Məhkəmə qərarları › İş №1(042)-27/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-27/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-27/2022 19.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonu, Qaravəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 1-ci Qarabağ müharibəsi veteranı, 3-cü qrup əlil, Gədəbəy rayonu, Novo-Saratovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2021 -ci ilin yay aylarında Gədəbəy rayonu Başkənd adlanan ərazidə yerləşən gölün yaxınlığından baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 42,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, gəzdirmiş və daşımış, 26 fevral 2022-ci il tarixdə, saat 20:40 radələrində Gədəbəy rayonu Novo-Saratovka kəndi ərazisində Gədəbəy rayon Polis şöbəsinin X8 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy rayon Polis şöbəsinin Yeni-Saratovka Polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarının sağ arxa cibində şəffaf rəngli sellofanın içərisindən təmiz çəkisi 15.37 qram və sol ayağındakı corabın yuxarı hissəsində olan şəffaf rəngli sellofanın içərisindən kağız parçasına bükülü halda təmiz çəkisi 26.76 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Novo-Saratovka kəndində yaşayır. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. 3-cü qrup əlildir. O, narkotik vasitə istifadəçisi olmuşdur. Onun üzərində az miqdarda narkotik vasitə olmuşdur. O, narkotik vasitədən siqaretə doldurma yolu ilə sinirlərini sakitləşdirmək üçün istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitə yabanı halda yetişimişdir. Narkotik vasitə əkməmiş, becərməmiş, satmamışdır. Gədəbəy rayonu X8 bölməsində onun üzərində tapılan narkotik vasitənin üzərinə narkotik vasitə əlavə etmişlər. Polislər həmin vaxtı mobil telefon vasitəsi ilə çəkiliş edəndə onlara “bu mənə məxsus deyil” desə də, onlar ona “eləcə sən imza at, bunun azı -çoxu fərqi yoxdur” deyə bildirmişlər. Əlavə olaraq o,X8 bölməsində olarkən serjantlar onun qolundan tutub, bölmə rəisi isə onu döymüş, onlar onu döyərək onu qol çəkməyə məcbur edərək “səni iki günlüyə aparırıq” deyə bildirmişlər. O, narkotik vasitədən birinci dəfə 1990-cı illərdə hərbi xidmətdə olan vaxtı istifadə etmiş, sonra hərdən istifadə etməyə başlamışdır. O, narkotik vasitə istifadəçisi olmağını inkar etmir. Yabanı halda bitən narkotik vasitə taparaq istifadə etmişdir. Tapdığı narkotik vasitənin çəkisi təxminən 50 qram olmuş, 3-4 gündən bir ədəd siqaretə doldurmaqla özü üçün istifadə etmişdir. Narkotik vasitədən cəmiyyət içində istifadə etməmiş, uşaqları istifadə etməyə məcbur eləməmiş, nə də satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirdi ki, X8 bölməsində onu döyərək zor gücü ilə qol çəkdirmişlər. Elmar və başqa bir polis qolundan tutmuşlar, rəis və başqa iki nəfər arxadan onu yumruq ilə vurmuşlar. İki nəfər polis onu sağ tərəfdən vurmuşlar. Onun üzərindən aşkar edilmiş narkotik vasitə ilə dəyişdirilmiş narkotik vasitənin kəklikotu kimi, oxalanmamış, cöplü olduğunu görmüşdür. O, “bu mənə məxsus deyil” deyə bildirmiş, ancaq polislər az-çox fərq etmir demişlər. O, şikayət etməmiş, bu barədə yalnız məhkəmədə bildirdiyini demişdir. Şahid X7 ifadəsində göstərdi ki, 2002-ci ildən DİO-da xidmət edir. 2021-ci ilin aprelindən isə Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka bölməsinin baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs Novo-Saratovka kənd sakini kimi tanımış, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Narkotik vasitə istifadəçisi olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlayaraq, Gədəbəy rayonu, X8 bölməsinə gətirmişlər. Təhqiqatçının və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirərkən arxa cibindən və ayğındakı corabın balağından narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Bu video görüntü ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs 1992-1993-cü illərdə Ağdamda müharibədə olduğunu, həmin vaxtdan narkotik vasitə istifadəçisi olduğunu və həmin maddənin narkotik vasitə olmaqla ona məxsus olduğunu bildirmişdir. Vəkilin, tədqiqatçının və digər polislərin iştirakı ilə narkotik vasitəni çəkmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni Gədəbəy rayonunda Başkənd adlanan ərazidən gölün kənarından yabanı halda 2021-ci ilin yayında yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs Polis bölməsində əsəbləşmiş və polis rəisini təhqir etmişdir. Rəisi vurmağından ehtiyyat etdikləri üçün onun qolundan tutmuşlar. Narkotik vasitə Nadirin ayağından və arxa cibindən çıxmışdır. Narkotik vasitəsinin tərkibi eyni olmuş və qablaşdırıb ekspertizaya göndərmişlər. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs çoxdan kənd sakini kimi tanımışdır. Onların arasında heç bir düşmənçilik və ədavətləri olmamışdır. O, 2010-cu ildən Daxili İşlər orqanında işləyir. Gədəbəy RPŞ-nin X8 bölməsində polis nəfəri kimi uzun müddətdir ki, işləyir. Onlar daxil olmuş məlumat əsasında Gədəbəy rayonu, Novo-Saratovka kəndində yerləşən köhnə xəstəxana, halhazırda isə kafe kimi fəaliyyət göstərən obyektin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs saxlamışlar. Nadirin üzərində narkotik vasitə olmasına şübhə olduğu üçün onu Gədəbəy rayonu X8 bölməsinə dəvət etmişlər. Polis bölməsində Nadirin üstündə şəxsi axtarış aparılmış, onun cibindən və ayağındakı corabdan narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Nadir içkili vəziyyətdə olmuşdur. O, bölmə rəisinin üzərinə onu vurmaq üçün getdikdə qollarından tutub saxlamışlar. Nadir narkotik vasitənin ona məxsus olduğunu Gədəbəy rayonu Başkənd adlanan yerdə gölün yanından öz istifadəsi üçün yığdığını bildirmişdir. Narkotik vasitəyə bənzər maddələri Gəncə şəhərinə ekspertizaya göndərmişlər. Şahid2 şahidlər Şahid3 və Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və video diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ arxa cibində olan bükülmüş vəziyyətdə şəffaf sellofan, sol ayağındakı corabın baş hissəsində gizlətdiyi bükülmüş vəziyyətdə şəffaf sellofanı, bundan başqa 2 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq pul əskinası, 2 ədəd PRİMA markalı siqaret qutusunu və bir ədəd kriket yazısı olan göy rəngli alışqanı, xarici pasport, əlillik vəsiqəsi, təqaüd katını, Covid pasportunu kağız parçaları təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən saç darağı aşkarlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlə iştirakçıların və müdafiəçinin iştirakı ilə Çin istehsalı olan elektron tərəzisində çəkilmiş, Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən çıxan bükülüdəki kütlənin ümumi çəkisi 20.69 (iyirmi tam yüzdə altmış doqquz) qram, sol ayağının corabının yuxarı hissəsində olan sellofanın içərisindəki yaşıl kütlənin ümumi çəkisi isə 36.74 (otuz altı yüzdə yetmiş dörd) qram olmuşdur. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/277 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki, 2 (iki) sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,37 qram, 26,76 qram, ümumi təmiz çəkisi 42,13 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy RİH Başçısının Novo-Saratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Mərkəzi Xəstəxanasının “ X10” X2 xx.xx.2022-ci il tarixli 126 saylı məktubundan Təqsirləndirilən şəxs Gədəbəy rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmadığı göstərilmişdir. -- xx.xx.2015-ci il tarixli, 112235 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi, ona Gədəbəy rayon Polis şöbəsinin X8 bölməsinin əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, üstündə narkotik vasitənin az miqdarda olduğu, polis bölməsində üzərinə əlavə olunması barədə ifadəsində gətirdiyi arqumentlərin yoxlanılması üçün həmin məlumatlar Gədəbəy rayon Prokurorluğuna göndərilmişdir. Gədəbəy rayon Prokurorluğunun köməkçisi vəzifəsi üzrə stajor İnal Kazımovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka bölməsinin əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitənin az miqdarda olduğu, polis bölməsində üzərinə əlavə olunması barədə məlumatlar qeydə alınaraq hərtərəfli araşdırılmış, material üzrə cinayət hadisəsi olmamasına görə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün gətirdiyi arqumentlər təsdiqini tapmamışdır. Odur ki, təqsirləndirilən şəxsin ona törətməsi istinad edilən cinayət əməlini etiraf etməməsi barədə verdiyi ifadəsini, məhkəmə iclasında tədqiq olunmuş digər mötəbər sübutlarla müqayisəli təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2021 -ci ilin yay aylarında Gədəbəy rayonu Başkənd adlanan ərazidə yerləşən gölün yaxınlığından baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 42,13 qram çəkidə narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə X4 cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs 3 qrup əlil olmaqla təqaüd almasını, 1-ci Qarabag müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, şəxsiyyətini xarakterizə edən halları, törətdiyi cinayət əməlin ictimai təhlükəliliyini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyası həddində azadlgın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərinə nail olunması üçün məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun haqqında məhkəməyədək icraat zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması ilə kifayətlənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 132.1.1,132.1.6 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan iki ədəd sellofan paketdə olan ümumi qalıq çəkisi 41,73 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X3 tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunu hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 7:00-dək Gədəbəy rayonu Novo-Saratovka kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 30,40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan iki ədəd sellofan paketdə olan ümumi qalıq çəkisi 41,73 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut bir ədəd disk cinayət işi materiallarında saxlansın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar