Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-24/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Düzyurd kəndində yaşadığı evin yaxınlığında qonşusu X4 məxsus taxıl sahəsinə inəklərinin girməsi səbəbindən aralarında şəxsi münaisbətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan ağacla qəsdən sonuncunun sağ bazu nahiyəsinə zərbə vuraraq, ona sağ bazunun dərialtı hematoması və genişölçülü qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy ratonu, Düzyurd kəndində yaşayır. X1 qonşusudur. Onunla münasibətləri əvvəllər yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə o, altı baş heyvanını tövlədən otlaq sahəsinə çıxarmış, oğlu Şahid2 heyvanları otarmasını tapşırmışdır. Yolda zərərçəkmiş qarşısına çıxmışdır. Zərərçəkmiş kiminsə heyvanlarının əkin sahəsinə girdiyini bildirmişdir. Lakin o, cavab vermişdir ki, heyvanlarını bir həftədəir çıxarmır, yəqin əkin sahəsinə girən öz heyvanlarıdır. Bundan sonra həyətə qayıdıb, tövləni təmizləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra zərərçəkmişin qızı Mətanətin taxıl sahəsinə tərəf getdiyini görmüşdür. O, da heyvanları geri gətirmək üçün o, istiqamətdə getmişdir. Heyvanların yanına çatanda zərərçəkmiş onu nalayiq sözlərlə söymüş, qarşısını kəsərək, üzünə tüpürmüşdür. O, zərərçəkmişi əli ilə itələyib, yoluna davam etmək istəyəndə, Mətanət əlindəki ağacla onun başından vurmuşdur. O, yerə yıxılmış, bu zaman Mətanət onun qolları və ayaqlarına da ağacla vurmuşdur. Özünə gələndə zərərçəkmiş Mətanəti ondan aralamış, onlar evlərinə getmişlər. Qaraxan isə onu qaldırıb evə gətirmişdir. Aralarında olan dava 5-10 dəqiqə davam etmişdir. O, zərərçəkmişi vurmamışdır. Əksinə Mətanət onu döymüşdür. Aralarında barışıq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Təqsirləndirilən şəxs qonşusudur. Münasibətləri əvvəllər yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində özünə məxsus torpaq sahəsində əkdiyi taxıla baxdıqda, təqsirləndirilən şəxsə məxsus altı baş iribuynuzlu heyvanın taxıl sahəsində otladığını görmüşdür. Bununla əlaqədar təqsirləndirilən şəxsə öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs bundan əsəbləşmiş və onu nalayiq ifadələrlə təhqir etmiş, üzünə tüpürmüşdür. O da təqsirləndirilənin üzünə tüpürmüşdür. Bundan sonra təqsirləndirilən şəxs onun hərbi xidmətdə olan nəvəsinin qarğış etmiş, əlindəki ağacla onun sağ qolunun çiyin hissəsindən vurmuşdur. O, zərbənin ağrısından özünü itirmişdir. Özünə gəldikdə qızı Mətanətin əlindəki ağacla təqsirləndirlən şəxsin ayağından vurduğunu görmüşdür. Bundan sonra təqsirləndirlən şəxs evinə getmişdir. Onlar da öz evlərinə getmiş, Mətanət hadisə barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. O, məhkəmə zalında da özünü əsəbi aparır və bu onun özünü çöldə neçə apardığı barədə təsəvvür yaradır. Ona qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində anası İmperial Qasımova ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşularıdır. Onunla münaisbətləri əvvəllər yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində anası taxıl sahələrinə nəzarət etmək üçün çıxmış, Təqsirləndirilən şəxs məxsus iribuynuzlu heyvanların taxıl sahəsində otladıqlarını görmüş və Təqsirləndirilən şəxs iradını bildirmişdir. O, özü də bunu görmüş, heyvanları taxıl sahəsindən çıxarmış, qayıdarkən Təqsirləndirilən şəxs anası İmperial Qasımovanı ağacla döydüyünü görmüşdür. O, tez gəlib Təqsirləndirilən şəxs anasından aralamış, onun əlindəki ağacı alıb, onun ayağından bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs isə onun əlini cırmaqlamışdır. Bundan sonra onlar ayrılmış və evlərinə getmişlər. O, evdən hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Təqsirləndirilən şəxs iştirakı ilə şahid kimi dindirilmiş azyaşlı Şahid2 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində anası iribuynuzlu heyvanları tövlədən çıxarmış və ona heyvanları otarmağı tapşırmışdır. Heyvanları otlaq sahəsinə apararkən inəklərdən biri qonşuları İmperial Qasımovaya məxsus taxıl sahəsinə girmişdir. O, dərhal inəyi taxıl sahəsindən çıxarmış, heyvanları otlaq sahəsində qoyub, dostlarının yanına getmişdir. Bir müddət sonra heyvanların olduğu yerdən səs-küy eşitmiş və həmin yerə gələndə anası ilə İmperial Qasımovanın mübahisə etdiklərini görmüşdür. Mübahisədən sonra İmperial Qasımova evlərinə getmiş, anası isə ona tapşırmışdır ki, heyvanları taxıl sahəsinə girməyə qoymasın. Bundan sonra anası da evə getmişdir. Bir qədər sonra o, heyvanları tövləyə aparanda İmperial Qasımova və onun qızı Şahid1 qabağına çıxmışlar. İmperial Qasımova inəklərdən birini ağacla vurmuşdur. Həyətə çatmağa bir qədər qalmış anası da qarşılarına çıxmışdır. İmperial onun anasını görüb söymüşdür. Lakin o, inəkləri aparmaqda davam etmişdir. Həyətə çatanda geri baxmış və anası ilə İmperialın biri-birlərni söydüklərini görmüşdür. Mübahisə zamanı anası İmperialı itələmiş, Mətanət isə anasını ağacla vurmuşdur. O, yaxınlaşıb Mətanətdən xahiş etmişdir ki, anasını vurmasın. Lakin Mətanət demişdir ki, yaxınlaşmasın, yoxsa onu da vurar. O, qorxub, onlara yaxınlaşmamışdır. Dava qurtardıqdan sonra o, anasını evə aparmışdır. O, anasının İmperialı vurmasını görməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Rayon Məhkəmə-Tibbi Ekspertizası və X7 Publik Şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 828 sayı Rəydən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazunun dərialtı hematoması və genişölçülü qançırı, sağ saidin qançırı, sıyrığı, sol ayağın daban hissəsinin sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ bazunun dərialtı hematoması və genişölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. X3 bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İşdə olan şəxsiyyət vəsiqəsinin surəti və Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır və müsbət xarakterizə edilir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-ə göndərilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Lakin zərərçəkmiş şəxs X6 xəsarətin ona məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 da məhkəmə istintaqı zamanı bildirmişdir ki, zərərçəkmişin sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuş xəsarətlər məhz təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Məhkəmə tərəflər arasında yaranmış münaqişənin xarakterini və davamlılığını, hadisə nəticəsində tərəflərin qarşılıqlı olaraq xəsarətlər almasını, Şahid1 ifadə verərəkən özünün də təqsirləndirilən şəxsi vurmasını bildirdiyini onun səmimiliyi kimi qiymətləndirərək, onun ifadəsini mötəbər sübut kimi qəbul edir, iş üzrə ekspert rəyini, istintaq hərəkətlərinin protokollarını tədqiq edərək, təqsirləndirlən şəxsin məhkəmə zalındakı aqressiv davranışını nəzərə alaraq və daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Düzyurd kəndində yaşadığı evin yaxınlığında qonşusu X4 məxsus taxıl sahəsinə inəklərinin girməsi səbəbindən aralarında şəxsi münaisbətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan ağacla qəsdən sonuncunun sağ bazu nahiyəsinə zərbə vuraraq, ona sağ bazunun dərialtı hematoması və genişölçülü qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-24/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-24/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver