Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-14/2025 30.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi - vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Xarxar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 19 avqust 2024-cü il tarixdən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin (CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində Gədəbəy rayonu Xarxar kəndi ərazisində olan özünə məxsus mağazasının arxasından keçən yolun kənarına çardaq (besedka) qoyması səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə və münaqişə zamanı sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi və sillə ilə başına vurması səbəbindən əsəbləşib qəsdən təpiklə Zərərçəkmiş şəxs sol ayağına zərbə vuraraq yerə yıxması nəticəsində ona sağ çiyin oynağının sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol diz oynağının şişkinliyi ilə müşayət olunan sol qamış və incik sümüklərinin yerdəyişən sınıqları qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özü fiziki şəxs, fərdi sahibkardır. 19 iyul 2024-cü il tarixdə axşam saat 20:30 radələrində ona məxsus olan obyektin dam örtüyünün sularını boru vasitəsilə xəttə qoşan zaman orada işçi Şahid1 da ona kömək edirdi. Həmin vaxt başları işə qarışmışdı. Baxanda görmüşdür ki, həmkəndlisi Zərərçəkmiş şəxs başının üstündə dayanıb və ona “sənə neçə dəfə demişəm ki, o çardağı yolun kənarından götür” demişdir. O, özünə məxsus obyektin qarşısında taxtadan çardaq düzəltmiş, Nurlan həmin çardağı sökməsini bildirdikdə o Nurlana çardağın heç bir maneçilik törətmədiyini, əgər sökdürmək istəyirsə bununla bağlı məhkəməyə və ya bələdiyəyə müraciət etməsini bildirmiş və aidiyyati orqanların araşdırmasını demişdir. Nurlan onu təhqir etmiş və üzərinə gələrək əli ilə ona şillə ilə vurmuş, bu zaman papağı yerə düşmüşdür. Həmin vaxt o özündən çıxmış və özünü müdafiə edərək Nurlanın əl qolunu tutub, yerə yıxmış və hadisə həmin vaxt baş vermişdir. Nurlana yerdə nə olmasını bilməmiş, lakin ona nə oldusa yerdə olmuşdur. Həmin vaxt orada olan adamlar onları ayırmışdır. Həmin hadisələr kamera görüntülərində də var. Həmin vaxt oradan keçən Nurlanın qayınatası Nurlanı avtomobilinə oturdaraq evlərinə aparmışdır. Nurlan uzaqdan səs-küy salaraq onu təhqir etmişdir. Hadisədən sonra o, işinə davam etmiş, Nurlanın atası onun obyektinə gəlmiş və oğlunu nə üçün vurduğunu soruşduqda ona Nurlanı vurmadığını, özünü müdafiə etdiyini bildirmişdir. Atası da onun sinəsindən yapışmış və onu vurmaq istəyərkən oradakı adamlar onları ayırmışdır. O, Nurlanın atasına ondan böyük olmasını, onu vurmayacağını bildirdikdə Nurlanın atası, onu təhqir edərək çardağı yerə çırpmış və getmişdir. Hadisənin sabahsı günü polis əməkdaşları gəlmiş və ondan şikayət olduğunu bildirmişdir. O da kamera çəkilişlərini polisə təqdim edərək izahat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli çardaq ona məxsus torpaq sahəsində yerləşir. Zərərçəkmiş şəxslə həmin çardağa görə aralarında mübahisə 2024-cü ilin mart ayından yaranmışdır. O, zərərçəkmiş şəxsə bununla bağlı aidiyyəti orqanlara müraciət etməsini bildirmişdir. Zərəçəkmiş şəxs onun həmkəndlisi olduğuna görə dalaşmaq fikri olmamışdır. Zərərçəkmiş şəxs hadisə baş verən vaxt onun üzərinə gəlmiş, o özünü müdafiə etmiş və zərərçəkmiş şəxsi yerə yıxmışdır. O, zərərçəkmiş şəxsi vurmamışdır. Yıxıldığı yerdə daş olmuşdur. Zərərçəkmiş yıxılan zaman ona ayağını qırdığını demişdir. Yerə yıxılan zaman o da zərərçəkmiş şəxsin üstünə düşmüşdür. Həmin vaxt ola bilsin ki, ağırlığa və daşa dəyməsinə görə olmuşdur. O, zərərçəkmiş şəxsin atasına xəstəxana xərclərinə köməklik edtməsini təklif etmiş, lakin sonuncu bunu qəbul etməmişdir. Təqdim edilmiş sənədlərə əsasən zərərçəkmiş şəxsə 2.700 manat zərər dəyməsi qeyd edilir. O, vurulmuş zərər görə 2.000 manat köməklik göstərə bilər. Artıq məbləği ödəməyə gücü çatmır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin 19 iyul tarixində axşam radələrində Təqsirləndirilən şəxs özünə məxsus mağazanın qarşısında nəsə təmizləyirdi. O, Elvinin yanına gələrək yola qoyduğu çardağı çıxarmasını demiş və yolu kəsdiyi üçün ona iradını bildirmişdir. Elvinin həmin çardağı onun yolunun üzərinə qoyması ona maneçilik yaradır. O, Elvinə çardağın nə vaxta kimi qalacağını soruşduqda Elvin, ona hələ qalacağını bildirmiş və onlar dalaşmışdır. Həmin vaxt Elvinin yanında yalnız Arzu olmuşdur. O, Elvinin üstə gedən zaman Elvin onu vuraraq yıxmışdır. Elvin özünə onunla bəraət qazandırır ki, guya o Elvinə söyüş söymüşdür. Lakin, o Elvinə qarşı hər hansı söyüş söyməmişdir. O yerə yıxılan zaman Arzu gəlib onları ayırmışdır. Qaynatası həmin zaman oradan keçirdi. Qayınatası da oraya gəlmiş və o ayağa qalxmaq istədikdə ayağında güclü ağrı hiss etmiş və tərpənə bilməmişdir. Qaynatasına ayağının qırılmış ola biləcəyini bildirmiş, Qayınatası onu avtomobilinə mindirərək həkimə aparmışdır. Ona dəymiş zərəri ödəməsini istəyir. O, sağlamlığını itirmişdir, heç yerdə işləyə bilmir, ailəsini saxlaya bilmir. Ona görə mülki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin olunmasını, təqsirləndirilən şəxsin barəsində qanuni cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, çardağın yerləşdiyi yolu onlar gediş-gəliş üçün istifadə edirlər. Elvin tərəfindən yolun kənarına qoyulmuş çardağ onlara məxsus heyvanların keçib getməsinə maneçilik törədir. O bununla bağlı polisə və icra nümayəndəliyinə məlumat vermişdir. Lakin, müraciətinə baxılmamışdır. Hadisə zamanı o Elvini vurmamışdır. Xəsarət alan zaman Elvin ona heç bir köməklik göstərməmişdir. O, vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. O, Elvin ilə mağazanın su şlankını düzəltməklə məşğul olmuşdur. Bu zaman oraya Zərərçəkmiş şəxs gəlmiş və Nurlan çardağı yola nə üçün qoymaqlarını demiş və çardağı kəsib doğrayacağını bilmişdir. Bu zaman Elvinlə Nurlan arasında mübahisə yaranmış, bir-birini itələmişlər və dalaşan zaman bir-birinin altına düşmüşlər. O, Elvin və Nurlanı aralaşdırmışdır. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Elvinlə 8-9 ay olar ki, işləmişlər. Elvinlə Nurlanım arasında əvvəlcə mübahisə olmuş, lakin o məsələni dəqiq bilməmişdir. Mübahisəli çardaq yolun kənarındadır və hazırda yoldan istifadəyə heç bir maneçilik yaratmır. Onlar su şlankını düzəldən zaman Nurlan gəlib Elvinə çardağı götürməsini demiş və Elvini söymüşdür. Elvin Nurlana polis gətirməsini bildirmişdir. Elvin Nurlanı vurmamış, Nurlan Elvinin altına düşmüş və Nurlan ayağının qırıldığını bildirmişdir. Elvinlə Nurlanı o aralamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Xarxar kəndində ailəsi ilə birlikdə yaşayır. Əsl adı Vüsaldır, lakin kənd camaatı arasında onu Vasif kimi də çağırırlar. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Hər ikisi həmkəndlisidir. Zərərçəkmiş şəxs həm də kürəkənidir. Hər ikisi ilə yaxşı münasibəti var, əvvəllər aralarında düşmənçilik və ədavat olmamışdır. Kürəkəni Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs barədə Gədəbəy rayon Polis şöbəsinə yazmış olduğu şikayət ərizəsinin məzmunu ilə tanışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 20:30 radələrində idarə etdiyi avtomaşınla Elvinin mağazasının arxasından keçən kənd yolu ilə kürəkəni Nurlan gilə tərəf gedən zaman yolun kənarında Elvinin Nurlanı yerə yıxdığını görmüş, tez idarə etdiyi maşını saxlamış və yerə düşmüş, yaxınlaşıb Elvini kənara çəkmiş və Nurlandan aralaşdırmışdır. Həmin vaxt Nurlana köməklik göstərib onun yerdən qaldırmaq istəmiş, Nurlan ayağının bərk ağrıdığını demiş, ona köməklik göstərib yerdən qaldırmış və idarə etdiyi maşına əyləşdirib, aparıb evlərinə düşürmüşdür. Nurlan ona Elvin onun ayağına vurub yerə yıxdığını və həmin vaxt aldığı zəbədən ayağının bərk ağrıdığını demişdir. Sonradan Nurlanın ayağı sındığını bilmişdir. Həmin hadisə vaxtı orada Elvin, Nurlandan və Şahid1 başqa kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs ilə Nurlanın arasında olan dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolla müəyyən olunur ki, hadisə yeri Gədəbəy rayonu Xarxar kəndində Təqsirləndirilən şəxs məxsus mağazanın arxasıdır. Həmin yer Gədəbəy rayonunun Xarxar kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə gedən kənd yolunun kənarıdır. Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə döyüldüyünü bildirmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 311 saylı rəyindən görünür vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol diz oynağının şişkinliyi ilə müşayət olunan sol qamış və incik sümüklərinin yerdəyişən sınıqları, sağ çiyin oynağının sıyrıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 19 iyul 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sol diz oynağının şişkinliyi ilə müşayət olunan sol qamış və incik sümüklərinin yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özüözünə yetirə yetirməsi inandırıcı deyil, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Gədəbəy RİHB-nın Xarxar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə edilməsini, himayəsində üç azyaşlı uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 olması və cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi (mübahisənin zərərçəkmiş şəxs tərəfindən başladılması və təqsirləndirilən şəxsin üzərinə getməsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən digər hallarla yanaşı, cəzanı yüngülləşdirən hal olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona islah işləri cəzası təyin edilməli, cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia verərək, cinayət nəticəsində vurulmuş 5.000 manat məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi məhkəmə iclasında mülki iddianı müdafiə edib, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) 5.000 manat məbləğində zərər dəydiyini bildirmişlər və həmin məbləğin təqsirləndirilən şəxsdən tutulmasını tələb etmişlər. Mülki cavabdeh Təqsirləndirilən şəxs isə mülki iddianı qismən qəbul edərək, zərərçəkmiş şəxsə vurulmuş zərərlə bağlı 2.000 manat məbləğində ödəniş edə biləcəyini bildirir. Məhkəmə qeyd edir ki, mülki iddiaya əlavə edilmiş sübutlarla təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 2779 manat (müayinə və müalicə xərcləri olaraq) məbləğində zərər dəyməsi təsdiqini tapır. Mülki iddia tələbi qalan hissədə sübuta yetirilmədiyindən təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 2.779 (iki min yeddi yüz yetmiş doqquz) manat maddi ziyan alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2.779 (iki min yeddi yüz yetmiş doqquz) manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-14/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-14/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver