Məhkəmə qərarları › İş №1(042)-21/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-21/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-21/2025 22.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Gədəbəy rayonu, Səmətkeçməz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə saat 16:30 radələrində Gədəbəy rayonu Slavyanka kəndi ərazisində yerləşən “Rus ölən” adlanan otlaq sahəsində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən ağacla və ayaq zərbələri ilə vuraraq ona döş qəfəsinin arxa və ön səthinin şişkinlikləri, geniş ölçülü qançırlar qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Slavyanka kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Ramin həmkəndlisidir. Özünə məxsus heyvandarlıq təsərrüfatı vardır və kənd sakini X2 də öz heyvanlarını onun heyvanları ilə birgə ona məxsus örüş sahəsində otarır və ona çobanlıq edir. 16 oktyabr 2024-ci il tarixdə ona zəng gəlmiş və bildirilmişdir ki, heyvanları sahibsiz qalmış və başqa şəxsə məxsus əkin sahəsinə girmişdir. O, heyvanların yanına getmiş, Stepanın orada olduğunu və içkili vəziyyətdə olduğunu görmüşdür. Stepan spirtli içki içdikdə özünü idarə edə bilmir. O, Stepandan kiminlə sipirtli içki içməsini soruşduqda Raminlə içdiyini bildirmişdir. O, sabahsı gün, 17 oktyabr 2024-cü il tarixdə Ramini çağırıb, onunla görüşmüş və Stepanla spirtli içki içməməsini xahiş etmiş, Stepanın içki içdikdə özünü idarə edə bilmədiyini və heyvanları sahibsiz qoyduğunu bildirmişdir. Ramin onunla razılaşmış və getmişdir. Bundan sonra evə gəlmiş, bir müddətdən sonra ona zəng gəlmiş və heyvanların Azərin əkin sahəsinə girməsi bildirilmişdir. onra heyvanların yanına getmiş və həqiqətən də heyvanların əkin sahəsinə girməsini görmüş, heyvanları əkin sahəsindən çıxarmış, bir yerə toplamış, həmkəndlisi Şahid1 zəng vurmuş və gəlib ona köməklik etməsini demişdir. O, Azərin oğlundan Stepanın harada olmasını soruşduqda ona qarşıda olan çadırda Stepanın Ramin və Etibar adlı şəxslərlə spirtli içki içdiyini bildirmişdir. Bu zaman Emin gəlmiş, Eminə heyvanların yanında durmasını bildirmiş və Stepanı axtarmaq məqsədi ilə yuxarı çıxmışdır. O, Ramini çağırmış, lakin Ramin ona cavab verməmişdir. Daha sonra heyvanların yanına getmişdir. Bundan sonra Raminin onlara tərəf yaxılaşdığını görmüş və yuxarı təpəyə çıxmışdır. Slavyanka kəndi ərazisində, “Rus ölən” adlanan otlaq sahəsində Raminin yerdə uzanıb yatdığını görmüş, Ramini ayıltmaq məqsədi ilə sonuncuya sillə vurmuş və Ramin ayılmışdır. O, Ramindən Stepanın harada olduğunu soruşduqda, Ramin Stepanın ünvanına söyüş söyməyə başlamışdır. Ramin içkili olduğuna görə sözünə əhəmiyyət verməyib onu yerdən qaldırmış və bir daha Stepanın yerini soruşmuş, bu zaman Ramin onun da ünvanına söyüş söyməyə başlamışdır. Həmin gün, saat 16:30 radələrində o, əlində olan ağacla Raminə bir neçə zərbə vurmuş, Ramin yerə yıxılmış, Emin gəlib onları ayırmışdır. Raminin ona söyüş söyməsindən qəzəblənərək sonuncunu vurmuşdur. Ramini vurduğu üçün əməlindən peşmandır, lakin zərərçəkmiş şəxs Azərbaycan Respublikası ərazisində olmadığı üçün ondan barışıq ərizəsi ala bilməmişdir, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Yaşadığı Slavyanka kəndində kəndin iri buynuzlu mal-qarasını otarıb çobanlıq edir. 17 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində həmkəndlisi və kənddə çobanlıq edən Etibar adlı şəxslə birlikdə kənddən 4-5 kilometr aralıda “Lapıx” adlanan biçənək sahəsində heyvan otaran zaman birlikdə çörək yemişlər və yeməkdə yarım litr araq içmişlər. Etibarla yeyib-içəndən sonra “Styop” ləqəbli X2 adlı çoban da həmin yerə gəlmişdir. Stepan həmin vaxt içkili olmuşdur. Stepan onlarla spirtli içki qəbul etməmiş, başqa şəxslə içmişdir. Həmin gün, saat 16:30 radələrində Şahlar ona Stepana spirtli içki içirdiyini bildirərək irad bildirmiş və onlar arasında mübahisə yaranmışdır. Şahlar əlində olan ağacla onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, aldığı zərbədən yerə yıxılmışdır. Yerə yıxılandan sonra Şahlar ayaq zərbələri ilə də onu döymüş və ona xəsarət yetirmiş, sonra isə oradan çıxıb getmişdir. O, yerindən qalxa bilməmiş, qardaşı, qayınanası və arvadı gəlib avtomobillə onu xəstəxanaya aparmışdır. Hadisə baş verən gün Stepan onunla spirtli içki içməmiş, həmin gündən bir gün əvvəl onunla spirtli içki içmişdir. Şahlar hadisədən əvvəl Stepanla içki içməməsini bildirdikdə o, Şahlarla razılaşmış və Stepanla içki içməyəcəyinə söz vermiş, bundan sonra da sonuncu ilə içki içməmişdir. Həmçinin hadisə zamanı Şahlara qarşı söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Slavyanka kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır.17 oktyabr 2024-cü il tarixdə Şahlar ona zəng edərək mal-qaranın əkin sahəsinə dolduğunu və gəlib heyvanlarını çıxarmasını bildirmişdir. Ona görə də o, örüş sahəsinə getmiş, örüş sahəsində Raminlə Şahların mübahisə etdiklərini, bir-birilərinə söyüş söydüklərini görmüş, sonra Şahlar Ramini yumuruqla vurmuşdur. O, Şahlar və Ramini ayırmışdır. Daha sonra Şahlar ona kömək etmiş və birlikdə mal-qararnı örüş sahəsindən aparıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Slavyanka kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Çobanlıq edib, ailəsini dolandırır. 17 oktyabr 2024-cü il tarixdə Ramin ilə kəndin heyvanlarının otlaq sahəsində görüşmüş, birlikdə çörək yemişlər və araq içmişlər, sonradan onların yanına Şahların çobanı “Styop” ləqəbli X2 də gəlmiş və o da onlarla yemək yeyib araq içmişdir. Onlar yeyib-içəndən sonra ayrılmışlar və hərə öz otardığı heyvanın yanına getmişdir. Bir müddətdən sonra eşitmişdir ki, Ramin və Şahlar örüş sahəsində dalaşmış, Şahlar Ramini döymüşdür. Hadisə zamanı o orada olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, hadisə yeri Gədəbəy rayonu Slavyanka kəndində yerləşən “Narzan” istirahət mərkəzindən təxminən 3000 metr aralıda el arasında “ Rus ölən” adlanan otlaq ərazidir. Həmin ərazi dağ və dərələrlə əhatə olunmuş yerdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs hadisə yerini göstərib, həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən həmin yerdə döyüldüyünü bildirmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 483 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin arxa və ön səthinin şişkinlikləri, geniş ölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 17 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyil, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 17 oktyabr 2024-cü il tarixdə saat 16:30 radələrində Gədəbəy rayonu, Slavyanka kəndindəki “Rus ölən” adlanan otlaq sahəsində Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında Təqsirləndirilən şəxs çobanı “Styop” ləqəbli X1 Zərərçəkmiş şəxs tərəfindən spirtli içki qəbul etdirilməsi üstündə münaqişə baş vermiş və münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayıq ifadə işlətməsi səbəbindən Təqsirləndirilən şəxs əsəbləşmiş və- əlində olan ağacla və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Həmin hadisə vaxtı onların yanında Slavyanka kənd sakini Şahid1 olmuş, başqa kənar şəxs olmamışdır. - DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy RİHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar