Məhkəmə qərarları › İş №1(042)-34/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-34/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-34/2021 15.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Məmmədhəsənov Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Gədəbəy rayonu Maarif kəndində Məmmədhəsənov Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs Məmmədhəsənovun sağ göz nahiyyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona sağ göz ətrafı yumşaq toxumaların hematoması və qançırı ilə müşaiyət olunan ağlı qişanın massiv qansızması, sağ yanağın dəri altı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. Məmmədhəsənov Zərərçəkmiş şəxs tanıyır. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Gədəbəy rayonu Daşbulaq kəndində yaşayır. Onu dayısının dostu olaraq tanımış, sonra fəhlə kimi birlikdə işləmişlər. xx xxxxxx 2021-ci il tarixdə saat 16:30-da yaşadığı Maarif kəndində Rafiq adlı həmkəndlisinin mağazasının qarşısında Zərərçəkmiş şəxs görmüşdür. Həmişə olduğu kimi zarafatlaşmışlar. Zərərçəkmiş şəxs sərxoş olduğuna görə ona qarşı söyüşlər etmiş, aralarında mübahisə olmuşdur. O, Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Sonra ondan uzaqlaşmışdır. Xalası oğlu Şahid4 avtomobilinə minib yaşadığı evə getmişdir. O, həmçinin bildirdi ki, ibtidai istintaq zamanı qeyri səmimi ifadə vermiş, özünü təqsirli bilməmişdir. Əsl həqiqət isə məhkəmə iclasında qeyd etdiyi kimidir. O, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs söyüşündən əsəbləşərək belə hərəkət etmişdir. Hazırda Zərərçəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxs Məmmədhəsənov Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu Daşbulaq kəndində yaşayır. Maarif kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla düşmənçiliyi, ədavəti yoxdur və olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu Slavyanka kəndindən ət alaraq yaşadığı evə gedən zaman yolda Maarif kəndi ərazisində Allahşükür kimi tanıdığı Təqsirləndirilən şəxsla rastlaşmış, sonuncu onunla yersiz zarafatlar etməyə başlamışdır. Həmin vaxt spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuşdur. Aralarında mübahisə başlamış və Şükür onun sifətindən yumruqla vurmuşdur. Yumruq onun göz nahiyəsindən tutmuş və yerə yıxılmışdır. Sonra Şükür getmiş, o da hadisə yerindən evinə deyil, Gədəbəy rayon Polis şöbəsinə getmişdir. Hazırda onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Məmmədhəsənov Zərərçəkmiş şəxs da tanıyır. O, qonşu Daşbulaq kəndində yaşayır. Zərərçəkmiş şəxs Məmmədhəsənov spirtli içki aludəçisidir. Əvvəllər Şükürlə Zərərçəkmiş şəxs Məmmədhəsənov arasında söz-söhbət, münaqişə baş verməmişdir. xx xxxxxx 2021ci il tarixdə saat 16 radələrində Maarif kəndində yerləşən pay torpaq sahəsindən çıxıb oğlu Şükranın maşınına minmək üçün həmkəndlisi Məhərrəmin kafesinə tərəf gedən zaman yolda Zərərçəkmiş şəxs Məmmədhəsənovla rastlaşmışdır. Yolboyu sərxoş halda nalayiq söyüşlər söyə-söyə gedən Zərərçəkmiş şəxs Məmmədhəsənovun danışığından onun Təqsirləndirilən şəxs söydüyünü başa düşmüş, ona görə də Zərərçəkmiş şəxs yanında gedən Daşbulaq kəndindən olan Ramin adlı şəxsə Zərərçəkmiş şəxs evlərinə aparmasını xahiş etmişdir. Daha sonra Məhərrəmin kafesinin yanında bacısı oğlu Təqsirləndirilən şəxsla rastlaşmış və nə baş verdiyini soruşmuşdur. Şükür isə cavabında Zərərçəkmiş şəxs Məmmədhəsənovla yersiz zarafat üstündə mübahisə etdiklərini bildirmişdir. O, Şükürün Zərərçəkmiş şəxs Məmmədhəsənovu döydüyünü görməmişdir Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Anasının xalası oğludur. Məmmədhəsənov Zərərçəkmiş şəxs da tanıyır. O, qonşu Daşbulaq kənd sakinidir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu Maarif kəndində yerləşən əkin sahəsindən həmkəndlisi Şahid3 və qohumu Şahid2 ilə işləyib evinə qayıdarkən Rafiqin mağazasının qarşısında bir neçə nəfərin toplaşdığını, həmin yerə yaxınlaşarkən Təqsirləndirilən şəxs ilə Məmmədhəsənov Zərərçəkmiş şəxs sözlə mübahisə edərək səs küy saldıqlarını, bir-biri ilə çəkişdiklərini və bir-birinə əl-qol atmaq istədiklərini görmüşdür. Orada olan Şahid2 və onun oğlu Şahid4 onları aralayıb Şükürü Şükranın maşınına oturtmuş, orada olan adını bilmədiyi iki nəfər isə Zərərçəkmiş şəxs Məmmədhəsənovu yaşadığı Daşbulaq kəndinə tərəf aparmışdır. O, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə Şükranın maşını ilə oradan uzaqlaşmış, maşında Təqsirləndirilən şəxsla etdiyi söhbətdən bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Məmmədhəsənovun yersiz zarafatlarını qəbul etmədiyi üçün aralarında mübahisə baş vermişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Maarif kəndində yaşayır. Təqsirləndirilən şəxs və Məmmədhəsənov Zərərçəkmiş şəxs hər ikisini tanıyır və hər ikisi ilə münasibəti normaldır. Onun Gədəbəy rayonu Maarif kəndindən Daşbulaq kəndinə gedən yolun üstündə yerləşən mağazası xx xxxxxx 2021-ci il tarixdə saat 17:00-dək bağlı olmuşdur. Qeyd olunan tarixdə saat 17:00-da mağazasını gəlib açmaq istəyən zaman Məhərrəmin kafesinin qarşısında toplaşmış və çöldən qayıdan heyvanlarını gözləyən insanların danışığından bir qədər əvvəl həmin yerdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Məmmədhəsənov arasında mübahisə baş verdiyini eşitmişdir. Həmin şəxslərin heç birini orada görməmişdir. O, sabahı günü yəni xx xxxxxx 2021-ci il tarixdə səhər işlətdiyi mağazanın qarşısında Zərərçəkmiş şəxs Məmmədhəsənovu görmüş, sonuncu Şükürün onu xx xxxxxx 2021-ci il tarixdə vurduğunu bildirib sağ gözünün altını göstərmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs sağ gözünün altının bir qədər şişkin olduğunu görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Daşbulaq kəndində gedən avtomobil yolunun kənarıdır. Həmin yol torpaq yoldur, yolun digər tərəfində ərzaq dükanı vardır. Yolun sağ və sol tərəfində əkin torpaq sahələri yerləşir. Hadisə yerinə yaxın bir otaqlı yaşayış olmayan tikili vardır. Hadisə yerindən 100 metr aralıda yaşayış evləri vardır. Hadisə yerindən 150 metr aralıda asfalt avtomobil yolu - Şəmkir Gədəbəy yolu yerləşir. Hadisə yerinə yaxın tikililərdə müşahidə kamerası aşkar olunmamışdır. Zərərçəkmiş şəxs Məmmədhəsənov torpaq yolun kənarını göstərib hadisənin orada baş verdiyini bildirmişdir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 06 nömrəli ekspert rəyindən görünür ki, Məmmədhəsənov Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ göz ətrafı yumşaq toxumaların hematoması və qançırı ilə müşayiət olunan ağlı qişanın massiv qansızması, sağ yanağın dəri altı hematoması küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2021-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Məmmədhəsənov Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi mümkün deyildir, göstərdiyi şəraitdə ala bilməsi inkar olunmur. Məmmədhəsənov Zərərçəkmiş şəxs bədən səthində yıxılma nəticəsində yaranmağa xarakterik xəsarət aşkar edilməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi halhazırda icraatdadır. - Gədəbəy rayon Məhkəməsindən alınmış xx.xx.2021-ci il tarixli 198/2021 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi hal-hazırda həmin məhkəmənin icraatındadır. - Gədəbəy rayon Məhkəməsinin 1(042)9/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmış, onun əməli CM-nin 127.1-ci maddəsinə tövsif edilməklə zərər çəkmiş şəxslə barışdığına, dəymiş ziyanı aradan qaldırdığına görə barəsində olan 20049615 saylı (ibtidai istintaq nömrəli) cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Məmmədhəsənovu yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərər vurması öz etrafedici ifadəsi, onu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də bu ifadələrlə üst-üstə düşən ekspert rəyi ilə tam sübuta yetir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Zərər çəkmiş şəxs ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 1(042)9/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, zərər çəkmiş şəxslə barışdığına, dəymiş ziyanı aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırkı əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməli, cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 03 ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar