Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-33/2021 29.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonu, Plankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Gədəbəy rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə saat 13.30 radələrində Gədəbəy rayonu, Çalburun kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında haqqında Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin axtarış elan olunması barədə 01.10.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirərək axtarışda olduğunu bildirib istintaq orqanına dəvət edən Gədəbəy rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Zərərçəkmiş şəxs təklifinə cavab olaraq dəfn mərasimində iştirak etdikdən sonra ibtidai istintaqa gələcəyini bildirdikdən sonra barəsində tutma qərarı olmadan Zərərçəkmiş şəxs onun sol qolundan tutaraq xüsusi vasitə olan qandal tətbiq etmiş, qandalın digər tərəfini isə öz sağ qoluna bağlayıb onu şəxsi istifadəsində olan “Mercedes Benz” markalı **-OG- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmək istədikdə yaranmış mübahisə zamanı avtomobilə oturmamaq üçün aktiv müqavimət göstərib zor tətbiq etməklə təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sol ayağının baldır nahiyəsinə zərbələr endirərək ona fiziki ağrı yetirmiş, habelə yerdən götürdüyü kənarları nahamar formalı daş parçası ilə Zərərçəkmiş şəxs biləyinə və qandala ardıcıl zərbələr endirib sağ əlinin baş barmağını arxaya doğru dartmaqla ona sağ saidin qançırı və sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, sağ əlin üst səthinin şişkinliyi və sıyrığı ilə müşaiyət olunan sağ əlin birinci daraq sümüyünün pərçimlənmiş sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Plankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2-ci qrup ümumi əlildir. Həmçinin birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Ailəlidir və himayəsində az yaşlı uşaqları vardır. V.Qasımovun şikayəti əsasında Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsində müstəntiq Məhərrəm Məmmədov tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə cinayət işi başlanmış və dəfələrlə polis şöbəsində olub ifadə vermişdir. 29 oktyabr 2020-ci il tarixdə Çalburun kəndində olan yas mərasimindən çıxıb həmin kənddə olan digər yas mərasimində iştirak etmək üçün kənd qəbiristanlığının yanında saxladığı maşına tərəf gedəndə ağ rəngli bir avtomobildən əvvəldən tanımadığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi polis əməkdaşı xidməti polis formasında onu çağırmışdır. Ona yaxınlaşıb salamlaşdıqdan sonra avtomobilin sağ ön tərəfində əvvəldən tanıdığı polis əməkdaşı Şahid1la salamlaşmışdır. Zərərçəkmiş şəxs ona Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə barəsində axtarış olduğunu deyib polis şöbəsinə getməli olduğunu demiş, o, yas mərasiminə gedib sonra polis şöbəsinə gedəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs sol qolundan tutub biləyinə qandal vurub, qandalın digərini isə öz sağ qoluna vurub onu maşına oturtmaq istəmiş, Zərərçəkmiş şəxs kəndin içində belə aparılmasının ayıb olduğunu deyib onu buraxmasını tələb edib Polis şöbəsinə gedəcəyini demişdir. Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayıb onu maşına oturtmağa çalışanda artıq əsəbləşib maşına oturmamaq üçün dartınmağa və müqavimət göstərməyə başlamışdır. Zərərçəkmiş şəxs əlindən çıxmaq üçün qolundakı qandalı silkələmiş, maşından uzaqlaşmaq üçün arxaya doğru dartınıb Zərərçəkmiş şəxsda özü ilə birlikdə zorla dartmışdır. Həmin vaxt R.Zərərçəkmiş şəxsSadıqovu köməyə çağırmış, hər ikisinə yalvararaq kənd içində sındırılmamasını və belə aparılmaımasını xahiş etmişdir. Bu söbəbdən aralarında dartışma və münaqişə baş vermiş, qandalı qolundan çıxarması üçün Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmiş, qandalı açması üçün barmaqlarını arxaya doğru dartaraq sonuncuya fiziki ağrı vermişdir. Əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxsdən üzr istəyir. Zərər çəkmiş şəxs qismində dindirilmiş Gədəbəy RPŞ-nin cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün barəsində 01.10.2020-ci il tarixdə axtarış elan edilməsi və tutulub istintaqa təqdim edilməsi haqqında qərar qəbul edilərək icra edilməsi üçün göndərilmiş, həmin qərar əsasında tərəfindən 490364 nömrəli axtarış işi açılmışdır. 29 oktyabr 2020-ci il tarixdə 13.30 radələrində Təqsirləndirilən şəxs yeri tərəflərindən əməliyyat yolu ilə müəyyən edildiyindən Gədəbəy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Gədəbəy rayon Çalburun kəndinə getmişlər. Çalburun kənd qəbiristanlığının yanında Təqsirləndirilən şəxs piyada özünə məxsus olan boz rəngli 21-932 dövlət nömrə nişanlı avtomobilə tərəf getdiyini görüb idarə etdiyi avtomobili sonuncunun yanında saxlamış və özünə məxsus olan "Mercedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb Təqsirləndirilən şəxs yanına çatıb salamlaşdıqdan sonra Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə axtarışda olduğunu, bu səbəbdən onlarla Polis şöbəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs axtarışda olub-olmamasının heç bir aidiyyatının olmadığını və Polis şöbəsinə getməyəcəyini deyib maşında oturan polis əməkdaşı Raufla salamlaşmaq üçün getmiş, bir əli maşının üstündə digər əli ilə Raufla görüşdükdən sonra sonuncunun sol qolundan tutub xüsusi vasitə olan qandalı qoluna bağlamış, qandalın digər tərəfini isə öz sağ qoluna bağladıqda Təqsirləndirilən şəxs dartınaraq sağ ayağının çöl tərəfinə bir neçə dəfə təpik vurmuşdur. Aralarında yaranan dartışma zamanı Təqsirləndirilən şəxs yerdən daş götürdükdə onu vurmaq istədiyini düşünüb əlindən tutmuş, iş yoldaşı Şahid1 avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşaraq sakitləşdirməyə başlayıb daşı yerə atmasını və müqavimət göstərməməsini bildirərək avtomobilə oturmasını xahiş etmişdir. Sonuncu Şahid1 sözlərindən sonra nisbətən sakitləşib əlini boşaltdığından Təqsirləndirilən şəxs sağ əlini boşaltmış, sonuncu Şahid1la söhbət edərkən anidən əlindəki daş parçası ilə onun biləyinə və qandala ardıcıl zərbələr endirməyə başlamışdır. Sonra Təqsirləndirilən şəxs qolundan qandalı çıxarmaq üçün var gücü ilə möhkəm dartınmış, eyni zamanda sağ əlinin baş barmağından tutub zərblə arxaya qatladığına görə qolunda bərk ağrılar yarandığından və qolu əzildiyinə görə məcbur olub qandalı Təqsirləndirilən şəxs qolundan açmışdır. Sonra Polis şöbəsinə gəlib hadisə barədə raportla şöbə rəisinə müraciət etmişlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi, həmçinin bildirdi ki, axtarışda olduğunu, onlarla Gədəbəy rayon Polis şöbəsinə getməli olduğunu dedikdən sonra, Təqsirləndirilən şəxs dəfndə iştirak etdikdən sonra özünün gələcəyini demişdir. Şahid2 ifadəsində göstərdi ki, 29 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə olarkən tanımadığı bir nömrədən istifadəsində olan telefon nömrəsinə zəng gəlmiş və zəngə cavab verdikdə tanımadığı bir nəfər atası Təqsirləndirilən şəxs Gədəbəy rayonu Çalburun kəndində yas yerində vəziyyətinin pis olduğunu bildirmişdir. Nə baş verdiyini soruşmuş, lakin həmin şəxs ona cavab vermədən danışığı sonlandırmışdır. Bundan sonra “VAZ 2106“ markalı **-DJ-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib Çalburun kəndinə “erməni keçəsi’’ adlı yerə gəlmiş, yol ilə gedən tanımadığı bir nəfər şəxsdən kənddə yas yerinin harada olmasını soruşduqda həmin şəxs avtomobilə oturub yolu göstərmişdir. Həmin yerə çatdıqda küçənin ortasında çoxlu insan toplaşdığını görmüşdür. Avtomobildən düşüb qaçaraq həmin topaya daxil olub atasının yerdə yarımoturaq vəziyyətdə olduğunu, Polis əməkdaşı Zərərçəkmiş şəxs atasının arxasında dayanıb su ilə üzünü yuduğunu görmüşdür. Dərhal Təqsirləndirilən şəxs yanına oturub nə baş verdiyini soruşub sonuncunu qaldırmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs huşsuz vəziyyətdə olmuş və başından qan axmışdır. N.Tağıvevə yaxınlaşanda nə sonuncunun, nədə Zərərçəkmiş şəxs qolunda qandal olmamışdır. Daha sonra əmisi Şahid3 və ətrafdakı adamların köməkliyi ilə Təqsirləndirilən şəxs maşına oturdub rayonun Miskinli kəndində yerləşən tibb məntəqəsinə aparmışdır. Həmin tibb məntəqəsində atasının Şəmkir şəhərində yerləşən xəstəxanaya aparmaq tövsiyə edildiyindən həmin gün Təqsirləndirilən şəxs Şəmkir MRX-na aparmış, xəstəxanada Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərildikdən sonra həmin gün axşam 18 radələrində sonuncu ilə birlikdə yaşadığı kəndə gəlmişlər. O, atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsini və müqavimət göstərməsini, habelə sonuncunun sağ əlinin barmağını sındırmasını görməmişdir. Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 29.10.2020-ci i tarixdə saat 11 radələrində qardaşı Təqsirləndirilən şəxslə birlikdə sonuncuya məxsus "Mercedes E Class" markalı avtomobilə oturub qonşuluqda yerləşən Çalburun kəndinə gedərək yas mərasimində iştirak etmişlər. Saat 13 radələrində həmin yas mərasimindən çıxıb digərinə getmək lazım olduğundan qardaşına gedib avtomobili gətirməsini bildirmiş, bundan sonra qardaşı onunla razılaşıb yas mərasimi keçirilən yerdən 50-60 metr kənarda dayanmış avtomobilinə tərəf getmişdir. Təxminən 2 dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs avtomobilinin yaxınlığında çoxlu şəxslərin toplaşdığını və səs-küy gəldiyini görüb, qaçaraq həmin yerə tərəf getmiş, çatdıqa qardaşı Təqsirləndirilən şəxs hərəkətsiz vəziyyətdə yerdə uzandığını, baş nahiyəsindən qan axdığını və qolunda qandal olmaqla qandalın digər tərəfinin əvvəllər tanıdığı mayor rütbəli Rövşən adlı Polis əməkdaşının qolunda olduğunu görmüşdür. Sonra digər qardaşı Şahid2 də gəlmiş, qardaşını əvvəlcə Miskinli tibb məntəqəsinə, oradan isə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi materiallarında olan istintaq hərəkəti protokollarını və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -məhkəmə-tibbi ekspertizasının 29.10.2020-ci il tarixli, 811 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ saidin qançırı, sıyrığı, sağ əlin üst səthinin şişkinliyi və sıyrığı ilə müşaiyət olunan sağ əlin 1-ci daraq sümüyünün pərçimlənmiş sınığı, sol baldırın qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddəti 29 oktyabr 2020-ci il tarixə uyğun gəlir. Təyin olunan xəsarətlərdən sağ əlin üst səthinin şişkinliyi və sıyrığı ilə müşaiyət olunan sağ əlin 1-ci daraq sümüyünün pərçimlənmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyil, onun bədən səthində öz boyu səviyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. -məhkəmə-tibbi-kriminalistik ekspertizasının 01.12.2020-ci il tarixli, 561-2020/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarından gödəkçənin və köynəyin sağ qolunun qoltuqaltı nahiyəsində bir ədəd, gödəkçənin sağ çiyin tikişi ilə boyun tikişinin kəsişdiyi sahədə bir ədəd küt yaranma mexanizminə malik və gödəkçənin və köynəyin müvafiq nahiyyələrindən kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik sökülmə zədələri vardır. Gödəkçənin ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd, həmçinin təqdim edilmiş maykanın sağ yarısının yuxarı hissəsində, ön səthindən arxa səthinə doğru davam edən bir ədəd, gödəkçə və maykanın müvafiq nahiyəsinin kəskin dartılıb cırılması nəticəsində əmələ gəlməyə xarakterik cırılma zədələri vardır. Gödəkçə, köynək və mayka üzərində aşkar olunmuş cırılmış və sökülmüş zədələrin qarşılıqlı mübarizə ilə əlaqədar olaraq, fiziki qüvvənin təsirindən yaranması istisna olunmur. Köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd səthi kəsilmiş zədə vardır. Bu zədə iti kənarı olan hər hansı bir kəsici alətin təsirindən əmələ gəlməyə xarakterikdir. Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus xidməti köynək və xidməti şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş qandalın zəncirbəndinin bir tayının üzərində aşkar olunmuş küt sınma və fiksatorun üzərində olan çoxsaylı kiçik ölçülü səthi cızılmış zədələr hər hansı bərk küt əşyanın (əşyaların) təsirindən çox güman ki, dəfələrlə təkrarlanmış çoxsaylı zərbələrin təsirindən əmələ gəlmiş zədənin təsviri hissəsində göstərilən şəraitdə, qandalın zəncirbəndinin və fiksatorun üzərinə daş parçası ilə dələlərlə vurulması nəticəsində törənməsi istisna olunmur. -məhkəmə-tibbi-bioloji ekspertizasının 22.12.2020-ci il tarixli, 881/2020-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcə, şalvar, köynək, mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə Təqsirləndirilən şəxsa məxsus ola bilər. Ekspertizaya təqdim edilən 11 ədəd daş parçaları üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən R.İ.Hüseynova məxsus gödəkcə və şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. -hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr iyun 2020-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Gədəbəy rayonu, Çalburun kənd qəbiristanlığının qarşısında yerləşən torpaq və daş örtüklü küçədir. Baxışda iştirak edən Gədəbəy rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin küçədə müqavimət göstərildiyini bildirmişdir. Zərərçəkmiş şəxs X1 əynində olan xidməti geyim formasına və 1 ədəd qandala baxış keçirilməsi və götürülməsi haqqında 01 noyabr 2020-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş polis geyim formasının, yəni bir ədəd gödəkcənin və bir ədəd şalvarın üzərində qanabənzər ləkələr və zədələr aşkar edilməmiş, lakin 1 ədəd qandalın üzərində zədələr aşkar edilmişdir. -Gədəbəy rayon Polis şöbəsinin 10 noyabr 2020-ci il tarixli, 198-19281-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15.05.2020-ci il tarixli, Ə1694ş/h-001-20 nömrəli əmrilə Gədəbəy rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs funksional vəzifəsi axtarışda olan şəxslərin tutulması, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi və rayon ərazisində baş vermiş cinayətlərin açılmasının təmin edilməsindən ibarətdir. -Gəncə şəhər Psixonevroloji Dispanserin 19 noyabr 2020-ci il tarixli, 415 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 13.04.2010-cu il tarixdən “keçirilmiş kəlləbeyin travması, qalıq əlamətləri" diaqnozu ilə Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatdadır. -Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 noyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. -Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olmamışdır. Cinayət işi materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ Müharibəsi veteranıdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə qiymət verərək, ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş və Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunuda əks olunmuş bəzi müddəalarla razılaşmır. Belə ki, ittihamın məzmununda Təqsirləndirilən şəxs ibtidai istintaqa getməyəcəyini bildirməsi və qaçmaq istəməsi kimi müddəalar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Təqsirləndirilən şəxsin “Zərərçəkmiş şəxs axtarış olduğunu deyib polis şöbəsinə getməli olduğunu demiş, o, yas mərasiminə gedib sonra Polis şöbəsinə gedəcəyini bildirmişdir” İfadəsini həmin vaxt hadisə yerində zərər çəkmiş şəxsin yanında olmuş digər polis əməkdaşı Şahid1 ifadəsində təsdiq etmiş, həmçinin zərər çəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs maşınında əyləşmiş digər polis əməkdaşı Şahid1la görüşmək üçün maşının içərisinə əyilərkən sol qolundan tutub biləyinə qandal vurduğunu bildirmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs onun qoluna qandal vurularkən qaçmaq istəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan həmin müddəlar çıxarılmalıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edildi ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə saat 13.30 radələrində Gədəbəy rayonu, Çalburun kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında hakimiyyət nümayəndəsi hesab olunan Gədəbəy rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs haqqında Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin axtarış elan olunması barədə 01.10.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar axtarışda olduğunu bildirib istintaq orqanına dəvət edərək xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Odur ki, məhkəmə istintaq orqanı tərəfindən onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə tövsifi ilə razılaşır və hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə caza təyin edərkən məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsdən üzr istəməsini, təqsirləndirilən şəxsin 2-ci qrup əlil və 1-ci Qarabağ Müharibəsi veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilməsi zamanı cinayət aktının başlanmasının zərər çəkmiş şəxsin hüquqazidd hərəkətlərindən asılılığı məsələsi və təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlılığı məsələsinin nəzərə alınmasını da zəruri sayır. Belə ki, cinayət işi materiallarından görünür ki, Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsinin keçmiş müstəntiqi Məhərrəm Məmmədovun 01.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli digər qərarla təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Axtarış elan olunması barədə qərar icra üçün göndərilmişdir. Müstəntiq tərəfindən ittiham elan olunması üçün tutulma barədə qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 147.1-ci maddəsinə əsasən, cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. Göründüyü kimi, qeyd olunan hüquq norması şəxsin tutulmasının üç şərtini müəyyən etmişdir ki, bunlardan biri də ittiham edilməli olan şəxsə tutulmanın tətbiq edilməsidir. Azərbaycan Respublikası CPM-nin 150.1-ci maddəsinə əsasən, cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması haqqında qərar çıxarıldıqda, müstəntiq və ya prokuror eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir. Cinayət işi materiallarından isə aydın olur ki, ibtidai istintaqı aparan müstəntiq M.Məmmədov Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul etsə də, onun ittiham elan olunması üçün tutulması barədə qərar qəbul etməmişdir. Axtarış elan olunması haqqında qərar isə əgər onun tutulması haqqında qərar yoxdursa, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qoluna xüsusi vasitə olan qandal vurulmaqla məcburi tutma hərəkətləri etməsinə əsas verməmişdir. Zərər çəkmiş şəxsin bu hüquqazidd hərəkətləri təqsirləndirilən şəxsin ona qarşı zorakı hərəkətlərinin başlanmasına səbəb olmuş, hərəkətlərin sonradan aqressiv xarakter alması və zərər çəkmiş şəxsə az ağır zərər vurma ilə nəticələnməsi isə təqsirləndirilən şəxsə qarşı qeyri-adekvat münasibətin və onun “keçirilmiş kəllə-beyin travması, qalıq əlamətləri" diaqnozlu xəstəliyi ilə əlaqədar olmuşdur. Göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqazidd hərəkətləri təqsirləndirilən şəxsin cinayət törətməsinə əhəmiyyətli təsir etmişdir ki, bu da Təqsirləndirilən şəxs cəza təyin edərkən müstəsna hal olaraq nəzərə alınmalıdır. İş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxsa təyin ediləcək cəzanın növü və həddini müzakirə edərək, cəzanı yüngülləşdirən halların məcmusunu, əməlində ağırlaşdıran halın olmamasını, eləcə də zərər çəkmiş şəxsin qeyd olunan hüquqzidd hərəkətlərinin cinayətin törədilməsinə əhəmiyyətli təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət ona cəza təyin edərkən nəzərə alınmalı, həmin müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, Zərərçəkmiş şəxs məxsus polis geyim forması, yəni 01 ədəd gödəkçə və 01 ədəd şalvar , eləcə də Gədəbəy rayon Polis şöbəsinə məxsus 01 ədəd xüsusi vasitə-qandal hökm qanuni qüvvəsinə mindikdən sonra sahiblərinə qaytarılmalı, üzərində qanabəzər ləkə olan 11 ədəd daş parçası məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 177 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 04 il 1 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, Zərərçəkmiş şəxs məxsus polis geyim forması, yəni 01 ədəd gödəkçə və 01 ədəd şalvar, eləcə də Gədəbəy rayon Polis şöbəsinə məxsus 01 ədəd xüsusi vasitə - qandal hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. Üzərində qanabənzər ləkə olan 11 ədəd daş parçası məhv edilsin. İş üzrə ekspertiza xərci olan 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-33/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-33/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver