Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-25/2025 22.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, Gədəbəy rayonu Qalakənd meşəbəyliyinin 12 saylı meşə dolayısında meşə gözətçisi işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Gədəbəy rayonu Miskinli kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuraraq ona başın hematoması, geniş ölçülü qançırı, sağ göz altının şişkinliyi və geniş ölçülü qançırı qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 saylı X5 Mərkəzinin Gədəbəy rayonu Qalakənd meşəbəyliyinin 12 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmkəndlisidir və o da meşə gözətçisi vəzifəsində işləyir. Əvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Özünün bacısı oğlu Ruslan Şahbazın meşə gözətçisi işlədiyi meşə ərazisinə tez-tez gedib-gəldiyi üçün Şahbaz Ruslanın meşədən odun aparmasından şübhələnmiş, buna görə bacısı oğlunun ünvanına xoşagəlməz ifadələr işlətmişdir. 29 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanına nalayiq ifadə işlətdiyi üçün ona irad tutanda Şahbaz ona da söymüş, buna görə aralarında mübahisə baş vermiş, hər ikisi bir-birini əlləri ilə vurmuşdur. Onları Güloğlan ayırmışdır. Sonradan əməlindən peşman olmuş, Şahbazdan üzrxahlıq etmiş, zərərçəkmiş onunla barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Miskinli kəndində yaşayır, 14 saylı X5 Mərkəzində meşə gözətçisi işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi və iş yoldaşıdır. Onun Müşfiqlə münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Baş vermiş hadisədən bir qədər əvvəl o, tanışları ilə gecə saatlarında gəzmək məqsədi ilə mühafizə etməli olduğu meşəyə getmiş, orada “UAZ” markalı avtomobil və avtomobildə odunkəsən olduğunu görmüş, onlardan birinin- Şahid3 atasına zəng edərək bu haqda məlumat vermişdir. 29 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Miskinli kəndi ərazisində Müşfiqlə görüşmüşlər, orada aralarında mübahisə baş vermiş, Müşfiq yumruqla onu vurmuş, Müşfiqin qardaşı oğlu Güloğlan onları aralamışdır. Sonradan Müşfiq ondan üzrxahlıq etmiş, o, da Müşfiqlə barışmışdır, ondan şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu Miskinli kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onların hər ikisi ilə münasibətləri normaldır, aralarında ədavət, düşmənçilik olmamışdır. 29 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Miskinli kəndində yerləşən məktəbin yaxınlığında Şahbaz və Müşfiqin mübahisə etdiklərini və əlbəyaxa olub dalaşmaqlarını görmüş, orada olan şəxslər tərəfləri ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da eyni məzmunlu ifadələr verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqındа xx.xx.2024-cü il tarixli protokolla müəyyən olunur ki, hadisə yeri Gədəbəy rayonu Miskinli kəndində “DOST” qapısı adlı restorandan aşağıda, asvalt yoldan 30 metr məsafə aralıda Miskinli kənd 4 illik ibtidai sinif məktəbinin həyətidir. Hadisə yerindən məktəbə 95 metr məsafə var. Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə yeri torpaq ərazi olmaqla üzəri otluqdur. Hadisə yerinin ətrafında kolluq və və tikintidə istifadə olunan beton piltələr betona söykənmiş, təkərlər var. Zərərçəkmiş şəxs hadisənin həmin ərazidə baş verməsini bildirmişdir. - Məhkəmə - tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 438 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– başın hematoması, geniş ölçülü qançırı, sağ göz altının şişkinliyi və geniş ölçülü qançırı, üst dodağın sıyrığı, burun şişkinliyi, qançırı, boyunun sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın hematoması, geniş ölçülü qançırı, sağ göz altının şişkinliyi və geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, qeyd olunnan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. - DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X3 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, lakin, əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 73.2 və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. - Gədəbəy RİHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Gədəbəy RİHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 adında üç uşağı var. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X3 xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmiş, şəxsin əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 73.2 və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalı, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, o, cəzasını iş yeri üzrə çəkməli, onun cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-25/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-25/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver