Məhkəmə qərarları › İş №1(042)-24/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-24/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-24/2023 27.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Gədəbəy rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu, Günəşli kəndində qeydiyyatda olan, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Gədəbəy rayon Məhkəməsinin qərarı ilə hökmlə təyin edilən cəzası 01 il 01 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına keçirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə anası X1 yaşadığı Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətyanı torpaq sahəsində yerləşən tövləyə bitişik yardımçı sahədən sonuncunun mülkiyyətində olan 200 manat dəyərində 01 ədəd 54 sm uzunluğunda, 4.165 kq çəkidə, mis əsaslı ərintidən hazırlanmış, qulp hissəsi dəmir materialdan olan, işlənmiş vəziyyətdə su səhəngini gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 avqust 2022-ci il tarixdə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Günəşli kəndində yerləşən Zərərçəkmiş şəxs1 Səhər qızına məxsus fərdi yaşayış evinə pəncərəsini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub evin qonaq otağındakı dolabın üzərindən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 240 manat dəyərində, 01 ədəd, üzərində istehsal ilinə dair heç bir məlumat olmayan 07 litr su tutumlu odun samovarını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Günəşli kəndində yaşamışdır. X6 2022-ci ilin yayında təxminən bir ay yarım Gədəbəy rayonu, Yenikənd kəndində Zərərçəkmiş şəxs2 evində kirayədə yaşamışdır. O, da müxtəlif vaxtlarda anasının yanına gedibgəlmişdir. 17 avqust 2022-ci il tarixdə anasının kirayədə yaşadığı Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən evində olmuş, X6 heyvanları otlaq sahəsinə aparmış, o isə evdə qalmışdır. Həyətdə gəzişmiş, həyətdə yerləşən tövləyə bitişik yardımçı sahədə bir ədəd su səhəngini görüb götürmüş, Gədəbəy rayonunun mərkəzinə gəlmişdir. Gədəbəy rayonunun mərkəzində yerləşən “avtovağzal kompleksinin” ərazisində yerləşən mağazanın qarşısında Elməddin adlı şəxsə həmin səhəngi 37 manata satmışdır. Həmin pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Sonra o, 20 avqust 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt o, yaşadığı Gədəbəy rayonu, Günəşli kəndində olmuşdur. O, yaşadığı evdən çıxıb küçədə gəzişən zaman həmkəndlisi Zərərçəkmiş şəxs1 evində heç kəsin olmadığını görmüş, evə pəncərədən daxil olmuşdur. O, evin otaqların birində şkafın üstündə olan bir ədəd mis samovarı götürmüş, Gədəbəy rayonunun mərkəzinə gətirmiş, onu da “avtovağzalın” həyətində yerləşən mağazanın qarşısında Elməddin adlı şəxsə 49 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Günəşli kəndində yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs tanıyır, uzaq qohumu və həmkəndlisidir. Onunla aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. O, səhhəti ilə əlaqədar 2022-ci ilin may ayından Gəncə şəhərində yaşayan qızının evində qalıb müalicə almışdır. 20 avqust 2022-ci il tarixdə polisdən ona zəng edərək Günəşli kəndində yaşadığı evin pəncərəsinin sındırıldığını və evindən oğurluq olduğunu demiş, o da xəstə olduğu üçün oğluna bu barədə demişdir. Onun samovarı oğurlanmışdır. Samovarı çoxdan almışdır. Onu qaytararsa Elvindən şikayəti yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. "xxxx" MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs X6 2022-ci ilin yayında Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ona məxsus evdə bir müddət kirayədə yaşamışdır. O, 21 avqust 2022-ci il tarixdə evinə kirayə haqqını almağa getmiş, evinin həyətyanı sahəsində yerləşən tövləyə bitişik yardımçı sahəyə baxarkən bir ədəd səhəngin yerində olmadığını görmüşdür. O, Sevincdən səhəngin harada olmasını soruşduqda bilmədiyini demiş, o, səhəngin oğurlandığını fikirləşib polisə müraciət etmişdir. Su səhənginin qaytarılmasını tələb edir. Başqa şikayəti yoxdur. Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Onun Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən avtovağzal kompleksində xırda bir ərzaq mağazası var. Gədəbəy rayonu, Günəşli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 17 avqust 2022-cı ıl tarixdə mağazada olarkən əvvəllər tanımadığı, sonradan adının Elvin olduğunu bildiyi şəxs mağazaya daxil olmuş, pula ehtiyacı olduğundan özünə məxsus su səhəngini satmaq istədiyini demişdir. O səhəngə baxmış və qiymətini 37 manata razılaşmışlar. 37 manat pulu Elvinə vermiş və bir ədəd su səhəngini qəbul etmişdir. 20 avqust 2022-ci il tarixdə Gədəbəy şəhəri 20 yanvar küçəsində yerləşən mağazada olarkən Təqsirləndirilən şəxs yenidən mağazaya gəlmiş, samovarı olduğunu, onu da satmaq istədiyini demiş, o 49 manat pul verib samovarı da almışdır. O, həmin əşyaların oğurluq olduğunu sonradan bilmiş, həmin əşyaları könüllü olaraq Gədəbəy rayon Polis şöbəsinə təhvil vermişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs1 onun anasıdır. 2022-ci ilin avqust ayında anası Zərərçəkmiş şəxs1 müalicə almaq üçün Gəncə şəhərinə getmişdir. Bir müddət orada qalmışdır. 20 avqust 2022-ci il tarixdə anası Günəş ona zəng edərək Gədəbəy rayonu Günəşli kəndində yerləşən evindən oğurluq olduğunu bildirmiş, o, evlərinə gəlmiş, evin pəncərəsinin sındırldığını və evdə olan bır ədəd, samovarın yerində olmadığını görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayon Günəşli kəndi ərazisində kənd məktəbinin yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsidir. Həmin ev iki mərtəbəlidir, evə bitişik tövlə mövcuddur. İkinci mərtəbəyə giriş iki tağlı köhnə taxta qapıdan keçməklə mümkündür. Həmin qapının sol tərəfində iki ədəd, sağ tərəfində isə bır ədəd köhnə iki tağlı pəncərə mövcuddur. Baxış zamanı müəyyən edilmişdir ki, evin üst mərtəbəsinin giriş qapısının sol tərəfində yerləşən birinci pəncərəsinin taxta hissəsində qırıqlar mövcuddur. Pəncərənin arxasında yerləşən mismar əyilmiş haldadır. Pəncərə ağ rənglidir və arxasında ağ güllü örtük mövcuddur. Həmin pəncərənin yerləşdiyi otaqda bir ədəd stol, bir ədəd stul, iki ədəd dəmir çarpayı, divardan asılı iki ədəd köhnə xalça mövcuddur. Həmin otaqdan çıxan zaman sol baş tərəfdə yataq otağı yerləşir. Həmin yataq otağında iki ədəd çarpayı, üzərində döşək yorğan ədyallar üzərində güldan olan qapılarının üstü güzgülü olmaqla cəmi 04 ədəd qapısı olan şkaf yerləşir. - hadisə yerinə baxış keçirilməsi haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən X3 oğurluq hadisəsinin olduğunu qeyd etdiyi evdir. Həmin ev bir mərtəbəli, iki otaqlı ev olmaqla evin həyətində yardımçı tikili var. Yaşayış evi Yenikənd kəndində yerləşməklə "xxxx" MMC-yə məxsus su anbarından 650 metr məsafədə yerləşir. Baxış zamanı Etibar Məmmədov bildirdi ki, evinin həyətyanı sahəsini Sevinc İsayevaya kirayə vermişdir. Ona məxsus bir mis səhəng qapısı açıq olan, tövlənin yanında olan yardımçı tikilidən oğurlanmışdır. - 02 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolundan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 01 ədəd üzərində istehsal ilinə dair heç bir məlumat olmayan təxminən 7 litr su tutumlu odun ilə qızdırılmaq üçün nəzərdə tutulmuş samovardır. Şahid1 könüllü olaraq təqdim etdiyi odun samovarı istifadə olunmuşdur. Üzərində istifadəyə xarakterli cızıqlar və zədələr vardır. Samovarın hər iki yan tərəfində əli ilə tutulmaq üçün nəzərdə tutulmuş kənarları metal hissələr ilə samovara birləşdirilmiş orta hissəsində qara rəngli örtüyü olan tutacaq vardır Baxış zamanı samovarın üzərində iş üçün əhəmiyyət kəsb edən heç bir xüsusata rast gəlinməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 baxış zamanı samovarın ona məxsus olduğunu qeyd etmişdir. - 02 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 01 ədəd 54 santimetr uzunluğunda, 4.165 kiloqram çəkidə, 07 litr su tutarı olan, mis materialından hazırlanmış su səhəngidir. Mis materialında içərisi dolu ovalvarı tutacağı vardır. Su səhənginə baxış zamanı onun üzərində istifadəyə xarakterik əziklər, cızıqlar və zədələr vardır. Səhəngin rəngi solğundur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 baxış zamanı qeyd edilən səhəngin ona məxsus olduğunu bildirmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 9/6961 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində istehsal ilinə dair heç bir məlumat olmayan təxminən 07 litr su tutumlu samovarın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti 240 manat müəyyən edilir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 9/69662 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 54 sm uzunluğunda 4.165 kiloqram çəkiyə malik mis əsaslı ərintidən hazırlanmış, qulp hissəsi dəmir materialından olan su səhənginin istifadədə olması və yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 200 manat müəyyən olunur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Şəmkir rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)- 102/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 2 ay 28 günü 1 il 1 ay 14 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. - Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsindən alınmış 09 dekabr 2022-ci il tarixli, xx/xx-1649 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Gədəbəy rayonunda anadan olmuş, Gədəbəy rayonu Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixli Gədəbəy rayon məhkəməsinin qərarı ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 1 ay 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə tədqiq olunmuş sübutlara mümkünlüyü, mənsubiyyəti və mötəbərliyinə görə ayrı ayrılıqda tədqiq edərək hesab edir ki, ittiham tərəfindən təqdim edilən sübutlarda şübhələr yoxdur, ona görə də məhkəmə ittiham tərəfindən təqdim edilmiş sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs etirafedici ifadəsi məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam yoxlanılmış və tam təsdiq olunduğundan məhkəmə onun etirafını da ona qarşı elan olunmuş ittihamın əsası kimi qəbul etmişdir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi ilə razılaşır və hesab edir ki, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təyin ediləcək cəza və onun həddi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası qaydasında Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmlə təyin edilən cəzasının çəkilməmiş qalan hissəsi 01 il 01 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum olunduğundan, hazırki cinayəti məhz azadlığın məhdudlaşdırılması cəzası çəkərkən törətdiyindən residivin təyini zamanı bu hal nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, şəxsiyyətini xarakterizə edən halları, o cümlədən əvvəllər məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, cəza çəkdiyi dövrdə hazırkı cinayət əməllərini törətməsini, eləcə də azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarına əməl etmədiyindən cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, törətdiyi cinayət əməlin ictimai təhlükəliliyini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvəz edilmiş 01 il 01 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.5, 132.1.6-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlar - Gədəbəy rayon Polis şöbəsində saxlanılan mis materialdan olan 01 ədəd su səhəngi və bir ədəd odun samovarı qanuni sahiblərinə qaytarılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 01 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 06 günü qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Gədəbəy rayon Polis şöbəsində saxlanılan maddi sübutlar - 01 ədəd su səhəngi qanuni sahibi Zərərçəkmiş şəxs2, bir ədəd odun samovarı isə qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülsün. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar