Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-26/2021 11.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Tovuz rayonu, Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Tərsyer kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə saat 17 radələrində Şahid2, Şahid4 və Şahid3 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə Tovuz rayonu, Əhmədabad kənd sakini Şahid1 oğurlaması ilə müşayiət olunan ağır cinayətlər kateqoriyasına aid olan adam oğurluğu cinayətini qabaqcadan vəd etmədən gizlətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 17-18 radələrində qardaşı oğlu, Tovuz rayonu, Abdal kənd sakini Şahid2 özünə məxsus, idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə dostları Mehman və Pərviz adlı şəxslərlə birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxt qardaşı oğlu Tural maşından düşüb evin həyət qapısından içəri daxil olub ona Tovuz rayonundan qız qaçırdığını, bir müddət evdə qalmaq istədiyini söyləmişdir. Bundan sonra o, Turalla razılaşıb qaçırdığı qızı içəri gətirə biləcəyini söyləmişdir. Tural həyətə düşüb idarə etdiyi avtomobilin arxa qapısını açıb, sonradan adını bildiyi Şahid1 yaşadığı evə aparmaq istədikdə Şəbnəm Turala mane olub, içəri getmək istəmədiyini bildirmişdir. O, bu zaman Şəbnəmin qolundan Turalla birlikdə tutub içəri aparmışdır. Evin giriş qapısından içəri daxil olduqda Şəbnəm Turalla evlənmək istəmədiyini, Turalın onu zorla qaçırdığını söyləmiş və evin içərisində qışqırmağa başlamışdır. O, Şəbnəmə Turalla gəldiyini, razı olsa, onunla evlənə biləcəyini söyləmişdir. Şəbnəm qışqıra-qışqıra ona Turalla evlənməyəcəyini, onu geri qaytarmalarını tələb etmişdir. O, Şəbnəmi sakitləşdirməyə və könlünü almağa çalışaraq izah etməyə çalışmışdır ki, daha Turalla birlikdə gəlib, Turalın qismətidir, Turalla evlənə bilərlər. Həmçinin Turalın tutulmaması, ondan şikayətçi olmaması üçün Şəbnəmlə söhbət etməyə, onu razı salmağa çalışmışdır. X2 barışdırmağı barədə etdiyi təkliflərdən imtina etmiş və bildirmişdir ki, yaşadığı evə onu qaytarsınlar. O, belə olduqda Turala demişdir ki, qaçırdığı qız onunla evlənmək istəmir, zorla ailə qurulmaz. Belə olan halda o, Turala Şəbnəmlə danışdığını, lakin qızın onunla evlənmək istəmədiyini söyləmiş, əlavə olaraq Turalın qardaşı Şahid5 zəng etmiş, Turalın yaşadığı evə qız gətirdiyini, qızla söhbət etdiyini, lakin qızın Turalla evlənmək istəmədiyini söyləmişdir. Belə olan halda Tural və Şəbnəm evində təxminən bir saat qaldıqdan sonra isə Tovuz rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək Tural və Şəbnəmi Tovuz rayon polis şöbəsinə aparmışlar. Şahid2 ona Şahid1 qaçırmazdan qabaq sonuncunu və ya hər hansı başqa bir qızı qaçıracağı barədə söyləməmişdir. Şahid2 qardaşı oğlu olduğundan ona maneçilik törətməmişdir. Həmçinin Şahid2 qardaşı oğlu olduğundan barəsində polisə məlumat verməmişdir. O, həmçinin ifadəsində bildirdi ki, əməlindən səmimi peşmandır. Şahid2 ifadəsində göstərdi ki, Şahid1 təxminən 3 ildir tanıyır. Şəbnəmi yaşadığı kənddə görüb tanımış, bəyənmiş və onunla evlənmək qərarına gəlmişdir. Ötən ilin oktyabr ayında anası Nahidəni Şəbnəmgilə elçiliyə göndərmiş və Şəbnəmin ailəsi bir gün fikirləşdikdən sonra onun Şəbnəmlə ailə qurmağına etiraz etmişlər. Bundan sonra özlüyündə qərara gəlmişdir ki, münasib bir vaxt olan zaman Şəbnəmi evlənmək məqsədi ilə qaçırsın. O, fikirləşmişdir ki, Şəbnəmi iradəsi ziddinə qaçırsa da sonradan onunla ailə qurmağa razı olar. Ona görə də xx.xx.2019-cu il tarixdə saat təxminən 11 radələrində o, dostları Şahid3 və Şahid4 Şəbnəmi qaçırmaq istədiyini bildirib onlardan kömək etmələrini istəmişdir. Dostları da onunla razılaşmış və o Mehmanla Pərvizə demişdir ki, Şəbnəm axşam üstü evlərinin yaxınlığında olan Zəyəm çayına su gətirməyə gedir, həmin vaxtı qaçıracaqlar. Həmin gün saat 17 radələrində özünə məxsus Vaz-2106 markalı, **-CO-*** dövlət qeydiyyatlı avtomaşınla Mehman və Pərvizlə birlikdə Əhmədabad kəndinə gedib Zəyəm çayının kənarında Şəbnəmin gəlməsini gözləmişlər. Bir qədər sonra Şəbnəm su gətirmək üçün Zəyəm çayının kənarına gəlmiş və o, Şəbnəmi görüb avtomaşından düşüb yanına getmişdir. Mehman avtomaşından düşüb yanına gəlmiş və hər ikisi Şəbnəmi zorla avtomaşına əyləşdirmişlər. Avtomobili isə Pərviz idarə etmişdir. O, Pərvizə dediyi üçün Pərviz avtomobili Gədəbəy rayon Tərs yer kəndində yaşayan bibisi Gülnazın evinə sürmüşdür. Onlar bibisi Gülnazın evinə çatan vaxt Şəbnəm avtomaşından düşmək istəməmiş və qışqırıb, səs-küy salmağa başlamışdır. O, Şəbnəmin qolundan tutub zorla avtomaşından düşürüb evə aparmışdır. Evdə olan vaxtda Şəbnəm qışqırıb anasına getmək istədiyini bildirmiş və heç cür sakitləşməmişdir. O, Şəbnəmi evə apardıqdan sonra Pərviz və Mehman onunla görüşüb, getmişlər. Bir müddət sonra bibisi evinə polis əməkdaşları gəlmiş və Şəbnəmlə, onu Qovlar PB-nə aparmışlar. Polis bölməsində o, baş verənləri danışıb bu barədə izahat vermişdir. Bibisi Gülnaz onun Şəbnəmi qaçıracağını qabaqcadan bilməmişdir. Onlar Gülnazın evinin qarşısına çatandan sonra bibisi Gülnaz onun Şəbnəmi qaçırdığını öyrənmişdir. Şahidlər Şahid3 və Şahid4 şahid Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Şahid5 ifadəsində göstərdi ki, Şahid2 onun qardaşıdır. Şahid1 da həmkəndlisi kimi tanıyır, belə ki, qardaşı Turalın təxminən 3 ildir Şəbnəmi sevdiyini bilir. Tural Şəbnəmi yaşadığı kənddə görüb tanımış, bəyənmiş və Şəbnəmlə evlənmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Gədəbəy rayonu Saratovka kəndində işdə olarkən, Gədəbəy rayonu, Tərsyer kənd sakini bibisi Təqsirləndirilən şəxs saat 18-19 radələrində onun istifadəsində olan ***-***-**-** №-li mobil telefonuna zəng edərək bildirmişdir ki, qardaşı Tural həmkəndlisi Şəbnəmi qaçıraraq onun evinə aparıb. Şəbnəm evinə qayıtmaq istəyir, ağlayır, sakitləşmir. O, həmin vaxt Gədəbəy rayonu Saratovka kəndində işdə olduğundan bibisinə gələcəyini bildirmiş və işdən çıxaraq əvvəlcə yaşadığı Abdal kəndinə gəlmişdir ki, nə baş verdiyini öyrənsin. Evin qarşısına çatarkən polis əməkdaşlarının və Şəbnəmin bütün qohum-əqrəbasının onun evinin qarşısına toplaşdığını, səs-küy saldığını görmüşdür. O, Şəbnəmin yerini polis əməkdaşlarına demiş, polis əməkdaşları ilə birlikdə bibisinin yaşadığı evə getmişdir. Polis əməkdaşları Şəbnəmi və qardaşı Turalı Qovlar polis bölməsinə gətirmişlər. Şahid1 ibtidai istintaq orqanında verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Şahid2 tanıyır. Onunla qonşu kənd olan Tovuz rayonu Abdal kəndində yaşayır. O, orta məktəbin Xİ sinifində oxuyan vaxtdan Tural onu sevir. Bu barədə Tural ona məktəb uşaqlarından söz göndərmiş və o da Turaldan xoşu gəlmədiyi üçün sevgisinə etiraz etmiş və Turala rədd cavabı vermişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 17 radələrində evinin yaxınlığında yerləşən məhlədən heyvanlarını çıxarıb evinə gətirmək üçün evdən çıxıb yaşadığı kəndin ərazisindən keçən Zəyəm çayının kənarına gəlmişdir. O, heyvanları Zəyəm çayının kənarı ilə yaşadığı evə tərəf apararkən Turala məxsus qara rəngli VAZ-2106 markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobilin yanında dayandığını görmüşdür. O, yenə də öz yoluna davam etmiş, bu zaman Turalın avtomobildən düşüb ona tərəf gəldiyini görüb yerdən əlinə daş götürmüşdür ki, yanına gəlsə Turalı vursun. O, yerdən daşı götürəndən sonra Turala demişdir ki, «yaxın gəlmə səni daşla vuracam». Tural isə ona «sözüm var deyib gedəcəm» deyib yaxınlaşmışdır. Tural ona yaxınlaşan kimi qolundan tutmaq istəyəndə o, əlindəki daşla Turalın başına, qoluna zərbə vurmuşdur. Tural isə öz hərəkətinə davam etmiş, qolundan tutub onu zorla maşına tərəf aparmaq istəmişdir. O, Turala müqavimət göstərmiş, belə ki, qolunu Turalın əlindən çıxartmaq istəmiş, Turalla getmək istəməmiş və qışqırıb köməyə adam çağırmışdır. Tural onu apara bilmədiyi üçün köməyə avtomaşında olan dostları Şahid3 çağırmışdır. Mehman gələn vaxt onlar hər ikisi birlikdə onu zorla aparmağa cəhd göstərmişlər və o, yenə əlində olan daşla Mehmanın boyun nahiyəsinə zərbə vurmuş, əynində olan paltarları cırmışdır. Mehman və Tural birlikdə ondan əl çəkməmiş, zorla sürüyüb avtomaşına tərəf aparmışlar. Mehman və Tural onu avtomobilin arxa oturacağına mindirmək istəmişlər. O isə qışqıraraq kömək çağırıb onlara müqavimət göstərərək avtomobilə minmək istəməmişdir. Bu zaman Şahid4 da avtomaşından düşmüş və onlar hər üçü birlikdə onu zorla avtomaşına əyləşdirmişdir. Belə ki, Mehman və Tural hər iki qolundan tutmuşlar, Pərviz isə avtomobilin qapısını açmışdır. Pərviz qapını açdıqdan sonra əvvəlcə Tural avtomobilə oturmuş, onun hər iki qolundan tutub sürüyərək avtomobilə tərəf dartmışdır. Həmin vaxt o, ayağını avtomobilin qapısının altına keçirmişdir ki, Tural onu çəkə bilməsin, bu zaman Pərvizlə Mehman onun ayağını qapının altından çıxarıb avtomobilə salmışlar. Bundan sonra Pərviz sükan arxasında oturmuş və avtomobili idarə etmişdir, Mehman və Tural isə onun sağ və sol tərəflərində arxada oturmuşlar. Həmin vaxt qolundan, kürək nahiyəsindən və ayaqlarından xəsarət almışdır. O, avtomaşında da onlara müqavimət göstərməyə davam etmiş, lakin Tural və Mehman onun əlini qolunu tutmuşlar. Pərviz avtomobili idarə edərək onu Turalın Gədəbəy rayonu Tərs yer kəndində yaşayan bibisi Gülnazın evinə aparmışlar. Həmin evə çatandan sonra o, avtomobildən evə düşmək istəməyib qışqırmağa davam etmiş və səsinə qonşular toplaşmışlar. O, ayağı ilə avtomaşının arxa şüşəsini vurmuş və şüşə yerindən çıxmışdır. Sonra avtomobilə yaxınlaşan Turalın bibisi Gülnazın köməkliyi ilə Tural zorla onu avtomobildən düşürüb evə aparmışdır. Bir neçə saat ərzində Gədəbəy rayonunda evdə olarkən Tovuz rayon Polis şöbəsinin polis əməkdaşları evə gəlmişlər. O, polis əməkdaşlarına Tural və yanında olan şəxslər tərəfindən zorla qaçırıldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Tovuz rayonu Qovlar PB-nə gətirmiş və o, baş verənlər barədə izahat vermişdir. O, Gülnazın evinin qarşısında Turalın avtomobilinin arxa şüşəsini vuraraq yerə salmışdır. Onu Gülnazın evinə Tural və Gülnaz avtomobildən zorla düşürərək aparmışlar. O, həmin vaxt Gülnazın biləyini cırıb, qolundan dişləmişdir. Buna baxmayaraq onlar yenə də onu Gülnazın evinə aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi materiallarında olan istintaq hərəkəti protokollarını və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Tərsyer kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Həmin evə giriş dəmir darvazadandır. Darvazadan yaşayış evinə daxil olduqda darvazanın sağ tərəfində kürsülü 1 mərtəbəli yaşayış evi, qarşı tərəfdə isə natamam tikili vardır. Yaşayış evinə daxil olduqda 8x4 metr ölçüdə otaq vardır. Həmin otaqdan isə 2 yataq otağına qapı açılır. Həmin yataq otaqlarında yataq dəstləri, çarpayılar, televizor, dolab və sair vardır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs əvvəlcə Tural və yanındakı şəxslərin gələrək avtomobili onun yaşadığı evin həyətində saxladıqları yeri, Şəbnəmi avtomobildən düşürərək evinə apardığı yeri və evində olan otaqda Şəbnəmin oturduğu çarpayını göstərmişdir. - Məhkəmə tibbi ekspertizasının 672 №-li xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər- sol saidin qançırı küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Həmin xəsarət insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdi. - Gədəbəy Mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində qeydiyyatda olmamışdır. - Gədəbəy Mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 60 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda olmamışdır. - Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. - Qazax rayon Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 127 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. - Gədəbəy rayon İHB-nın Tərs yer İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Gədəbəy rayon Məhkəməsinin icraatında Gədəbəy rayonu, Tərs yer kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində təqsirləndirici, inzibati material və mülki xarakterli müraciət daxil olmamışdır. - Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 198-1149/- 1221 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Tovuz rayonu Əhmədabad kənd sakini Şahid1 xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Tovuz rayonu, Abdal kənd sakinləri Şahid2, Şahid3 və Şahid4 tərəfindən Tovuz rayonu, Əhmədabad kəndi ərazisindən keçən Zəyəm çayının kənarından oğurlanması barədə Gədəbəy rayonu, Tərs Yer kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən Şahid2, Şahid3 və Şahid4lə qabaqcadan hər hansı sövdələşməsi olmamış, Şahid1 xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Şahid2, Şahid3 və Şahid4 tərəfindən Tovuz rayonu, Əhmədabad kəndi ərazisindən keçən Zəyəm çayının kənarından oğurlanaraq «VAZ-21061» markalı **-CO-*** dövlət nömrə nişanlı avtomobillə Şahid2 bibisi olan Gədəbəy rayonu, Tərs Yer kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirilmiş, bundan sonra Təqsirləndirilən şəxs Şahid2la birlikdə avtomobildən düşmək istəməyən Şahid1 zorla qollarından tutub dartaraq avtomobildən düşürmüş, həmin vaxt hətta Şahid1 Təqsirləndirilən şəxs biləyini cırıb, qolundan dişləmiş, daha sonra isə Şahid2 bibisi Təqsirləndirilən şəxs ilə birlikdə Şahid1 qollarından tutaraq onu zorla Təqsirləndirilən şəxs yaşadığı evə aparmış, sonuncu orada Şahid1 «artıq gəlmisən, Turalın qismətisən, evə qayıtsan səni heç kim almayacaq» deyərək Şahid1 sakitləşdirib Şahid2la evlənməyə razı salmaq istəmiş, Təqsirləndirilən şəxs cinayətin izini itirmək məqsədilə ağır cinayət törətmiş qardaşı oğlu Şahid2 və zərərçəkmiş şəxsi evində gizlətmiş, törədilmiş ağır cinayət barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli,1(100) saylı hökmündən görünür ki, Şahid2, Şahid3 və Şahid4 xx xxxxxxx 2019-cu ildə saat 17 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə Tovuz rayonu, Əhmədabad kənd sakini Şahid1 oğurlaması ilə müşayiət olunan ağır cinayətlər kateqoriyasına aid olan adam oğurluğu cinayəti törətdiklərinə görə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddələri ilə təqsirli bilinib, Şahid2 qəti olaraq 07 il 10 ay müddətə, Şahid3 qəti olaraq 07 il 04 ay müddətə, Şahid4 qəti olaraq 07 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Onlara təyin edilmiş cəzalar sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuşdur. - Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 198- 1344/-1221 nömrəli məktubdan görünür ki, Gədəbəy rayonu, Tərs yer kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müraciəti əsasında rayon polis şöbəsində cinayət təqibi ilə bağlı hər hansı material araşdırılmamış, barəsində təqsirləndirici və inzibati material olmamış, həmçinin cinayət işi istintaq edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış qeyd olunan sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinin mümkün sayılmasına əsas verir. Odur ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə və davranışına təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Ə.R.Hüseynov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut və mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətinə Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-26/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-26/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver