Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-29/2022 22.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 3-cü qrup əlil, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla, Gədəbəy rayonu, Əyrivəng kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə birgə yaşadığı xalası Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən evin damında gizlətdiyi 2106 manat nağd pulu ələ keçirib özgə əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 09 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə birgə yaşadığı xalası Zərərçəkmiş şəxs Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən evin damında gizlətdiyi Zərərçəkmiş şəxs məxsus 1020 manat dəyərində 1 ədəd Rusiya Federasiyasında istehsalı olunmuş 583 əyyarlı 12 qram çəkidə yastı formalı boyunbağını, 127 manat 50 qəpik dəyərində 1 ədəd Rusiya Federasiyasında istehsalı olunmuş 583 əyyarlı 1,5 qram çəkidə tək sadə qaşlı qadın üzüyünü və 340 manat dəyərində 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı 4 qram çəkidə qadın üzüyünü gizli yolla talayıb oğurluq edən zaman anası Şahid1 onun oğurluq etdiyini bilməsinə və irad tutmasına baxmayaraq 1487 (min dörd yüz səksən yeddi) manat 50 (əlli) qəpik məbləğində özgə əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Gədəbəy rayonu Arıqıran kəndində pasport qeydiyyatındadır. Anası ilə birlikdə xalası Zərərçəkmiş şəxs məxsus Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən evdə yaşamışdır. Rəsmi olaraq heç yerdə işləmir. lll qrup gözdən əlil olmaqla aylıq 110 manat müavinət alır. 2021-ci ilin sentyabr ayında Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən xalasına məxsus yaşadığı evdə olduğu zaman evin damında arabanın təkərini sökdüyü vaxt taxta millərin arasında kişi papağı görmüş, əyilib papağı götürəndə papağın altında banka olduğunu, bankanı açıb içərisində pul, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qadın üzüyü olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin pulu oğurlamaq qərarına gəlmiş, əvvəlcə bankadan 500 manat götürmüşdür. Sonra 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində bankada olan pulları cəmi 4 dəfəyə oğurlamış, həmin pulları da gündəlik ehtiyacları üçün xərcləmişdir. Xalasının və digərlərinin pulu oğurlamasından xəbəri olmamışdır. Həmin pulun məbləği dəqiq yadında qalmasa da, xalasının deməsinə görə pulun məbləği 2106 manat olmuşdur. Sonradan yenidən pula ehtiyyacı olmuş, xalasına məxsus qızılları da oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 09 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Şəmkir rayonundan Gədəbəy rayonu Böyük Qaramurad kəndinə gələrək yaşadıqları evə getmiş, anası Qaratellə görüşüb, şübhə yaratmaması üçün bir qədər anasının yanında əyləşmişdir. Sonra isə gizlincə evin damına çıxmış, evin damında balondakı 2 ədəd qızıl qadın üzüyü və 1 ədəd qızıl boyunbağını götürmüşdür. Anası Qaratel arxasınca gəlmiş, xalasının qızılını oğurladığını başa düşüb ona irad bildirmiş, götürdüyü qızılları qaytarmasını tələb etmişdir. O, isə anasının tələbinə məhəl qoymadan cəld evin damından düşmüş, anası dayanmasını bildirsə də, əhəmiyyət vermədən evdən qaçıb getmişdir. O, qızılları Şəmkir şəhərindəki bazarda Şahid5 1300 manata satmış, həmin pulları bir neçə gün ərzində yeyib-içmək və gündəlik ehtiyyacları üçün xərcləmişdir. O, oğurladığı pulu və qızılların dəyərini xalasına tam ödəmişdir. Xalasının ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Böyük Qaramurad kəndində qardaşı Şahid2 və bacısı Şahid1 ilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs Səhəd oğlu bacısı oğludur. O, xeyli müddətdir pensiyasından özünə “kəfən pulu” yığmışdır. Həmin pulu və özünə məxsus qızıl-zinət əşyalarını yaşadığı evin damında şüşə balonun içərisinə qoyub, həmin balonu da taxta millərin arasında gizlətmişdir. Həmin balonun içərisində 2106 manat nağd pul, bir ədəd qızıl boyunbağı və iki ədəd qadın üzüyü gizlətmişdir. 10 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Qazax rayonundan Gədəbəy rayonu Böyük Qaramurad kəndindəki evinə gəlmiş, Seymurun qızılları oğurlamasını onunla eyni ünvanda yaşayan anası Qaratel görmüşdür. O, ertəsi gün evə qayıdarkən bacısı Qaratel Seymurun əvvəlki gün evdə olduğunu və evin damına çıxdığını bildirmişdir. O, evin damına çıxıb baxdıqda orada gizlətdiyi 2106 manat pul, 1 ədəd boyunbağı və 2 ədəd qadın üzüklərini Seymurun oğurladığını aşkar etmiş, sonra isə bu barədə Seymurun anası, bacısı Qaratelə söyləmişdir. O, bacısı Qaratellə birlikdə pulu və qızılları geri almaq məqsədilə Seymuru axtarmaq üçün getmiş, Seymurdan pulunu və qızıllarını qaytarmasını tələb etmiş, lakin qaytarmadığı üçün polis şöbəsinə gəlib ərizə vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, bacısı Zərərçəkmiş şəxs və qardaşı Şahid2lə birlikdə Gədəbəy rayonu Böyük Qaramurad kəndində yaşayır. 09 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Seymur işdən evə gəlmişdir. Seymur bir qədər əyləşmiş, həmin vaxt Bəhrəm və Cənnət evdə olmamışlar. O isə gündəlik ev işləri ilə məşğul olmuşdur. O, mətbəxdə olarkən pəncərədən baxanda Seymurun evin dəhlizindəki pilləkənlə evin damına qalxdığını görmüşdür. Cənnət də özünə məxsus pul və qızılları evin damında gizlətmiş, ancaq dəqiq yerini bilməmişdir. Seymurun evin damına çıxdığını görəndə isə nəyisə oğurluyub aparacağından şübhələnmiş, ona görə də Seymurun arxasınca evin damına çıxmışdır. Seymur evin damında əlində isə telefon işığı ilə nəsə axtardığını görmüş, Seymurdan nə axtardığını soruşduqda “heç nə axtarmıram” demişdir. O, Seymura inanmamış, Seymurun üzərinə getmiş, Seymur isə qaçıb getmişdir. O, Seymurun nə isə oğurladığını hiss edib arxasınca qışqıraraq dayanmasını tələb etmiş, lakin Seymur dayanmadan qaçaraq uzaqlaşmışdır. 10 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Cənnət Qazax rayonundan evə çatmışdır. Cənnət evə gəldikdən sonra bildirmişdir ki, “Seymur evin damına çıxmışdı, get bax gör pulun, qızılın yerindədirmi”. Cənnət evin damına çıxıb Seymurun 2106 manat pul, 1 ədəd boyunbağı və 2 ədəd qadın üzüklərini oğurladığını bildirmişdir. O, bacısı Cənnətlə birgə Seymuru axtarmaq üçün getmiş, Seymur pul və qızılları qaytarmadığı üçün Cənnət polis şöbəsinə gəlib, Seymurun barəsində ərizə vermiş, ancaq o Cənnətdən Seymurun bağışlanmasını xahiş etdiyi üçün şikayətindən imtina etmişdir. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Gədəbəy şəhəri Qumlu yaşayış massivində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Gədəbəy şəhəri H.Əliyev prospektində yerləşən yeməkxana kimi fəaliyyət göstərən obyekti icarə əsasında işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla nə də ailə üzvləri ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfəyə işlədiyi kafedə yemək yeyib, spirtli içki içmişdir. 2021-ci ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs kafedə olan masalardan birində tək əyləşib yemək sifariş vermiş, Seymurun sifariş verdiyi yeməyi verib, özü də mətbəxdə işləri ilə məşğul olmuşdur. Bu zaman adları sonradan məlum olan Cənnət və Qaratel adlı qadınlar və Bəhrəm adlı şəxs kafeyə daxil olmuş, mətbəxdə olan zaman səs küy eşidib, dəhlizə çıxanda həmin şəxslərin Seymurla mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı həmin qadınlardan birinin Seymurun anası Qaratel, digəri xalası Cənnət, digər şəxsin isə dayısı olduğunu müəyyən etmişdir. Seymur adlı şəxsin yaşadıqları evdən xalasına məxsus pul və qızılları oğurladığı ona məlum olmuşdur. Cənnət və digərləri Seymurdan pulu verməsini tələb etmiş, ancaq Seymur “məndə pul yoxdur” dediyi üçün Seymuru döymək üçün üzərinə cummuşlar. Bu vaxtı Seymur kafedən qaçıb getmiş, hətda Seymur qaçıb gedərkən yeməyə görə verməli olduğu 14 manat pulu da verməmişdir. Şahid4 məhkəmə iclasında Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər iş materiallarında olan dəlilləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayon Böyük Qaramurad kəndində yerləşən Zərərçəkmiş şəxs və ailə üzvlərinə məxsus fərdi yaşayış evidir. Yaşayış evi iki hissədən, birinci mərtəbəsi zirzəmidən ibarətdir. Tikilinin ikinci mərtəbəsi yaşayış üçün nəzərdə tutulmuşdur. Evin giriş qapısından içəri daxil olduqda qapı dəhlizə açılır, dəhlizdən isə evin otaqlarına qapılar açılır, yaşayış evi ümumilikdə iki otaqdan ibarətdir. Dəhlizə daxil olduqda sol tərəfdə taxta pilləkən vardır. Həmin pilləkənlə evin damına qalxılır. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və nağd pulları evin damında, tikilinin dayanıqlığını təmin edən laxtaların arasında gizlədildiyi yerdən taladığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021 -ci il tarixli 9\9186 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021 -ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1487,50 manat müəyyən edilir. - DSMF publik hüquqi şəxsin 19 saylı rayon ərazi filialının Gədəbəy qəbul şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 qrup əlildir və 110 manat müavinət alır. -Gədəbəy rayon İHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus özgənin əmlakı hesab edilən 2106 manat nağd pulu gizli yolla talamaqla oğurluq etməsi və təkrarən, 09 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus 1020 manat dəyərində 1 ədəd Rusiya Federasiyasında istehsalı olunmuş 583 əyyarlı 12 qram çəkidə yastı formalı boyunbağı, 127 manat 50 qəpik dəyərində 1 ədəd Rusiya Federasiyasında istehsalı olunmuş 583 əyyarlı 1,5 qram çəkidə tək sadə qaşlı qadın üzüyü və 340 manat dəyərində 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı 4 qram çəkidə "xalstoy” formalı qadın üzükdən ibarət cəmi dəyəri 1487 (min dörd yüz səksən yeddi) manat 50 (əlli) qəpik təşkil edən özgə əmlakını açıq yolla talamaqla soyğunçuluq etməsi məhkəmə iclasında verdiyi etirafedici ifadəsi, bunu təsdiq edən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər dəlillərlə tam sübuta yetir. Odur ki, məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci və 180.2.2-ci maddələri ilə tövsif edilməsi ilə razılaşır. Həmçinin qeyd edir ki, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, eləcə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə caza təyin edilməsi məzələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və 3-ci qrup əlil olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı hərəkətləri ilə cinayət qanununun iki müxtəlif maddəsində, yəni CM-nin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən, bu cinayətlərə görə əvvəllər məsuliyyətə cəlb olunmadığından, eləcə də cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmədiyindən ona həmin maddələrlə ayrı-ayrılıqda, CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası, CM-nin 180.2.2-ci maddəsinin sanksiyası həddində isə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, sonra təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında toplamaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə toplanılarkən Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 68.1-ci və 68.1.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları və onun əməlində cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, təqsirləndirilən şəxs ağır maddi şərait nəticəsində pula ehtiyacı olduğundan anası ilə birlikdə yaşadığı öz qohumu, yəni xalasının evindən ona məxsus olan pul və qızıl-zinət əşyalarını ələ keçirmiş, oğurlanmış pul və soyğunçuluqla ələ keçirdiyi qızıl-zinət əşyalarının dəyərini tam olaraq zərər çəkmiş şəxsə ödəmişdir. Zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs cinayət hadisəsi tərədildikdən sonra əməlindən səmimi peşmançılıq çəkdiyini nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs 3-cü qrup əlildir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, ona müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermək qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası, Cinayət Məcəlləsinin 180.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesablanmaqla 6 ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən, təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 3 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il müddətə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermək qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-29/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-29/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver