Məhkəmə qərarları › İş №1(042)-17/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-17/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-17/2021 01.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Gədəbəy rayonunda doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 iyul 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Gədəbəy rayonu, Düzyurd kəndindəki evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əsəbləşərək, kişi bel kəməri ilə onu qəsdən vuraraq, ona döş qəfəsinin arxa səthinin şişkinliyi və geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 28 iyul 2020-ci il tarixdə o, yaşadığı evin otaqlarından birində “Nokia” markalı mobil telefon tapmış, telefonun kimə məxsus olduğunu arvadından soruşmuş, arvadı bu barədə məlumatı olmadığını bildirmişdir. O, arvadı Zərərçəkmiş şəxs kiminləsə danışdığını düşünmüş, qısqanclıq zəminində əsəbləşərək, özünə məxsus bel kəməri ilə bir neçə dəfə vurmuş və ona xəsarət yetirmişdir. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmışdır. Ona görə də bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun əridir. Birgə nikahlarından 2014-cü ildə Nihad adlı uşaqları olmuşdur. 28 iyul 2020-ci il tarixdə saat 19 radələrində təqsirləndirlən şəxs əlində “Nokia” markalı mobil telefonla otağa gələrək, həmin telefonun kimə məxsus olduğunu soruşmuşdur. O, telefonun ona məxsus olmadığını bildirmişdir. Lakin təqsirləndirlən şəxs ona inanmamış, onun kiminləsə danışdığını düşünərək, qısqanclıq zəminində bel kəməri ilə ona bir neçə dəfə zərbələr endirmiş, ona xəsarət yetirmişdir. Təqsirləndirlən şəxs əvvəllər də onu döymüş, ona xəsarət yetirmiş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin o, təqsirləndirlən şəxslə barışdığına görə cinayət təqibinə xitam verilmişdir. Hazırda təqsirləndirlən şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Ona görə də bunun nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gədəbəy Rayon Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Şəxsinin 30 iyul 2020-ci il tarixli 547 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın, sağ gözün üst qapağının qançırları, boynun, sol çiyin oynağının sıyrıqları, döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarətlərdən başın, sağ gözün üst qapağının qançırların, boynun sıyrıqlarının törənmə müddətləri müayinədən 1-2 gün əvvələ, sol çiyin oynağının sıyrığının, döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırlarının törənmə müddətləri 3-4 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət təqibinə 06 fevral 2020-ci il tarixdə xitam verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 1(042)-8/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət təqibinə 06 fevral 2020-ci il tarixdə zərərçəkmişlərlə barışdığına görə Azərbaycan Respublikası CM-nin 40.2. və 40.2.2-ci maddələrinə əsasən xitam verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X3 2014-cü ildə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Cəfərov X2 rayonu, Düzyurd kəndində yaşayır və müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin və zərərçəkmişin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sübutlarla təsdiq edilmidir ki, Təqsirləndirilən şəxs 28 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Gədəbəy rayonu, Düzyurd kəndindəki evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əsəbləşərək, kişi bel kəməri ilə onu qəsdən vuraraq, ona döş qəfəsinin arxa səthinin şişkinliyi və geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, təqsirləndirlən şəxslə zərərçəkmiş şəxs arasında barışıq olsa da, Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və əvvəllər atrıq barəsində barışıqla əlaqədar cinayət təqibinə xitam verildiyi üçün, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.12. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini etiraf etməsini, peşman olmasını və zərərçəkmişlə barışıq əldə etməsinin ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar