Məhkəmə qərarları › İş №1(042)-32/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-32/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-32/2022 27.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Gədəbəy rayonu, Düzyurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşaq olan, orta təhsilli, işsiz, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin inzibati binasında “Covid-19” virusu ilə əlaqədar boğaz nahiyəsindən yaxı götürmə üsulu ilə analiz verib verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, yaşayış yerini tərk etməməsi, ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 08 fevral 2022-ci il tarixdə saat 09 radələrində Gədəbəy rayonu, Gərgər kəndindəki yaşadığı evdən çıxıb Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən işlədiyi kafeyə getməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. Ailəlidir və himayəsində 2 azyaşlı uşaq var. Rəsmi olaraq heç bir yerdə işləmir. Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən kafedə gündəlik 7 manata qabyuyan işləyir. 02 fevral 2022-ci il tarixdə “Covid-19” virusuna yoluxub-yoluxmadığını müəyyənləşdirmək üçün Gədəbəy rayonu Mərkəzi xəstəxanasında boğazından yaxma üsulu ilə test analizi vermişdir. Lakin həmin vaxt səhhətində heç bir narahatçılıq hiss etməmişdir. Analiz verən zaman xəstəxanada istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsini vermişdir ki, analizin cavabını həmin nömrəyə göndərsinlər. Analiz verdikdən sonra 3 gün yaşadığı evi tərk etməmişdir. Çünki test analizinin cavabının 3 gün müddətində çıxdığını bilmişdir. Gərgər kənd İƏD üzrə nümayəndənin müavini Şahid1 analiz verməyi barədə məlumat vermişdir. Test analizini verdikdən 3 gün sonra Gərgər kənd İƏD üzrə nümayəndənin müavini Şahid1 ona zəng edib “Covid-19 virusunun daşıyıcısı ola bilərsən, evdən çıxma” demişdir. 3 gün evdə qaldıqdan sonra 06 fevral 2022-ci il tarixdən etibarən çörəkpulu qazanmaq üçün məcburiyyət qarşısında qalıb Gədəbəy rayonu Gərgər kəndində yerləşən yaşadığı evi tərk edərək Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən kafeyə işə çıxmağa başlamışdır. Çünki özünü yaxşı hiss etmiş və səhhətində virusun heç bir əlamətini hiss etməmişdir. 08 fevral 2022-ci il tarixdə səhər saat 09 radələrində Gədəbəy rayonu, Gərgər kəndində yerləşən yaşadığı evi tərk edərək Gədəbəy şəhəri Heydər Əliyev prospektində yerləşən işlədiyi kafeyə gəlmişdir. Həmin gün saat 12 radələrində işlədiyi kafedə olarkən polis əməkdaşları oraya gəlmiş və ona “Covid-19” virusunun daşıyıcısı olaraq yaşadığı evi tərk etdiyi üçün irad bildirib müvafiq protokol tərtib etmişlər. Polislərə “Covid-19” virusu ilə bağlı test analizi versə də, həmin analizin cavabının gəlmədiyini və özündə virusun heç bir əlamətini hiss etmədiyini bildirmişdir. Onu təcili-tibbi yardım avtomobili ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ondan yenidən test analizi götürmədən yaşadığı evə qaytarmışlar. Həmin gün yaşadığı evə qayıtdıqdan sonra telefonuna baxıb 06 fevral 2022ci il tarixdə istifadəsində olan 050-396- 61-03 saylı mobil nömrəyə “Covid-19” virusuna yoluxmağı ilə bağlı mesaj gəldiyini görmüşdür. Lakin mesajı gec görmüşdür. Azyaşlı övladları mesajı telefondan sildikləri üçün həmin mesajı istintaqa təqdim edə bilməmişdir. Ondan sonra 10 fevral 2022-ci il tarixədək yaşadığı evi tərk etməmişdir. 08 fevral 2022-ci il tarixədək Covid-19” virusu ilə bağlı peyvəndin hər 3 dozasını vurdurmuşdur. 02 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək yaşadığı evdə ailə üzvləri ilə ünsiyyətdə olmuş, lakin ailə üzvlərindən heç kəs virusa yoluxmamışdır. Şahid X4 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Qumlu yaşayış massivində yaşayır. Təxminən 5-6 aydır ki, Gədəbəy şəhəri Heydər Əliyev prospektində yerləşən kafeni icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs həmin kafedə qabyuyan işləyir. 2022-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı Gədəbəy rayon Mərkəzi Xəstəxanasında test analizi vermiş və 3 gün işə gəlməmişdir. 06 fevral 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs işə gələrək koronavirusa yoluxmadığını deyib işinə davam etmişdir. 06 fevral 2022-ci il və 07 fevral 2022-ci il tarixlərdə təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs işlədiyi kafeyə gələrək təxminən saat 18 radələrinədək həmin kafedə olmuş və sonra çıxıb evinə getmişdir. 08 fevral 2022- ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs həmin kafeyə işləməyə gəlmişdir. Həmin gün saat 12 radələrində polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs “Covid-19” virusunun daşıyıcısı olduğunu deyərək yaşadığı evi tərk edib Gədəbəy şəhərinə gəldiyinə görə müvafiq protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs “Covid-19” virusunun daşıyıcısı olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ona və yaxud başqa bir şəxsə “Covid-19” virusunu yoluxdurmamışdır. Şahid X6 ifadəsində göstərdi ki, 2009-cu ildən Gədəbəy RMX-ın Poliklinika şöbəsinin həkim terapevti vəzifəsində işləyir. Gədəbəy rayon Mərkəzi Xəstəxanasında “Covid-19” virusu ilə bağlı test analizi verən və analizinin nəticəsinin pozitiv çıxan vətəndaşlara siyahı üzrə sistemdə qeyd olunan əlaqə nömrələrinə zəng edərək analizin nəticələri, yəni onların virusa yoluxması barədə məlumat verir. Gədəbəy rayonu Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə Gədəbəy RMX-da boğazdan yaxı götürmə üsulu ilə “Covid-19” virusu ilə bağlı test analizi vermiş və verdiyi analizin nəticəsi müsbət çıxmışdır, yəni Təqsirləndirilən şəxs koronavirus aşkarlanmışdır. 03 fevral 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək sonuncunun verdiyi test analizinin cavabının pozitiv çıxdığını, yəni “Covid-19” virusuna yoluxduğunu bildirmiş və karantin qaydalarına uyğun olaraq yaşadığı evi tərk etməməli olduğunu, digər insanlarla təmasdan çəkinməli olduğunu demişdir. Şahid3 ifadəsində göstərdi ki, 1997-ci ildən DİO-da xidmət etməklə 2021-ci ildən Gədəbəy Rayon Polis X5 təhqiqatçısı vəzifəsində işləyir. Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. 08 fevral 2022-ci il tarixdə təxminən saat 12:25də Gədəbəy RPŞ-in Növbətçi hissəsindən aktiv “Covid-19” virusunun daşıyıcısı olan Gədəbəy rayonu, Gərgər kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən kafeyə gəlməsi ilə bağlı məlumat daxil olmuşdur. Ona görə də, Gədəbəy RPŞ-in İB-in müstəntiqi, polis baş leytenantı Ayxan Qarayev, CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, Gədəbəy RPŞ-in Növbətçi hissəsinin sürücüsü Şahid6 və İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri polis baş serjantı Şahid5la birlikdə Heydər Əliyev prospektində yerləşən həmin kafeyə getmişlər. Gədəbəy rayonu Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin kafedə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs koronavirus xəstəliyinin daşıyıcısı olaraq yaşadığı evi tərk edib ictimai yerə gələrək insanların virusa yoluxması üçün təhlükə yaratdığına görə iradlarını bildirmişlər. Təqsirləndirilən şəxs özündə koronavirusun əlamətlərini hiss etmədiyini, xəstə olmadığını, azyaşlı övladlarına çörəkpulu qazanmaq üçün yaşadığı evi tərk edib həmin kafeyə gəldiyini bildirərək özünümüdafiə xarakterli ifadələr işlətmişdir. Daha sonra təcili tibbi yardım avtomobili ilə Təqsirləndirilən şəxs Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Şahidlər Şahid6 Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs Gədəbəy şəhəri Heydər Əliyev prospektində yerləşən kafedə olmuşdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X9 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli 165 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gədəbəy RMX-ın Poliklinika şöbəsində “Covid-19” virusuna qarşı test müayinəsindən keçmiş, müayinənin cavabı Pozitiv (+) olmuşdur. - Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 020-2942-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (AZE********) “Covid-19” virusuna yoluxduğu və xx.xx.2022-ci il saat 10:03:21-dən xx.xx.2022-ci il saat 10:03:21-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat X10 Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən xx.xx.2022-ci il saat 19:20:02-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. - 08 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqından protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək 08 fevral 2022-ci il tarixdə saat 12:30-da Gədəbəy şəhəri Heydər Əliyev prospektində yerləşən kafedə ictimai yerdə olaraq insanların “Covid-19” virusuna yoluxmasına real təhlükə yaranması öz əksini tapmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onun məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışlar. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, himayəsində iki nəfər az yaşlı uşaq olmasını, əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və o təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar