Məhkəmə qərarları › İş №1(042)-28/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-28/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-28/2025 06.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 06 dekabr 2024-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, İnəkboğan kənd sakini Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ərazi İdarəsinin Daşkəsən rayonunda yerləşən meşəbəyiliyində fəhlə kimi işə düzəldəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs3 inandıraraq ondan 14 may 2024-cü il tarixdə Gədəbəy rayonu Alnabat kəndi ərazisində 600 (altı yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Gədəbəy rayonu, İnəkboğan kənd sakini Zərərçəkmiş şəxs2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ərazi İdarəsinin Daşkəsən rayonunda yerləşən meşəbəyiliyində fəhlə kimi işə düzəldəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 inandıraraq, hissə-hissə ondan 28 iyul 2024-cü il tarixdə 500 (beş yüz) manat və 01 avqust 2024-cü il tarixdə isə 200 (iki yüz) manat olmaqla ümumilikdə 700 (yeddi yüz) manat pulunu Gədəbəy İnəkboğan kəndi ərazisində ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Gədəbəy rayonu, Arabaçı kənd sakini Zərərçəkmiş şəxs1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ərazi İdarəsinin Gədəbəy rayonu Saratovka Meşəbəyiliyində işə düzəldəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs1 inandıraraq ondan 15 avqust 2024-cü il tarixdə Gədəbəy rayonu Əlinağılar kəndi ərazisində 750 (yeddi yüz əlli) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Daryurd kəndində yaşayır, hər üç zərərçəkmiş şəxs tanışdır, zərərçəkmiş şəxslərlə bir yerdə işləmiş, onlarla əvvəllər münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs3la görüşdükləri vaxt sonuncunu aldadıb 2 saylı Regional Ərazi İdarəsinin Daşkəsən rayonunda yerləşən meşəbəyiliyində fəhlə kimi işə düzəldəcəyini demiş, o da inanmış, 14 may 2024-cü il tarixdə Gədəbəy rayonu Alnabat kəndi ərazisində Səbuhi bu məqsədlə ona 600 manat pul vermiş, o da pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 da aldaıb 2 saylı Regional Ərazi İdarəsinin Daşkəsən rayonunda yerləşən meşəbəyiliyində fəhlə kimi işə düzəldəcəyini demiş, İman inanıb razılaşmış, sonuncu yaşadığı Gədəbəy rayonunun İnəkboğan kəndində 28 iyul 2024-cü il tarixdə 500 manat və 01 avqust 2024-cü il tarixdə 200 manat olmaqla cəmi 700 manat pulu işə düzəlməsinə köməklik etməsi üçün ona vermiş, o, qeyd olunan pulları da xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 də aldadıb 750 manat pulunu ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1lə görüşdükləri vaxt sonuncuya onu 2 saylı Regional Ərazi İdarəsinin Gədəbəy rayonu, Saratovka kəndi ərazisində yerləşən meşəbəyiliyində işə düzəldəcəyini deyib aldatmış, bu məqsədlə Ülfət Gədəbəy rayonu Əlinağılar kəndi ərazisində ona 750 manat pul vermiş, o, qeyd olunan pulu da xərcləmişdir. Törətdiyi əmələ görə peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, onlara vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxslər də onunla barışmışlar. Əlavə olaraq, vurmuş olduğu ziyanın 25 %-i dövlət büdcəsinə ödəmişdir. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə həm qohum, həm də dostdur. Tez-tez danışırlar. 7 il bir yerdə işləmişlər. Sonradan işdən çıxmışdır. Bir dəfə dəqiq xatırlamadığı vaxt Tacəddin ona zəng edərək sosial müavinət alıb-almadığını və işləyib-işləmədiyini soruşmuş, Tacəddinə heç yerdə işləmədiyini demiş, Tacəddin ona 2 saylı Regional Ərazi İdarəsinin Daşkəsən rayonunda yerləşən meşəbəyiliyində fəhlə işi olmasını demiş, o da inanıb razılamış, Gədəbəy rayonu, İnəkboğan kəndi ərazisində 28 iyul 2024-cü il tarixdə 500 manat və 01 avqust 2024-cü il tarixdə isə 200 manat olmaqla cəmi 700 manat pulu onu qeyd olunan işə düzəltməsi üçün Tacəddinə vermişdir. Sonradan Tacəddin tərəfindən aldadıldığını başa düşmüş, və bu barədə polisə şikayət etmişdir. Hazırda Tacəddin ondan üzr istəyərək dəymiş ziyanı tam ödədiyi üçün o, Tacəddinlə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə bir yerdə işləmişlər. O, işdən çıxmışdır. Bir müddət əvvəl Tacəddin ona zəng edərək, Gədəbəy rayonu, Saratovka meşəbəyliyində iş olduğunu bildirmiş, o isə Tacəddinə pensiya yaşına az qaldığını desə də Tacəddin isə ona pensiya yaşına hələ bir müddət qaldığını, 750 manat pul versə onu işə düzəldə biləcəyini bildirmiş, o da Tacəddinlə razılaşmışdır. Gədəbəy rayonu, Əlinağlar kəndində o, Taciəddinə 750 manat pul vermiş, sonradan Tacəddinin onu aldatdığını bilmişdir. Hazırda Tacəddin ondan üzrxahlıq etdiyi, dəymiş ziyanı ona tam ödədiyi üçün təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu İnəkboğan kəndində yaşayır və fərdi əməklə məşğul olur. Gədəbəy rayonu Daryurd kənd sakini Təqsirləndirilən şəxs əvvəllər meşə gözətçisi işlədiyi vaxtdan tanıyır, onunla arasında heç bir narazılıq və ədavət olmamışdır. Tacəddin ilə iş yoldaşı olan vaxtlardan münasibəti yaxşı olmuşdur. 2024-cü ilin may ayında dəqiq xatırlamadığı vaxtı Tacəddin ona zəng edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional ərazi idarəsinin Daşkəsən rayonunda yerləşən meşəsində fəhlə ştatının olduğunu, onu 600 manat qarşılığında həmin işə düzəldəcəyini, aylıq 460 manat maaş alacağını bildirmişdir. Tacəddin həmçinin 1 ay müddətində işə çıxacağını demişdir. İşsiz olduğu üçün Tacəddinin etdiyi təklifi qəbul etmişdir. 14 may 2024-cü il tarixdə 600 manat pul düzəldərək Gədəbəy rayonu Alnabat kəndində Tacəddin ilə görüşmüş və işə düzəldəcəyinə söz verdiyi üçün 600 manat pulu Tacəddinə vermişdir. Tacəddin onu işə düzəlmək üçün ondan şəxsiyyət vəsiqəsinin ksero surətini almış və işə qəbul ilə bağlı ərizə yazdırmışdır. Təqsirləndirilən şəxs müxtəlif vədələr verərək işini tez bir zamanda düzələcəyini bildirsə də onu işə düzəlməmiş və ondan aldığı 600 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə onu aldadaraq ümumilikdə ondan manat pul almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2 Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 3-14-27- 09\2-179\2024 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Daryurd kənd sakini Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 114 № -li əmrlə 14 saylı X2 Mərkəzinin Nərimanlı meşəbəyiliyinə meşəbəyi vəzifəsinə təyin edilmiş xx.xx.2023-cü il tarixdən 142\k №-li əmrlə peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına, tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Gədəbəy rayon İnəkboğan kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Gədəbəy rayon Arabaçı kənd sakini Zərərçəkmiş şəxs1 işə qəbulla bağlı Mərkəzə heç bir sənəd təqdim etməmişlər; - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərər ödənilmiş və Təqsirləndirilən şəxsla barışmışlar. Onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur; - Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Gədəbəy RİHB-nın Şahdağ İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; - Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Gədəbəy filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 513 manat məbləğində pul vəsaitini X1 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxslərə tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 513 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar