Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-14/2021 17.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, himayəsində 1 azyaşlı uşaq olan, Gədəbəy rayonu Qoşabulaq kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ev 21-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 86-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 17 iyun 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 oktyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində Gədəbəy rayonu, Qoşabulaq kəndinin örüş otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan bir baş dəyəri 1500 manat təşkil edən yeddi yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi və bir baş dəyəri 1600 manat təşkil edən beş yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi, ümumilikdə 3100 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 oktyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində Gədəbəy rayonu, Qoşabulaq kəndinin örüş otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan bir baş dəyəri 1500 manat təşkil edən yeddi yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi və bir baş dəyəri 1600 manat təşkil edən beş yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi, ümumilikdə 3100 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulub böyüsə də 2001-ci ildən Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayır. Ailəsindən boşanmış və anası Tamam, qardaşı Elmar və qızı Zəminə ilə birlikdə yaşayır. Anası yazda Gədəbəy rayonu, Qoşabulaq kəndinə gedir, qışda isə Məhsəti qəsəbəsinə gəlib onlarla birlikdə yaşayır. İnəklərini də yazda Qoşabulağa, qışda Məhsəti qəsəbəsindəki tövlələrinə gətirib saxlayırlar. Əsasən istilikxanalara gedib fəhləlik etməklə dolanır. Əslən Gəncə şəhərindən olan Tağı adlı şəxsi təxminən 5 il olar ki, tanıyır. Onunla bir yerdə istilikxanalarda işləmək üçün gedir. Onunla normal münasibətləri yaranmışdır. Vaxtaşırı onların evlərinə gəlib gedir. 10 oktyabr 2019-cu il tarixdə qardaşı Elmara lombardlara borcu olduğunu demiş, onunla razılaşmışdır ki, yazdan kəndə apardıqları və anasının Qoşabulaq kəndində saxladığı iki baş inəyi oğurlayıb satsınlar və lombardlara olan borcunu ödəsin. Məsləhətləşmişlər ki, bu işdə Tağı onlara kömək edə bilər. O, zəng edib Tağını evlərinə çağırmış, Tağı onlara gəlmişdir. Ondan xahiş eləmişdir ki, anasının Qoşabulaq kəndində inəklərinin oğurlanmasında ona köməklik eləsin. Elmar da söhbət vaxtı yanlarında olmuş, razılaşmışlar ki, Tağı ilə Qoşabulağa gedib səhər tezdən anası inəkləri çölə buraxdıqdan sonra inəkləri oğurlayarlar və Elmara zəng edəndə bir maşın gətirər və inəkləri apararlar. O, maşın üçün qonşuluqda yaşayan Afiqin yanına getmiş, səhər anasının iki baş inəyini Qoşabulaqdan gətirə bilməsini soruşmuş,Afiq oranı tanımadığını bildirdikdə ona qardaşı Elmarla gəlmələrini demişdir. Afiqlə bunun müqabilində 70 manata razılaşmışlar. O, evlərində birinci mərtəbədəki çarpayının üstündəki balışın altına 80 manat qoymuşdur ki, səhər Elmar inəkləri gətirməyə gələndə ona zəng edib 70 manatını Afiqə verməsini deyər. O, Tağı ilə axşamüstü yola çıxıb yol maşını ilə əvvlcə Şəmkir şəhərinə, oradan isə Gədəbəyə, Atabəy kəndinə gəlmişlər. Oradan isə piyada Qoşabulaq kəndinə anasıgilə gəlmişlər. Onlar gecəni yatmış, səhər tezdən 11 oktyabr 2019-cu il tarixdə anası onlara pendir, şirinçay vermiş, yeyib evdən Slavyankaya getmək adı ilə meşə tərəfə gedib təpənin arxasında gözləmişlər. O, öz heyvanlarını aparmaq istəsə də, ancaq onların inəkləri gözlədiyikləri yerə gəlib çıxmamışdır. Saat 10 radələrində kənd sakinlərinin heyvanları gəlmişdir. Onlar bir-birinə yaxın otlayan iki baş, biri qırmızı rəngli buynuzlu, digəri isə göy rəngli buynuzlu inəkləri Bada kəndi istiqamətinə aparmışlar. Yola düşəndə o, Elmara zəng eləyib, inəkləri Bada kəndinə gətirdiklərini, Afiqin maşını ilə oraya gəlmələrini, zirzəmidə balıncın altda qoyduğu 80 manatı götürüb, 70 manatını Afiqə verməsini demişdir. Gündüz saat 03 radələrində onlar Bada kəndinin aşağısına çatmışlar. O, Elmarla danışıb istiqaməti bildirmiş, həm də Elmara demişdir ki, Afiqə desin ki, heyvanlar Tağınındır. Bir qədər sonra Emar və Afiq maşınla gəlmişlər. Elmar Afiqə demişdir ki, mal Tağınındır. Tağı da bunu təsdiq etmişdir. Onlar heyvanları orada maşina mindirib, Məhsəti qəsəbəsinə gətirmiş, onların həyətindəki tövləyə düşürmüşlər. Afiqin 70 manatını artıq Elmar əvvəldən verdiyinə görə o, çıxıb getmiş, mallara bir gün həyətlərindəki ot bağlamalarından yedirdib tövlədə saxlamışlar. 12 oktyabr 2019-cu il tarixdə axşam Tağı ilə birlikdə heyvanları tutduqları Qazel markalı maşınla Gəncə şəhərinin kənarında yerləşən mal bazarına aparmışlar. Təxminən gecə saat 01 radələrində onlar inəklərin iksini cəmi 830 manata satmışlar. Həmin şəxs inəklərin oğurluq olduğunu bilməmişdir. İnəkləri alan şəxs onlardan telefon nömrələrini soruşmuş və onlar nömrələri demişlər. Həmin şəxs onlarla birlikdə şəkil də çəkdirmişdir. O, oğurladıqları inəklərdən əldə etdiyi puldan lombardlara olan ayrı-ayrılıqda 440 manat və 270 manat borclarını ödəmişdir. Qalan pulu isə başqa ehtiyaclarına xərcləmişdir.Törətdiyi əməldən peşmandır. Zərərçəkmişdən oğurladıqları heyvanlar özünə qaytarılmış, digər təqsirləndirlən şəxslə birlikdə zərərçəkmişə vurduqları 570 manat miqdarında zərəri aradan qaldırmışdır. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. İstikxanalarda, Gədəbəydə, Tovuzda kartof sahələrinə gedib işləməklə ailələrini dolandırır. Xeyli müddətdir Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayan Arzunu tanıyır. İstixanalarda və kartof sahələrində birlikdə işləyərkən yaxın münasibətləri yaranmışdır. Tez-tez Arzunun yaşadığı Məhsəti qəsəbəsindəki evlərinə gedir. 10 oktyabr 2019-cu il tarixdə Arzu zəng edib onu evlərinə çağırmış, onunla işi olduğunu demişdir. O, saat 13 radələrində onlara gəlmiş, Arzunun qardaşı Elmar da orada olmuşdur. Arzu lombardlara borcu olduğunu, pul lazım olduğunu demiş, sonra Qoşabulaq kəndində anasının iki baş inəkyi olduğunu, həmin heyvanları oğurlayıb gətirməkdə ona kömək etməsini xahiş etmiş, satıb kreditlərini bağlayacağını demişdir. Arzu və onun qardaşı Elmarla yaxın münasibətləri olduğuna görə etiraz etməmiş, Arzu anasının Qoşabulaqda evlərində olduğunu, gedib axşamı orada qalmalarını, səhər inəkləri götürüb gələcəklərini demişdir. Sonra Elmar çıxıb getmiş, o, axşama qədər Arzugildə oturmuş, axşam Arzu ilə birlikdə Şəmkir avtovağzalına gəlmiş, oradan avtobusla Şəmkirə, Şəmkirdən isə bir taksi ilə Atabəy kəndinə gəlib oradan piyada Qoşabulaq kəndinə Arzugilin evlərinə gəlmişlər. Arzunun anası evdə olmuş, Arzu ona fəhləliyə gəldiklərini, səhər tezdən Elmar kartof yığmaq üçün fəhlə gətirəcəyini, onlar da işə gedəcəklərini demişdir. O, yemək yeyib yatmış, 11 oktyabr 2019-cu il tarixdə səhər saat 06 radələrində Arzu onu oyatmış, onlar yemək yemiş və saat 07-də evdən çıxmışlar. Arzunun bələdçiliyi ilə kənddən çıxıb bir təpənin arxasında gözləmişlər. Kənd sakinləri mallarını meşəyə doğru buraxıb qayıtmışlar. Onlar malların yanına gəlmişlər. Arzu malların içində yaxın-yaxına otlayan iki baş inəyi göstərib onların inəkləri olduğunu demişdir. İnəklərin biri qırmızı, digəri isə göy rəngli, hər ikisi buynuzlu olmuşdur. Onlar inəkləri haylayıb uzaqlaşmışlar. Orada Arzu qardaşı Elmara zəng eləyib qabaqlarına gəlməsini demişdir. Elmar Afiqlə gəldiklərini demiş, Arzu ona Afiq soruşsa, anasının malı olduğunu deməməsini tapşırmışdır. Onlar inəkləri Bada kəndinin yaxınlığına gətirmişlər. Saat təxminən 15 radələrində Elmar Afiqin maşını ilə gəlmiş, inəkləri maşına yükləmişlər. Afiq həqiqətən malları mindirib gələndə yolda bunların nə mallar olmasını soruşmuş, o, burda yataqları olduğunu, köçdükləri üçün bu inəkləri Daşkəsənə evlərinə apardıqlarını demişdir. Onlar axşamüstü gəlib Məhsəti qəsəbəsinə çatmış, malları düşürüb Arzugilin boş tövləsinə salmışlar. O, biri gün axşam Arzu ilə Gəncə yaxınlığındakı mal bazarına gəlib, həm qiymət öyrənmiş, həm də yük maşınının sürücüsü ilə inəkləri Məhsəti qəsəbəsindən bazara 15 manata gətirməyə razılaşmışlar. Onlar gəlib inəkləri maşına yükləyib bazara aparmışlar. Bazarda inəklərin iksini 830 manata satmışlar. Alıcı inəklərin oğurluq olduğunu bilməmişdir. İnəkləri alan adam onların telefon nömrələrini almış, onlarla şəkil çəkdirmişdir. Sonra bilmişdir ki, oğurladıqları inəklər tutulub, polislər onları axtarır. Polisə gələndə hər şeyi olduğu kimi danışmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişdən oğurladıqları heyvanlar özünə qaytarılmış, digər təqsirləndirlən şəxslə birlikdə zərərçəkmişə vurduqları 570 manat miqdarında zərəri aradan qaldırmışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, ailəsi ilə birlikdə Gədəbəy rayonu Qoşabulaq kəndində yaşayır. Şəxsi təsərrüfatla məşğul olur. Beş baş inəyi, beş baş isə danası var. Hər gün onları qonşularla birlikdə kəndin kənarındakı “Əzgillik” adlanan örüş sahəsinə buraxır. Heyvanlar otlayıb saat 04 radələrində özləri həyətə qayıdırlar. 11 oktyabr 2019-cu il tarixdə yenə mal qaralarını qonşularla bu qaydada səhər saat 07 radələrində örüşə buraxmış, saat 04 radələrində qonşuların da, onların da malları həyətə qayıtmış, ancaq onun iki baş, biri qırmızı rəngli, buynuzlu, biri isə göy rəngli, buynuzlu, sol qulağı kəsik olan inəkləri həyətə qayıtmamışlar. Gedib örüşü, ətraf yerləri axtarmış, ancaq tapa bilməmişlər. Səhər yenə gedib həm örüş yerini, həm də başqa yerləri axtarmış, tapa bilməmişdir. Fikirləşmişdir ki, oğurlayıblarsa, bazara çıxara bilərlər. Ona görə qohumlarla qərarlaşmışlar ki, bazarlara baxsınlar. X6, oğlu Tunar, əmisi oğlu Yaşar və qardaşı oğlu Anar Qazax bazarına, özü isə Gəncə mal bazarına getmişlər. 13 oktyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində, inəklərinin ikisini də kəndirlə boruya bağlandığını görmüş, dərhal inəklərə yaxınlaşmamış, bazarın içində mayakları yanan polis maşınına yaxınlaşıb, oğurlanmış inəklərinin burada olduğunu onlara demişdir. Onlar onu maşına oturdub inəklərin yaxınlığına gəlib, kənardan müşahidə etmişlər. Bir qədər sonra bir nəfər cavan oğlanın yaxınlaşıb, inəkləri satmaq üçün danışmağa başlamışdır. Həmin vaxt polislər ona yaxınlaşmış, sonradan adını Seymur kimi bildiyi həmin cavan oğlanın qolundan tutub maşına gətirmişlər. Ondan malı aldığı adamın vəsiqəsini alıb-almadığını soruşmuşlar. O, telefon nömrəlrini götürdüyünü və şəkilini çəkdiyini bildirmiş,o,polislərin göstərişi ilə nömrəni çıxarıb öz telefonundan zəng eləmiş, iki nömrəyə zəng eləmiş, çağırsa da cavab verməmişlər. Sonra polis nəfəri zəng eləmiş, ona da cavab verməmişlər. Sonra o, iki nəfər polis nəfəri ilə malın yanında qalmış, polislər onu Göy Göl rayon polis şöbəsinə aparmışlar. O, başqa bazarlara gedən qohumlara, o cümlədən sahə rəisi Kənan müəllimə zəng eləyib oğurlanmış inəklərini Gəncə bazarında tapdığını demiş, Kənan müəllim malın yanında olmasını tapşırmış və bir saat keçmiş Gədəbəy RPŞ-nin əməkdaşları ora gəlmiş, inəkləri alıb, ona təhvil vermişlər. O, inəkləri maşina yükləyib həyətinə gətirmişdir. Sonradan eşitmişdir ki, polis əməkdaşları müəyyən etmişlər ki, onun inəklərini oğurlayıb satan həmkəndlisi və hazırda Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 və başqa bir şəxs olmuşdur. Hazırda təqsirləndirilən şəxslər oğurlanmış heyvanların axtarılması, onların yenidən qaytarılması, yol və digər xərclərlə əlaqədar ona dəymiş 570 manat miqdarında zərəri ödəmişlər. Onlardan şikayəti yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulub böyüsə də Gəncə şəhərində Məhsəti qəsəbəsində yaşayır. Bacısı Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. Anası Qoşabulaq kəndində yaşayır, qış vaxtları onu Məhsəti qəsəbəsindəki evlərinə aparır, yayda isə gətirib Qoşabulaqdakı evlərinə qoyur. Anası orada tək yaşayır. O, özünün Qazel markalı mikroavtobusu ilə istixanalara fəhlə aparır, özü də fəhlə kimi işləyib dolanır. 2019-cu ildə də bu qaydada yazda anasını gətirib Qoşabulaq kəndindəki evlərinə qoymuş, özü Gəncədə qalmışdır. 2019-cu il oktyabr ayının 10-da bacısı Arzu ona demişdir ki, lombarda borcu var, anasının inəklərini oğurlayıb gətirib satmaqda ona kömək etsin. O, razılaşmış, belə qərarlaşmışlar ki, həmişə onlarla fəhlələiyə gedən Təqsirləndirilən şəxs2 kömək etmək üçün çağırsınlar. Ona görə Arzu Tağıya zəng eləmiş, onu evlərinə çağırmışdır. O, günorta saatlarında gəlmiş, Arzu Tağıya lombardlara borcu olduğunu, pis vəziyyətdə qaldığını, ondan Qoşabulaq kəndindən anasının iki baş inəyini oğurlamasında kömək etməsini xahiş etmişdir. Tağı razılaşmışdır. Bu söhbətdən sonra o, çıxıb fəhlə gətirmək üçün getmiş, evə qayıdanda Arzu evdə olmamış, o, evdə yatıb səhər yenə maşını ilə Şəmkir rayonuna fəhlə gətirib qayıdanda, Arzu ona Qoşabulaqdan zəng edib, inəkləri götürdüklərini, yük maşınının sürücüsü Afiqlə 70 manata danışıb razılaşdığını, evin birinci mərtəbəsindəki çarpayının üstündəki balşın altında 80 manat qoyduğunu, onu götürüb 70 manatını Afiqə verməsini və Qoşabulağa gəlmələrini demişdir. Arzu həm də Afiqə inəklərin anasının olduğunu deməməyi, inəklərin Tağının olmasını demişdir. O, Afiqə zəng eləmiş, Afiq maşın xarab olduğunu, düzəltdirib gələcəyini demiş, bir saatdan sonra, yəni günorta vaxtı Afiq gəlmiş, onlar yola çıxmışlar. Şəmkirə çatanda Arzu ona zəng eləyib Bada kəndinə gəlmələrini demişdir. Onlar həm Arzu ilə, həm də Tağı ilə danışıb onların göstərdiyi istiqamətə gedib Bada kəndinin kənarında Arzu ilə Tağının inəkləri yedəklərində saxladıqların görmüşlər. O, inəkləri görəndə onlardan birinin öz inəklərinə oxşadığını, biri isə oxşamadığını hiss etmiş, ancaq öz inəklərini çox görmədiyindən yaxşı tanımadığına, onlara həmişə anası baxdığına və dəqiq əlamətlərini yadına sala bilmədiyinə görə onların heyvanları olmamasını bilməmişdir. Onlar inəkləri maşına mindirəndə, Afiq soruşmuşdur ki, bunlar nə inəklərdir, Tağı yaxınlıqda görünən fermanın birini göstərib onların ferması olduğunu, inəklərin də ikisini Daşkəsənə evlərinə apardığını demişdir. Onlar inəkləri axşamüstü gətirib yaşadıqları evin həyətində olan tövləyə salmışlar. Axşam olsa da anası ona inəklərin gəlməməsi barədə məlumat verməmişdir. O, şübhələnmişdir ki, inəklər onların deyil. Arzudan soruşanda o, demişdir ki, biri anasınındır, o birisinin kimin olduğunu bilmir. 12 oktyabrdan 13 oktyabr 2019-cu il tarixə keçən gecə isə Arzu Tağı ilə maşın tapıb heyvanları Gəncə mal bazarına aparmış və orada satmışlar. Ancaq mal sahibi gəlib inəklərini orada tutub polisə məlumat vermiş, polislər də inəyi sahibinə vermişlər. İnəklərin oğurluq olduğunu biləndən sonra hüquq mühafizə orqanlarına məlumat verməməsinin səbəbi həm bacısının, həm də özünün tutulmasından qorxması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatdadır. Yayda həmin kənddə yaşayır, qışda isə Gəncə şəhərinin Məhsəti qəsəbəsində övladları Arzu və Elmarla birlikdə yaşayır. Mal-qarası, toyuq cücələrilə məşğul olur. Onları yazda Qoşabulaq kəndinə gətirir, qışda isə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə aparıb orada olan tövləsində saxlayır. 2019-cu ilin yazından da bu qaydada iki baş inəyini, toyuq cücələrini və digər təsərrüfatına aid olan əşyalarını Məhsəti qəsəbəsindən Qoşabulaq kəndindəki evinə gətirmiş, orada saxlamışdır. Qoşabulaq kəndində o, həmişə olduğu kimi tək yaşamış, uşaqları isə Gəncə şəhərində yaşamışlar. 10 oktyabr 2019-cu il tarixdə gecə evdə yatarkən, qapı döyülmüş, qızı Arzu və yanında da bir cavan oğlan olduğunu görmüş, onlar fəhləliyə gəldiklərini, Elmarın da səhər maşını ilə fəhlələri gətirəcəyini demişlər. 11 oktyabr 2019-cu il tarixdə onlar səhər tezdən, təxminən 06-07 radələrində onlar getmək üçün qalxmışlar. Onlar səhər yeməyini yeyib evdən getmişlər. İki gün sonra Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları gəlib Arzunu soruşmuşlar. Onun Gəncə şəhərində olduğunu demiş, sonradan eşitmişdir ki, Arzu 10 oktyabr 2019-cu il tarixdə gecə sonradan adını Tağı kimi bildiyi həmin cavan oğlanla gəlib evdə yatıb səhər durub gedəndən sonra kəndin kənarına gedib orada həmkəndlisi Bəxtiyarın iki baş inəyini oğurlayıb aparıb Gəncə bazarında satmışlar. Məhkəmə iclasında elan edilmiş, Şahid2 şahid qismində dindirilmə protokolundan görünür ki, o, valideyinlərilə və ailəsilə birlikdə Bərdə rayonunun Cumalar kəndində yaşayır. Mal-qara alveri edib dolanır. Həmişə Gəncə mal bazarından iribuynuzlu mal-qara alıb orada müştəri çıxsa bir az aldığı qiymətdən yuxarı qiymətə satır. Sata bilməsə Bərdəyə aparıb orada satır. 12 oktyabr 2019-cu il tarixdə də bu məqsədlə Gəncə şəhərinin yaxınlığındakı mal bazarına gəlmişdir. Gecə saat 02 radələrində bir qadın və iki nəfər cavan oğlanın iki baş inək satdıqlarını görmüşdür. Qadın qızı xəstə olduğu üçün təcili pul lazım olduğunu bildirmiş, ikisini 900 manata satdığını demişdir. Onlar 840 manata razılaşmış və o, pulu verib heyvanları almışdır. Aldığı malların oğurluq olmadığına əmin olmaq üçün onun telefon nömrəsini soruşmuş, sonra telefonununa şəkillərini çəkdirmişdir. Hər iki inəyi dirəyə bağlayıb müştəri olacağını, artıq qiymətə satacağını gözləmiş, ancaq müştəri gəlməmiş, təxminən bir saat keçmiş adını sonradan Bəxtiyar kimi bildiyi şəxs polis işçiləri ilə ona yaxınlaşmışlar. Polislər inəklərin oğurluq olub-olmamasını soruşduqda, oğurluq olmamasını, bir qədər əvvəl aldığını, şəkillərini də çəkdiyini demişdir. Lakin Bəxtiyar inəklərin ona məxsus olduğunu demişdir. O, dərhal aldığı hər iki nömrəyə zəng etmiş, lakin cavab verilməmişdir. Sonra çəkdiyi şəkili də polislərə və Bəxtiyara göstərmişdir. O, malları Bəxtiyara təhvil vermişdir. Məhkəmə iclasında elan edilmiş X5 şahid qismində dindirilmə protokolundan görünür ki, o, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1, onun qarldaşı Elmarı və anası Elzanı yaxşı tanıyır. Arzunun anası qonşusudur. Arzu və Elman da onunla birlikdə yaşayır. Elzanın başqa qızları da Məhsəti qəsəbəsində yaşayırlar. Elzanın inəkləri var, onları tövləsində saxlayır, yazda isə Qoşabulaq kəndinə aparıb orada saxlayır. 10 oktyabr 2019-cu il tarixdə Arzu onun həyətinə gəlib demişdir ki, səhər Qoşabulaq kəndinə gəlib anasının iki baş inəyini Məhsəti qəsəbəsinə gətirə bilərmi. O, Qoşabulağı tanımadığını demiş, Arzu qardaşı Elmarla gələcəyini demiş, onunla 70 manata razılaşmışdır. Səhər saat 09 radələrində Elmar ona zəng eləmiş, o, maşının radiatorunun xarab olduğunu, onu düzəltdirib sonra gedəcəklərini demişdir. O, maşının radiatorunu saat 11 radələrində düzəltdirib qurtarmış və Elmarla yola çıxmışdır. Şəmkirə çatanda Elmar Badaya gedəcəklərini demiş, o, niyə Qoşabulağa getmədiklərini soruşmuş, Elmar malı Badaya haylayıblar, yolumuz yaxın olur demişdir. O, maşını sürüb Badaya getmiş, orada Elmar Arzu ilə danışmış, istiqamət vermiş və onlar kənddən kənarda Arzunu sonradan adını Tağı kimi bildiyi bir nəfər cavan oğlanı və iki baş inəyi tapmışlar. İnəyin birinin rəngi qırmızı, digəri isə göyümsov olmuşdur. O, Arzunun yanındakı oğlanı soruşmuşdur ki, bu kimdir, Arzu dayısı oğlu olduğunu, inəklərin bunun olduğunu, fermalarını satdıqlarını, payına düşən bu inəkləri apardığını demiş, o, onlara bəs mənə deyirdiniz anandır deyə soruşmuş, Arzu özümüz elə dedik ki, bir az ucuz gələsən, dayım oğlunundur demişdir. Tağı da malın onun olmasını təsdiq etmişdir, o, hətta yaxınlıqda görünən fermanı göstərib bu ferma bizimkidir, bu inəkləri də Daşkəsənə aparacam demişdir. Arzu da onları qaynanasıgilə aparacağını demişdir. O, yatağınız buradadır, acımızdan ölürük, gedək orada bir qismət yemək yeyək desə də, Arzu atasıgilnən dalaşıb küsülüdürlər demişdir. Belə də sürüb gəlmiş və inəkləri Arzugilin həyətinə düşürüb tövləyə salmışlar. Elmar çıxarıb 70 manat pulunu vermiş, o, maşını qırağa verənə qədər pulumu verərsiniz özüm bunları Daşkəsənə də apararam demiş, onlar isə baxarıq hələ qoy görək demişlər. O, çıxıb evinə getmiş, bir neçə gün keçmiş onu Gədəbəy Rayon Polis Şöbəsinə çağırmışlar. Onda bilmişdir ki, Arzugili həmin inəkləri Qoşabulaq kəndindən oğurlayıblarmış. Onun inəklərin oğurluq olmasından xəbəri olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2019-cu il tarixli 27709 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 oktyabr 2019-cu il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus oğurladıqlatrı 7 yaşında, 5 bala doğmuş, sağlam, diri çəkisi 300 kq, sağmal,aylıq boğaz inəyinin 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti 1500 manat, 5 yaşında, 3 bala doğmuş, sağlam, diri çəkisi 315 kq, sağmal, 6 aylıq boğaz inəyinin 2019-cu ilin oktyabr ayına olan bazar qiyməti 1600 manat olmaqla ümumi dəyəri nəzəri qaydada təxminən 3100 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 10 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə 02 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2020-ci il tarixdən 27 yanvar 2020-ci il tarixə və 21 iyul 2020-ci il tarixdən 23 iyul 2020-ci il tarixə qədər olan müddətlərdə tutularaq, cəmi, 06 gün müddətində Gədəbəy RPŞ-nin MST-da saxlanılmışdır. İşdə olan X1 surətindən görünür ki, Təqsirləndirilən şəxs1 övladı X4 26 iyul 2007-ci ildə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Qoşabulaq Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 25 mart 2020-ci il tarixdən 27 mart 2020-ci il tarixə qədər və 23 sentyabr 2020-ci il tarixdən 24 sentyabr 2020-ci il tarixə qədər olan müddətlərdə tutularaq, cəmi, 05 gün müddətində Gədəbəy RPŞ-nin MST-da saxlanılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həmin tarixdən həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İşdə olan X3 görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2021-ci il tarixdə tutulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Gəncə şəhəri, Nizami rayonu Evlər İdarəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 oktyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində Gədəbəy rayonu, Qoşabulaq kəndinin örüş otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan bir baş dəyəri 1500 manat təşkil edən yeddi yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi və bir baş dəyəri 1600 manat təşkil edən beş yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi, ümumilikdə, 3100 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 oktyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində Gədəbəy rayonu, Qoşabulaq kəndinin örüş otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan bir baş dəyəri 1500 manat təşkil edən yeddi yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi və bir baş dəyəri 1600 manat təşkil edən beş yaşlı, yerli cins, boğaz, əla köklükdə olan ana inəyi, ümumilikdə 3100 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. İş üzrə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişdən üzr istəməsini, ona vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişdən üzr istəməsini, ona vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə qanunun bu normasının imperativ xarakter daşımamsını, Təqsirləndirilən şəxs1 əvvəllər də məhkum olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi Təqsirləndirilən şəxs1 tətbiq edilməməlidir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yəni, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 cəmi, 06 gün tutularaq, Gədəbəy RPŞ-nin MST-da saxlanılması, Təqsirləndirilən şəxs2 cəmi, 05 gün tutularaq, Gədəbəy RPŞ-nin MST-da saxlanılması və onun 29 mart 2021-ci il tarixdən həbsdə və ev dustaqlığında olması cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nətiucəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış iki baş inəyin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 25 yanvar 2020-ci il tarixdən 27 yanvar 2020-ci il tarixə və 21 iyul 2020-ci il tarixdən 23 iyul 2020-ci il tarixə qədər olan müddətlərdə tutularaq, cəmi, 06 gün müddətində Gədəbəy RPŞ-nin MST-da saxlanılması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01(bir) il 11 (onbir) ay 18 ( on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 25 mart 2020-ci il tarixdən 27 mart 2020-ci il tarixə qədər və 23 sentyabr 2020-ci il tarixdən 24 sentyabr 2020-ci il tarixə qədər olan müddətlərdə, cəmi, 05 gün müddətində Gədəbəy RPŞ-nin MST-da saxlanılması və 29 mart 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixə qədər 02 ay 18 gün həbsdə və ev dustaqlığında olması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01(bir) il 06 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış iki baş inəyin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-14/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-14/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver