Məhkəmə qərarları › İş №1(042)-22/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-22/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-22/2024 01.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Şərur rayonu, Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, müvəqqəti işsiz, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağ massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İnstagram sosial şəbəkəsində tanış olduğu Gədəbəy rayonu, Zəhmət kənd sakini Zərərçəkmiş şəxs və onun arvadı X1 X2 Məkkə şəhərinə Ümrə ziyatətinə apararcağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs inandırıb, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni, 29 avqust 2023-cü il tarixdə öz adına olan "xxxx" ASC-nin 4169 7388 1750 7100 saylı kartına “Bir bank” mobil tətbiqi vasitəsi ilə 300 manat, 03 sentyabr 2023-cü il tarixdə həmin karta “Bir bank” mobil tətbiqi vasitəsi ilə 890 manat, 08 sentyabr 2023-cü il tarixdə həmin karta “Bir bank” mobil tətbiqi vasitəsi ilə 765 manat və sonuncu dəfə 21 sentyabr 2023-cü il tarixdə həmin karta “Birbank” mobil tətbiqi vasitəsi ilə 100 manat pul göndərilməsini tələb edərək, ümumilikdə qeyd edilən dövr ərzində 2055 (iki min əlli beş ) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə onları X2 Məkkə şəhərinə Ümrə ziyatətinə aparmaqla bağlı razılaşmış, Məkkə şəhərinə getməyə 3-4 gün qalmış onun uşağı xəstələnmiş və Bakı şəhəri 6 nömrəli xəstəxanada doqquz gün koma vəziyyətində qalmışdır. Başı uşağının xəstəliyinə qarışdığı üçün dediyi vaxtda Zərərçəkmiş şəxs ziyarətə apara bilməmiş, ondan gözləməyini istəsə də o gözləməmiş və polisə ondan şikayətçi olmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, o, Bakı şəhərində yaşayır və Məkkə, Mədinə şəhərlərinə zəvvarları aparmaq işi ilə məşğul olur və bu işi özü təşkil edir. O, zəvvarları təyyarə vasitəsilə hər il ziyarətə aparmışdır. O, pandemiyadan əvvəl ofisdə oturmuş, sonradan ofisin pulunu verə bilmədikləri üçün səyyar işləməyə başlamışdır. Onun zəvvarların tapılması ilə bağlı işçiləri olmuş, tapılan hər zəvvar üçün ödəniş etmişdir. Onların “instagram” sosial şəbəkəsində reklamı olmuş, Zərərçəkmiş şəxs özü onunla mobil telefon vasitəsilə əlaqə saxlamış, onlar görüşməmiş, ancaq telefon vasitəsilə danışmışlar. Anar ona arvadı ilə birlikdə Məkkə və Mədinə şəhərlərinə getmək istədiyini bildirmişdir. O, bir nəfəri 1250 dollara aparmış, getməmişdən əvvəl bir nəfərin yarı pulunu almış, qalan pulu isə getməyə bir ay qalmış almışdır. Onun uşağı xəstələndiyi üçün Anar üçün bilet ala bilməmişdir. Gedə bilmədikdə Anara bu barədə məlumat vermiş, Anar isə onu polisə vermişdir. O, Anardan aldığı pulu uşağının xəstəliyi üçün xərcləmişdir. Onun qazanc yolu ancaq bu işlər olmuş, ölkədən çıxışına qadağa qoyulduğu üçün işləyə və pulu tam olaraq qaytara bilməmişdir. Onların şirkətində 20-25 nəfər işçi olmuş, ofisləri Bakı şəhəri Nizami metrosunun yanında olmuşdur. İşçilərin 1-2 nəfəri ofisdə oturmuş, qalanları müştəri axtarmaqla məşğul olmuşlar. O, oktyabr ayında 28 nəfəri Ümrə ziyarətinə göndərmiş, onların hamısından yarı pulunu əvvəlcədən almışdır. Uşağında ağ qan qırmızı qanı yemişdir. O, bir nəfəri göndərdikdə 250-300 dollar pul qazanmış, pulun hamısı özünə çatmamış, hər müştəriyə görə 80 dollar işçiyə vermişdir. Hazırda o, Zərərçəkmiş şəxs aldığı pulu tam ödəmişdir və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o, Ümrə ziyarətinə getmək istəmiş və bir neçə şirkətlərlə maraqlanmışdır. O, Təqsirləndirilən şəxslə zənglə əlaqə saxlamış, Məhəmməd ona özünün və arvadının vəsiqələrinin şəklini göndərməsini, sabahısı gün isə pul göndərməsini, onların vizalarının və biletlərinin alınacağını bildirmişdir. O, əlində hazırda pul olmadığını, bir iki gün müddətə heyvanlarını satıb pul göndərəcəyini bildirmiş və onlar bü barədə razılaşmışlar. Sabahısı gün pasportunu göndərmiş, sonra heyvanlarını apararaq bazarda dəyər-dəyməzə sataraq pul da göndərmişdir. Bir müddət sonra Məhəmməd ona bir nəfər şəhid ailəsinin olduğunu, onun da getməsi üçün hər kəsdən əlavə pul aldıqlarını bildirmiş, o, əlavə 200 manat da göndərmişdir. Bir müddət sonra Məhəmməd onunla yenidən telefon vasitəsilə əlaqə saxlayaraq onların iki nəfər olduğu üçün bir nəfərin pulunun tam ödənilməli olduğunu bildirmiş, o isə Məhəmmədə yenidən pul göndərərək bir nəfərin pulunu tam ödəmişdir. O, arada Məhəmməd ilə əlaqə saxladıqda Məhəmməd ona narahat olmamasını və gözləməsini bildirmiş, getməyə az qalmış yenə əlaqə saxlayaraq iş yerində məzuniyyət götürməli olduğunu dedikdə, Məhəmməd tələsməməsini, ola bilsin onun gedə bilməyəcəyini, səfərbərliyə çağırıla biləcəyini demiş, o, isə yaşının səfərbərliyə uyğun olmadığını, əvvəlcə də könüllü yazıldığını, lakin aparılmadığını demişdir. Məhəmməd ona ümumiyyətlə problemli adam olduğunu, ola bilsin ki, onu aparmayacaqlarını, pulunu qaytaracağını dedikdə o, Məhəmmədə getmək istədiyini, bunun üçün heyvanlarını dəyər-dəyməzə satdığını demiş, Məhəmməd isə yenə ona gözləməyi demişdir. Getmək üçün deyilmiş müddətə 2-3 gün qalmış əlaqə saxladıqda Məhəmməd fərqli bəhanələr gətirmiş, bir gün qalmış əlaqə saxladıqda isə Məhəmməd ona bilet qalmadığını bildirərək hava limanından ona şəkil atmış, sonra uşağının xəstə olduğu üçün bilet ala bilmədiyini bildirmişdir. O, Məhəmməddən pulunu geri istəmiş, Məhəmməd isə ona pulunu 1-ci ya da 2-ci gün verəcəyini, vizaya pul verdiyini, həmin pulu ondan tutacağını demişdir. Sonradan o, Məhəmməd ilə əlaqə saxlamaq istəmiş, Məhəmməd onun telefonlarına cavab verməmiş, cavab verdikdə isə “pulunun olmadığını, pulunu verməyəcəyini, hara istəyirsə şikayət etmə”sini bildirmişdir. Sonra o, Daxili İşlər Nazirliyinin “102 Qaynar xətt”inə Məhəmmədlə bağlı şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon “Redmi Not 9” markalı mobil telefondur. Mobil telefonun “Whatsapp” yazışma proqramında “X5 Turu” adı ilə qeyd edilmiş + 994 70 *** ** ** saylı mobil nömrə ilə qeyd edilmiş şəxs arasında Səudiyyə Ərəbistana ziyarətə getmək barədə danışıqların olması, gecələmək üçün hotel şəkillərinin göndərilməsi, iki nəfər üçün 2400 manat pul tələb edilməsi, Zərərçəkmiş şəxs həmin şəxsə özünün və həyat yoldaşının foto şəkillərini və pul göndərməsi barədə olan çekləri ona göndərməsi, Zərərçəkmiş şəxs mütəmadi olaraq həmin şəxs ilə arasında danışıqların olması, bir müddət sonra Zərərçəkmiş şəxs həmin şəxsdən verdiyi pulu tələb etməsi məzmunda yazışmaların olması görünür. -könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon “Redmi A 2+” markalı mobil telefondur. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda İnstagram sosial şəbəkəsinin istifadə edilməsi görünür. İnstagram sosial şəbəkəsində daxil olunduqda “ hesen_traver_313” adlı profilin olması, həmin profildə müxtəlif yerlərə ziyarətgahların təşkil edilməsi ilə bağlı elanların və məlumatların yerləşdirilməsi profildə ***-***-**-** mobil nömrəsinin qeyd edilməsi görünür. Təqsirləndirilən şəxs İnstagram sosial şəbəkəsində olan profilin ona məxsus olduğunu və özünün istifadə etdiyini bildirdi. Bundan başqa mobil telefonda “ Bir Bank” mobil tətbiqinin istifadə edilməsi və həmin mobil tətbiqdə 4169 7388 1750 7100 nömrəli kartın blok edilməsi görünür. Təqsirləndirilən şəxs həmin kartın onun istifadəsində olduğunu bildirib kartı müəyyən səbəblərə görə blok etməsini bildirdi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Whatsapp yazışmalarını sildiyini bildirdiyi üçün baxış keçirilməsi mümkün olmadı. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən başqa yazışma və foto şəkil aşkar edilmədi. - Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məhkəmə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq olunmuş digər sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək formalaşmış daxili inamına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif vaxtlarda Gədəbəy rayonu, Zəhmət kənd sakini Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni, 29 avqust 2023-cü il tarixdə öz adına olan "xxxx" ASC-nin 4169 7388 1750 7100 saylı kartına “Bir bank” mobil tətbiqi vasitəsi ilə 300 manat, 03 sentyabr 2023-cü il tarixdə həmin karta “Bir bank” mobil tətbiqi vasitəsi ilə 890 manat, 08 sentyabr 2023-cü il tarixdə həmin karta “Bir bank” mobil tətbiqi vasitəsi ilə 765 manat və sonuncu dəfə 21 sentyabr 2023-cü il tarixdə həmin karta “Bir bank” mobil tətbiqi vasitəsi ilə 100 manat pul göndərilməsini tələb edərək, ümumilikdə qeyd edilən dövr ərzində 2055 (iki min əlli beş ) manat pulunu ələ keçirməklə dələduzluq cinayətini törətmişdir və onun əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, belə nəticəyə gəlir ki, onun cinayət məsuliyyətindən azad olması üçün əsaslar vardır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs ərizə verərək, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini və cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; KM 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tam ödədiyndən barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri zərurət aradan qalxdığından ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73-1.1-ci və 321-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.1-ci maddəsinə əsasən, zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı ödədiyindən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar