Məhkəmə qərarları › İş №1(042)-29/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-29/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-29/2021 08.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonu, Harelsk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs dəvəti ilə onun evinə gələn suyu təmir etmək məqsədilə getmiş, Zərərçəkmiş şəxs həyətdə görmədiyindən onu çağırmaq məqsədilə evə daxil olduqdan sonra onda formalaşmış özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək niyyətini həyata keçirərək evin aynabəndində olan qab rəfinin gözlüyündən pul qabının içərisində olan özgə əmlakı hesab olunan 3300 manat pulu gizli yolla talayıb oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Qaradağ inzibati ərazi dairəsi üzrə Daşbulaq kəndində yaşayır. Zərərçəkmiş şəxs qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, Slavyanka kəndinin mərkəzindən evlərində işləyən ustalara tikinti materialları almağa getmişdir. Evə qayıdanda anası ona qonşuları Rəfiqə bulağı düzəltmək üçün onu çağırdığını demişdir. O, günorta nahar etmiş, sonra Zərərçəkmiş şəxs evinə getmişdir. Onun evinin yol tərəfə açılan darvazasının qapısı açıq olmuşdur. Bulağın yanından Rəfiqəni çağırmış, lakin Rəfiqə cavab verməmişdir. Rəfiqənin evinin həyətinə açılan plastik qapıdan içəri daxil olmuş, ayaqqabısını çıxarmış, sonra evin mətbəxinə keçib Rəfiqəni çağırmışdır. Onu çağırmaq üçün evə daxil olmuş, Rəfiqənin evdə olmadığına əmin olmuş, sonra ehtiyacı olduğu və Rəfiqənin heyvan satdığı üçün pulu olduğunu bildiyinə görə pul oğurlamaq fikrinə düşmüşdür. Arxa otaqda yığılmış palazları və bir neçə yeri yoxlamış, orada pul tapmamışdır. Həmin otaqdan çıxıb böyük aynabənddə giriş hissədə olan qab rəfinin gözlüklərini axtarmış, qab rəfinin gözlüyünü açdıqda qaşıqların altında sepli qadın pul qabı olduğunu görmüşdür. Həmin pul qabında xeyli sayda pul görmüş və həmin pulları götürüb yan cibinə, pul qabını isə qaytarıb səliqəli şəkildə yerinə qoymuşdur. Daha sonra oradan sakitcə çıxıb ayaqqabısını geyinmiş və qonşuluqda yaşayan Çiçəkgilə getmişdir. Çiçəkdən Rəfiqənin harada olmasını soruşmuş və onu çağırıb cavab vermədiyini demişdir. Çiçək ona bildirmişdir ki, Rəfiqə yas yerinə getmişdir. Sonra qayıdıb Rəfiqənin evinin həyətindən keçib sahədən gələn bulağın yanına getmişdir. Görmüşdür ki, bulağı Rəfiqə özü düzəltmişdir. Daha sonra öz həyətlərində olan tövləyə qayıdıb gəlmişdir. O, oğurladığı pulu tövlədə saymış və görmüşdür ki, həmin pul 3300 manatdır. Həmin pulları sellofan torbaya qoyub tövlədə olan sobanın içəri hissəsində gizlətmişdir. xx xxxxxx 2020-ci ildə oğurlayıb gizlətdiyi pulu götürüb Gədəbəy rayonunda yerləşən heyvan satışı bazarına getmiş, Gədəbəy rayon Qarıkənd kənd sakini Məhəmmədəli adlı adamdan həmkəndlisi Şahinin yanında 2000 manat pul verib 20 baş dişi quzu almış və həmin şəxsə 50 manat borcu qalmışdır. Həmin quzuları Şahinin bacısı oğlu Elvinin “Qazel” markalı maşını ilə evlərinə gətirmişdir. Qalan pulu isə özü üçün yeyib içib xərcləmişdir. O, əlavə olaraq bildirdi ki, hal-hazırda Zərərçəkmiş şəxs dəymiş zərər olan 3300 manat pulu ödəmişdir. Əməlindən isə səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Gədəbəy rayonu Daşbulaq kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə evindən 3300 manat pulun oğurlanması barədə şikayəti özü etmişdir. Evində 3300 manat pulu olmuş, həmin pulun 1500 manatını inək satıb əldə etmiş, 1600 manatını torpaqdan almış, 200 manatı isə əvvəlcədən özündə olmuşdur. Həmin pulu evinin aynabəndində olan qab rəfinin gözlüyündə pul qabının içinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər qonşusu Səlfinaza ev telefonu ilə zəng edib ondan oğlu Əlini evinə gələn suyu düzəltməsi üçün onlara göndərməsini xahiş etmişdir. Telefon danışığı zamanı Səlfinaz ona bildirmişdir ki, oğlu Əli hal-hazırda evdə yoxdur, evlərində gedən təmirlə bağlı material almağa gedibdir. Səlfinaza Əli evə gəldikdən sonra onlara göndərməsini xahiş etmişdir. Əligilin ailəsi ilə yaxın qonşuluq münasibətləri olduğundan bir-birlərinin evlərinə gediş-gəliş münasibətləri vardır. Evlərində kömək lazım olduqda həmişə Əlini çağırmış və gəlib ona kömək etmişdir. Həmin gün saat 11:30-da kənddə olan yas mərasiminə getmişdir. Evinin iki giriş qapısı vardır. Həmin qapılardan biri dəmir, həyət tərəfdən qoyulmuş qapı isə plastik materialdandır. Yas yerindən 15.30-da qayıtmışdır. Evə qayıdanda görmüşdür ki, evinin həyətinə açılan plastik qapını yadından çıxıb bağlamamış və qapı açıq qalmışdır. Evinin qapısının açıq olmasından şübhələnib pulu qoyduğu gözlüyə baxmışdır. Pul qabını açıb orada olan 3300 manat pulun yerində olmadığını görmüşdür. Evinin digər otaqlarına keçdikdə görmüşdür ki, evin otağında yataq dəsti onun qoyduğu kimi deyil, yataq dəstinin üzərindəki əşyalar yerindən tərpənmişdir. Evdə əşyalarının yerinin dəyişdiyini gördükdən sonra pulun oğurlandığını bilmişdir. Bundan sonra evində olan qızıl zinət əşyalarının yerində olub-olmamasına baxdıqda qızıl zinət əşyalarının aparılmadığını görmüşdür. Oğurluq hadisəsindən bir müddət keçdikdən sonra Əli onu yolda görüb onun evdə olmadığı zaman suyu düzəltmək üçün onlara gəlib evə girib onu çağırdığını və evdə olmadığı üçün çıxıb getdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Gədəbəy rayon Polis şöbəsində onların evindən 3300 manat pulu oğurladığını etiraf etmişdir. Bundan sonra Əli onlara gələrək əməlindən peşman olduğunu deyib üzr istəmiş və dəymiş zərəri tam şəkildə ödəmək üçün 3300 manat pulunu qaytarmışdır. Əlini bağışlamış, hal-hazırda evində baş vermiş oğurluq hadisəsinə görə heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Gədəbəy rayon, Qarıkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. xx xxxxxx 2020-ci il tarixdə şəxsi təsərüfatında saxladığı 20 baş quzunu Gədəbəy rayonu, heyvan bazarına satmağa gətirmişdir. Əvvəlcə ona Daşbulaq kəndindən bir nəfər şəxs, sonradan adını bildiyi Əli yaxınlaşaraq quzuların qiymətini soruşmuşdur. O, Əliyə quzunun birini 120 manata satdığını demiş, biraz söhbət etdikdən sonra 20 quzunu birlikdə 2100 manata sata biləcəyini bildirmişdir. Əlinin pulu çatmamış və getmiş, sonra tanışı Şahinlə yenidən yanına qayıtmışdır. O, quzuları 2050 manat pula satmağa razılaşmışdır. Əlinin 50 manat pulu çatmamışdır. Şahini tanıdığına görə 2000 manat alıb quzuları Əliyə vermişdir. Əlinin ona 50 manat borcu qalmışdır. Şahin bildirmişdir ki, dekabr ayının 15-dək 50 manat pulu alıb ona verəcəkdir. Bu səbəbdən də o, quzuları satmışdır. Şahid2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Gədəbəy rayon, Harelsk kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonu heyvan bazarında Əlini görmüş. Əli ona demişdir ki, burada 20 baş quzu var. Həmin quzuları almaq istəyir. Heyvandan başı çıxmadığını və həmin quzulara baxmasını demişdir. O, heyvanlara baxıb yaxşı olduqlarını demiş, sonra görmüşdür ki, həmin heyvanları satan şəxs Qarıkənd sakini Kərimov Məhəmmədəlidir. Məhəmmədəli ilə Əli heyvanların 2050 manata alğı-satqısı barədə razılaşmışlar. Əli 2000 manat pulu Məhəmmədəliyə vermiş, 50 manat borclu qalmış, xx xxxxxx 2020-ci ilədək 50 manat pulu da ödəyəcəyinə söz vermişdir. Əli həmin heyvanları bacısı oğlu Şahid4 maşınına yığıb kəndə aparmışdır. Şahid3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Gədəbəy rayon, Qaradağ kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qonşusudur. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşıdır. Onlarla gediş-gəliş münasibətləri vardır. Oğurluq hadisəsi baş verən günü səhər qonşusu Zərərçəkmiş şəxs ev telefonuna zəng edərək oğlu Əlini onların qapısına gələn bulağı təmir etmək üçün göndərməyi xahiş etmişdir. Həmin vaxt Əli evdə olmamışdır. Əli evlərində gedən təmir işləri ilə bağlı tikinti materialları almaq üçün mağazaya getmişdir. Evə gəldikdən sonra Əliyə Rəfiqənin onu bulağı düzəltməsi üçün evinə çağırdığını demişdir. Əli yemək yedikdən sonra saat 15 radələrində əkin sahələri tərəfdən Rəfiqənin evinə getmişdir. Aradan 15-20 dəqiqə keçdikdən sonra Əli gəlib Rəfiqənin evdə olmadığını demişdir. Bundan təxminən iki saat sonra Rəfiqənin qışqırıq səsini eşitmişdir. Rəfiqəgilə getmiş və Rəfiqə həmin vaxt ağlayıb demişdir ki, evində olan 3300 manat pulu oğurlanmışdır. Oğurluq hadisəsindən sonra oğlu gəlib xx xxxxxx 2021-ci il tarixdə evinə bulağı düzəltmək üçün gedərkən Rəfiqənin evdə olmadığını görüb onun evindəki şkafda olan pulu oğurladığını və peşman olduğunu demişdir. Buna görə də o, oğlunu danlamış, Əlinin almış olduğu qoyunları satıb ona dəymiş zərər olan 3300 manat pulu ödəmişlər. Şahid4 məhkəmə iclasında ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. Təqsirləndirilən şəxs tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, heyvan bazarından özünə məxsus “QAZ-33021” markalı **-BG-*** nömrə nişanlı avtomobili ilə bazardan qayıdarkən dayısı Şahid2 ona demişdir ki, həmkəndlisi Əlinin 20 baş quzusu var, onları kəndə apar. O da həmin maşını ilə Əliyə məxsus 20 baş quzunu maşınına yığıb Gədəbəy rayonu, Daşbulaq kəndinə aparmışdır. Bundan sonra o, Əlini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər iş materiallarında olan dəlilləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış istintaq hərəkətinin protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayon Daşbulaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evidir. Yaşayış evi bir mərtəbəlidir. Evin iki giriş qapısı vardır. Evin küçəyə açılan qapısı dəmir materialdan hazırlanmışdır. Evin ikinci qapısı plastik materialdandır və həmin qapı evin həyətinə açılır. Evin həyətinə dəmir darvazadan daxil olunur. Dəmir darvazadan daxil olduqdan sonra sağ tərəfdə ev yerləşir. Evə plastik qapıdan daxil olduqda üzbəüz evin mətbəxi yerləşir. Sol tərəfdə kiçik dəhliz daha sonra isə evin aynabəndi yerləşir. Evin aynabəndindən iki yataq otağına daxil olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, yas yerinə gedərkən evin həyətinə açılan plastik qapını açıq qoymuş və naməlum şəxslər oradan evə daxil olaraq evin aynabəndində olan qab rəfinin gözlüyündə olan pul qabının içərisindəki 3300 manat pulu oğurlamışdır. Baxış zamanı evin qapısında və pəncərələrində sındırma əlamətləri aşkar edilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs dəvəti ilə onun evinə gələn suyu təmir etmək məqsədilə getmiş, Zərərçəkmiş şəxs çağırmaq məqsədilə evə daxil olaraq onun evdə olmadığına əmin olduqdan sonra formalaşmış özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək niyyəti ilə evin aynabəndində olan qab rəfinin gözlüyündən pul qabının içərisində olan 3300 manat pulu gizli yolla talayıb oğurluq cinayəti etmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə caza təyin edilməsi məzələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, qeyd etməyi zəruri sayır ki, onun cinayəti nəticəsində dəymiş ziyan tamamilə ödənilmişdir. Əməlindən peşmançılıq çəkir. Odur ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış 3300 manat pul qanuni sahibində saxlanmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış 3300 manat pul qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Hökmün icrası Gədəbəy rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar