Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-34/2020 09.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Gədəbəy rayonu, Alnabat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, “Odlar yurdu” kollecinin 1-ci kurs tələbəsi, subay, məhkum olmayan, Gədəbəy rayonu, Alnabat kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Alnabat kəndində yerləşən “Çökək” adlanan ərazidə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla sonuncunu sol göz altı və çənə nahiyələrinə vuraraq ona sol göz altının dəri altı hematoması və qançırı, alt çənənin sol yarısının şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Alnabat kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. xx xxxx 2020-ci il tarixdə günorta kəndin mərkəzində olarkən Miryusifin telefonla “Gədəbəyliləri söymə yanımda adamlar var, sonra danışarıq” dediyini eşitmiş, lakin buna fikir verməmişdir. Həmin gün saat 18 radələrində həmkəndliləri Şahid1 və Nicat Nağıyevlə birlikdə yaşadığı kənddə yerləşən “çökək” adlanan yerə tonqal qalamaq üçün gedərkən Miryusiflə yenidən qarşılaşmış, günorta telefonla danışdığı söz yadına düşmüş və Miryusifin çiyninə əlini qoyaraq “sən özündə Gədəbəylisən, nəyə görə belə danışırsan?” demişdir. Bu vaxt Miryusif onu vurmaq istəmiş və onun ünvanına nalayiq sözlər işlətmişdir. Aralarında davadalaş düşmüş və əlbəyaxa olmuşlar. Yumruqla Miryusifin sifət nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Miryusifin ayağı sürüşmüş və yerə yıxılmışdır. Elsevər və Eltac onları ayırmışlar. Sonra o, Miryusifdən üzr istəmişdir. Miryusiflə Eltac mağazaya getmişlər. O, Arzu adlı dostuna zəng vurmuşdur ki, onu Miryusiflə gəlib barışdırsın. Arzu Miryusifin qonşusu olduğuna görə belə qərara gəlmişdir. Arzu gəlmiş və mağazadan qayıtdıqdan sonra Miryusiflə yenidən onların söhbətləri olmuş, Miryusifdən olanlarla əlaqədar yenidən üzr istəmişdir. Hadisənin səhəri Miryusifin babası Ələsgər və nənəsi Gülşən onun evinin həyətinə gəlib nəvəsini döydüyünü deyib narazılıq etmişlər. O, həmçinin bildirdi ki, əməlindən səmimi peşmandır. Miryusiflə barışmışdır. Ona görə də cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Abdulla Şaiq küçəsində yaşayır. Babası Şahid5 Gədəbəy rayonu Alnabat kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə bayramla əlaqədar olaraq babası Ələsgərin evinə qonaq gəlmişdir. Alnabat kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasiəbəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə Şahid2 ilə birlikdə Alnabat kəndində yerləşən mağazaya nənəsi Gülşəndən icazə alaraq getmişdir. Bu vaxt kəndin “çökək” adlanan yerində Təqsirləndirilən şəxs, Şahid4 və Şahid1lə qarşılaşmışdır. Onlarla salamlaşıb gedərkən Təqsirləndirilən şəxs onu arxadan itələmişdir. O, geri çönüb Qəşəmə “oğraş” məni niyə itələyirsən dedikdə Eltac onun qolundan tutub çəkmişdir. Bu vaxt Təqsirləndirilən şəxs onu çağırmış, arxaya döndükdə onun sol göz nahiyyəsindən hoppanıb yumruqla vurmuşdur. Sonra ayağına badalaq vurub yerə yıxmış və onun sol göz nahiyyəsinə 6-7 yumruq zərbəsi endirmişdir. Həmin yumruq zərbələrindən yalnız biri onun çənə nahiyyəsinə dəymişdir. Həmin vaxt Nicat və Eltac onları aralamışlar. Qəşəm onu döydükdən sonra qaçıb getmiş, o isə Eltacla birlikdə mağazaya getmişdir. Mağazadan qayıdarkən Arzu, Elsevər, Nicat və Qəşəm ona yaxınlaşıb üzr istəmişlər və olan hadisə barədə evdə deməməsini xahiş etmişlər. O, evdə nənəsi Gülşənə yıxıldığını desə də, babasına hadisəni danışmışdır. Babası DİN-nin 102 xidmətinə zəng etmiş və olan hadisə barədə məlumat vermişdir. O, həmçinin bildirdi ki, o, Qəşəmlə barışmışdır. Ona xəsarətlə bağlı dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Bu barədə rəsmi ərizə təqdim etmişdir. Şahid4 məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Gədəbəy rayonu, Alnabat kəndində yaşayır. Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir. xx xxxx 2020-ci il tarixdə oxuduğu universitetdə dərs olmadığı üçün yaşadığı Gədəbəy rayonu, Alnabat kəndinə gəlmişdir. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir və həm də sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxslə arasında dostluq münasibəti vardır. Zərərçəkmiş şəxs əvvəllər tanımamıdır. xx xxxx 2020-ci ildə o, Elsevər və Qəşəm yaşadığı kənddə yerləşən “çökək” adlanan əraziyə tonqal qalamaq üçün getmişlər. O, Qəşəm və Elsevərdən 5-10 metr qabaqda getmişdir. Miryusif və Eltacla qarşılaşmışdır. Onlar salam verib keçmişlər. O, qabaqda getdiyi vaxt səs eşitmiş və geriyə dönəndə Miryusiflə Qəşəmin dalaşdığını, Elsevərin isə onları ayırmaq istədiyini görmüşdür. O, geriyə qayıdıb Qəşəmlə Miryusifi sakitləşdirib barışdırmışdır. Hadisə zamanı Qəşəmin Miryusifi vurduğunu görməmişdir. Hadisə zamanı müdaxilə etməmiş, hadisəni kənardan müşahidə etmişdir. Miryusifi orada axan çay tərəfə aparıb ona su vermiş və üst başını təmizləyib Eltacla yola salmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmətibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş bədən xəsarətləri sol göz altının dəri altı hematoması və qançırı, alt çənənin sol yarısının şişkinliyi Küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol göz altının dəri altı hematoması və qançırı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa sağlamlığa yüngül zərərvurmaya aidirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özüözünə yetirə bilməsi mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Alnabat kəndində çökək adlanan yerdir. Çökəkdən nazik su axarı keçir. Yaxınlıqda yaşayış evləri yerləşmir. Hadisə yeri qonşuların görüb eşidə biləcəyi məsafədən kənardadır. Baxış zamanı sübut əhəmiyyətli hər hansı bir əşya götürülməmişdir. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə vuraraq sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdıgını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdilər. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 -ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-34/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-34/2020
09.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver