Məhkəmə qərarları › İş №1(042)-12/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-12/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-12/2025 23.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1951-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Gədəbəy rayonu, Hacılar kəndində yaşayan, barəsində 11 iyul 2024-cü il tarixdən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin (CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu Çay Rəsullu kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid3 Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Gədəbəy rayon X3 hissəsinə işə qəbul etdirəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs inandıraraq, 17 iyun 2023-cü il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində qəbirstanlığın yanında əlbəəl 16.000 (on altı min) manat nağd pulunu alaraq ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qohumluq əlaqələri olan Araz adlı şəxslə Polad qohum olduğu üçün Araz ona bildirmiş ki, Polad oğlu X2 işə düzəltmək istəyir. Polad onun qohumu və yaxşı münasibətləri olduğu Arazla da qohum olduğu üçün o, Araza Poladın oğlunun işlə təmin edilməsinə köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlara gəlmiş və oğlunun işə düzəldilməsi üçün ona köməklik etməsini xahiş etmişdir. 2023-cü ilin iyun ayının ortalarında Polad ilə Gədəbəy rayonu Hacılar kəndində qəbirstanlığın yanında görüşmüş, sonuncu ona oğlunun işə düzəldilməsi üçün 16.000 manat məbləğində pul vermişdir. Poladla aralarında anlaşılmazlıq olmuşdur, buna görə üzr istəyir. Özünü təqsirli bilir və əməlindən peşmandır. O, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmişdir. Həmçinin vurduğu ziyanın 25% ni, yəni 4000 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ədavət olmamışdır. Onun Şahid1 ilə tanışlığı olmuş, iş yerində rastlaşmışlar, sonradan qohum olmuşlar. Arazın vasitəsilə Mirzə müəllimi tanımışdır. Arazgildə Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmişlər, sonra 16 min manat məbləği qəbirstanlığın yanında görüşərək oğlunu işə düzəltməsi ilə bağlı Təqsirləndirilən şəxs vermişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, o qohumu kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sonuncunun oğlunun işi ilə bağlı tanış etmişdir. Təqsirləndirilən şəxs onun əmisi, Zərərçəkmiş şəxs isə iş yoldaşıdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun evində görüşmüş, lakin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nə qədər pul verməsini və aralarında olan danışıqları bilməmişdir. Aralarında olan razılaşmada o iştirak etməmiş, onun rolu sadəcə onları tanış etmək olmuşdur. Şahid3 ifadəsində göstərdi ki, o Bakı şəhərində işləmiş, atası onu rayonda öz yanında işə düzəltmək istəmişdir. Atası əvvəlcə bu barədə onunla danışmış və onlar razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə bu barədə danışmışlar və onlar razılaşmışlar. Atası Mirzə ilə razılaşdıqdan sonra Mirzə hər dəfəsində fərqli bəhanələr gətirərək vaxt uzatmağa başlamışdır. Onun işi alınmırdı, Mirzə isə vaxt uzadırdı. İşi ilə bağlı qiyməti atası danışıb vermişdir. Onun işə düzəlməsi barədə danışıqları atası aparmış və 16.000 manat pul vermişdir. Şahid4 İsrail ifadəsində göstərdi ki, o dələduzluq barədə heç nə bilmir. Zərərçəkmiş şəxs qonşudur. Polad ondan lazım olduğunu bildirərək pul istəmiş, o da vermişdir. Polad ondan 4.000 manat pul istəmişdir ki, həmin pulun yarısını tez qaytarsa da, yarısını bir az geciktirmişdir. Pulun digər yarısını qaytaran zaman pulu oğlunu işə düzəltmək üçün ondan almağını bildirmişdir. O, əvvəlcə Zərərçəkmiş şəxs pulu ondan nə üçün istədiyini bilməmişdir. Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Polad ehtiyacı olduğunu bildirərək ondan 2.000 manat pul istəmiş, o da vermişdir. Polad pul istəyərkən nə üçün lazım olduğunu soruşmamış, yaxın vaxtda qaytaracağını demiş və qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Çayrəsullu kəndində yaşayır. Zərərçəkmiş şəxs yaxın qonşusudur və münasibətləri yaxşı olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində Polad yaşadığı evə gəlib, ondan 3000 (üç min) manat pul borc almış, ona pulun digər qismini özü düzəldib, oğlunu FHN-nə işə düzəldəcəyini bildirmişdir. Polad ondan 3.000 manat pulu alarkən qısa zamana pulunu qaytaracağına dair söz vermişdir. Bundan bir neçə gün sonra Polad ilə birlikdə yaşadığı kənddə yas mərasimində iştirak edərkən Polad ona yaxınlaşıb, oğlunu FHN-nə işə düzəltmək üçün Mirzə adlı şəxsə 16.000 (on altı min) manat pul verəcəyini demişdir. Həmçinin Mirzənin onu Hacıllar kəndində yerləşən qəbirstanlığın yanında gözlədiyini, onu həmin yerə avtomobil ilə aparmasını xahiş etmişdir. Buna görə də o, özünə məxsus avtomobillə Gədəbəy rayonu Hacıllar kəndi ərazisində yerləşən qəbirstanlığın yanına gedərək orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Polad onun yanında 16.000 manat pulu sayıb, Mirzəyə əlbə-əl olmaqla vermişdir. Həmin vaxt Mirzə ilə birlikdə Araz adlı şəxs oraya gəlmiş və pulun verilməsi prosessində iştirak etmişdir. Bundan bir müddət sonra eşidib bilmişdir ki, Mirzə müəllim həmkəndlisi Poladın oğlunu FHN-nə işə düzəldəcəyi adı ilə aldadaraq 16.000 manat pulunu ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Gədəbəy RİHB-nın İnəkboğan İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - pul əskinazlarının götürülməsi haqqında 21 iyun 2024-cü il tarixli və 11 iyul 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirmiş olduğu 16.000 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. - Diskə baxış keçirilməsi haqqında 21 may 2024-cü il tarixli protokoldan (həmçinin səs yazma fayıllarının olduğu diskdən) görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan telefon danışıqlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid3 işə düzəldilməsi məqsədi ilə 16.000 manat məbləğində pul alması təsdiqini tapır. - Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Gədəbəy filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 4000 manat məbləğində pul vəsaitini X1 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 4000 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar