Məhkəmə qərarları › İş №1(042)-26/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-26/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-26/2023 27.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadıqları Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evdə nənəsi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun baş və sifət nahiyəsinə yumruqla ardıcıl bir neçə zərbə vuraraq yerə yıxmış, hərəkətlərini davam etdirərək masanın üstündən götürdüyü oxlovla onun ayaqlarına, sol qoluna və bədəninin müxtəlif nahiyələrinə vurub başın əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların, sol yanağın, sol bazunun, sol saidin, sağ və sol baldırın geniş ölçülü qançırları xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun ana nənəsidir. Nənəsi Zərərçəkmiş şəxs Gədəbəy rayonu Slavyanka kəndində özünə məxsus bir otaqlı evdə yaşayır. Uşaqlıqdan nənəsi onu saxlamışdır. Atası ilə anası yola getmədiklərindən onu ana nənəsi saxlamışdır. Onun borcu var. Nənəsinə demişdir ki, bu borcu bağlamaq üçün onun payına düşən torpağı satmaq istəyir. Nənəsi də onunla razılaşmışdır. O, torpağı satmaq üçün müştəri axtarmış, bir nəfər zəng vuraraq torpağa baxmaq istədiyini demişdir. Özü olmadığından ünvanı həmin şəxsə başa salmışdır. 08 mart 2023-cü ildə həmin şəxslər torpaq sahəsinə baxmağa getmişlər. Sonra həmin şəxslər ona zəng vurub demişlər ki, nənəsi Zərərçəkmiş şəxs səs-küy salaraq torpağı satmadığını bildirir. Həmin şəxslər torpağı mübahisəli olduğundan almaq istəmədiklərini bildirib çıxıb getmişlər. Həmin günü saat 13 radələrində o, kəndə yaşadığı evə gəlmişdir. O, nənəsi Cəmiləni çağırmış, nənəsi isə qışqıra-qışqıra onun yanına gəlmişdir. O, nənəsi Cəmilədən nə üçün belə etdiyin soruşmuş, onunla razılaşdıqlarını xatırlatmış, hansı səbəbdən müştəriyə ağzına gələni deyib yola saldığını bildirmişdir. Nənəsi Cəmilə yaxşı etdiyini, torpaq sahəsinin ona məxsus olduğunu, satıbsatmayacağını özü biləcəyini qeyd etmişdir. Əsəbiləşərək o, nənəsi Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə yumruqla ardıcıl bir neçə zərbə vurmuş, nənəsi Cəmilə aldığı zərbələrin təsirindən yerə yıxılmış, onun əsəbləri sakitləşmədiyi üçün masanın üstündən oxlovu əlinə götürüb onun ayaqlarına, qoluna və bədəninin müxtəlif yerlərinə vuraraq ona xəsarət yetirmişdir. Bir neçə gün sonra eşitmişdir ki, nənəsi Cəmilə onun sonuncunu döyməsi barədə Gədəbəy Rayon Polis Şöbəsinə şikayət etmişdir. O, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu Slavyanka kəndində yaşayır. X6 onun qızıdır, Təqsirləndirilən şəxs isə onun nəvəsidir. Niyazini uşaq vaxtı o saxlamışdır. 08 mart 2023-cü il tarixdə səhər saatlarında evdən küçəyə çıxmış və bu zaman tanımadığı üç nəfər şəxs ona yaxınlaşaraq nəvəsi Niyazinin adını verərək torpaq satdığını bildirmişdir. O, isə həmin şəxslərə torpaq sahəsinin ona aid olduğunu və heç bir torpaq sahəsi satmadığını deyib yola salmışdır. Bundan sonra həmin gün təxminən saat 13 radələrində evinə tərəf gəlib içəri keçmiş, nəvəsi Niyazinin evdə olduğunu görmüş, Niyazi ona nə üçün torpaq üçün gələn müştəriləri qovduğunu soruşduqda o, torpaq sahəsinin ona aid olduğunu və satmaq istəmədiyini bildirmişdir. Niyazi onun üstünə gələrək yumruqla başına və sifətinə vurmuş, özünü saxlaya bilməyib yerə yıxılmış, sonra təpiklə və oxlovla onun bədəninə vuraraq döymüşdür. Həmin gün evdə qalmış, sabahısı gün başqa qohumu gildə qalmış və polisə şikayət etmişdir. O, Niyazini bağışlamır, Niyazinin ondan və torpağından aralı durmasını istəyir. X2 məhkəmə iclasında hüququndan istifadə edərək Təqsirləndirilən şəxs oğlu olduğundan ifadə vermək istəmədiyini bildirdi. X1 məhkəməyədək sadələşdirilmiş icraat materalında olan izahatı elan olunmuş və məhkəmə iclasında tədqiq olunmuşdur. O, məhkəməyədək icraat zamanı verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında həyat yoldaşı Elşən rəhmətə getdikdən sonra 2 oğlu ilə birlikdə Gədəbəy rayonu Slavyanka kəndində anası Zərərçəkmiş şəxs evində birgə yaşamağa başlamışlar. Böyük oğlu Təqsirləndirilən şəxs əvvəlcədən də həmin evdə nənəsi ilə birgə yaşayırmış. Hadisə baş verdiyi gündən (yəni xx.xx.2023-cü il tarixdən) 10-15 gün əvvəl anası Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs birlikdə söhbət edib Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən bir qismini satıb Niyazinin borclarını ödəməklə bağlı razılığa gəliblər. Bundan sonra Niyazi torpağı satmaq üçün müştəri axtarmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə o, evin həyətində paltar yuyarkən anası Cəmilə küçəyə tərəf çıxmış və bu vaxt torpağa baxmaq üçün gəlmiş müştəriləri səs-küy salaraq torpağını satmadığını deyib geri qaytarmışdır. Həmin günü saat 13 radələrində oğlu Niyazi işdən evə gəlmiş və birbaşa evə daxil olmuşdur. Bir müddət sonra evdən səs-küy eşidib gəlib görmüşdür ki, anası Cəmilə çarpayının üstündə uzanıb ağlayır. O, anası Cəmilədən nə olduğunu soruşmuş, “oğlun Niyazi məni döydü” demişdir. Niyazi evdən çıxıb geri qayıtmamış, o, isə anasını sakitləşdirməyə çalışmışdır. Məhkəmə material üzrə dindirilmiş şəxslər ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və materialda olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 93 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın əzilmiş yarası, sol göz ətrafı yumşaq toxumaların, sol yanağın, sol bazunun, sol saidin, sağ və sol baldırın geniş ölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 08 mart 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Materiala əlavə edilmiş Gədəbəy rayon X3 X7 Poliklinika Şöbəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 128 və 129 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs narkoloji xəstə kimi qeydiyyatda durmurlar. - Materiala əlavə edilmiş Gədəbəy rayon X3 X7 Poliklinika Şöbəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 159 və 160 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. -Gədəbəy RHİB Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət səciyyələndirilir. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, bu ifadələrlə üst-üstə düşən ekspert rəyi ilə sübuta yetir. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Cinayət əməlini onun üçün aşkar qoca olan şəxsə qarşı törətməsi CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə cəzanın məqsədinə nail olmaq mümkündür. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.5, 132.1.6-ci maddəsinə əsasən, iş üzrə maddi sübut - Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd oxlov qanuni sahibinə qaytarılmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Material üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunu hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 7:00-dək Gədəbəy rayonu Slavyanka kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut - Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd oxlov qanuni sahibinə qaytarılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar