Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-34/2022 23.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Ərtəpə kəndində qeydiyyatda olmaqla, Gədəbəy rayonu Söyüdlü kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs, 16 fevral 2022-ci il tarixdə təxminən saat 20 radələrində Gədəbəy rayonu Söyüdlü kəndinin mərkəzindən yaşadığı ünvana gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda ondan siqaret istəmiş, sonuncu ona siqaret vermədikdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına sağ əlin şişkinliyi, qançırı və 5-ci barmağın sınığı qismində Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayon Söyüdlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. 16 fevral 2022-ci il tarixdə saat 21 radələrındə işdən çıxıb yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndinə getmiş, kəndin mərkəzində Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs siqaret istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona nalayiq formada cavab vermiş, ağır söyüşlər etmişdir. Bundan əsəbləşib yumruqla onun sifət nahiyyəsinə vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yıxıldıqdan sonra o, yaşadığı evə getmişdir. Aralarında olan dava-dalaş 5 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda heç kim olmamış, mübahisə etdikləri yerə kənar şəxslər toplaşmamışdır. Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla vuraraq xəsarət yetirmiş, onun əlinə vurmamış və yerdə olan zaman onu təpikləməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Söyüdlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. 16 fevral 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Söyüdlü kəndinin mərkəzində yerləşən Nuru adlı şəxsin mağazasından çörək alaraq yaşadığı evə getmək istəmişdir. Mağazadan 10 metr kənarlaşdıqda Təqsirləndirilən şəxs ona yaxınlaşaraq çəkmək üçün siqaret istəmişdir. Arzuya cavabında “yoxumdu vermirəm” demişdir. Siqaret verməkdən imtina etdiyi üçün Təqsirləndirilən şəxs baş nahiyyəsi ilə onun sifətinə zərbə endirmişdir. Həmin zərbənin təsirindən arxa-arxaya getmişdir. Arzu yenidən onu sifət nahiyyəsinə zərbələr endirmişdir. Həmin zərbələrin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Təqsirləndirilən şəxs ona zərbələr endirdikdən sonra çıxıb getmişdir. Zərər çəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 Gədəbəy rayon Şöbəsi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli 114 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ və sol qaşın əzilmiş yaraları, burunun şişkinliyi, qançırı və sıyrığı, üst dodağın şişkinliyi, selikli qişasının əzilmiş yarası, sağ əlin şişkinliyi, qançırı və 5-ci barmağın sınığı - küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 16 fevral 2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ əlin şişkinliyi, qançırı və 5-ci barmağın sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqında 28 fevral 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən kəndin mərkəzi adlanan hissəsidir. Hadisə baş verən ərazi asfalt örtüklüdür, hadisə yerinin ətrafında bir neçə iaşə obyekti vardır. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu həmin yerdə vuraraq xəsarət yetirməsini bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. - Gədəbəy RİH Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfinən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə müsbət xarakterizə olunur. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır və bununla əlaqədar aşağıdakıların aydınlaşdırılmasını zəruri sayır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə görə, zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyəti müəyyən edir. Qeyd olunan cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi ağırlaşdırıcı tövsifedici əlamətlərdən birini əhatə edərək CM-nin 127.2.3-ci maddəsində nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən həmin maddə ilə ittiham verilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurma ictimai təhlükəli əməlini xuliqanlıq niyyəti ilə törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqini tapmır. Belə ki, cinayət hüquqi mənada xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai maraqları və əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında əvvəllər hər hansı ədavət olmamış, bir həmkəndli kimi bir-birlərini tanımış, sonuncuya qarşı Gədəbəy rayonu Söyüdlü kəndində yolda rastlaşarkən hər hansı qeyrietik davranış nümayiş etdirməmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə o, zərər çəkmiş şəxsdən siqaret istəmiş, zərər çəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, onun bu işlətdiyi ifadələr və sözlər təqsirləndirilən şəxsdə cinayət törətmək hissləri formalaşdırmış, işlədilən ifadə və sözlərə görə qisas almaq niyyəti təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin törədilməsinə səbəb olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən siqaret istəməsini əsaslı səbəb saymaması, eləcə də zərər çəkmiş şəxsin başqa sübutlarla təsdiq olunmayan təqsirləndirilən şəxsi söyməməsi barədə ifadəsinə üstünlük verməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumsiyasına uyğun deyildir və ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə iclasında təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən siqaret istəməsi və zərər çəkmiş şəxsin ona qarşı nalayiq ifadələr işlətməsi və bu səbəbdən onu vurması barədə ifadəsini təkzib edən zərər çəkmiş şəxsin ifadəsindən başqa heç bir sübut məhkəməyə təqdim edə bilmədi. Heç bir sübutun üstün hüquqi qüvvəyə malik olmaması və təqsirsizlik prezumpsiyası baxımından qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi onun nalayiq ifadələri əsasında deyil, sadəcə əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə vurub sağlamlığına az ağır zərər yetirməsi qənaətinə gəlinməsində əsaslı şübhələr vardır ki, bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurma ictimai təhlükəli əməlini xuliqanlıq niyyəti ilə deyil, qisas almaqla əhatə olunan şəxsi münasibətlər motivi ilə törətmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin, yəni CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzindən yaşadığı ünvana gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda ondan siqaret istəmiş, sonuncu ona siqaret verməyərək qeyri-əxlaqi və kobud sözlər işlətməsi səbəbindən əsəbləşərək işlətdiyi sözlərə görə qisas almaq niyyəti ilə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına sağ əlin şişkinliyi, qançırı və 5-ci barmağın sınığı qismində Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə əlaqədar aşagıdakıların qeyd edilməsini zəruri sayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 -ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-34/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-34/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver