Məhkəmə qərarları › İş №1(042)-13/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-13/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-13/2022 31.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gədəbəy rayonu, Leşkər kəndində yaşayan, barəsində 08 yanvar 2022-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən evinə gedən yolda qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş narazılıqlara və Zərərçəkmiş şəxs onun razılığı olmadan, onunla məsləhətləşmədən, Gədəbəy rayonu, Leşkər kəndindəki atası evinə getməsi səbəbindən aralarında yaranmış mübahisə və münaqişə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona başın qançır və sıyrılmış səthi yarası, sifətin sol yarısının şişkinliyi, genişölçülü qançırı, sol budun genişölçülü qançırı, sol dizin, sol baldırın və sağ budun qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlımlığa qəsdən yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə qurmuşdur. 09 noyabr 2021-ci il tarixdə saat 12-13 radələrində zərərçəkmişlə Kiçik Qaramurad kəndində olan toyda iştirak etmişlər. O, zərərçəkmişin toy mərasimi zamanı harasa getdiyini bilmişdir. Təxminən, saat 18 radələrində onlar toydan çıxmışlar. Yolda olarkən zərərçəkmiş bildirmişdir ki, onun valideynlərinin evinə getmişdir. O, sərxoş olduğu üçün bundan əsəbləşmiş və zərərçəkmişi yumruq və təpiklə bir neçə dəfə müxtəlif bədən üzvlərindən vuraraq, döymüşdür. O, Törətdyi əməldən peşmandır. Zərərçəkmişdən üzr istəmişdir. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə 2018-ci ildə ailə qurmuşdur. Rəsmi nikahları olmasa da, birgə yaşayırlar. 09 noyabr 2021-ci il tarixdə saat 12-13 radələrində təqsirləndirlən şəxslə Kiçik Qaramurad kəndində olan toyda iştirak etmişlər. Təqsirləndirlən şəxs toyda olan zaman o, təqsirləndirlən şəxsin Leşkər kəndində yaşayan valideynlərinə baş çəkmişdir. Lakin bu barədə ona deməmişdir. Təxminən, saat 18 radələrində onlar birlikdə toydan çıxmışlar. Yolda olarkən o, təqsirləndirlən şəxsı valideynlərinin evinə getdiyini bildirmişdir. Təqsirləndirlən şəxs sərxoş olduğu üçün bundan əsəbləşmiş və onu yumruq və təpiklə bir neçə dəfə müxtəlif bədən üzvlərindən vuraraq, döymüşdür. Təqsirləndirlən şəxsə qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X4 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X5 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli 734 saylı canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın qançır və sıyrılmış yarası, sifətin sol yarısının şişkinliyi, genişölçülü qançırı, sol budun genişölçülü qançırı və sol dizin, sol baldırın və sağ budun qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 09 noyabr 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sifətin sol yarısının şişkinliyi, genişölçülü qançırı, sol budun genişölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 oktyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 fevral 2018-ci il tarixdə 01 il 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Yəni, məhkumluğu ödənilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmişlə barışdığına görə Gədəbəy Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Kiçik Qaramurad İƏD üzrə Nümayəndəliyi tərəfəindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin və zərərçəkmişin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən evinə gedən yolda qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq və təpiklə qəsdən vuraraq, ona başın qançır və sıyrılmış səthi yarası, sifətin sol yarısının şişkinliyi, genişölçülü qançırı, sol budun genişölçülü qançırı, sol dizin, sol baldırın və sağ budun qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlımlığa qəsdən yüngül zərər vurmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilənin şəxsiyyətin səciyyələndirən halları müəyyən edərkən nəzərə alır ki, onun çəkilməmiş cəzası yoxdur, lakin Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bununla belə, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirlən şəxsin bu əməli ilə cinayətlərin residivi yaranmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və törətdiyi əməldən peşmam olmasını təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar