Məhkəmə qərarları › İş №1(042)-34/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-34/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-34/2025 18.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, bаrəsində bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, 18 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs onun barəsində əsası olmayan söhbətlər deməsindən hiddətlənib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai qaydanı, ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq silah qismində istifadə etdiyi əlində olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs vuraraq, ona başın, sol saidin, sol əlin birinci barmağının deşilmiş-kəsilmiş səthi yaraları qismində sağlamlığa zərər vurmayan xəsarətlər qrupun aid olmadıqları üçün dərəcsi təyin edilməyən və sol bazunun, sağ əlin ikinci barmağının deşilmiş-kəsilmiş yaraları kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, anası X1 ilə birlikdə Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev-27 də yaşayır. Gədəbəy şəhər sakini Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Əvvəllər normal münasibətləri olmuş, aralarında heç bir ədavət, düşmənçilikləri olmamışdır. Son zamanlar Zərərçəkmiş şəxs barəsində yalan şayiələr danışmasını eşitmişdir. Həmçinin Günay onunla görüşərkən, guya,onun Rauf adlı şəxslə aralarında sevgi münasibətləri olmasını demişdir. O, dəfələrlə Günaya heç kimlə hər hansı sevgi münasibətləri olmadığını desə də Günay onun haqqında yalan sözlər danışmağa davam etmişdir. O, hadisədən əvvəl “Oba” marketin Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən filalında satıcı kassir işləmiş, orada Günayın bacısı Ayşən də onunla birlikdə satıcı kassir işləmişdir. 18 oktyabr 2024-cü il tarixdə gündüz vaxtı Oba marketdə işdə olarkən Ayşən ona yaxınlaşmış, bacısı Günayın onunla mobil telefonla danışmaq istəməsini demişdir. O, Günaya öz nömrəsi ilə zəng edib, onunla nə haqqında söhbət etmək istədiyini soruşduqda, Günay ona əxlaqsız olduğunu dediyi üçün telefonda aralarında mübahisə yaranmış,Günay işlədiyi marketə onunla görüşüb-söhbət etmək üçün gələcəyini demişdir. Həmin gün saat 17 radələrində Günay onun işlədiyi “Oba” marketin qarşısına gəlib, çöldə dayanaraq ünvanına ucadan nalayiq ifadələr işlətmiş, onun əxlaqsız olduğunu demişdir. O, Günayın onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşərək, marketdə piştaxtanın üzərində olan bıçağı götürüb, mağazadan çölə çıxmaq istəmişdir. Bu zaman marketdə olan adlarını bilmədiyi iki nəfər oğlanlar onun əsəbi olduğunu görmüşlər və qarşısında duraraq marketdən çölə çıxmasının qarşısını almaq istəmişlər. O, həmin şəxslərə kənara çəkilmələrini bildirsə də onlar marketin giriş qapısının qarşısını kəsərək 2 dəqiqə ərzində çölə çıxmasına imkan verməmişlər və sözlə onu sakitləşdirməyə çalışmışlar. Bu zaman Günayın marketin çöl tərəfində giriş qapısının qabağında dayanaraq “çıx çölə əxlaqsız” və bunu kimi digər təhqiramiz sözlər deyərək, onu səsləməsini görmüş, qapını açaraq çölə çıxmışdır. O, çölə çıxan kimi Günay ona hücum etmiş, saçından tutmuşdur. Günay onu döymək istədiyi üçün o, bıçağı əvvəlcə ona göstərib, qorxub geri çəkiləcəyini düşünmüşdür. Lakin, Günay ona hücum etmiş, saçından tutaraq onu döymək istədiyi üçün o, Günayın saçından tutmuş, qarşılıqlı mübahisə edib, dalaşmışdır. Dava zamanı o, bıçaqla əvvəlcə Günayın qoluna vurmağa cəhd etsə də Günay onu dartışdırıb, saçından yolduğuna görə bıçağı ona vura bilməmişdir. O, Günayla dartışan zaman o, əvvəlcə əlində olan bıçaqla Günayın sol qoluna bir dəfə vurmuşdur. Günay bıçağın tiyəsindən tutub, dartışan zaman o, bıçağı Günayın əlindən çəkmişdir. Həmin vaxt orada olan Orxan və tanımadığı bir oğlan onları sakitləşdirib, aralaşdırmışlar. Daha sonra Ayşən, sayım qrupunda gəlmiş, hazırda adlarını xatırlamadığı 2-3 nəfər oğlanlar və digər tanımadığı şəxslər oraya toplaşmışlar. Bundan sonra marketdə olan Günayın bacısı Ayşən birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş 10-15 dəqiqə davam etmiş, həmin vaxt orada Orxan, Ayşən, “Oba” marketin sayım qrupunda gəlmiş adlarını bilmədiyi 2-3 nəfər oğlanlar olmuşdur. Səs-küyə ətrafdan oraya bir neçə nəfər şəxslər toplaşmış, lakin həmin şəxsləri hazırda xatırlamır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmaq üçün ona müalicəsi ilə əlaqədar müyyən miqdarda pul təklif etmiş, lakin zərərçəkmiş ondan böyük miqdarda pul tələb etmiş, həmin məbləği verə bilmədiyi üçün zərərçəkmiş onunla barışıqdan imtina etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, azyaşlı qızı və digər ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, ev-24 də yaşayır. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. Son zamanlar Əfsanənin onun haqqında tanışlarına onu aşağılayan məlumatlar verdiyini eşitmişdir. 18 oktyabr 2024-cü il tarixdə istifadəsində olan nömrə ilə Əfsanəyə zəng edərək onun haqqında yalan şaiyələr danışmamasını tapşırmaq istəmişdir. Lakin Əfsanə zənglərini açmadığı üçün danışa bilməmişdir. Həmin gün Əfsanə özü ona zəng etmiş, söhbət zamanı o, Əfsanəyə onun haqqında şaiyələr yaymasının səbəbini soruşmuş. sonuncu “danışmışam yaxşı eləmişəm” demişdir. O, Əfsanədən harada olmasını soruşmuş və görüşüb bu barədə söhbət etməli olduqlarını demişdir. Əfsanə hazırda “Oba” marketdə olduğunu demiş və oraya gəlməsini istəmiş və onu bıçaqla vuracağını bildirmişdir. 18 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində o, Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Oba” marketə getmiş, qapıların bağlı olduğunu hazırda marketdə malların təhvil-təslim olunması səbəbilə satışın olmadığını öyrənmişdir. Orada işləyən Orxan adlı şəxsdən Əfsanənin marketdə olubolmadığını soruşmuş, Orxan isə hazırda marketdə təzə gəlmiş malları vitrinlərə yığmaları səbəbilə mağazanın bağlı olmasını, Əfsanənin də digər işçilər kimi gələn malları vitrinlərə yığmaqda kömək etdiyini demişdir. O, içəri girib, Əfsanə ilə yalnız söhbət edib, gedəcəyini demiş, Orxan isə ondan çıxıb getməsini xahiş etmişdir. O, mağazanın giriş qapısının qarşısına getmiş, orada Əfsanəni səsləyib, çölə çıxmasını istəmişdir. Əfsanə içəridən ünvanına təhqiredici sözlər desə də çölə çıxmadığına görə o, qapıdan ona səslənib, çölə çıxmasını tələb etmişdir. Bu zaman Əfsanə marketin giriş qapısından əlində bıçaq, çölə çıxıb üstünə gələrək, ucadan nalayiq söyüşlərlə onu söydüyünə görə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, bir əli ilə Əfsanənin saçından, digər əli ilə Əfsanənin əlindəki bıçağın tiyəsindən tutmuş, onlar dartışa-dartışa marketin girişində olan pilləkanlardan enib, marketin həyətinə düşmüşlər. Həyətdə olarkən Əfsanə onun əxlaqsızlıq elədiyini, fahişəliklə məşğul olduğunu və bunu kimi digər nalayiq söyüşlərlə onu təhqir edərək dalaşmağa davam etmişdir. Əfsanə onun saçından tutub sürükləyərək əlindəki bıçaqla ona xəsarət yetirməyə cəhd etsə də o, bıçağın tiyəsini buraxmadığına görə onu vura bilməmişdir. Bıçağın tiyəsi əlini kəsdiyinə görə o, bıçağı buraxıb, dartınaraq Əfsanənin əlindən çıxıb, uzaqlaşamağa çalışmış lakin, Əfsanə yenidən saçından bir əli ilə tutaraq digər əlində olan bıçaqla əvvəlcə sol qoluna, daha sonra başına zərbələr endirmişdir. Zərbələrin təsirindən o, halsızlaşmışdır. Bu zaman həmin “Oba” marketdə işləyən bacısı Şahid1 və Orxan aralığa keçib, onları aralamışlar,Əfsanəni ondan bir qədər uzaqlaşdırmışlar. Əfsanə sakitləşməyib, ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Orada olan şəxslər Əfsanəni oradan uzaqlaşdırıb, bıçağı əlindən almışlar. Bundan sonra o, oraya çağrılmış təcili tibbi yardım avtomobili ilə Gədəbəy MRX-a gəlmişdir. Hazırda təqsirləndirilən şəxs onun müalicəsinə şəkdiyi xərci ödəmir. Onunla barışmır. Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Saratovka kəndində yerləşən “Oba” marketdə mağaza müdiri işləyir. Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə satıcı-kassir işləyən, Gədəbəy şəhər sakini Əfsanəni tanıyır. Gədəbəy şəhər sakini Günay adlı qadını da əvvəllər tanımışdır. Belə ki, Günayın bacısı Tamara “Oba” marketdə satıcı-kassir işlədiyinə görə Tamaranın bacısı kimi Günayı da tanımışdır. Günayla və Əfsanə ilə əvvəllər aralarında hər hansı münasibət, ədavət, düşmənçilik olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə satılmamış mallar siyahı edib təhvil verildiyi üçün o, Tamara, Əfsanə və Novruz adlı işçilər ilə birlikdə malları saymaqla məşğul olmuşlar. Həmin vaxt Əfsanə telefonda Günayla danışaraq, mübahisə etmişlər. Əfsanənin hansı səbəblə və nə üçün Günayla mübahisə etməsini bilməsə də, Əfsanə əsəbi halda Günayı bıçaqla vuracağını demişdir. Həmin vaxt “Oba” marketdə satış olmadığına görə mağazanın giriş qapıları bağlı olmuş, mağazaya giriş məhdudlaşdırılmış, mallar sayıldığına görə satış olmamışdır. Həmin gün saat 17 radələrində Günay marketin həyətinə gəlib, ondan Əfsanənin içəridə olubolmadığını soruşmuşdur. O, Günayın əsəbi olmasını və Əfsanə ilə dalaşacağını görüb, ondan çıxıb getməsini xahiş etmişdir. Günay onun sözlərinə əhəmiyyət verməmiş, marketin giriş qapısının qarşısına getmiş, içəri girmək istəmiş qapı bağlı olduğu üçün içəri girə bilməmişdir. Bu zaman Əfsanə ucadan Günayın ünvanına nalayiq söyüşlər edərək, bir əlində bıçaq marketdən çölə çıxmış, Günayla əvvəlcə mübahisə edərək əlindəki bıçaqla bir dəfə onu vurmağa cəhd etmişdir. Lakin, bıçaq Günaya dəyməmiş, Əfsanə digər əli ilə Günayın saçından tutarkən Günayda onun saçından tutmuş, bir-birinin saçından tutub, dartışdırıb, dalaşmağa başlayaraq marketin həyətinə düşmüşlər. Orada Əfsanə əlində olan bıçaqla Günayın başına və qoluna xəsarətlər yetirmişdir. Bu zaman o, və “Oba” marketin işçisi Səddam aralığa keçib, onları aralaşdırmağa çalışmışlar. O, Əfsanəni Günyadan uzaqlaşdırmış, bıçağı Əfsanənin əlindən almış, marketə aparmışdır. Bundan sonra oraya təcili tibbi yardım avtomobili gəlib, Günayı xəstəxanaya aparmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt Ayşən, Səddam, Novruz və tanımadığı bir neçə nəfər oğlan səs-küyə oraya toplaşmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq “Oba” marketin mətbəxində olmuş və bıçaq sapı qara rəngə, tiyəsi gümüşü mətbəxdə istifadə edilən adi bıçaq olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, 20 yanvar küçəsində yerləşən “Oba” marketdə administrastor işləyir. “Oba” marketdə satıcı-kassir işləyən, Gədəbəy şəhər sakini Əfsanəni tanımış və sonuncu ilə əvvəllər aralarında heç bir ədavət, düşmənçilikləri olmamışdır. Gədəbəy şəhər sakini Günay adlı qadını daəvvəllər tanımışdır. Belə ki, Günayın bacısı Tamara “Oba” marketdə satıcı-kassir işlədiyinə görə Günayı Tamaranın bacısı kimi tanımışdır. Onun Günayla əvvəllər aralarında hər hansı münasibətləri, ədavət, düşmənçilikləri olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə satılmamış mallar siyahı edilib təhvil verildiyi üçün o, Tamara, Əfsanə, Orxan və Novruz adlı işçilər birlikdə malları saymaqla məşğul olmuşlar. Daha sonra Novruzla birlikdə mağazanın deposuna gedib, orada olan digər malları saymaqla məşğul olmuşlar. O, Novruzla birlikdə depoda mal sayarkən mağazanın həyətindən səs-küy eşidib Novruzla birlikdə marketin həyətinə çıxanda Günay ilə Əfsanənin əlbə-yaxa olub dalaşmaqlarını, Orxanın onları aralaşmağa çalışmasını görmüşlər. O, Günayın əlindən qan axmasını, Əfsanənin isə əlində bıçaq olmasını görmüşdür. Orxan onları aralaşdıra bilmədiyi üçün o, Orxana kömək etmiş, aralığa keçərək Əfsanə ilə Günayı aralaşdırmışdır. Orxan isə Əfsanənin əlində olan bıçağı ondan alıb, marketə keçmişdir. Bundan sonra Tamara bacısı Günayı sakitləşdirmişdir. Daha sonra oraya təcili tibbi yardım avtomobili gəlmiş, Günayı xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş münaqişə 10-15 dəqiqə davam etmiş, həmin vaxt Tamara, Novruz, Orxan, sayım qrupunda gəlmiş 4 nəfər adlarını bilmədiyi oğlanlar orada olmuşlar. Səsküyə tanımadığı bir neçə nəfər şəxslər oraya toplaşmışmış lakin, toplaşan şəxslər mübahisəyə müdaxilə etməmiş, yalnız kənardan izləmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, ev-24 də yaşayır. O, bir neçə ildir ki, “Oba” marketin Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən filalında satıcı kassir işləmişdir. Zərərçəkmiş şəxs doğma bacısıdır. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımış, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 2024-cü ilin sentyabr ayında Əfsanə onun işlədiyi marketdə satıcı kassir kimi işə düzəlmiş və həmin vaxtdan Əfsanə ilə münasibətləri yaxşı olmuşdur. 18 oktyabr 2024-cü il tarixdə Əfsanə işə gələrkən onun əsəbi olduğunu görmüşdür. Hətta Əfsanə onunla kobud danışdığı üçün Əfsanədən bunun səbəbini soruşmuş, sonuncu əsəbi formada ona “bacın Günayı bıçaqlayıb öldürəcəm” demişdir. O, Günayla Əfsanənin aralarında söz-söhbət olduğunu bildiyi üçün Əfsanənin sözlərinə əhəmiyyət verməmişdir. Həmin gün marketdə malları sayıb, təhvil verməli olduğuqlarına görə marketə müştərilərin girişinə qadağa qoyulmuş və marketin giriş qapıları bağlı vəziyyətdə olmuşdur. Saat 17 radələrində marketin çöl tərəfində səs-küy gəldiyini eşidib, çölə çıxanda bacısı Günayın qolundan və başından xəsarət almış vəziyyətdə olmasını görmüşdür. Əfsanənin isə əlində bıçaq olduğunu, orada olan Orxan və Səddamın onu sakitləşdirməyə, Günaydan aralaşdırmağa çalışdıqlarını görmüşlər. O, aralığa keçib, Günay və Əfsanəni sakitləşdirmişdir. Bundan sonra Günayı özü ilə götürüb, Gədəbəy MRX-a gətirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada Orxan və tanımadığı bir nəfər oğlan olmuşdur. Səs-küyə ətrafdan oraya kimlərinsə gəlməsini və həmin vaxt ətrafda kimlərinsə olmasını görməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən “Oba” marketdə administrator işləyir. Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketdə satıcı-kassir işləyən, Gədəbəy şəhər sakini Əfsanəni tanımış, əvvəllər aralarında ədavət, düşmənçilikləri olmamışdır. Gədəbəy şəhər sakini Günay adlı qadını əvvəllər tanımamış və heç bir münasibətləri olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində o, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketə satılmamış malları siyahı edib təhvil aldığı üçün mağazaya giriş-çıxış bir neçə saatlığına məhdudlaşdırılmışdır. Həmin vaxt mağazanın kamerasında marketin qarşısında iki qadının əlbəyaxa olub dalaşmaqlarını görmüş və mağazadan çölə çıxıb, mağazanın giriş qapısından onların dava etmələrini görmüşdür. Bu zaman orada olan Orxan və “Oba” marketdə satıcı kassir işləyən Ayşən adlı xanım aralığa keçib, Əfsanə və Günayı sakitləşdirmişlər. Bundan sonra Ayşən ilə Günay birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada Orxan, Ayşən və tanımadığı bir nəfər oğlan olmuşdur. Səs-küyə ətrafdan oraya kimlərinsə gəlməsini və həmin vaxt ətrafda kimlərinsə olmasını görməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 22 oktyabr 2024-cü il il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy şəhəri, Heydər Əliyev prospektində, Gədəbəy-Novo-Saratovka avtomobil yolunun sağ tərəfində yerləşən “Oba” marketin qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Baxış keçirilən zaman baxışda iştirak edən Şahid3 01 ədəd tiyəsi gümüşü dəstəyi qırmızı və ağ rəngli olan bıçağı təqdim edib xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq olmasını bildirmişdir. Bundan sonra “Oba” marketin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış hadisənin görüntülərinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Əfsanə Əliyeva “Oba” marketin giriş qapısının yanındakı dəzgahdan 01 ədəd bçaq götürüb qəflətdən Zərərçəkmiş şəxs üzərinə hücum edib və onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Həmin vaxt yaxınlıqda olan şəxslər oraya gələrək onları sakitləşdirib Təqsirləndirilən şəxs əlindəki bıçağı almışdır. Hadisə yerinə baxış zamanı foto şəkillər çəkməklə protokolla əlavə edilmişdir. Bundan başqa Şahid3 təqdim etmiş olduğu 01 ədəd bıçaq və hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarxli 489 nömrəli canlı şəxsin Rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol bazunun və sağ əlin 2-ci barmağının deşilmiş-kəsilmiş yarası, başın, sol saidin, sol əlin birinci barmağının deşilmiş-kəsilmiş səthi yaraları deşici-kəsici əşyaların təsirindən törənmiş törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol bazunun, sağ əlin 2-ci barmağının deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə istər birlikdə istərsə də ayrı-ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də bu tip konstruksiyaya malik digər deşici-kəsici əşyaların təsirindən törənmələri inkar olunmur. İşdə olan məhkəmə-trasoloji ekspertizasının 28 dekabr 2024-cü il tarixli 16/1124 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış. Bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyşikliklər edilməmişdir. İşdə olan Аzərbаycаn Rеspublikаsı DİN-nin Bаş Əməliyyаt вə Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlınmış Tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan protokoldan görünür ki, 22 oktyabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmaqla təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra Gədəbəy RPŞ-nin maddi sübutların saxlanc otağına məsul saxlanca verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, X4 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayəti törətməsi öz təsdiqini tapmamış, onun qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması müəyyən edilmişdir. Belə ki, həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, baş vermiş hadisədən əvvəl Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında narazılıq mövcud olmuş, hazırki hadisə həmin narazılıqla əlaqədar baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə məhkəmə istintaqında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarındakı narazlığa görə sonuncunun işlədiyi mağazaya gedib içəri daxil olmaq istəmiş, qapı bağlı olduğu üçün içəri girə bilməmiş, orada səs-kü salıb Təqsirləndirilən şəxs çıxmasını tələb etmiş, təqsirləndirilən şəxs də mağazadan çıxaraq qarşılıqlı mübahisə və əlbəyaxa dalaşdıqları vaxt mətbəx bıçağı ilə ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. İbtidai istintaq orqanının zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs barəsində əsası olmayan söhbətlər etməsindən hiddətlənib zərərçəkmişi bıçaqla vurmasını bəhanə kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. İş üzrə Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin olmaması onun ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına yönəldiyini göstərir. Bunların müəyyən olunmaması isə Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi qiymətləndirilib CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Təqsirləndirilən şəxs təsvir edilən hərəkətləri, yəni silah qismində istifadə olunan əşya hesab edilən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsinin hər hansı ağırlaşdırıcı əlamətlə və yaxud xuliqanlıq cinayəti ilə müşayiət olunmaması onun əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir. Bundan başqa, hadisənin zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanı kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisə ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. İttiham tərəfi Təqsirləndirilən şəxs xuliqanlıq etməsi barədə hər hansı başqa sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs ilə aralarnda şəxsi münasibətlərin kəskinləşməsi zəminidə Zərərçəkmiş şəxs təşəbbüsü ilə baş vermiş mübahisə zamanı soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla sonuncunu vurub ona başın, sol saidin, sol əlin birinci barmağının deşilmiş-kəsilmiş səthi yaraları qismində sağlamlığa zərər vurmayan xəsarətlər qrupun aid olmadıqları üçün dərəcsi təyin edilməyən və sol bazunun, sağ əlin ikinci barmağının deşilmiş-kəsilmiş yaraları kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı,onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Gədəbəy RPŞ Saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilməli, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 31,5 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Gədəbəy RPŞ Saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 31,5 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaası Mərkəzinin hesabına keçririlsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar