Məhkəmə qərarları › İş №1(042)-36/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-36/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-36/2020 06.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Verdiyev Mövlamverdi Allahverdi oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olmamış, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Slavyanka kəndində qızı Şahid3 yaşadığı evin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı bacısı Zərərçəkmiş şəxs istintaqa məlum olmayan ağac parçası ilə qəsdən sol sifət və alın nahiyəsinə vurub ona sol göz ətrafı yumşaq toxumaların qançırı (qansızma) ilə müşayiət olunan başın (alının sol yarısının, sol gicgah nahiyəsinin) dəri altı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Daryurd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun bacısı, X2 isə bacısı oğlu və kürəkənidir. Şahid3 onun qızıdır. Qızı Nuranə ilə Elvin 2009-cu ildə evlənmişlər. Həmin nikahdan onların iki azyaşlı uşaqları vardır. xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Gədəbəy rayonu, Daryurd kəndində yaşadığı evdə olan zaman qızı Nuranə atası Atabəyə zəng edib Elvinlə münaqişə etdiyini demiş, gəlib onu aparmasını bildirmişdir. O əri Atabəyin avtomobili ilə qızı Nuranənin yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evə getmişdir. Yolda Atabəy DİN-in “102” xidmətizəng mərkəzinə zəng vurub Nuranənin əri Elvin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Onlar Nuranənin yanına çatanda polis əməkdaşları da artıq həmin evə gəlmişlər. Bir müddət sonra kürəkəni Elvin də qardaşı Eşqin ilə birlikdə oraya gəlmişdir. Polis əməkdaşları Elvini Polis şöbəsinə aparmışlar. Onun qardaşı Eşqini isə öz yaşadığı evinə göndərmişlər. Polislər getdikdən sonra Nuranə özünü pis hiss etmiş və onlar təcili yardım çağırmışlar. Bir neçə dəqiqədən sonra təcili yardımın həkimi Atabəyin mobil nömrəsinə zəng vurub evin yerini soruşmuş, Atabəy evin yerini onlara izah edib qarşılamaq üçün azyaşlı nəvəsi Cəsur ilə birlikdə çölə çıxmşdır. Saat 20 radələrində qızı Nuranə ilə evdə olan zaman Cəsurun qışqıraraq “babamı vurdular” deməsini eşidib Nuranə ilə birlikdə çölə çıxmış, əri Atabəyin yerdə uzanmış vəziyyətdə olduğunu, başından qan axdığını və evin həyətində təcili yardımın həkimi, bacısının əri İlqar, bacısı Fatma, bacısı oğlu Eşqin və Fəzailin durduqlarını görmüşdür. O, qızı Nuranə ilə Atabəyi yerdən qaldırmışlar. Əsəbiləşmiş və Fatmanı əlindəki ağacla baş hissəsindən vurmuşdur. Hazırda əməlindən peşmandır. Fatma onun bacısıdır. Onunla barışmışdır. Odur ki, cinayət işinə xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İsgəndərov Elvin onun oğlu, Şahid3 isə gəlinidir. Elvin Nuranə ilə 2009-cu ildə evlənmişdir. Onların həmin nikahdan iki azyaşlı oğlan uşaqları var. Təqribən 2017-ci ildən başlayaraq Elvin ilə Nuranənin arasında ailədaxili münaqişələri yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Slavyanka kəndində yaşadığı evdə olduğu vaxt Atabəy əri İskəndərov İlqara zəng edib demişdir ki, “gəl bura, bunlar dalaşıblar”. O və İlqar evdən çıxıb Nuranəgilin yaşadığı evə gəlmişlər. Onlarla eyni vaxtda təcili yardım avtomobili də gəlmiş və evin qapısının qarşısında çöldə dayanıb gözləmişdir. O, əri İlqar ilə birlikdə evin həyətinə keçdikdə həyətdə Nuranənin atası Atabəylə qarşılaşmışlar. Həmin vaxt Nuranə və bacısı Güləndəm bir qədər aralıda əllərində taxta parçası ilə evin eyvanında durmuşlar. O, Atabəyi görən kimi ona “bəs deyilmi, imkan ver dolansınlar” demişdir. Elə həmin vaxt Güləndəm onun üstünə gəlmiş, taxta parçası ilə onun baş və üz nahiyələrinə vurub sol gözünə xəsarət yetirmişdir. O, həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Onlar barışmışlar və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Şahidlər Şahid1 və X1 zərər çəkmiş şəxs F.H.İskəndərovanın ifadəsinə uyğun ifadə verdi. Şahid2 ifadəsində bildirdi ki, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İsmayılov Elvin onun qardaşıdır. Şahid3 qardaşı Elvinin arvadıdır. Elvin ilə Nuranə 2009cu ildə ilə həyatı qurmuşlar. Onların birgə nikahlarından iki azyaşlı övladları var. Şahid4 qardaşı Elvinin qaynatasıdır. Atabəyə qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində qonşuluqda yaşayan qardaşı Elvini kənd yolunda görmüşdür. Elvin ona “evdə kimsə var, çağırıblar, evimə gedirəm” demişdir. O da Elvinə “elə sizə gedirdim, birlikdə gedək” demişdir. Onlar gəlib evə daxil olarkən polis əməkdaşlarını, Elvinin qaynatası Atabəyi və qaynanası Güləndamı görmüşlər. Atabəy Elvini görən kimi polislərin yanında ona nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları Elvini və onu evin qapısından uzaqlaşdırmışlar. Sonra Elvinin izahatı alınması üçün Gədəbəy rayon Polis şöbəsinə dəvət etmişlər. O da çıxıb evinə getmişdir. Evdə olan zaman anası Fatma mobil telefonuna zəng edib Elvingilə getdiklərini və orada Atabəy ilə aralarında münaqişə olduğunu bildirmişdir. Anası Fatmanın dediyinə görə xalası Güləndam onu vuran zaman çəkildiyinə görə əlindəki taxta parçası öz əri Atabəyin başına dəymişdir. Xalası Güləndam isə həmin taxta parçası ilə anası Fatmanı döyüb xəsarət yetirmişdir. O, hadisəni görməmiş və hadisə vaxtı evində olmuşdur. Şahid4 Saxlədər oğlu ifadəsində bildirdi ki, o, Gədəbəy rayonu, Daryurd kəndində yaşayır. Şahid3 doğma qızıdır. Nuranə 10 il olar Gədəbəy rayonu, Slavyanka kənd sakini X4 ilə nikah bağlamışdır. Onların bu nikahdan iki azyaşlı övladları var. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Elvin qızı Nuranəni döydüyünə görə qızının xahişi ilə arvadı Güləndamı da götürüb Nuranəgilə getmişdir. Elvinin anası və atası İlqarı da zəng vurub çağırmış və DİN-nin 102 xidmətinə zəng vurub qızı Nuranənin Elvin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Onlar Nuranəgilə çatanda polis əməkdaşları da həyətə gəlmişlər. Elvini polis əməkdaşları maşına mindirib aparmışdır. Sonra Nuranənin halı pisləşmiş və o, təcili tibbi yardım çağırmışdır. O, və nəvəsi Cəsur təcili tibbi yardım həkimlərini qarşılamaq üçün həyətə çıxmış, təcili tibbi yardım gəlib çatanda İlqar və Fatma da həyətə gəmişlər. İlqar və Fatma onu söyüb təhqir etmişdir. İlqar onun sinəsindən tutmuş, lakin onu vurmamışdır. Həmin vaxt evin həyətində yığılmış kubikin kənarında baldızı oğlu Eşqini əlində küt alətlə dayandığını görmüşdür. Eşqin qəfildən ona tərəf gəlib əlindəki küt alətlə baş nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən huşunu itirmişdir. Ayılanda xəstəxanada olduğunu və həkimlərin ona tibbi yardım göstərdiyini görmüşdür. Başından aldığı xəsarət ağır olduğuna görə müayinə və müalicə üçün Gəncə şəhərinə göndərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 796 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol göz ətrafı yumşaq toxumaların qançırı (qansızma) ilə müşayiət olunan başın (alının sol yarısının, sol gicgah nahiyəsinin) dəri altı hematoması, geniş ölçülü qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü- özünə yetirə bilməsi mümkün deyildir. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək qiymətləndirir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdıgını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdilər. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, X2 məhkum olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 -ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar