Məhkəmə qərarları › İş №1(042)-12/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-12/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-12/2024 22.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə islah işləri cəzası 04 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası isə 02 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində iribuynuzlu heyvanlarını Gədəbəy rayonu Kələman kəndi ərazisində otararkən əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs2 ilə heyvanların torpaq sahəsində otarılması ilə əlaqədar yaranmış mabahisə və münaqişə zamanı sonuncunu ağac parçası və əli ilə vuraraq ona sağ və sol göz ətrafı yumşaq toxumaların hematoması, geniş ölçülü qançırları, ağlı qişalara massiv qansızma, hər iki qulaq seyvanının geniş ölçülü qançırları, sağ yanağın şişkinliyi, boyunun sıyrıqları, sağ budun qançırı kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, təkrarən 17 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində iribuynuzlu heyvanlarını Gədəbəy rayonu Kələman kəndi ərazisində otararkən əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs1 ilə iribuynuzlu heyvanları torpaq sahəsinə salıb otarması ilə əlaqədar aralarında yaranmış mübahisə və münaqişə zamanı sonuncunu ağac parçası və əli ilə vuraraq döş qəfəsinin ön səthinin və sağ saidin qançırları kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. 17 sentyabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində yaşadığı Gədəbəy rayonu İnəkboğan kəndindən həm özünün, həm də kənddə yaşayan qonşularının iribuynuzlu mal-qarası ilə çıxıb Kərimli kəndinin örüş sahəsinə getmiş, təxminən saat 11 radələrində həmin örüş sahəsinə çatmışdır. Səhər yeməyi yemək üçün özü ilə apardığı ərzaq məhsullarını açıb yemək yeməyə başlamış, bu zaman iki nəfər adları ona sonradan məlum olan, əvvəldən tanımadığı Orxan və Yaməddin adlı şəxslər ona yaxınlaşmış, ona “burda nə edirsən” demişlər. O həmin şəxslərə heyvan otardığını demiş, birlikdə yemək yeməyi təklif etmişdir. Bu zaman həmin şəxslər onu nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Bu vaxt Yaməddin əlində olan ağac ilə onun baş nahiyəsindən vurmuş, o isə Yaməddinin ağacından əli ilə tutmuş, Yaməddin ağacı dartan zaman o, ağacı buraxmış, bu zaman Yaməddin yerə yıxılmışdır. Bu vaxt Orxan yaxınlaşaraq onun sol gözaltı nahiyəsindən yumruqla vurmuş, o da Orxanı yumruqla vurmuşdur. Yaməddin onu ağacla vurmaq istəyən zaman o, aşağı əyilmiş, həmin ağac Orxanın qulaq nahiyəsindən dəymişdir. Yaməddinə yaxınlaşıb ağacı möhkəm tutub onun əlindən dartmış, həmin vaxt Yaməddinin ayağından təpik vurmuş, Yaməddin ağacı buraxdıqdan sonra həmin ağacı o, özünü qorumaq məqsədi ilə əlində fırlatmış, bu zaman ağac Orxan və Yaməddinə dəymişdir. Sonradan həmin şəxslər oradan çıxıb getmişlər. Hadisə zamanı ətrafda heç kim olmamış, hadisə örüş sahəsində mal-qara otarması səbəbindən baş vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Kələman kəndində yaşayır. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, onların arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 17 sentyabr 2023cü il tarixdə saat təxminən 11-12 radələrində qardaşı Orxan zəng edərək Kələman kəndində yerləşən əkin sahəsində tanımadığı şəxsin onu vurduğunu bildirmiş, o da dərhal həmin torpaq sahəsinin olduğu yerə getmişdir. Bu zaman adı ona sonradan məlum olan Eşqin adlı şəxsin onun kələm əkdiyi sahədə iribuynuzlu mal-qara otardığını görmüşdür. O, Eşqinə hansı səbəbdən qardaşını döydüyünü, mal-qarasını onun əkin sahəsində otardığını soruşmuş, Eşqin isə onu nalayiq ifadələrlə təhqir edərək yerdən götürdüyü daş ilə bədəninin sağ nahiyəsindən vurmuşdur. Eşqin onu vurduqdan sonra həmin şəxsin onu başa düşməyəcəyini görüb oradan yaşadığı evə getmiş, baş vermiş hadisə barədə DİNnin 102 zəng xidmətinə müraciət etmişdir. Eşqinin yanında olan zaman qardaşı Orxan orada olmamışdır. O, Eşqindən şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Kələman kəndində yaşayır. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, onların arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 17 sentyabr 2023cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdə olan zaman evindən təxminən 100 metr məsafədə olan torpaq sahələrində mal-qara olduğunu görmüşdür. Evdən çıxıb həmin yerə çatarkən bir nəfər sonradan adının Eşqin olduğunu bildiyi şəxsin təxminən 20- 25 ədəd iribuynuzlu mal qarasını əkin sahələri olan yerdə otardığını görmüş, Eşqindən hansı səbəbdən mal-qarasını orada otardığını soruşmuşdur. Eşqin ona yaxşı etdiyini demiş, o isə heyvanları torpaq sahəsindən çıxarmağa başlamışdır. Bu vaxt Eşqin nə isə sərt alətlə onun boynunun arxasından vurmuş, o yerə yıxılmış, yerə yıxıldıqdan sonra Eşqin onun üstünə çıxaraq bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Sonra o, ayağa qalxmış, həmin yerdən uzaqlaşaraq evinə getmişdir. Evə çatdıqdan sonra qardaşına zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan qardaşı Yaməddinin Eşqinin yanına getdiyini, Eşqinin qardaşı Yaməddini də vurduğunu eşitmişdir. O, Eşqindən şikayətçidir. Şahid ifadəsində göstərdi ki, Eşqini, Yaməddini və Orxanı uzun müddətdir ki, tanıyır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Gədəbəy rayonu, Kərimli kəndində yaşayır. Nağılar kəndi ilə Kərimli kəndinin örüş sahəsi bir olduğu üçün onlar malqaralarını bir örüş sahəsində otarırlar. 17 sentyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində otlaq sahəsində mal-qara otaran zaman uzaqdan Orxan və Yaməddinin Eşqinə yaxınlaşdıqlarını görmüşdür. Həmin vaxt o, təxminən 200- 300 metr aralıda olmuşdur. Həmin şəxslərin təxminən 10-15 dəqiqə dava və mübahisə etdiklərini görmüşdür. Orxan və Yaməddin Eşqinin yanından aralaşaraq getmiş, sonra Eşqin ona yaxınlaşmışdır. O, Eşqinin sifət nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Dava zamanı kimin-kimi vurduğunu görə bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 476 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin ön səthinin və sağ saidin geniş ölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 17 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 475 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər- sağ və sol göz ətrafı yumşaq toxumalarının hematoması, geniş ölçülü qançırları, ağlı qişalara massiv qansızıma, hər iki qulaq seyvanının geniş ölçülü qançırları, sağ yanağın şişkinliyi, boyunun sıyrıqları, sağ budun qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 17 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli istintaq hərəkəti protokolun görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyərək yüngül xəsarət yetirdiyi yer Gədəbəy rayonu Kələman kəndində yerləşən torpaq sahəsidir. Hadisə yerində hər hansı əşya aşkar olunmamışdır. - cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, həmin cəza Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə isə 04 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası 2 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. - - Gədəbəy RİH Başçısının İnəkboğan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, həmçinin təqsirləndiriən şəxsin ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi, hadisənin örüş torpaq sahəsində olarkən zərər çəkmişlərin birlikdə ona yaxınlaşıb onunla dalaşması, ağacı fırlayarkən zərər çəkmiş şəxsə dəyməsi barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, bu ifadəsi ilə o cinayət məsuliyyətindən qurtarmaq niyyəti güdür. Onun bu ifadəsi zərər çəkmiş şəxslərin ifadəsi ilə, eləcə də bu ifadələrə uyğun gəlib onları tamamlayan ekspert rəyi ilə təkzib olunur. Həmçinin, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, zərər çəkmiş şəxslərlə mübahisələri olub dalaşdığını, Zərərçəkmiş şəxs2 yumruqla və ağacla vurduğunu ifadəsi ilə dolayı olaraq təsdiq edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində iribuynuzlu heyvanları Gədəbəy rayonu Kələman kəndi ərazisində otararkən aralarında yaranmış mübahisə və münaqişə zamanı əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs2 və həmin gün saat 12 radələrində isə Zərərçəkmiş şəxs1 əli və ağacla vuraraq onlara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetir. Odur ki, məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsilə tövsif edilməsi ilə razılaşır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cazasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, məhkəmə hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, həmin cəza Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin məhkəmənin xx.xx.2022ci il tarixli qərarı ilə isə 04 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası 2 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluq ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar Odur ki, böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyindən və bu cəza residiv müəyyən edilərkən nəzərə alınmadığından, Azərbaycan Respublikası CM-nin 18.1 və 18.4.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs hazırkı əməlləri ilə cinayətin residivini yaratmır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs təkrarən cinayət əməli törətmişdir ki, Azərbaycan Respublikası CM-nin 16.1 və 61.1-ci maddəsinə əsasən, cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərək, belə hesab edir ki, təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, cinayət hadisəsinin törədilməsinə zərər çəkmiş şəxslərin davranışlarının təsirini, eləcə də təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin ediməsi ədalətlidir, cəzanın məqsədlərinə, təqsirkarın şəxsiyyətinə, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Bu cəza təqsirləndirilən şəxsin islah olunması üçün yetərlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar