 kömək etməyini xahiş etmişdir. O, Nazimlə 5500 manat pula onun saxlayıb böyütdüyü qardaşı oğlu X11 pensiya təyin etdircəyi barədə yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs4 də ona bunun qarşılığında 5500 manat pul verəcəyini demişdir. Bundan sonra Nazim ona 5500 manat pulu notarial qaydada verməyi və müqvilə bağlamağı təklif etmişdir. O da Zərərçəkmiş şəxs4lə razılaşıb xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Asan xidmət mərkəzində borc müqaviləsi bağlamışdır. Bundan sonra Namiq Quliyevlə bir neçə xəstəxanalara gedib müayinə etdirmişdir. Sonra toplanmış sənədləri sistemə vurdursa da, ona da imtina gəlmişdir. O, pulu şəxsi məqsədləri üçün xərcləmiş, ona pulu qaytarmamışdır. Bundan başqa 2022-ci ilin sentybar ayında Şahid3 onun nömrəsini Gədəbəy rayonu, Miskinli kənd sakini Zərərçəkmiş şəxs2 vermişdir. Kəmalənin oğlu Azad ona zəng edib anasının pensiyasını düzəltdirmək üçün görüşmək istədiklərini ona demişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Gədəbəy rayon mərkəzində Azad və anası Kəmalə ilə görüşmüşlər. O, Kəmalənin səndlərinə baxdıqdan sonra işini düzəlcəyini deyib 5000 manat pul istəmişdir. Onlar da işin düzəlməsi üçün əvvəlcə 3000 manat, pensiya bərpa edildikdən sonra 2000 manat verəcəklərini bildirmişlər. O, həmin gün sənədləri götürüb yaşadığı Bərdə rayonu, Şatırlı kəndinə getmişdir. O, getdikdən sonra Kəmalə onun kart hesabına xx.xx.2022-ci il tarixdə 3000 manat pul göndərmişdir. O, həmin pulu da öz şəxsi məqsədləri üçün xərcləmişdir. Kəmaləyə pulu alan zaman altı ay müddətində pensiyanı düzəldəcəyini desə də pensiya işini düzəltməmişdir. Sonradan Kəmalə və oğlu Azad pulunu istədikdə telefonlara cavab verməmişdir. Şahid3la münasibətləri ondan sənəd alan zaman yaranmışdır. O, Bayrama hər hansı bir məbləğdə pul verməmişdir. Bayram özü də onun pensiya düzəltməyinə inanmışdır və ona görə həmin şəxsləri onu yönləndirmişdir. Zərərçəkmiş şəxslərdən almış olduğu pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs2 Bayram həkimin vasitəsilə tanımış, Bayram ona demişdir ki, “sən dediyim yerlərə apar, mən düzəldəcəm”. Pulu həmişə Bayram ilə yarı bölmüşdür. 3000 manatın 1500-nü Bayram həkimə vermişdir. Şəxslər gedəndən sonra otağında pulu Bayram həkimə vermişdir. Əvvəlki ifadələrində belə deməmişdir. Çünki Bayram ona demişdir ki, “sən üstünə götürərsən, mən pulun hamsını ödəyəcəm, şikayət geri götürüləcək”. Ancaq pulu ödəməmişdir. Aldığı pulların yarısını Bayram həkimə vermişdir. Bayram ona demişdir ki, “həmin adamlar qohumumdu, qiymət deyə bilmirəm, sən bu qədər alarsan”. Bənövşədən 5000 manat almış, 2000 manatını qaytarmışdır, 3000 manat qalmışdır. Həmin puldan 2500 manat Bayram həkimə vermişdir. Ona Bayram həkim demişdir ki, həkim işləyir, onun adını çəkməsin, o pulları qaytaracaqdır. Sonra pulları qaytarmadı. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. İİ qrup əllik dərəcəsi ilə pensiya almışdır. 2021-ci ildə pensiyası dayandırılmışdır. O, pensiyasını bərpa elətmək üçün 2022-ci ilin iyun ayında Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına Bayram həkimin qəbuluna gəlmişdir. Həmin vaxt Bayram həkim ona bildirmişdir ki, “Bakı şəhərindən Sahil Babayev kasıblara kömək üçün vasitəçi və pul göndərib, həmin şəxs gəlsin onunla görüşək mən də tibbi sənədlərini yazacam” demişdir. Həmin gün Gədəbəy şəhəri, H.Əliyev parkının qarşısında Təqsirləndirilən şəxsla görüşüb, tanış olmuş və Rafiq onun pensiya işini 5000 manata bərpa etdirəcəyini demişdir. O, 3000 manat pulu kürəkəni Pərvizdən borc almış və həmin pulu Rafiqə Şəmkir rayonuna natorial qaydada vermək istəmiş, notaris müqavilə üçün 120 manat haqq istədiyindən, müqavilə bağlamamışlar. Rafiq şəxsiyyət vəsiqəsinin arxasına ondan 3000 manat pul almağı haqqında qeyd edib altından imza edərək ona vermişdir. Bir ay sonra Rafiq ona zəng edib pulun qalan hissəsini verməli olduğunu bildirmişdir. O, həyətyanı sahəsində saxladığı iki baş dananı satıb, 2022-ci ilin iyul ayında 2000 manat pulu həmkəndlisi Seymurun avtomobili ilə gəlib Seymurun yanında Rafiqə vermişdir. Sonuncu pulu alarkən beş ay müddətində pensiya işinin bərpa olunacağına söz vermişdir. Həmin vaxtdan 5 ay sonra Rafiqlə əlaqə saxlayıb, işi ilə maraqlandıqda Rafiq onun zənglərinə cavab verməmişdir. Sonra o, bu barədə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirdi ki, Bayram həkimin yanına getmiş, o demişdir ki, bir nəfər adam gəlib, Sahil Babayev göndərib, o köməklik edə bilər. Pul düzəlt işinə kömək etsin. Bayram həkimin avtomobili ilə oraya getmiş, söhbət etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Əyrəvəng kəndində yaşayır. 2022-ci ilin may ayında oğlu Şahid2 İİ qrup əlil kimi aldığı pensiya dayandırılmış, o, Şahid2 dayandırılmış pensiyasını bərpa etdirmək üçün Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında işləyən Şahid3 yanına gəlib bu barədə bildirmişdir. Bayram həkim ona Təqsirləndirilən şəxs adlı şəxsin dayandırılmış pensiyaları bərpa elətdirməkdə təcrübəli olmasını, Rafiq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gələrkən onu telefonla çağırıb məlumat verəcəyini bildirmişdir. 2022-ci ilin iyun ayında Bayram həkim ona zəng edib, Rafiq adlı şəxsin xəstəxanada olmasını bildirdiyi üçün o, xəstəxanaya gəlib, Təqsirləndirilən şəxsla xəstəxananın həyətində görüşüb, söhbət etmiş və söhbət zamanı oğlu Arzuya məxsus xəstəlik sənədlərinin əslini Rafiqə vermişdir. Rafiq Arzunun dayandırılmış pensiyasının bərpası üçün 6000 manat pul istəmişdir. O, hazırda 4000 manat pulu olmasını, əvvəlcə 4000 min manat, 10 gün sonra isə 2000 manat verməyi təklif etmişdir. 2022-ci ilin iyun ayında Gədəbəy şəhərində yerləşən Heydər Əliyev adına parkın qarşısında Təqsirləndirilən şəxsla görüşüb, ona 4000 manat və oğlu Arzuya məxsus xəstəlik sənədlərinin əslini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng etmiş və Gədəbəy şəhərində görüşüb, xəstəxanada Bayram həkimdən oğlu Arzuya göndərişlər alıb ona vermişdir. 2022-ci ilin iyun ayının axırında o, Rafiqlə görüşərkən 2000 manat pul vermişdir. Arzunun işi ilə bağlı hər hansı müsbət nəticə əldə olunmamışdır. O, dəfələrə Təqsirləndirilən şəxs zəng edib, bu barədə bildirdikdə Rafiq hər dəfə ona yalan vədlər verərək işinin yaxın vaxtda düzələcəyinə söz versə də, işi düzəlmədiyi üçün o, Gədəbəy rayon Polis şöbəsinə bu barədə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 bildirdi ki, Gədəbəy rayonu Qarammədli kəndində yaşayır. O, uzun müddət ailəli olmasına baxmayaraq övladı olmadığı üçün qardaşı oğlu X12 övladlığa götürüb saxlamışdır, Namiri qanunla himayəçiliyə götürməmişdir. Namir anadan gəlmə qüsurlu olmuş, yəni beyindaxili təziqi olduğu üçün 2ci qrup əlil kimi 130 manat pensiya almışdır. 2021-ci ilin oktyabr ayında Namirin pensiyası dayandırılmış, o, Namirin pensiyasını bərpa etdirmək üçün Gədəbəy RMX-da nevropotoloq işləyən Bayram adlı həkimin yanına gəlmiş və həmin otaqda əyləşmiş, Təqsirləndirilən şəxs görmüşdür. Bayram həkim Rafiqlə onu tanış etmiş və Rafiq dayandırılmış pensiyaları bərpa etdirmək bacarığı olduğunu, vəkil kimi fəaliyyət göstərdiyini bildirmişdir. Rafiq bunun üçün 6000 manat istəsə də 5500 manata razılaşmışlar. 23 avqust 2023-cü il tarixdə qardaşı Şahid4 və X14, onunla birlikdə Tovuz rayonunda yerləşən “Asan” xidmət mərkəzində notariat qaydada Təqsirləndirilən şəxsla borc müqaviləsi bağlamışlar. Ona 5500 manat pulu borc olaraq vermişdir. Belə ki, əvvəlcədən Rafiqlə öz aralarında danışıb-razılaşmışdır ki, o həmin pulu Rafiqə versin və sonuncu Namirin pensiyasını bərpa elətdirsin, əgər elətdirə bilməsə həmin pulu borc kimi özünə qaytarsın. Bundan sonra Rafiq bir neçə dəfə Namiri özü ilə götürüb, Bakı və Gəncə şəhərlərinə sənədlərini düzəltmək üçün aparmışdır. Namirin sənədlərini sistemə vurdursa da iki dəfə imtina cavabı gəlmişdir. Bundan çox müddət keçməsindən sonra Rafiqin pensiyanı bərpa etdirə bilməyəcəyini düşünüb, ona verdiyi pulu geri qaytarmasını tələb etsə də, Rafiq hər dəfə ona söz verib yaxın vaxtlarda Namirin pensiyasını bərpa elətdirəcəyini deyərək vaxtı uzatmışdır. O, bu barədə Tovuz rayon Polis şöbəsinə ərizə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, təqsirləndirilən şəxs Rafiqi pensiya işi ilə bağlı tanımış, onunla aralarında əvvəllər düşmənçilik və ədavətləri olmamışdır. Bayram həkimin yanına getmiş, Bayram həkim vasitəçi olmuş, onu Rafiqə yönləndirmişdir. Həmin vaxt Rafiq xəstəxanada olmamış, Bayram həkim zəng vurandan sonra Rafiq gəlmişdir. X16 rayonunda yaşamasını, Şəmkir rayonunda vəkil işləməsini demişdir. Aradan bir-iki gün keçəndən sonra Bayram Rafiqin gəldiyini, gəlib onunla danışmaqlarını demişdir. O, danışmağa özü gəlmiş, Rafiq ondan sonra Bayram həkimin otağına gəlmişdir. Rafiq əvvəlcə 4-5 min manat pul istəmiş, o qədər pulunun olmadığını və 3000 manat borc tapıb ona verə biləcəyini demişdir. Bank vasitəsilə Rafiqə 3000 manat göndərmişdir. Sənədləri Rafiqdə qalmışdır. Müayinələrdən keçmək üçün Şəmkir rayonuna, Bakı və Gəncə şəhərlərinə getmiş, yol pulunu özü vermişdir. Getdikləri yerlərə Rafiq də gəlmişdir. İşləri alınmamış, sonradan zəng etdikdə Rafiqə zəng çatmamışdır. Rafiq onun pulunu qaytarmamışdır. Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhərində məzuniyyətdə olan zaman qardaşı Nazim ona zəng vuraraq Təqsirləndirilən şəxs barəsində soruşmuş, onun barəsində yaxşı sözlər danışmalarını, xəstələrə, imkansızlara kömək etməsi barədə eşitdiyini demişdir. Qardaşı Nazim ona öz başına pul verməyəcəyini, gəldikdən sonra onunla birlikdə getməyi demiş, o da razılaşmışdır. Məzuniyyətdən qayıdan zaman Bayram həkimin yanına getmişdir. Bayram ona Rafiqin yaxşı insan olmasını, insaflı olmasını, imkansız insanlara kömək etməsini demişdir. Sonradan işin gedişində onun avtomobili vasitəsilə qardaşı Nazim ilə birlikdə Tovuz şəhərinə Asan Xidmət mərkəzinə pulu notariat qaydada Rafiqə verməyə getmişlər. 5500 manat pulu orada Rafiqə onun iştirakı ilə qardaşı Nazim vermişdir. Rafiq qardaşını fərqli yerlərə yoxlanışa göndərsə də ona imtina gəlmişdir. Rafiqlə danışıb işin düzəlməməsini, pulu və sənədi verməsini dedikdə Rafiq işin düzələcəyini bildirərək yenidən fərqli yerlərə gedib gəlsə də, işi düzəldə bilməmişdir.Ondan sənədləri və pulu istədikdə qaytarmışdır. Onlar pulu istəmişlər, Rafiq avtomobilini sataraq pulu verəcəyini demişdir. O, Bayram həkimin yanına gedərək pulu istədikdə onlarla bərabər Rafiqin evinə getmiş, Rafiqin qaynı və tanımadığı başqa iki-üç nəfər də oraya gəlmişlər. Orada söhbət edən zaman Bayram həkim pulun 500 manatını özünün verəcəyini demiş, sonradan 800 manata kimi pul verə biləcəyini demişdir. Bayram həkim Rafiqin qaynı ilə söhbət etdikdən sonra Rafiqin qayını Bayram həkimə pulun yarısını onun verməli olduğunu demişdir. Onlar Bayram həkimə öz aralarında həll etmələrini və onların pullarını vermələrini demişlər. Hal-hazırda hələdə pulları ödənilməmişdir. Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi Bayram həkimin vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs Rafiqlə əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs ona pensiya düzəltmək vədi ilə onlardan 6000 manat pul almışdır. Rafiq onu fərqli xəstəxanalara yoxlanışa aparsa da, pensiyəsı düzəlməmişdir. Pulları geri qaytarmamışdır. Şahid3 Nürəddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər hüquqşünas kimi tanımış, onunla aralarında düşmənçilik və ədavətləri olmamışdır. O, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında nevropatoloq işləyir. Onun bir nəfər Ragül adında xəstəsi təqaüdü kəsildiyi üçün dəfələrlə yanına gələrək imkanının olmamasını, təqaüdünün kəsildiyi üçün pis vəziyyətdə qalmasını bildirərək ağlamış, ondan ona kömək etməklərini bildirmişdir. O, ona əllərində imkan olmamasını, ona heç cür köməklik edə bilmiyəcəklərini desədə həmin xəstə yanına gəlib getməyə davam etmişdir. Həmin xəstə yenə yanına gələrək kömək etməklərini istədikdə və o da kömək edə bilməyəcəklərini dedikdə yenidən ağlayaraq bayıra çıxmış, bir az keçdikdən sonra əvvəldən tanışlığı olmayan Təqsirləndirilən şəxs otağına daxil olmuşdur. Onu tanıyıb, tanımamağı barədə soruşmuş və adının Rafiq olmasını, Tibbi Sosial Ekspert Komisiyyasında hüquqşünas işləməsini demişdir. Kasıb, imkanı olmayan insanlara köməklik etməsini, sənədlərini apararaq təqaüdlərini düzəltməyə çalışdığını demişdir. O, ona bir nəfərin olmasını, vəziyyətinin pis olmasını, otağından indi çıxdığını demişdir. Həmin qadını çağıraraq Rafiqlə görüşməsini, ona kömək edə biləcəyini demişdir. Rafiq qadınla danışdıqdan sonra evlərinə baxmalı olduğunu demiş və onlar getmişlər. Bir saatdan sonra onlar qayıtdıqda Rafiq qadına köməklik etdiyini demişdir. Rafiq gedərkən onun nömrəsini götürmüşdür. Bir müddət sonra Rafiq ona zəng edərək qadını Bakıya göndərməyini bildirdikdə o qadına zəng etmişdir. Qadın ona da Rafiqin zəng vurduğunu bildirmişdir. Qadın Bakıya getdikdən sonra Rafiq ona zəng edərək müayinəsinin yaxşı keçməsini və iki ay müddətə Respublika xəstəxanasında yatmalı olduğunu demişdir. Həmin vaxt onun Rafiqə inamı artmışdır. Zərərçəkmiş şəxs3 yanına gəlmiş və oğlunun zəif olmasını, yoldaşının onu atıb getməsini, dolanışığının zəif olmasını, pensiya işində ona köməklik etməyini xahiş etmişdir. O, Arifə gəlib hüquqşünas kimi tanıdığı Rafiq ilə danışmasını demişdir. Arif gəlib Rafiqlə danışmış və onunla pensiya düzəltmək barədə razılaşmışdır. Arif Rafiqə pul verərkən ona notariat qaydada verməyi bildirmiş, lakin Arif Rafiqə etibar etdiyini demişdir. Arif pulu sonradan vermiş, lakin nə qədər verməsini bilməmişdir. Zərərçəkmiş şəxs4 oğlu yanına gəlmiş və atasının paralic olduğunu,ona köməklik etməyi xahiş etmişdir. O, Nazimə də Rafiqlə danışmasını demişdir. Nazim Rafiqə işini həll etməsi üçün notariat qaydada pul vermişdir. Xəstələr Rafiqə pul verdikdə o Bakıya gedib-gəlmək üçün pul lazım olduğunu, ona görə istədiyini düşünmüşdür. Zərərçəkmiş şəxs2 yanına gələrək oğlunun və anasının vəziyyətlərinin pis olmasını, onlara kömək etməyini xahiş etmişdir. O, Kəmaləni Rafiqə yönləndirmişdir. Kəmalə Rafiqlə aralarında danışmışlar və Kəmalə Rafiqə işini həll etmək üçün pul vermişdir. O bunu sonradan bilmişdir. Rafiqə xəstələrin nə üçün xəsəxanada yatmamalarını soruşduqda, Rafiq ona tanışı olmasını, yatmadan pensiyaları düzəldəcəyini demişdir. Pensiyalar düzəlmədikdə xəstələr pulu tələb etmiş, o da Rafiqə düzəldə bilmədiyini, camaatın pulunu qaytarmasını demiş, Rafiq ona pulun evdə olmasını, verəcəyini demişdir. Sonradan o Rafiqə zəng vurduqda o, telefonu söndürmüşdür. Bir qədər vaxt keçdikdən sonra Zərərçəkmiş şəxs4 gəlmiş və ona Rafiqin yaşadığı yerə getməklərini demişdir. O, Nazimlə Rafiqgilə getmişdir. Onlar getdikdə Rafiq evdə olmamış, onu xeyli müddət gözləsələr də gəlməmişdir. Rafiqin Çənlibel kəndindən olan qohumuna Rafiqlə danışmasını, xəstələrin pulunu qaytarmasını, özünün də 500 manat öz cibindən verəcəyini demişdir. Rafiqin yoldaşına da evdən çıxan zaman Rafiqlə danışmasını, pulu qaytarmalarını demişdir. Bir müddət sonra o yenə Rafiqin Çənlibel kəndindəki qohumundan soruşduqda ona Rafiqin Goranboy rayonunda saxta hüquqşünaslıq etdiyi üçün tutulmasını, 700 manat da ona borcu olmasını demişdir. Sonradan o, Rafiqlə dəfələrlə əlaqə saxlayaraq 500 manat öz cibindən verəcəyini, xəstələrin pulunu qaytarmasını, insanların pis vəziyyətdə olmasını demişdir. O, ona pulu gah verəcəyini, gah da verməyəcəyini demişdir. Sonradan Rafiqin tutulmasını və xəstələrin pulundan bir az verdiyini eşitmişdir. O, Rafiqi hüquqşünas kimi tanımış, ona inanmışdır. Hətta o, yemək yeməyə gedəndə də onu kabab yeməyə dəvət etmişdir. Şahid3 əlavə olaraq bildirdi ki, 1994-cü ildən həkim işləyir. Pensiyanın necə düzəldiyini bilir. Onun pensiya təyin etmək səlahiyyəti yoxdur. Rafiq deyirdi ki, Bakıya gedib-gəlməyə pul lazımdır. Bənövşə kəndçisidir. Demişdir ki, kömək et. O isə əlindən heç nə gəlmədiyini bildirmiş, Rafiqin kömək edə biləcəyini ona demişdir. O, Nazirin adamı olduğunu deməmiş, hüquqşünas olmasını demişdir. Rafiqin telefonda danışmasına aldanmışdır. Bənövşə Rafiqə yanında pul verməmiş, ona nə qədər pul verdiyini də bilməmişdir. Rafiqi o çağırmamış, o, özü gəlmiş, kasıb adamlar olduğu üçün Rafiqə onlara kömək etməyi xahiş etmişdir. Kəmalənin oğlunu tanımış, Kəmaləni Rafiqlə tanış eləmişdir ki, kömək etsin. Arifi də o, Rafiqlə tanış etmiş, demişdir ki, “danışın, istəsəz kömək etsin”. Pulu Rafiqə onun yanında verməmişlər, nə qədər pul verdiklərini də bilmir. Arif özü demişdir ki, 3000 manat pul vermişdir. Kəmalə ilə Rafiq onun maşınında danışmışlar. Demişdir ki, köməklik edəcək. Sonra maşından düşüb harasa getmişlər, onların haraya getmələrini bilməmişdir. Arifi tanıyır, Ragüldən sonra onu tanış etmişdir. Onun otağında tanış olmuşlar, sonra maşınında danışmışlar. Demişdir ki, kömək edəcək. Rafiq demişdir ki, yuxarı çox pul istəyir. Onu aldatmasını bilməmişdir. Arif xəstəxanaya gəlmişdir. Rafiq də gəlmişdir. Görüşdürmüş, demişdir ki, “özünüz bilərsiniz”. Demişdir ki, 6-7 min pul istəyir, Arif demişdir ki, gücü çatmır. Onun maşınında danışıb, görüşüb, getmişlər. Pulu harada verməsini bilməmişdir. Sonradan bilmişdir ki, 5500 manat vermişdir. Ondan ona pul verməmişdir. Jurnalist sual vermişdir ki, “harada işləyirsən?”. Demişdir ki, Tibbi Sosial Ekspert Komissiyasında işləyir. Zərərçəkmiş şəxs4 də tanıyır, oğlu gəlib demişdir ki, atası paralicdir, kömək etsinlər. Demişdir ki, “yaxşı adam var, kömək edir, düzəldir, söhbət elə düzəltsin”. Sonra maşında danışmışlar, çıxıb getmişlər. Gedəndə pul vermişdir. O, maşında olmamış, özləri danışmışlar. Demişdir ki, “filan yerdə adamım var”, o da inanmışdır. Hüquqşünasın hər işə baxdığını düşünmüşdür. Rafiq ona pul verməmişdir, hətta dəfələrlə ona qonaqlıqlar vermişdir. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında düşmənçilik və ədavət olmamışdır. Onlar toyda olan zaman Zərərçəkmiş şəxs1 qızı onun mobil telefonuna zəng edərək atasının telefonunun evdə qalmasını, onunla danışmaq istədiyini bildirmişdir. Atası ilə danışıb 2000 manat pul istədiklərini demişdir. Bənövşənin əri sonuncu ilə gedib pulu evlərindən götürərək verməyi xahiş etmiş, onlar birlikdə gedərək Zərərçəkmiş şəxs1 evindən 2000 manat pulu götürərək Bənövşə ilə birlikdə gətirib Arıxdam kəndinin altında dayanacaqda Bənövşə tanımadığı adama vermişdir. Şahid1 əlavə olaraq bildirdi ki, orada tanıdığı tək adam Bənövşə olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 02 saylı X4 xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 141694/2023 tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 (FİN-xxxxxxx) filialdan xx.xx.2021-ci il tarixədək 2-ci qrup əilliyə görə əmək pensiyası almışdır. Növbəti komissiya vaxtı olduğu üçün pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Hal-hazırda Filialdan heç bir növ əmək pensiyası, təqaüd və ya sosial müavinət almır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 02 saylı X4 xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 15193/2023 tarixli məktubunda göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 (FİNxxxxxxx) filialdan xx.xx.2021-ci il tarixədək 2-ci qrup ümumi xəstəlik əilliyə görə əmək pensiyası almışdır. Növbəti komissiya vaxtı olduğu üçün pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Hal-hazırda Filialdan İ qrup əlilliyi olan şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 02 saylı X4 xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 24585/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş Şahid2 (FİN-xxxxxxx) filialdan xx.xx.2022-ci il tarixədək 2-ci qrup ümumi xəstəlik əilliyə görə əmək pensiyası almışdır. Növbəti komissiya vaxtı olduğu üçün pensiya ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Hal-hazırda Filialdan heç bir növ əmək pensiyası, təqaüd və ya sosial müavinət almır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 02 saylı X4 xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 258713/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X14 (FİN-5K7C8VM) hər hansı növ müavinət, təqaüd, və ya ümumi əsaslarla əmək pensiyası alması barədə Nazirliyin elektron informasiya ehtiyyatlarmda məlumat aşkar edilməmişdir. - Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibi üzrə icraata xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. - Cinayət işinə əlavə edilmiş Nizami rayon Polis İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Əziz Rüstəmov tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X6 3800 manat pulunu ələ keçirməsi faktına görə 27 iyul 2023-ü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyib barışdığından onun barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. -Bərdə rayon Satırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə iclasında tədqiq olunmuş digər sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi və bir-biri ilə əhəmiyyətli ziddiyyətli ifadələrini digər əldə edilmiş sübutlarla müqayisəli təhlil etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclasında ilk ifadələri alınarkən verdiyi ifadələri daha inandırcı və mötəbərdir. Belə ki, məhkəməyədək icraat zamanı və məhkəmə iclasında verdiyi ilk ifadələrində Təqsirləndirilən şəxs iş üzrə şahid kimi dindirilmiş Şahid3 Nürəddin oğlu ilə Gədəbəy Rayon Mərkəzi Xəstaxanasında tanış olduğunu, özünü Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasından gəlmiş hüquqşünas kimi təqdim edib kasıblara kömək etmək üçün gəldiyini deyərək onu inandırdığını, zərər çəkmiş şəxslərdən pulu şəxsən əldə edib öz ehtiyacları üçün xərclədiyini bildirsə də, məhkəmə iclasında verdiyi son ifadələrində Şahid3 tərəfindən zərərçəkmiş şəxslərin aldadılması barədə əvvəlcədən razılığa gəldiyini və əldə etdiyi pulun yarısının Şahid3 verdiyini bildirmişdir. Şahid3 şahid kimi məhkəməyədək icraat zamanı və məhkəmə iclasında verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs əvəllər tanımadığını, Təqsirləndirilən şəxs yalan məlumatlar verməklə onu da aldatdığını, sadəcə zərərçəkmiş şəxslərin ağır maddi durumları və kömək üçün ona tez-tez müraciət etmələrinə görə onları Təqsirləndirilən şəxsla tanış etməsini, bununla əlaqədar heç bir marağı olmadığını, Təqsirləndirilən şəxs və ya zərərçəkmiş şəxslər tərəfindən ona hər hansı məbləğdə pul verilmədiyini, hətta Təqsirləndirilən şəxs verilmiş qonaqlıqların pulunu belə özü ödədiyini bildirmişdir. Eləcə də, zərərçəkmiş şəxslər ifadələrində onları Təqsirləndirilən şəxsla Şahid3 tanış etdiyini bildirsələr də, Şahid3 onlardan bunun qarşılığında hər hansı haq istəməməsini, pulların Təqsirləndirilən şəxs tərəfindən istənildiyini və şəxsən Təqsirləndirilən şəxs tərəfindən alındığını bildirmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişməsinin səbəbi Şahid3 cinayət əməllərinin iştirakında günahlandırmaqla zərər çəkmiş şəxslərdən alıb ələ keçirdiyi pulların qaytarılmasına onu cəlb etmək, bununla məsuliyyətini bölüşərək cəzasının yüngülləşdirilməsinə və ümumilikdə cəzadan azad olunmasına nail olmaq niyyəti olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi son ifadələrinə tənqidi yanaşır və məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə iclasında ilk verdiyi ifadələrini digər tədqiq olunmuş və qiymətləndirilmiş sübutlarla birlikdə təhlil edərək ona qarşı elan olunmuş ittihamın əsası kimi qəbul edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri sayır ki, Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” qərarı ilə Şahid3 Nürəddin oğlunun barəsində Azərbaycan Respublkasının CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə iclasında tədqiq olunmuş digər sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək qiymətləndirilməsi zamanı formalaşmış daxili inamına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif vaxtlarda Gədəbəy rayonu, Əyrəvəng kənd sakini Zərərçəkmiş şəxs3 oğlu Şahid2 01 iyun 2022-ci il tarixdə dayandırılmış ikinci darəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib 6000 manat pulunu, Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 28 fevral 2021-ci il tarixdə dayandırılmış ikinci dərəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib 5000 manat pulunu, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs4 qardaşı oğlu X11 pensiya təyin etdirəcəyi barədə yalan vədlər verib 5500 manat pulunu və Gədəbəy rayonu, Miskinli kənd sakini Zərərçəkmiş şəxs2 30 aprel 2021-ci il tarixdə dayandırılmış ikinci dərəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib 3000 manat pulunu ələ keçirməklə dələduzluq cinayətini törətmişdir və onun əməlləri düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun normasının sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətlidir və cəzanın məqsədlərinə nail olunması üçün yetərlidir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək bir gün, 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək iki gün, cəmi üç gün tutulmuş və Gədəbəy rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində həbsdə saxlanmışdır. Azərbaycan Rspublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həbsdə saxlandığı 23 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək bir gün, 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək iki gün, cəmi üç gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, o, qərarın icrası zamanı 18 may 2024-cü ildə faktiki saxlanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun faktiki olaraq saxlanıldığı 18 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 gün, 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək tutulduğu 2 gün, cəmi tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olduğu, həbsdə saxlanılanlar isə rəsmi qaydada verildiyi gündən 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə və ya həbsdə saxlanıldıqları yerin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar