Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-33/2023 13.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu Arıqdam kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Gədəbəy rayonu Arıxdam kəndində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs şüşə stəkanla vurub ona sağ bazunun geniş ölçülü qançırı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Gədəbəy rayon Arıqdam kəndində atası X6, anası X1 və bacısı Şahid5 ilə birlikdə yaşayır. Sürücü işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə evlidir. 22 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Sevincin qardaşı Sənan və tanımadığı qohumu evinə qonaq gəlmiş, həmin şəxsləri qonaq kimi qarşılamış, arvadı Sevinc isə qonaqlara çay süfrəsi hazırlamışdır. Söhbət zamanı Sənan Sevincə telefon istifadə etməsinə icazə verməsini tələb etmiş, lakin buna icazə verməyəcəyini söyləmişdir. Bu səbəbdən Sənanla aralarında mübahisə yaranmış, bir qədər söhbətdən sonra Sənan və digərləri sağollaşıb getmişlər. Həmin gün qohumu Ramin və arvadı İlhamə evinə qonaq gəlmişdir. Qonaqlar və ailə üzvləri ilə birgə masa arxasında əyləşib yemək yeyərkən saat 17 radələrində arvadı Sevincə qardaşının aralarında olan məsələyə müdaxilə etməsinə görə irad bildirmiş, Sevinc isə qardaşının yaxşı etdiyini bildirməklə ona kobud cavab qaytarmışdır. Aralarında mübahisə yaranmış, əsəbləşib yerindən qalxaraq Sevincin üzərinə yerimişdir. Sevinc sillə ilə onun qolundan vurmuş, o isə sillə ilə Sevincin sifətindən vurmuşdur. Anası Nüşabə onları aralamış, Sevinc onu aralamaq istəyən anası Nüşabəni yumruqla gözündən vurmuşdur. Sevincin anasını vurmasından hiddətlənib masanın üzərindəki stəkanı Sevincə tərəf atmış, stəkan Sevincin sağ qoluna dəymiş, sonra isə qapıya qırpılaraq yerə düşüb sınmışdır. Hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. O,həmçinin bildirdi ki, əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hazırda ünvan 2 ünvanında anası Şahid3 və qardaşı X3 ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs keçmiş əridir. 22 yanvar 2023-cü il tarixdə saat 14 radələrində qardaşı Sənan, əmisi Rəsul və əmisi arvadı Mənzər onunla maraqlanmaq məqsədilə Gədəbəy rayonu Arıqdam kəndində yerləşən yaşadığı evə gəlmişlər. Qayınanası Nüşabə, əri Taleh qardaşı və qohumlarının gəlişinin səbəbini biləndən sonra mübahisə yaratmışlar. Bir qədər söhbət etdikdən sonra qardaşı Sənan və qohumları Gəncə şəhərinə qayıtmışlar. Həmin gün saat 17 radələrində yaşadıqları evdə olduğu zaman əri Taleh qardaşı Sənanın evinə gəlməsinə görə onunla mübahisə etmiş, sonra Talehin bacısı Zərinə və anası Nüşabə də mübahisəyə qarışmışlar. Mübahisə zamanı Taleh evin qonaq otağında stolun üzərində olan padnosla başına vurmuş, sonra isə masanın üzərində olan şüşə stəkanı başına doğru istiqamətləndirib atmış, ancaq başını qorumaq üçün qolunu irəli aparmış, nəticədə stəkan zərbə ilə qoluna dəyərək xəsarət yetirmişdir. O, Gədəbəy rayonu nə də polis şöbəsini tanımadığı, həmçinin mobil telefonu olmadığı üçün polisə müraciət edə bilməmişdir. 31 yanvar 2023-cü il tarixdə anası Ərkinaz onu ziyarət etmək üçün gələrkən baş verənləri ona danışmış, anası Ərkinaz isə onu oradan çıxarıb Gədəbəy rayon Polis şöbəsinə aparmış, o isə polis şöbəsində Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Talehin onu döyməsini anası Nüşabə, bacısı Zərinə, Nüşabənin dayısı oğlu Ramin və Raminin arvadı İlhamə görmüşlər. Hadisə Gədəbəy rayonu Arıqdam kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında baş vermiş, təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Şahid3 məhkəəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Şahid X1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Arıqdam kəndində ailə üzvləri yəni, əri X6, oğlu Təqsirləndirilən şəxs və qızı X2 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs gəlinidir. 2022-ci ilin iyul ayında oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə rəsmi nikah olmadan evlənmişdir. 22 yanvar 2023-cü il tarixdə Sevincin qardaşı Sənan digər tanımadığı qohumu ilə birgə evinə qonaq gəlmiş, o, qonaqları evinə dəvət edib, çay süfrəsi hazırlamışdır. Sənanla söhbət əsnasında Sevincin mobil telefon istifadə etməsinə Talehin icazə verməməsi barədə söhbət etmək üçün gəldikləri məlum olmuşdur. Taleh Sevincin ailədə olan söz söhbəti anasına danışdığına görə telefonunu əlindən almışdır. Sevincin qardaşı Sənan Sevincin mobil telefon istifadə etməsinə icazə verilməsini tələb etmiş, Taleh isə onunla razılaşmamışdır. Sonra evdən çıxıb getmişlər. Əri Şöhrətin dayısı oğlu Ramin və onun arvadı İlhamə evinə qonaq gəlmiş, həmin gün saat 17 radələrində Ramin və İlhaməyə yemək süfrəsi hazırlamış, qonaqlar və ailə üzvləri ilə birgə masa arxasında yemək yemişlər. Söhbət zamanı Taleh Sevincdən qardaşının hansı səbəbə gəldiyini, onunla nə cür narazılığı olduğunu soruşmuş, Sevinc isə bundan əsəbləşib, Talehlə mübahisə etmişdir. Sevinc sillə ilə Talehin sifətindən vurmuş, Taleh də sillə ilə iki dəfə Sevincin sifətindən vurmuşdur. O, Taleh və Sevinci aralamaq üçün Sevincin qarşısına keçmiş, lakin bu dəfə Sevinc yumruqla onun gözündən vurmuşdur. Taleh Sevincin onu vurmasından əsəbləşib, masanın üzərində olan stəkanı Sevincə tərəf atmış, lakin stəkan qapıya çırpılaraq yerə düşüb sınmışdır. O, Sevinci qucaqlayıb, öz otağına aparmış, bununla da mübahisə başa çatmışdır. 31 yanvar 2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman əri Şöhrət ona zəng edərək Sevinci anası Ərkinazın apardığını bildirmişdir. Sevinc evdə tək olduğu vaxtı anası Ərkinaz gəlmiş, Sevinc anasına Talehin onu döydüyünü bildirmiş, anası isə Sevinci aparmışdır. Hadisə zamanı Taleh Sevincə stəkan amış, lakin həmin stəkan Sevincə toxunmamışdır. O, bunu görməmişdir. Ola bilər stəkan Sevincin qoluna dəydikdən sonra qapıya dəymişdir. Şahid4 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Arıqdam kəndində ailə üzvləri ilə birgə yaşayır. Taleh onun əri Raminin bibisi nəvəsidir. Tez-tez Talehgilə qonaq gəlirlər. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs arvadıdır. 22 yanvar 2023-cü il tarixdə o, əri Ramin və az yaşlı uşaqları Talehgilə qonaq gəlmişlər. Həmin vaxt Sevincin qardaşı Sənan və digər qohumları da Talehgildə olmuşlar. Sonra Sənangil getmişlər. Saat 16-17 radələrində Talehgil və onlar yemək yeyərkən Talehlə Sevinc arasında mübahisə düşmüş, Taleh Sevincə stəkan atmış, o uşaqları götürüb həyətə çıxmışdır. O, Talehin Sevinci döyməsinin şahidi olmamış, onların yalnızca mübahisə etdiyini görmüşdür. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Arıqdam kəndində ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq Gədəbəy rayon Arıqdam kəndində yerləşən Qızıl mədənində fəhlə işləyir. Təqsirləndirilən şəxs atası Şöhrət Qurbanov onun bibisi oğludur. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs arvadıdır. 22 yanvar 2023-cü il tarixdə Sənanla görüşmək üçün Şöhrətin evinə getmişdir. Evin həyətində olduğu zaman içəridə səs küy eşitmiş, səs küyü eşitdikdən sonra evə daxil olduqda Talehlə Sevincin mübahisə etməsini Nüşabənin isə onları sakitləşdirdiyini görmüşdür. O, Talehin Sevinci döyməsinin şahidi olmamış, onların yalnızca mübahisə etdiyini görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -məhkəmə tibbi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bazunun geniş ölçülü qançırı kimi xəsarət aşkar olunmuşdur, həmin xəsarət küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 22 yanvar 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, onun həmin xəsarəti onun öz-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. -İş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Arıqdam kəndində yerləşən Nüşabə Qurbanova və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evidir. Zərərçəkmiş şəxs İlə Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə həmin evin qonaq otağında baş vermişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində tərtib olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. - “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X10 alınmış 28 mart 2023-cü il tarixli, PHŞ-6-38/2-268/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında durmur. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 84 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayır. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, həmçinin şahidlər Şahid4, Şahid2nın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stakanla vurmasını görməməsi barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, bu ifadələri ilə onlar qohumluq münasibətində olduqları Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən qurtarmaq niyyəti güdürlər. Onların bu ifadələri təqsirləndirilən şəxsin öz ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi ilə, eləcə də bu ifadələrə uyğun gəlib onları tamamlayan ekspert rəyi ilə təkzib olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Arıqdam kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetir. Odur ki, məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə tövsif edilməsi ilə razılaşır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cazasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərək, belə hesab edir ki, təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, cinayət hadisəsinin törədilməsinə zərər çəkmiş şəxsin davranışlarının təsirini, eləcə də təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin ediməsi ədalətlidir, cəzanın məqsədlərinə, təqsirkarın şəxsiyyətinə, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Bu cəza təqsirləndirilən şəxsin islah olunması üçün yetərlidir. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 manat məbləğdə cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-33/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-33/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver