Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-26/2022 05.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Gədəbəy rayonu, Əyrəvəng kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Əyrəvəng kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, əvvəllər məhkum edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 05 iyul 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Alnabat kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən ərzaq mağazasına pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq, saxlanc yeri kimi istifadə edilən dolabın içərisindəki Zərərçəkmiş şəxs mülkiyyətində olan 200 (iki yüz) manat pulu gizli yolla talamaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə ittiham edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, fərdi əməklə məşğul olur. Gədəbəy rayonu, Alnabat kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2019-cu ildə Sumqayıt şəhəri ərazisində atası Elman Məmmədovla birgə oğurluq cinayəti törətdiyi üçün Sumqayıt Səhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən amnistiya qərarı əsasında azad ediolmişdir. 03 fevral 2021-ci il tarixdə məhkəmə qərarı əsasında təyin edilmiş cəzasını çəkmək üçün Gədəbəy rayonuna gəlib, həmin rayonun Əyrəvəng kəndində babasına məxsus olmuş evdə yaşaymışdır. Həmin tarixdən etibarən üzərində daşımaq üçün ayağına qolbaq taxılmış, həmçinin elektron nəzarət vasitələrini də üzərində gəzdirmişdir. 08 yanvar 2022ci il tarixdə saat 20 radələrində asudə vaxtını keçirmək üçün Gədəbəy rayonu Arıqıran kəndinə getmişdir. Orada mağazadan tərkibində spirt olan enerji içkisi alıb içmişdir. Həmin gün saat 22 radələrində sərxoş halda Gədəbəy rayonu, Alnabat kəndinə getmişdir. Kəndin mərkəzi ilə keçib gedərkən yol kənarında ikimərtəbəli, üst mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərən obyekt olduğunu, mağazanın işıqlarının söndüyünü və içəridə heç kimin olmadığını görmüşdür. Bundan sonra pula ehtiyyacı olduğu üçün mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə pilləkənlərlə qalxıb, ərzaq mağazasını və ətrafı müşahidə etmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazasının qapısı üzərində olan şüşəni geriyə itələyib sındıraraq, həmin yerdən keçib mağazaya daxil olub, mağazada olan stolun alt hissəsindəki siyirməni açıb, orada pul əskinasları və içərisində pullar olan qırmızı rəngli adi parçadan tikilmiş pul kisəsi olduğunu görmüşdür. Orada olan 20, 5, 1 manatlıq və qəpik pulları və pul kisəsini oğurlamışdır. Bundan sonra mağazadan çıxmışdır. Mağazadan çıxandan sonra pulları sayıb ümumi 134 manat 70 qəpik olduğunu müəyyən etmişdir. Pulları cibinə qoyaraq, pul kisəsini də yol kənarına atmışdır. Yaşadığı evə getməyib, həmin gün həmkəndlisi Şahid4 yaşadığı evə gedib, gecəni oradan qalmışdır. Təginə bu barədə heçnə deməmişdir. Ertəsi gün isə Gədəbəy rayon Arıqıran kəndinə gedib, oğurluq yolu ilə əldə etdiyi pulları gündəlik ehtiyyacları üçün xərcləmiş, polisin onu axtardığını biləndən sonra qalan pullarını yaşadığı kənddən axan çaya atmışdır. Zərərçəkmiş şəxs məxsus mağazada oğurluq hadisəsini tək törətmiş, bunun üçün ona heç kim kömək etməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduğu ziyanı ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. 12 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, yaşadığı evin yaxınlığında özünə məxsus ikimərtəbəli ticarət obyekti vardır. Həmin obyektin birinci mərtəbəsi geyim, ikinci mərtəbəsi isə ərzaq mağazası kimi fəaliyyət göstərir. Şahid1 ona məxsus mağazada satıcı işləyir. Gündəlik olaraq saat 08 radələrindən 20 radələrinə qədər mağaza fəaliyyət göstərir. 08 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində satıcı Nemətlə mağazanı bağlamış, lakin axşam hesabatını aparmamışlar. Həmin gün əldə edilən pullar mağazada, dolabda qalmışdır. 09 yanvar 2022-ci il tarixdə saat 08 radələrində Nemət ona zəng edərək mağazanı açan zaman giriş qapısının şüşəsinin sındırılmasını aşkar etdiyini bildirmişdir. Marketə gələn zaman kassa kimi istifadə etdikləri stolun dolabda olan qəpik və kağız pullarla birlikdə 200 manat pulun oğurlandığını aşkar etmişdir. Bu barədə polisə məlumat vermiş, ərizə yazmışdır. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mağazadan oğurluq edən şəxs Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirlən şəxs mağazanın giriş qapısı üzərində olan şüşəni sındırmaqla ona maddi ziyan da vurmuşdur. Təqsirləndilən şəxs pulqabının içərisində olan pulları götürdükdən sonra onu mağazanın yaxınlığında küçəyə atmış, o, pulqabını tapıb götürmüş, lakin lazımsız hesab etdiyi üçün onu zibilliyə atmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini ödəmişdir. Ona qarşı şikayəti yoxdur və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Alnabat kəndində yaşayır. Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 5-6 ildir həmkəndlisi Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ərzaq mağazasında satıcı işləyir. Mağazada kassa kimi istifadə etdiyi stolun dolabında gündəlik alverin pullarını saxlamışdır. 08 yanvar 2022-ci il tarixdə saat 20 radələrində mağazanı bağlayarkən bir nəfərə çörək satmış və həmin 1 manat pulu masanın üzərində qoymuşdur. 09 yanvar 2022-ci il tarixdə saat 09 radələrində işə gəlib, mağazanı açmaq istəyərkən giriş qapısı üzərindəki şüşənin sındığını aşkar etmişdir. O, bu barədə mağaza sahibi Rəsmiyyəyə məlumat vermiş, Rəsmiyyə isə dərhal mağazaya gəlmişdir. Dolabın açıq olmasını görüb baxan zaman kassadakı qəpiklərin, onların yanındakı kağız pulların, içərisində 30 manat olan pul kisəsinin və stolun üstündəki 1 manatın, ümumilikdə, 200 manat pulun oğurlanmış olduğunu aşkar etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs özünə məxsus mağazadan 200 manat pulunun oğurlanması barədə ərizə vermişdir. Rəsmiyyə daha sonra siyirmədən oğurlanmış parçadan tikilmiş pul kissəsini mağazanın yaxınlığından tapmış, ancaq pul kisəsi lazımsız olduğu üçün Rəsmiyyə onu zibilliyə tullamışdır. Daha sonra oğurluq hadisəsinin Gədəbəy rayon Əyrəvəng kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Alnabat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir qohumluq əlaqəsi olmadığı kimi, ədavəti və düşmənçiliyi də yoxdur. 08 yanvar 2022-ci il tarixdə axşam saat 22 radələrində həmkəndlisi Şahid3 ilə Mustafa adlı şəxsin evində oturub yemək yemişlər. Onlar yeməyə başlayan zaman çörək olmadığı üçün Bəxtiyarla birgə avtomobillə yaşadığı evdən çörək gətirmək üçün getmişlər. O, Bəxtiyarla birgə evinə gedərkən Elşənin kəndin yuxarısından məktəbin yanından yaşadığı kəndə tərəf getdiyini görmüş, Bəxtiyar Elşəni tanımamış, Elşən onların yanından piyada keçib getmişdir. O, Bəxtiyarla birgə evdən çörək götürüb geri qayıdarkən saat 22:30 radələrində Elşənin Elbrus adlı şəxsin ərzaq mağazasının yanından keçərək Rəsmiyyə adlı qadının mağazasına tərəf getdiyini görmüş, həmin vaxt mağazaların ikisi də bağlı olmuş, Bəxtiyara Elşəni tanıdığını və burada nə etdiyini öyrənmək üçün avtomobili saxlamasını bildirmiş, Bəxtiyar avtomobili Elşənin yanında saxlamış, Elşənlə salamlaşıb hara getdiyini soruşmuş, Elşən isə ona Gədəbəy rayonu, Kiçik Qaramurad kəndinə getdiyini demişdir. Bundan sonra uzaqlaşıb həmkəndlisi Mustafanın yaşadığı evə getmiş, ertəsi gün ona məlum olmuşdur ki, Elşən adlı şəxs Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından pul oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Alnabat kəndində yaşayır. Təqsirləndirilən şəxs tanımır. 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində həmkəndlisi Şahid2lə Mustafa adlı şəxsin evində oturub yemək yemişdir. Yeməyə başlayan zaman çörək olmadığı üçün Emillə birgə onların Gədəbəy rayonu, Alnabat kəndindəki evinə çörək gətirmək üçün getmişdir. Emilin yaşadığı evə gedərkən bir nəfər tanımadığı şəxsin Gədəbəy rayonu, Arıqıran kəndinə tərəf piyada getdiyini görmüşdür. Emil həmin şəxsin Elşən olduğunu demişdir. Adı sonradan məlum olan Elşən adlı şəxs yanından ötüb keçmişdir. Evə gəlib çörək götürdükdən sonra geri qayıdarkən saat 22 radələrində Elşənin həmkəndlisi Elburus adlı şəxsin ərzaq dükanından aşağıya tərəf, Rəsmiyyə adlı qadının mağazasına tərəf getdiyini görmüşdür. Həmin vaxt mağazaların hər ikisi bağlı olmuşdur. Emil Elşəni tanıdığını onun burada nə etdiyini öyrənmək üçün avtomobili saxlamasını istəmişdir. Avtomobili saxlayan zaman Emil Elşənlə salamlaşıb, hara getdiyini soruşmuşdur. Elşən ona Gədəbəy rayonu, Kiçik Qaramurad kəndinə getdiyini demişdir. Bundan sonra oradan uzaqlaşıb Mustafanın yaşadığı evə getmişlər. Məhkəmə iclasında elan edilmiş, Şahid4 şahid qismində dindirilmə protokolundan görünür ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Əyrəvəng kəndində yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir, yəni, uşaq vaxtlarından tanıyır. Elşənlə münasibətləri həmişə yaxşı olub, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 09 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Elşən yaşadığı evə gəlmişdir. O, evdə bibisi ilə dalaşdığı üçün qalmağa yeri olmadığını, onların evində qalmaq istədiyini bildirmiş, o, isə Elşənə etiraz etməmişdir. Həmin gün saat 09 radələrində Elşən evdən çıxıb getmiş və saat 12 radələrində ona zəng edib, yeyib içməyə dəvət etmişdir. Həmin gün Elşənlə görüşmüş, Gədəbəy rayonu, Arıqıran kəndində Kərəm adlı şəxsə məxsus kafedə birlikdə yeyib-içmişlər. X4 da Elşənin yanında olmuşdur. Birlikdə yeyib içəndən sonra hesabı ödəmək üçün Elşənə 5 manat pul vermişdir. Elşən hesabı ödəyən zaman cibində xeyli pul olduğunu görmüşdür. Elşənin cibində pulları görüb təəcüblənmişdir. Çünki bir gün əvvəl Elşən siqaret almağa pulu olmadığını deyib, ondan siqaret istəmişdir. Elşəndən pulu haradan aldığını soruşduqda, səhər saatlarında Bakıdan müdirinin poçt vasitəsilə ona 130 manat pul göndərdiyini bildirmişdir. Lakin daha sonra Elşənin 08 yanvar 2022-ci il tarixdə Gədəbəy rayonu, Alnabat kəndində yerləşən Rəsmiyyə adlı şəxsə məxsus ərzaq mağazasından oğurluq etməsi məlum olmuşdur. Elşənin oğurluq etməsindən polisə dəvət olunduqdan sonra xəbəri olmuşdur. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 09 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Alnabat kəndindən Arıqran kəndi istiqamətində çəkilmiş yolun sol kənarında kəndin mərkəzində X3 məxus iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsidir. Həmin tikilinin birinci mərtəbəsi istifadə edilmir. İkinci mərtəbə isə ərzaq mağazası kimi istifadə edilir. Birinci mərtəbədən ikinci mərtəbəyə pilləkən vasitəsi ilə qalxmaq olur. Piləkənlərdən qalxan zaman sağ tərəfdə mağazanın taxta materialından olan şüşəli iki tağlı qapısı vardır. Giriş qapısının sol tağının sol alt şüşəsi sındırılmışdır. İçəri girən zaman sol tərəfdə dəmir qızıdırıcı soba onun yanında siqaret rəfləri, sobanın qarşısında kassa kimi istofadə edilən stol yerləşir. Stolun üzərində ərzaq məhsulları yığılmışdır. Stolun sürmələri pul saxlamaq üçün istifadə edilir. Hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs Ərizəsindən görünür ki, ona vurulmuş 200 manat miqdarında maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 167 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan hökm xx.xx.2021-ci il tarixdə Gədəbəy RİPŞ-nin icraatına daxil olmuş, xx.xx.2021-ci iltarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, “8 noyab-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının təsiri altına düşdüyü üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs “8 noyab-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında“ Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşdüyü üçün cəzadan azad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 yanvar 2022-ci il tarixdə Gədəbəy RPŞ-nin MSTdan azad edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İşdə olan Gədəbəy RPŞ-nin Məktubu və X7 müəyyən edilməsi barədə Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə müəyyən edilmiş, tutulmuş və Gəncə 2 saylı İstintaq Təcridxanansına təhvil verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Arıqıran Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilirlər. İşdə olan Portaldan Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Alnabat kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən ərzaq mağazasına pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq, saxlanc yeri kimi istifadə edilən dolabın içərisindəki Zərərçəkmiş şəxs mülkiyyətində olan 200 (iki yüz) manat pulu gizli yolla talamaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məcəllənin 18.4. və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Yəni, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişin onu bağışlamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməli, təqsirləndirlən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia, maddi sübut vıə məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixə qədər şübhəli şəxs qismində tutulması və 25 iyun 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək həbsdə olması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası axlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-26/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-26/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver